"Qarabağ
atları Qarabağa qayıdacaqlar"
Qarabağ atlarının yetişdiricisi Yaşar Quluzadə:
"Şuşada, Xankəndidə at yetişdirmə mərkəzləri
yaratsaq, Qarabağ atlarının gözəllik müsabiqəsini
də təşkil edə bilərik"
- Yaşar bəy, günün birində bütün
dostlarınıza bir at şəkli göndərib az qala
gözaydınlığı verdiniz. Lap Arximedin
"Evrika"sı kimi "Alındı" dediniz. Nə
olmuşdu? Nə idi alınan?
- Bundan necə xəbər tutdunuz?
- Bakıdakı dostların çoxu sevincinizə
şərik idi. Sevincli xəbər bizə də
çatmışdı təbii. Hekayəsini
özünüzdən dinləmək istərdim.
- 3-4 il bundan əvvəl eşitdim ki, zooparka xəstə,
əldən düşmüş bir ayğır göndəriblər
ki, vəhşi heyvanlara yem kimi istifadə olunsun. Həmin
ayğırın cins at olduğunu bilirdim. Belə bir vəziyyətə
düşmüş atdan bala almaq ağılagəlməz dərəcədə
çətin idi.
- Heç kəsin ağlına gəlməyən
işə siz qol qoydunuz?
- Özü də necə... Yoldaşlarla qərar
verib o ayğırı zooparkdan götürdük. Bu, Şam
xəttinin sonuncu nümayəndəsi, 1997-ci ildə
doğulmuş məşhur təmiz cinsli Qarabağ atı
Saturn idi. Bir müddət Saturnu baytar nəzarətində
saxladıq. Yemlədik. Nazını çəkdik. Bir
neçə aydan sonra onu Aypara adlı madyan ailəsinin
üzvü olan bir Qarabağ atı madyanı ilə cütləşdirdik.
- Deməyin ki, nəticəsi də oldu.
- Əlbəttə, oldu. 11 aydan sonra bir erkək bala
aldıq. O bala doğulanda bilirdim ki, əsl köhlən
almışıq. Sevincimizin həddi-hüdudu yox idi.
- O bala doğulmasaydı?
- Hesab eləyin ki, bir nəsil şəcərəsinin
zənciri qırıla bilərdi. Sonralar həmin atdan yenə
də balalar aldıq.
- Bir at nəslinin taleyi bir atdan asılı imiş demək?
- Elədir. Birinci Qarabağ müharibəsi dönəmində
cins atlarımızın damazlıq özəyi böyük tələfata
uğramışdı. Ona görə də bu gün hər
bir təmiz cinsli Qarabağ atı doğulanda bizim
üçün bayram olur. Yəni həmin at öz nəslinin
xilaskarına çevrilir və şəcərə xətti
davam edir.
- Sizin hansısa atınızın sorağı rəsm
qalereyalarından gəlirdi. Nə məsələydi elə?
Bu hadisənin də hekayəsini sizdən eşitmək istərdim.
- O başqa at deyil ki, elə həmin Saturndur.
- Eləmi? Nə qəribə, sizin
atçılıq fəaliyyətinizlə bağlı
bütün maraqlı hekayələrin baş qəhrəmanı!
- Latviyalı rəssam xanım Datse Ştrausa Saturnun
xilasından necə təsirlənmişdisə,
fotolarını çəkib sonra kətana köçürərək
onu Şuşada, Cıdır düzündə təsvir
etmişdi.
- Xanım animalistdir?
- İxtisasca at mütəxəssisidir, zoomühəndis
və rəssam-fotoqrafdır. Üç il Azərbaycanda
yaşayan xanım Datse bizim Qarabağ atlarına valeh olandan
sonra onların rəsmlərindən qalereya
yaratmışdı. Həmin rəsmlərdən ibarət
"Canlı miras" adlı sərgi isə 2018-ci ildə
Latviya səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin birgə dəstəyi ilə Bakı muzey mərkəzində
nümayiş olundu. Sonradan bu sərgi iki dəfə
Finlandiyada, Rusiyada, Şuşada və sonuncu dəfə
2023-cü ilin noyabrında Latviyanın Qulben şəhərində
keçirildi. Hər bir Azərbaycan atsevəri kimi Ştrausa
da Qarabağ atlarının tezliklə öz doğma yerlərinə
qayıtmalarını arzu edir və bütün sərgilərindəki
çıxışlarında bu arzusunu dilə gətirir.
- Bu gözəl arzunun yerinə yetməsi üçün,
çox güman, artıq konkret işlər də
görülür.
- Əlbəttə, iş gedir. Baxın, Kənd Təsərrüfatı
Nazirliyi nəzdində respublika süni mayalanma mərkəzi fəaliyyət
göstərir. Göygöl ərazisində yerləşən
həmin mərkəz belə bir təşəbbüs irəli
sürdü ki, təmiz cinsli Qarabağ atlarının, yəni
şəcərəsi bilinən, cinsin tələblərinə
cavab verən ayğırların dondurulmuş
spermalarının kreobankı yaradılsın. Bu hadisə
Qarabağ cinsli atların respublika üzrə ən qiyməyli
xətlərinin itmə təhlükəsini aradan
qaldırdı. Artıq heç bir ayğırın xətti
itə bilməz. Elə bizim xilas etdiyimiz məşhur Saturnun
da.
- Yəni dondurulmuş sperma ilə süni mayalanma
aparılacaq deyirsiniz?
- Aparılır, bəli. Respublika Süni Mayalanma Mərkəzində
artıq bu yolla 6 baş təmiz cinsli Qarabağ köhləni
əldə edilib.
- Kreobankdan yalnız zavoddakı atları artırmaq
üçün istifadə olunur?
- Xeyr. Bu yaxınlarda Baku Ekspo Mərkəzində təşkil
olunmuş kənd təsərrüfatı məhsulları sərgisində
kreobankın məhsulları Azərbaycanda
atçılıqla məşğul olan bütün şəxsi
təsərrüfatlara da təqdim olundu.
- Azərbaycan tarixinin ən şərəfli dönəmində
yaşayırıq. İndi ölkə Qafqazın bir nömrəli
dövlətinə çevrilib. Beynəlxalq tədbirlər -
bizdə. Festivallar, yarışlar - bizdə. Ən nüfuzlu
COP-29 da - bizdə. Belə dönəmdə Qarabağ
atlarının təyinatını necə
görürsünüz?
- Təbii ki, ilk işimiz Qarabağ atlarının
damazlıq özəyini düzgün bərpa etmək
olmalıdır.
- Daha nə?
- Turizm sahəsində Qarabağ atlarından istifadə
edə bilərik. Düşünürəm ki, Şuşada,
Xankəndidə at yetişdirmə mərkəzləri
yaratsaq, Qarabağ atlarının gözəllik müsabiqəsini
də təşkil edə bilərik. Türk
dünyasının atçılıq mədəniyyətinin
mərkəzində duran, bütün Asiya cins
atçılığında
yaxşılaşdırıcı at kimi istifadə olunan
Qarabağ köhləninin dünyaya tanıdılması məqsədilə
konfranslar, festivallar, rəsm sərgiləri təşkil
olunmalıdır. Çünki Qarabağ atları təkcə
Azərbaycanın deyil, bütün dünyanın cins
atçılığında böyük rolu olan ən qədim
üç cinsdən biri, bəlkə də birincisidir.
- Bu niyyətlə də deyirsiniz ki, yaxşı
kişilər yaxşı atlara minib geri qayıdacaqlar?
- Mütləq Qarabağa. Qarabağ atları
Qarabağa qayıdacaqlar.
Afaq VASİFQIZI
525-ci qəzet .- 2024.- 6 iyun,№99.-S.7.