Dünya QHT-lərindən COP-29-un Bakıda təşkilinə mühüm dəstək

“AZƏRBAYCANIN COP29-a EV SAHİBLİYİ ETMƏSİ YAŞIL ENERJİ AMİLİNƏ VERİLƏN BÖYÜK ÖNƏMİN İFADƏSİDİR”

 

Məlum olduğu kimi, ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-un ev sahibi olan Azərbaycana güclü dəstək ifadə ediblər. Müraciətdə bildirilib ki, bu sənəddə imzası olan vətəndaş cəmiyyəti təşkilatları və ictimai fəallar 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29-un vacibliyini vurğulayırlar.

"COP29-a ev sahibliyi edən Azərbaycanın bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirir. İnklüziv və birgə iqlim fəaliyyətinin tərəfdarları kimi biz QHT-lərin COP29-da iştirakının vacib əhəmiyyətinə qəti şəkildə inanırıq.

QHT-lər öz icmaları ilə dərin əlaqələri olan maraqlı tərəflər kimi çıxış edərək COP29-da müzakirə və qərar qəbuletmə proseslərini zənginləşdirən özünəməxsus fikir, təcrübə və perspektivlər təklif edir. Onların iştirakı iqlim böhranını həll etmək üçün kollektiv öhdəliyi gücləndirərək sahiblənmə, məsuliyyət və həmrəylik hissini gücləndirir", - deyə məktubda bildirilib.

İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, COP dünyanın ən böyük tədbirlərindən hesab olunur. COP29 da bu kontekstdən fərqlənən tədbir olacaq: "Gözlənilir ki, COP29 çərçivəsində Azərbaycana 80 minə yaxın xarici vətəndaş gələcək. 1-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük dividendlər qazandıracaqdır. Bu da bir tərəfdən, xüsusən də, Azərbaycanın turizm potensialının təqdim edilməsi baxımından vacibdir. Bu, turizmin inkişafına xüsusi töhfə verəcək. COP tədbirləri ölkənin təqdimatına xüsusi imkan yaradır. Ona görə də turizm də Azərbaycan üçün əsas sahələrdən olduğuna görə bu, turizmin inkişafını stimullaşdıracaq. Sərmayenin cəlb edilməsi baxımından üstünlüklərə malikdir. Çünki həm də bu yalnız turizm sektoru deyil, bütövlükdə ölkənin iqtisadi potensialının təqdim edilməsinə imkan yaradacaq. Bu kontekstdən sərmayələrin cəlb edilməsi, ölkə iqtisadiyyatının inkişafının təşviq edilməsinə imkan yaradacaq. İqtisadi inkişaf startegiyasına əsasən postneft dövündə iqtisadiyyatın əsas istiqamətlərindən biri turzim sektoru olacaq. Bütövlükdə COP29 Azərbaycan üçün həm siyasi, həm iqtisadi baxımdan vacib tədbirlərdəndir. Ona görə də bu, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan tədbir hesab olunur".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın sözlərinə görə, bu gün dünyada iqlim dəyişiklikləri, təbiətə vurulan zərərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb.

Millət vəkili bildirib ki, qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Bu mənada, Azərbaycanın mövqeyi və məsələyə yanaşması təqdirəlayiqdir. Ölkəmiz iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bununla belə, ölkəmizin alternativ enerji potensialı da yüksək dəyərləndirilir. Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində qeyd edib: “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”.

Millət vəkilinin sözlərinə görə, ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi yaşıl enerji amilinə verilən böyük önəmin ifadəsidir. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir.

Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur: “COP29 kimi qlobal miqyaslı tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir daha təsdiqləyir ki, dünya birliyi ölkəmizə və onun Liderinə inanaraq böyük etmad göstərir. Məlumdur ki, COP üçün yenilik olan bir təşəbbüs ölkəmiz tərəfindən irəli sürülüb. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, bu, üç ölkə mexanizminin yaradılmasıdır. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, qarşılıqlı səylər və həmrəylik sayəsində iqlim dəyişiklikləri məsələsində müsbət nəticələr əldə etmək mümkündür. Bu kontekstdə, COP29 qlobal miqyaslı ekoloji problemlərin müzakirə platforması olmaqla yanaşı, həm də ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizəyə verə biləcəyi töhfələri nümayiş etdirəcək”.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycan dövləti COP29-un yüksək səviyyədə keçirilməsinə hazırlaşır: "Əlbəttə, bu, kifayət qədər mötəbər bir yarışdır. Azərbaycan çalışır ki, COP29-un keçirilməsi üçün təhlükəsizliyi ən yüksək şəkildə təmin etsin. Cənab Prezidentin də söylədiyi kimi, COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycanın məqsədi ev sahibi kimi körpülər yaratmaqdır. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq niyyətindədir. Bu tədbirin miqyası ölkəmizdə əvvəlki beynəlxalq tədbirlərlə müqayisədə olduqca böyükdür. Qonaqların buradan xoş təəssüratla yola salınması üçün böyük hazırlıqlar görülməkdədir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir".

Millət vəkili qeyd edib ki, Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandı: “Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Biz qarşılıqlı səylər, həmrəylik göstərməliyik. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir. Cənab Prezidentin də söylədiyi kimi, bu, bir siyasətdir və Azərbaycan bunun üçün bir platforma yarada bilər. Düşünürəm ki, bu baxımdan COP29 ölkəmizin yaşıl enerji strategiyasının dünya ictimaiyyətinə təqdimatı baxımından mühüm rol oynayacaq. Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 6 iyun,¹99.-S.14