“Qocalar”ı keçmək

 

Hekayə

 

Uşaqlıq illərimizdə bitib-tükənmək bilməyən bir ötəşə durmaq adətimiz, həvəsimiz vardı: yerişdə, qaçışda - əlbəttə, daha çox qaçışda - başqalarını ötüb keçmək, geridə buraxmaq vazkeçilməzliyi!

Orta məktəbin son pillələrində müəllimlərimizi belə, ötüb keçmək istəklərimizin baş qaldırdığı yaxşı yadımdadır.

Yeri gəlmişkən, müəllimlərlə bağlı inşalar daha çox “Mənim sevimli müəllimim”, “Mənim ideal müəllimim” kimi mövzuları əhatə edir. Lakin dünyanın bir çox ədəbiyyat institutlarında “Mənim müəllimim - mənim düşmənim”, “Mənim rəqibim - müəllimim” adlı inşa yazılara da təsadüf olunur.

Əlbəttə, sağlam mübarizə şəraitində keçən hər yarış yaxşıdır. Yoxsa yeniliklər hansı yolla, hansı usduf üsullarla gələrdi?

Bir də ki, axı hansı şagird, ya da tələbə öz müəllimini, yaxşı mənada, keçmək istəməyib? Bunun üçün antik Sokrat - Platon - Aristotel ardıcıllığına baxmaq da bəs eləyir.

Deyir, qədim Romada qanunları musiqinin müşayiəti ilə səsləndirirlər ki, yadda qalsın. Yəni əslində münasibətlər də (söhbət müəllim - şagird, ustad - tələbə münasibətləri də daxil münasibətlərdən gedir) musiqili, poeziyalı olmalıdır.

Yox, elə ki kamil olmayan tələbə baxıb görür - əlbəttə, nisbi və anaxronizm olaraq deyirəm - öz müəllimi Şekspiri ədəbiyyat “yarış”larında ötüb keçə bilmir, onda “qarnı ağrımağ”a başlayır və yalanlara, böhtanlara qədər baş vurur. Ədəbiyyat tarixi neçə belə təsadüflərə şahidlik edib.

Sürücülük vəsiqəsi aldıqdan sonra bir vaxt ona sürücülük qaydalarını öyrətmiş və indi dayanacaqda maşın gözləyən müəlliminin yanından sürətlə keçərək onu toza-torpağa, hətta çamıra bulayanazdırmı? Maşını saxlamasın, eybi yoxdur, lakin təki qayda pozuntuları ilə yaşamaq həyat tərzi olan avtoxuliqana çevrilməsin!

Müəllimə nə qalır nadanın yanında; İbsen demiş: “heç nə, nə kədər... nə təəssüf”.

...Ədəbiyyat tarixində elə illər olub ki, sənət adamları vaxtından əvvəl qocalıblar. Məsələn, repressiya illəri. Yəni “qoca” təkcə yaşı ötmüş, qocalıq yaşına çatmış adama deyilməyib.

Rüzgarda ruhani-irfan (yeri gəlmişkən, Q.Tabidze Tiflis İlahiyyat seminariyasını bitirmişdi), əxlaq-mənəviyyat elementlərinin azaldığını, “böyük Təmizlik adı altında əsən terror yellərinin başladığını görən aydınlar: yazıçılar-şairlər, rəssamlar, bəstəkarlar bir söykənəcəkləri qalmadığını görüb, həm də daha çox həssaslıqları səbəbindən erkən qocalıblar; əslində qocalmayıblar, qocaldıblar onları!

...Səməd Vurğun “Şair, nə tez qocaldın?”ı yazanda hələ ümid edirdi ki, qəm yeyən şairdən hamı “Nə tez qocaldın?” deyə soruşanda bir Vətən, bir də yar istisna olacaq; yəni təkcə onlar belə qəribanə soruşmayacaqlar:

 

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlkitək.

Saç ağardı, ancaq nə qəm!

Əlimdədir hələ qələm...

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də Vətən:

- Şair, nə tez qocaldın sən!

 

Təsadüfi deyil ki, Azərbaycan yazarları arasında özlərinə hələ cavanlıqda “Qoca” təxəllüsü götürən şairlər var; qocalığa hörmət, qədimlik mənaları qarışıq.

E.Heminquey “Qoca və dəniz”ə görə Nobel alıb. Hövzəsi Appalaç dağlarına qədər uzanan Missisipi çayı Amerika folklorunda “Qoca” adlanır. V.Folknerin məhz Missisipini nəzərdə tutan “Qoca” (ing. “Old Man”) adlı məşhur povesti də var. Müxtəsəri, hər çaya “Qoca” adını verməkmi olar!? Necə ki, hər şairə də hörmət əlaməti olaraq “Qocam” -”Hocam” deyə müraciət olunmaz!

Sirr deyil, lakin deyim: M.Ə.Sabirin ilk ürəkdən əzbərlədiyim misrası - təbii ki, müəllimin köməyi ilə - “Bənzərəm bir qocaman dağa ki, dəryada durar”misrası olub.

Duyğularıma həmişə etibar eləmişəm, elə indi də eləyirəm. Duyğularım isəbuyurur ki, Qalaktion da məhz belə qocaman dağlardandır!

Qalaktion Tabidzenin özünün 1910-cu ildə çəkdiyi bir avtoportreti və həm də tanınmış şair olan rəssam Korneli Sanadzenin “Şairlər çarı”na aid rəsmlərinə baxmaq kifayətdir ki, görəsən: sanki anadan qoca doğulubmuş Qalaktion! Böyük filosoflar arasında özlərini “anadan qoca doğulmuş” hesab edənlər azmı olub?

S.Rüstəmin 1960-cı ildə qələmə aldığı “Cəfəri yad edərkən” adlı məqaləsində (Bakı - 2005. “Şərq-Qərb” nəşriyyatı, II cild, səh.235) belə bir yer var:

“Cəfər Cabbarlı ilə bir neçə dəfə səfərdə olmuşuq. İlk səfərimiz 1929-cu ildə Gürcüstana, Ermənistana getməyimizdir. Heyətimizin sədri Ə.Haqverdiyev, katibi isə mən idim. Bizi çox böyük hörmət və məhəbbətlə qarşıladılar. Bütün səfər boyu Cəfər biz gənclərin arasında idi. Cəfərin məzəli, duzlu söhbətləri, hazırcavablığı biz gəncləri ona daha yaxın eləmişdi.

Bir gün Tbilisidən Msxetaya yola düşərkən, Cəfər, A.Şaiq və mən bir maşına minməli olduq. Qabaqda “qocalar”ın - Əbdürrəhim bəy Haqverdiyevin və Qalaktion Tabidzenin mindiyi maşın gedirdi. Birdən Cəfər sürücünün qulağına gülə-gülə nə isə pıçıldadı. Sürücü maşının sürətini artırdı. Yoldan toz qaldıran maşınımız mənzilə hamıdan əvvəl yetişdi. Qocaların maşını bizdən sonra gəlib çıxdı. Haqverdiyev çox pərt idi. Mən ondan belə bir töhmət aldım: “Budəfəlik günahından keçirəm... Adam sədrin maşınını keçməz, cavan oğlan!..”

Mən onun sözlərini təsdiq edərkən Cəfər bığaltı gülürdü. Tbilisidə, Yerevanda və başqa şəhərlərdə keçirdiyimiz xoş saatlar, günlər unudulmazdır”.

1929-cu ilin mayında gürcü şair və yazıçılarından Paolo İaşvili, Titsian Tabidze, Qalaktion Tabidze, İosif Qrişaşvili kimi tanınmışlar Bakıya gələrkən qarşılayanlar arasında Əbbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Əhməd Cavad da olublar. Kimsə əlavə məlumat kimi deyibmiş ki, qonaqlardan biri Gürcüstanda “şairlər çarı” adını qazanıb. Bu, təbii ki, Qalaktion idi! Lakin “çar” çox qocaman görünürmüş, çox! Lap Qara dəniz, ya da Qafqaz dağları misilli! Bir yandan şairlik əzabı, bir yandan da sistemin yedirtdiyi əzablar!

Bu sıradan daha bir “qoca” - P.İaşvili sonralar ölkədə gedən “təmizləmələr”ə etiraz əlaməti olaraq Yazıçılar Birliyinin binasında özünü güllələmişdi...

...Həyatı poeziya olaraq qəbul edib yaşayanların “ölüm estetikası” (Ş.Bodler) ədalətsizlik qarşısında heç vaxt - istər indi olsun, istərsə də gələcək - lal şahidlik olmayıb. Yəni burada Futurum exactum (lat.) hansı dildə olursa-olsun pıçıltılar, hönkürtülər, müxtəsəri, hüzn azından durna nidalarına oxşayıb. Məsələn, Qalaktionun Türkiyə türkcəsində işıq üzü görmüş kitabı “Sıcak hüzn” (tərcüməçi: F.Çiloğlu) adlanır. Ulduz şairlərin, özləri də bir qalaktika olanların kədəri ilə yarış, görüm necə yarışırsan!?

Qalaktion Tabidzenin “qüsursuz gələcək”lə bağlı bir arzusu ola bilərdi: gənclər, cavanlar qocalarla hər yarışı - əsas da “Olum!” yarışını - udsunlar təki! Təkcə “ölüm” yarışından başqa! Yəni cavanlar qocalıb getsinlər dünyadan. Repressiya, depressiya görməsinlər. Məzarçılarla “görüşlər”i vaxtında-zamanında olsun, vaxtsız olmasın!

Yeri gəlmişkən, Qalaktionun hələ 1912-ci ildə, yəni cəmi 21 yaşında yazdığı “Məzarçı” adlı şeiri var. Orijinaldan savayı, dörd də tərcümədə (V.Şalamov, Q.Yaropolski, P.Uruşadze, Y.Yurçenko) oxumuşam. Oxuduqca məzarçının tabut qapağına usdufca vurduğu çəkicin və mismarların ufultularını eşidirsən. Lakin bu səslər səni ölümə yox, oluma, həyata davam eləməyə səsləyir.

Arada-sırada, bəlkə böyük şairləri belə, şeir yarışmaları üzrə ötüb keçə bilərsən e, hətta Q.Mistral, T.Eliot, B.Pasternak, R.M.Rilke, P.Elüar kimi nəhəngləri, hətta Vaqif Səmədoğlunu, Qalaktionu da! Hətta köhnə qatarları, yeni gəmiləri də!

Lakin ölümü ötmək nəsib deyil... Qalaktion bir dəfə belə bir cəhd elədi. Xəstəxananın açıq pəncərəsindən atlanmaqla qoca, qosqoca ölümü keçmək istədi. Belə:

 

...Arada-sırada

bir açıq pəncərədən atlanar şairlər -

Qalaktion misallı;

sanki bir qalaktikadan

 o biri qalaktikaya

usdufca atlanmaq kimi...

 

Heyhat... Qoca Ölüm də biz bilən “qocalar”dan deyil axı!

...Bütün hallarda bu atlanmağı ilə bütün intiharlara “Yox!” dedi Qalaktion!

...Mənə də qocalıq dilədi! “Qocalıq müdriklikdir” dedi.

 

İBRAHİMXƏLİL

525-ci qəzet .- 2024.- 6 iyun,¹99.-S.8.