Ümidsizlik

 

Ən pis şeylərə də alışır insan.

Təslim olmamaqçün

Dirəşir, çapalayır, çalışır insan.

İsinməyə ocaq gəzir,

Tutunmağa budaq gəzir,

Canını eləyir nəzir -

Sevdiklərinə...

Ona hamı biganə...

Əl atdığı nə varsa, sınır, qırılır...

Yorulur...

Qırılmaqdan, yorulmaqdan,

Ürəyindən vurulmaqdan yorulur!..

Daha təpki vermir heç nəyə...

Halsız düşür torpağa...

Yolçular başlayır

Üstündən gəlib keçməyə...

Hələ ölməmiş,

Hələ gözləri baxa-baxa...

 

Yorğunluq

 

Get-gedə qısalır günlər,

Uzanır gecələr...

Ömrün necə sürətlə keçdiyini

boşalan dərman şüşələrindən

bilir qocalar...

Qurumuş ağaclar,

Sahibsiz küçə itləri,

Qapılardan qovulan pişiklər belə

dərdinin üstünə dərd gətirir.

Hər an bir çox ümidini,

Hər gün bir az inancını itirir...

“Əslində, itirməyə

heç nəyim qalmayıb”, - deyənlər,

Heç nə deməyib

susanlar qədər yorğun deyillər...

 

 

Heç vaxt görüşməyənədək!

 

Bu, sonuncu şəklimdi,

Götür, çək başdaşıma.

Yığsan atılan daşları

dağ olar -

tək-tək daşıma,

Elə dağa basdır məni,

Zirvəsinə yaz adımı.

Belə şanlı ölüm alar

Ağuşuna az adamı.

Doyunca gəzib getdim;

İmzamı qazıb getdim

Sağlığına

göz yaşımı süzdüm,I çdim,

Dünyadan sızıb getdim...

Qalanlar, salamat qalın,

Heç vaxt görüşməyənədək!

 

Nübar ELDARQIZI

525-ci qəzet .- 2024.- 6 iyun,№99.-S.15.