Çaparaq notlar
Ateistin ölümü
(Filosof Əmrəli İsmayılov haqqında)
Tərcümeyi-halından çıxarış:
Əmrəli İsmayılov 1937-ci il yanvarın 5-də
Gədəbəy rayonunun Slavyanka kəndində anadan
olmuşdur. Orta məktəbi Slavyankada bitirmiş, 1956-cı
ildə Bakı Dövlət
Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Təhsilini
başa vurduqdan sonra bir müddət "Vışka" qəzetində
ədəbi işçi vəzifəsində
çalışmışdır.
1963-cü ildə Azərbaycan Elmlər
Akademiyasının fəlsəfə sektorunun
aspirantıurasına daxil olur, SSRİ Elmlər
Akademiyasının aspiranturasında Azərbaycan
üçün ayrılmış yerdə təhsilini davam
etdirir. Namizədliyi müdafiə etdikdən sonra Fəlsəfə
İnstitutunda çalışır. Laborantdan şöbə
müdirliyinəcən bir yol keçir. Əmrəli
İsmayılov 10 nəfər elmlər namizədi
hazırlamışdır. O, 4 monoqrafiyanın müəllifi,
7 kitabın tərtibçisidir. Bir müddət
Akademiyanın Rəyasət Heyətində baş mütəxəssis
kimi fəaliyyət göstərmişdir. Əmrəli
İsmayılov 14 sentyabr 2019-cu il tarixdə vəfat etmiş,
doğuldugu Slavyanka kəndində dəfn olunmuşdur.
Tanınmış filosof Əmrəli İsmayılov
dünyasını dəyişdi.
Bu xəbəri mənə indicə onun bacısı
oğlu çatdırdı.
Bir neçə gün öncə telefonum zəng
çaldı. Səsi tutqun, boğuq olsa da, tanıdım. Bəlkə
də 15-20 il idi ki, görüşmürdük.
- Tanıdın kimdir zəng edən?
- Tanıdım, Əmrəli müəllim.
- Eşitdim kənddəsən.
- Yox, gəlmişəm, indi Bakıdayam.
- Nə vaxt görüşə bilərik?
- Elə günü sabah.
- Onda zəhmət olmasa gələrsən bizə...
Vədələşdiyimiz vaxt evlərinə getdim.
O, bütün ömrü boyu özünü marksist
filosof və ateist hesab edib. Moskvada aspirantura bitirib Vətənə
dönəndən sonra Fəlsəfə İnstitutunda
çalışıb. Çox prinsipial, düzünəqulu
bir adam idi. Mövqeyi və məsləki sabit idi. Marksın fəlsəfi
baxışları haqda monoqrafiyası vardı və bu əsər
vaxtilə keçmiş Sovetlər birliyinin sosioloqları tərəfindən
yüksək qiymətləndirilmişdi.
Əksər klassik filosoflarsayağı bəzi qəribəlikləri
də vardı. Kant kimi təkliyi xoşlayardı. Russo kimi təbiəti
çox sevərdi. Şopenhauer kimi ömrünün sonunacan
tənha yaşadı, ailə qurmadı. Amma bütün
bunlara baxmayaraq, elə adını çəkdiyimiz o
Şopenhauer kimi bir daxili nikbinliyi də vardı. Gözəlliyə
biganə deyildi.
...Görüşdük. Kitab
"dalğalarının" arasından boy verib ayağa
durdu. Əvvəlki kimi əzəmətli olsa da, hərəkətləri
ləng idi. Bir xeyli söhbət etdik.
Zarafatla dedim ki, bax o vaxt rəhmətlik Şahnəzər
Hüseynovla səni evləndirmək istəyirdik, əvvəlcə
razılaşsan da, sonra fikrindən daşındın, halbuki
o vaxt səni sevən qadınlar az deyildi.
Gülümsəyib dedi:
- Hə, o vaxt... Heyif, Şahnəzər də getdi.
Babək Qurbanov necədir? Eşitdim ki, sənin barəndə
kitab yazıb.
- O da rəhmətə getdi...
- Paho... Nə qəddar dünyadır... Mənim də
ömrümə az qalıb. Yəqin ki, bu günlərdə
hər şey sona çatacaq...
Ürək-dirək verdim. Dedi ki, mən materialist,
üstəlik də, realist adamam. Bilirəm ki,
başlanğıcın bir sonu olur. Onkoloji xəstəyəm.
Bircə bu ağrılar olmasaydı...
Rus dilində yazdığı "Erməniliyin və
erməni faşizminin ideologiyası, fəlsəfəsi və
cinayəti" adlı kitabını verdi. Öz
uşaqlığından, gəncliyindən
danışdı. Vətənpərvər idi.
- Bilirsən, mən əslən haralıyam?
Mən onu əslən ermənistanlı bilirdim. Onu da
bilirdim ki, Göyçə mahalından Gədəbəyə,
Slavyanka kəndinə köçüb gəliblər.
- Mənim əslim İğdırdandır. Yəni
ulu babam iğdırlıdır. Bizim tayfaya
Hacıkazımlı deyiblər. Sonralar ortaya qan davası
düşüb, oranı tərk ediblər. Atam Bəyazid
rayonunun Əyrivəng kəndində dünyaya gəlib.
Sonradan bizimkilər bir müddət indiki Krasnoselsk, köhnədən
Çəmbərək adlanan rayonunda məskunlaşıb.
Amma 1918-ci ildə erməni
qırğını vaxti siz tərəfə, yəni
Şınığa köçüblər. Sonrakı
taleyimiz isə, bildiyin kimi, Slavyanka ilə bağlı olub. Mən
orada doğulmuşam. Rus məktəbini də orada
oxumuşam. Bax belə...
Əmrəli müəllim poeziyanı, ədəbiyyatı
sevən, mütaliləli bir adamdı. "Rusdilli" olsa da,
Azərbaycan ədəbiyyatına da yaxşı bələd
idi.
Söhbətarası amızada kiçik bir dialoq da
oldu.
- Sən Abbasəli Sarovlu adlı şair eşitmisən?
- Əlbəttə. Tanıyırdım da. Fars dilindən
xeyli tərcümələri var. İstedadlı alim,
yaxşı şair idi.
-Hə, mənim dostum idi Abbasəli... Qoy onun bir
şeirini deyim... Görüm yadıma düşürmü,
xatırlaya bilirəmmi?
Xatırladı və şeiri əzbərdən dedi.
Şeir lirik aşiqin öz sevgilisinə müraciəti
kimi qələmə alınmışdı. Oradakı bir
misra diqqqətimi çəkdi:
"Kəfənimi kirpiyinlə tikərsən..."
Daha sonra nəyisə xatırlayıbmış kimi
dedi: -Bura bax, yoxsa bu şeiri vaxtilə sən demisən mənə?..
Qısaca:
- Ola bilər, - deyə cavab verdim.
...Bir xeyli söhbət etdik. Bacısı oğlu Camal
rusdilli qəzetlərdən birinin əməkdaşı olan
xanım yazarla gəlib çıxdı. Müsahibə
götürəcəkdilər.
Əmrəli müəllim zarafatından qalmadı:
- Sönən filosofun közərtisinə, daha
doğrusu, külünün istisinə gələnlər az
olmur...
Mən xudahafizləşib qapıdan çıxanda
Camal mənə yaxınlaşıb astadan dedi ki, Əmrəli
müəllim vəsiyyət edib, deyib ki, onu Gədəbəydə
öz yaxınlarının yanında dəfn etsinlər.
Bayaq zəng vuranda dedi ki, Əmrəli
İsmayılovun son vəsiyyətinə əməl etdik, onu
Slavyankada dəfn etdik.
Öz prinsipləri ilə yaşayan bir elm
adamını, istedadlı filosofu itirdik.
Ateistə də rəhmət düşür.
Allah rəhmət eləsin.
14.09.19
Əkrəm Əylisli nədən
qorxur?
Əkrəm Əylislinin istedadlı
yazıçı və SÖZə yaxşı bələd
olan qələm sahibi olduğunu az adam dana bilər.
Yazıçının əsərləri bir
çox dillərə tərcümə olunub. Xüsusən,
sovetlər dönəmində kitabları müxtəlif
ölkələrin nəşriyyatlarında sıx-sıx nəşr
olunurdu. Öz oxucu auditoriyası vardı. Arada Əkrəm bəy,
hətta, Milli Məclisin (MM) deputatı da oldu (başqaları
necə, o da eləcə). Ən maraqlısı budur ki,
Ə.Ə. deputat olana qədər MM üzvlərini öz
yazılarında ələ salır, onlara şəbədə
qoşurdu. Hətta, onun
"Ətirşah Masan" adlı romanında
deputatları "sancan" (bəzən haqlı olaraq) yerlər
də az deyildi... Dediyim kimi, yaddaşım məni
aldatmırsa, məhz həmin "roman-reportajdan" sonra
Ə.Ə. deputat "oldu". Bütün bunlar öz yerində...
...Bu yaxınlarda Ə.Əylisli bir tədbirdə
iştirak edirdi. Yazıçı həm öz ədəbi
kredosu, həm də Ukrayna-Rusiya müharibəsi ilə
bağlı suallara münasibətini
bildirdi. Əkrəm bəy azad fikirli adamdır. Bu tədbirdə
o, həm rusların, həm də ukraynalıların rəhbərlərini
tənqid etdi. Rusları deyə bilmərəm,
ukraynalıları (daha doğrusu, Zelenskini) niyə tənqid
etdiyini yəqin ki, yazıçının yalnız
özü bilər...
Ə.Əylislinin ən uğursuz əsəri,
şübhəsiz ki, "Daş yuxular" romanıdır.
Rus dilində yazılmış bu əsər doğrudan da zəifdir.
Həm də lap zəif. Söhbət "müsbət"
erməni obrazlarından getmir. Erməninin də (bəlkə,
ola bilsin ki) sağlam düşüncəlisi ola bilər.
Söhbət ondan gedir ki, bu əsər bədii cəhətdən
çox aşağı səviyyədədir... Yeri gəlmişkən
deyim ki, bu əsəri oxumaq üçün kitabı
yazıçının özü təqdim etmişdi mənə.
Ki yəni cüzi tirajla nəşr olunmuş (sonralar
Rusiyadakı jurnalların birində çap olunan) əsərin
ilk oxucularından biriyəm...
Əkrəm Əylisli istedadlı qələm
sahibidir. Amma açıq desək, bu adam "şou"suz
dura bilmir... Vaxtilə Şüvəlanda
çıxartdığı "oyunu" (bu hadisəni nisbətən
yaşlı olanlar daha yaxşı xatırlayır) bir yana
qoyuram hələ... "Daş yuxuların"
yandırılması da hələ qalsın bir yana, hərçənd
kitab yandırmaq yaxşı əlamət deyil...
Bax bu yerdə yazıçıya qarşı başqa bir "kitabyandırma"
kampaniyası, "törəni" yadıma
düşdü... Haradasa "məlum hadisələr" başlayan
vaxtlar idi və günlərin bir günü Ə.Ə.
Moskvada o zaman məşhur olan jurnallardan birində
(Yazıçı Sergey Baruzdinin redaktorluğu ilə nəşr
olunan "Drujba narodov" dərgisində) müsahibə
vermişdi. 80-lərin sonunda (və ya 90-ların əvvəllərində)
dərc edilən bu müsahibədə Əkrəm müəllim təxminən (əslində "təxminənsiz")
belə bir fikir söyləmişdi ki, mən bir çox
hallarda digər millətlərə daha böyük ehtiram
göstərirəm və özümü onların
arasında daha rahat hiss edirəm... Bilənlər bilir, o vaxt
bu müsahibə tufan qopartdı. Adıçəkilən
jurnalın nüsxələri və Əkrəm bəyin
kitabları yandırılmağa başladı. Hərçənd
ki, kitab yandırmaq yaxşı əlamət deyil...
O da yadımdadır ki, həmin dövrdə mən
AzTv-də (Gənclik Baş redaksiyasında)
"İlğım", "İdrak", "Məzunlar"
adlı verilişlər aparırdım. Qonşu otaqda yerləşən
Ədəbi dram verilişləri Baş redaksiyasında
Əkrəm Əylislinin xətrini istəyən həmkarları,
yaradıcı adamlar az deyildi. O vaxtlar cəmi bir TV kanalı
vardı. Kütləvi hücuma məruz qalan Ə.Ə. də
həmin kanalın adıçəkilən redaksiyasına zəng
vurub həyatının təhlükə altında
olduğunu bildirmişdi...
Hər necə olsa da, yazıçını xilas etmək
lazım idi. Axı bütün "cığal" hərəkətlərinə
baxmayaraq, Əkrəm Əylisli istedadlı
yazıçıdır. Di gəl ki, işin tərsliyindən,
bu tanınmış, amma indi oxucu qəzəbinə
düçar olmuş
yazıçı haqda heç kəs danışmaq istəmirdi.
Baş redaktor Nahid Hacızadə və onun müavini Həbibə
Məmməxdanlı yazıçının bir neçə
yaxın həmkarına zəng vurub dilə tutsalar da,
efir-ekranda çıxış edib Əkrəmi müdafiə
etmək istəyənlər yox idi. Hərə yaxasını
bir tərəfə çəkirdi (Hə, elə buna bənzər
əhvalat sonralar "Daş yuxular" nəşr olunanda da
yenidən vaqe və təkrar olundu, yazıçının
dostları qeyb oldular). Axır ki, uzun çək-çevirdən
sonra Əkrəm bəyin nəfinə söz demək istəyən
iki nəfər tapıldi: bunlardan biri məşhur Xalq
şairi Bəxtiyar Vahabzadə, digəri isə o zaman gənc
alim kimi tanınan Nizami Cəfərov idi. Onlar studiyaya gəlib
Əkrəm Əylislini müdafiə etdilər, onun
istedadına yüksək qiymət verdilər, bir balaca xəta
etdiyini vurğuladılar. Bəxtiyar müəllim öz
keçmiş tələbəsini yüngülvari məzəmmət
də etdi... Əkrəm bəy də öz növbəsində
(sinxron müsahibədə) jurnalın redaksiyasında onun
söylədiklərinin təhrif edildiyini bildirdi və "mən
elə yox, belə demək istəmişəm" - deyə, iddia etdi... Təbii, belə
yox, elə də ola bilərdi.
Əkrəm Əylisli xalq düşməni deyil. Amma
o, hərdən ədəbi-bədii düşərgədə
özünəməxsus bir "fırtına"
qoparmağı xoşlayır, lap şou əhli kimi...
Görünür, yazıçı unudulmaqdan qorxur.
Əslində isə ta qorxudan keçib, Əkrəm
Əylisli...
P.S. Təəssüf ki, bir çox elm, sənət və
ya siyasət adamları haqqında yazarkən yalnız iki rəngdən
istifadə etmək bizdə bir "qanun" halını
alıb. Bu, AĞ və QARA rənglərdir. Bu cür daltoniklər
üçün adam ya müsbət ya da mənfi, başqa
sözlə ya yaxşı, ya da pis olmalıdır. Elə
Ə.Ə. haqda olan yazılarda da... Mən
çalışdım ki, bu kiçicik qeydlərdə
Əkrəm Əylislini qara və ağ rənglərin
arasındakı "boşluqda" verim. Zənnimcə,
adını bilmədiyim o rəng daha
"görümlüdür"...
Firuz MUSTAFA
525-ci qəzet .- 2024.- 6 iyun,¹99.-S.11.