Abbasqulu ağa Bakıxanovun 230
illiyinə dəyərli töhfə
Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən
biri, böyük mütəfəkkir, istedadlı şair və
tərcüməçi Abbasqulu ağa Bakıxanov, akademik
Feyzulla Qasımzadənin qeyd etdiyi kimi, müasir Azərbaycan mədəniyyətinin
banilərindən biridir. Azərbaycan elmi
tarixşünaslığının əsasını qoyan
A.Bakıxanov ensiklopedik biliyə malik şəxsiyyətlərin
parlaq nümayəndəsidir. Onun astronomiya, coğrafiya, tarix,
filologiya, fəlsəfə, məntiq kimi müxtəlif elm sahələrinə
aid qiymətli əsərləri günümüzə gəlib
çatıb. Elmi inkişafa özünəməxsus töhfə
verməklə yanaşı, onun "Qüdsi" təxəllüsü
ilə Azərbaycan, fars və az sayda ərəb dillərində
klassik şərq poeziyasının müxtəlif
janrlarında yazdığı bədii əsərləri də
miras qalıb.
A.Bakıxanov Çar Rusiyasının Qafqaz ordusu
baş komandanlığında və Əlahiddə ordu korpusunda
zabit olmuş və şərq dilləri üzrə mütərcim
kimi fəaliyyət göstərmişdi. Rusiyanın İran və
Türkiyə ilə müharibələrində sülh
danışıqları zamanı tərcüməçi
olmuşdu. Əsərlərinin böyük hissəsi farsca
olan Abbasqulu ağa Bakıxanov fars dilinin qrammatikasına dair
"Qanuni-Qüdsi" əsərinin də müəllifidir.
O, fars dilinin qrammatikasını sadə dildə öyrətmək
məqsədilə bu əsərini dövrünə görə
müasir üslubda yazıb, lakin klassik şərq ənənələrinə
sadiq qalaraq bəzi misalları şeirlərlə və atalar
sözləri ilə verib. A.Bakıxanov, akademik Rafael
Hüseynovun qeyd etdiyi kimi, "millət müəllimi"
olan dahilərimizdəndir. Elə bu səbəbdəndir ki, gənclərin
fars dilini rahat mənimsəməsi, dil biliklərini təkmilləşdirməsini
düşündüyü kimi onların tərbiyəsinə,
əxlaqının zənginləşdirilməsinə də
öz töhfəsini vermişdi. Onun bu sahədə
yazdığı iki əsəri məlumdur - "Təhzibi-əxlaq"
və "Nəsihətlər". Birinci əsərini farsca
yazmışdı və bu əsər onun fəlsəfəsini,
cəmiyyət haqqında fikirlərini aydın şəkildə
ifadə edir. İkinci əsər tədqiqatçılar tərəfindən
"Təhzibi-əxlaq"ın azərbaycanca qısa
xülasəsi hesab edilir. "Təhzibi-əxlaq" əsərini
ilk dəfə Azərbaycan dilinə Məmmədağa
Sultanov tərcümə etsə də, bu işi sovet dönəmində
həyata keçirdiyindən müəyyən hissələri
ixtisar etmək məcburiyyətində olub. Amma əsərin
ilk nəşrində (Abbasqulu Bakıxanov. Seçilmiş əsərləri.
Bakı: Yazıçı, 1984) alimin kiçik qeydi verilib ki,
"kitabda üç nöqtə (...) qoyulan yerlərdə
ixtisarlar vardır (M.S.)". Bununla şərqşünas alim
gələcək tədqiqatçılara ilk səhifədən,
ilk sətirdən əsərə təkrar qayıtmaq
ehtiyacı olduğunu işarələmişdi.
A.Bakıxanov irsinin gələcək nəsil tədqiqatçıları
əsərə düz 40 il sonra təkrar müraciət etdi.
Onun "Təhzibi-əxlaq" əsəri bütün şəkildə,
tam dolğunluğu ilə Azərbaycan oxucusuna təqdim edildi.
Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı
muzeyinin dissertantı Hədiyyə Zəhra Əhmədi uzun
illərdir ki, Abbasqulu ağa Bakıxanovun irsini əsasən əlyazmalara
müraciətlə tədqiq edir. Onun "Təhzibi-əxlaq"a
müraciətidə bu tədqiqatlarının nəticəsidir.
Bu əsərin tam şəkildə elmi-tənqidi mətninin
tərtibi və Azərbaycan dilinə tərcüməsi
Bakıxanov irsinin tədqiqatçıları
üçün əvəzsiz töhfədir. Elmi-tənqidi mətn
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan
dörd əlyazma nüsxəsi əsasında müqayisəli
şəkildə tərtib edilib. Bu nüsxələr əsərin
bu gün elm aləminə məlum olan yeganə əlyazmalarıdır.
Kitab Xəzər Universitetinin Direktorlar və Qəyyumlar
Şurasının sədri, professor Hamlet
İsaxanlının ön sözü ilə başlayır.
Burada A.Bakıxanovun dövrü, həyatı və nəşr
edilən əsər haqqında fikirlərinin xülasəsi
yer alır. Daha sonra tərtibçilərin iş prosesi
haqqında açıqlamaları və təşəkkürləri
ifadə olunan giriş verilib.
Ümumilikdə kitab üç bölmədən
ibarətdir. Birinci bölmədə Abbasqulu ağa
Bakıxanovun tərcümeyi-halı, əsərləri
haqqında məlumatlar əks olunub.
İkinci bölmədə isə əsərin Azərbaycan
dilinə tərcüməsi səhifə sonu qeyd və
izahlarla verilib. Tərcümə zamanı orijinal üsluba riayət
olunması, müasir Azərbaycan dilində tam
qarşılığı olmayan sözləri saxlayaraq səhifə
sonunda açıqlanması nəşrin dəyərini bir qədər
də artırır, oxucuda tərcümə deyil, orijinal əsəri
oxuma təəssüratı yaradır. Bu hissədə
kitabın tərcümə redaktoru filologiya üzrə fəlsəfə
doktoru Gülnar Əqiq Cəfərzadənin xüsusi əməyi
var və bu baxımdan ona da minnətdarlıq
düşür.
Müqəddimə, 12 fəsil və xatimədən
ibarət əsərin tərcüməsindən sonra tərtibçilər
kitaba bir bölüm əlavə ediblər ki, bu hissəni
"Təhzibi-əxlaq" üzərində ilk tədqiqat
işi adlandırmaq olar. Belə ki, burada əsərdə
adları çəkilən, şeirləri verilən
şairlərin siyahısı, onlar haqqında qısa məlumat
öz yerini tapıb. Eyni zamanda əsərdə istifadə
olunan şeir parçalarının həm farscası, həm
Azərbaycan dilinə tərcüməsi və müəllifini
göstərən cədvəl, əsər boyu istifadə
edilən Quran ayələri, hədislər, atalar sözləri
toplanıb. Bir yerə toplanmış şeirlərə əsasən
demək olar ki, Abbasqulu ağa Bakıxanov klassik şərq
şeirini - Mövlananın, Sənainin, Hafizin və başqalarının
yaradıcılığını yetərincə dərindən
bilib və fəlsəfi, etik fikirlərinin təsdiqi
üçün onların kəlamından məharətlə
faydalanıb. Əsərdə təqribən 70 şeir
vardır və onların 23-nün müəllifi Bakıxanov
özüdür.
Kitabda əsərin farsca orijinalı ilə
yanaşı, fars dilli oxucu üçün tərtibçilərin
əlyazma üzərində apardıqları iş barədə
informasiya, Abbasqulu ağa Bakıxanovun həyat və fəaliyyəti,
əsərləri haqqında ensiklopedik məlumatlar da yer
alıb.
A.Bakıxanovun oxucuya məlum olan "Təhzibi-əxlaq"
əsərinin təkrar, təkmil nəşri ilə
yanaşı, onun az dəyəri olmayan, Azərbaycan filologiya
elminə adı və çox kiçik fraqmenti məlum olan
daha bir əsəri də işıq üzü görüb.
"Miratu-l-cəmal" ("Gözəllik
güzgüsü") adlanan bu əsər onun fəlsəfi-irfani
məsnəvisidir. Firudin bəy Köçərli "Azərbaycan
ədəbiyyatı tarixi" əsərində
Bakıxanovdan bəhs edərkən "Miratu-l-cəmal"ı
müstəqil əsər kimi təqdim edir. AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan,
Bakıxanovun bir neçə əsərinin toplusu olan əlyazmasının
əvvəlində yalnız suallar hissəsinin çapı tədqiqatçılarda
onun müstəqil əsər olmadığı, şeirlərinin
külliyyatının adı olması qənaətini
yaradıb. Lakin Hədiyyə Zəhra Əhmədinin
çoxillik axtarışlarının, uzun və zəhmətli
əməyinin nəticəsində mütəfəkkirin bu fəlsəfi
əsəri də gün üzünə çıxıb.
Elm aləminə məlum olan hələlik bir əlyazma
nüsxəsi İran Milli Sənədlər Mərkəzində
qorunub saxlanır və bir cüng içərisindədir. Tədqiqatçı
əsərin sadəcə elmi-tənqidi mətnini nəşr
etdirməyib, eyni zamanda müəyyən araşdırmalar
aparıb.
Kitab Əhmədinin ön sözü ilə
başlayır. Burada müəllif əlyazma üzərində
iş apardıqdan sonra Bakıxanovun bu əsərini də
"Kəşfu-l-qəraib" kimi Mirzə Məhərrəm
Məriz Qarabaği ilə müştərək
yazdığı qənaətinə gəlir. O, bu fikrinin
isbatı üçün müxtəlif mənbələrə
müraciət edib. Kitab ümumilikdə iki bölmədən
ibarətdir və birinci bölməsi ayrıca tədqiqat
işidir. Burada Abbasqulu ağa Bakıxanovun tərcümeyi-halı,
əsərləri, təxəllüsü haqqında məlumatlar
verilir, mütəfəkkirin yaradıcılıq üslubu,
özündən əvvəl yazılmış əsərlərdən
bəhrələnməsi, "Miratu-l-cəmal" haqqında
bəzi araşdırmalar, əlyazmanın paleoqrafik və
orfoqrafik xüsusiyyətləri təqdim edilir.
Klassik şərq şeirində ənənəvi
üslublarından biri sual-cavab yazı şəklidir.
Bakıxanov da "Miratu-l-cəmal" məsnəvisində
bu üslubdan istifadə edib. Əsərdə suallar Abbasqulu
ağa Bakıxanovun, cavablar Mirzə Məhərrəm Məriz
Qarabağinin dilindən verilir. Ənənəyə uyğun
olaraq sualları ustad, cavabları tələbə verməlidir.
Tədqiqatçı apardığı araşdırmalar nəticəsində
bu qənaətə gəlib ki, Bakıxanovun bu məsnəvisi
Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz"
məsnəvisinə nəzirədir (bənzətmə).
Əhmədi kitabın birinci bölməsində hər iki məsnəvinin
müqayisəsini də aparır. Onun apardığı
araşdırmalardan belə qənaətə gəlmək
olar ki, cavablar Mirzə Məhərrəm Mərizin adından
təqdim edilsə də, onları nəzmə çəkən
Abbasqulu ağa Bakıxanovdur və əsərin əsas müəllifi
odur.
İkinci bölmədə isə məsnəvinin hissələrinin
Azərbaycan dilində qısa xülasəsi və nəsrlə
tərcüməsi verilib. Əsərin orijinal mətni ilə
yanaşı, Azərbaycan dilində olan birinci bölmə - Hədiyyə
Zəhra Əhmədinin tədqiqatları da fars dilində təqdim
edilir. Azərbaycanda əlyazmaların nəşri ənənəsinə
uyğun olaraq həm orijinal mətnin, həm də tərcümənin
bir kitabda yer alması hər iki əsəri tədqiqatçılar
üçün daha əlçatan edir, Bakıxanov irsinin gələcək
araşdırmalarında həm Azərbaycan, həm də
İran alimlərin işini asanlaşdırır.
Hər iki kitab Xəzər Universiteti nəzdində fəaliyyət
göstərən Mövlana Ədəbi-Fəlsəfi
Araşdırmalar İnstitutunun dəstəyi ilə
işıq üzü görüb. Abbasqulu ağa Bakıxanov
yaradıcılığının oxuyucusu, irsinin tədqiqatlarının
daimi izləyicisi olaraq hər iki əsərin farsca orijinal mətnini
hazırlayan, Azərbaycan dilinə tərcümə edib
izahlarla zənginləşdirən tərtibçilərə
və Şimali Azərbaycanın dil üslubu və ləhcəsinə
uyğunlaşdıran tərcümə redaktoruna təşəkkürü
özümə borc bilirəm. Hər iki əsər Abbasqulu
ağa Bakıxanovun 230 illiyinə dəyərli töhfədir.
Kəmalə NURİYEVA
Fəlsəfə üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 6 iyun,№99.-S.10.