Bakı Enerji Həftəsinin
regional və qlobal əhəmiyyəti
Azərbaycanda hər il keçirilən Bakı Enerji
Həftəsi beynəlxalq müstəvidə böyük
maraqla qarşılanır. Bu tədbir bütün
dünyanın enerji sənayesi sahəsində mövcud olan
liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana
cəmləşdirir. Prezident İlham Əliyevin Bakı Enerji
Həftəsinin açılış mərasimində
iştirakı tədbirin yüksək statusunu təsdiqləyir.
Eyni zamanda, dünyanın aparıcı ölkələrinin
liderlərinin, beynəlxalq qurumların rəhbərlərinin
ünvanladıqları məktublar da onların bu tədbirə
vacib əhəmiyyət verdiklərini göstərir.
Bu il Bakı Enerji Forumunda 37 ölkədən 300-dən
artıq şirkət iştirak edib. Enerji sənayesinin liderləri
məhz Bakıda bir araya gələrək enerji təhlükəsizliyi,
enerji istehsalı, yaşıl enerji və digər vacib məsələləri
müzakirə edirlər.
Enerji Həftəsi özündə üç
mühüm tədbiri birləşdirir: Beynəlxalq Xəzər
Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq
Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və
29-cu Bakı Enerji Forumu.
Bu il Bakı Enerji Həftəsi bir sıra əlamətdar
hadisələrə təsadüf edir. Belə ki, Azərbaycanın
neft tarixində yeni dövrün əsasını qoymuş
"Əsrin müqaviləsi"nin imzalanmasından 30 il
ötür. Ölkəmizin yeni enerji strategiyasının
müəllifi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və iştirakı ilə imzalanan "Əsrin müqaviləsi"
Azərbaycanın dünyanın neft
ixracatçılarından birinə çevrilməsində
mühüm rol oynayıb.
Ümumiyyətlə, Azərbaycanın dünyanın
enerji siyasətində, enerji təhlükəsizliyindəki
rolu beynəlxalq ictimaiyyət tərəfindən etiraf olunur. Bu mənada ABŞ Prezidenti Co Baydenin
məktubu da xüsusi diqqət çəkir. Bu, həftə ərzində
Baydenin Azərbaycana ünvanladığı ikinci məktubdur.
Məktubda deyilir ki, Azərbaycan xüsusilə Avropada
qlobal enerji təhlükəsizliyinin mühüm sütunu
olaraq qalır. Azərbaycan öz enerji tarixində yeni səhifə
açarkən təmiz enerji və metan
tullantılarının azaldılmasına artan diqqət və
sadiqlik məmnunluq doğurur. Qeyd edilib ki, regional sabitlik və
əlaqələr Birləşmiş Ştatlar
üçün prioritet məsələlərdir. Onilliklərlə
davam etmiş münaqişəyə son qoyacaq möhkəm və
ləyaqətli sülh sazişi Cənubi Qafqazı
transformasiya edəcək və Azərbaycanın regiondakı
rolunu fundamental şəkildə dəyişəcək.
ABŞ liderinin nadir hallarda belə enerji
toplantılarına təbrik göndərməsi, Azərbaycan-ABŞ
münasibətlərinin əhəmiyyətini və ikitərəfli
əlaqələrin inkişafını göstərir. Bu məktub
həm də Azərbaycan-ABŞ
əlaqələrinin pozulduğunu iddia edənlərə
tutarlı cavabdır. Əlaqələri pozmağa
çalışan erməni lobbi dairələri heç nəyə
nail olmadılar. ABŞ bundan sonra da Azərbaycan-Ermənistan
münasibətlərində neytrallığını qorusa,
Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın məktubunda isə vurğulanıb ki, uzun
illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi
infrastruktur layihələri ilə
taclandırdığımız əməkdaşlığımız
təkcə Türkiyə və Azərbaycana deyil, bölgənin
və Avropanın enerji təhlükəsizliyinə də
önəmli töhfələr verib: “Bərpaolunan enerjidə,
yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində
iki ölkə olaraq əməkdaşlığımızı
gücləndiririk. Naxçıvan vasitəsilə elektrik
enerjisi ixracı və İğdır-Naxçıvan təbii
qaz boru kəməri layihələrini ən yaxın zamanda
başa çatdırmağı hədəfləyirik. Cənubi
Qafqazda davamlı sülh və sabitlik əsasında yüksələcək
əmin-amanlığın və rifahın təmin
olunması üçün fəaliyyətimizi qətiyyətlə
davam etdiririk. Azərbaycan və Ermənistan arasında son
dövrlərdə əldə edilən müsbət yenilikləri
məmnunluqla qarşılayır və imzalanacaq sülh
müqaviləsini bölgənin gələcəyi
baxımından tarixi fürsət olaraq
gördüyümüzü bir daha bildirmək istəyirəm”.
Avropa İttifaqı (Aİ), Türkiyə, OPEC və
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) kimi təşkilatlar
da Azərbaycanın enerji sahəsindəki rolunu yüksək
qiymətləndiriblər. Liderlərin müraciətlərində
eyni zamanda, noyabrda Bakıda keçiriləcək COP29 tədbiri
ilə bağlı ölkəmizə dəstək ifadə
olunub.
Bu cür qlobal subyektlərdən göstərilən
maraq təbii ki, Bakının hədəfinə doğru
uğurla irəliləməkdə olduğunu göstərir.
Bir məqamı da vurğulayaq ki, vaxtilə “Şahdəniz”
layihəsi böyük enerji strategiyasının əsasını
qoyduğu kimi, 4 iyun 2024-cü ildəki təməlqoyma mərasimləri
də bərpa olunan enerji sahəsində yeni eranın
başlanğıcı sayıla bilər.
Dövlət başçısı İlham Əliyev
Bakı Enerji Həftəsi çərçivəsində
keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz -
“Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika
və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi
açılış mərasimindəki nitqində bununla bağlı
deyib: “Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl
neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin
imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin
qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən
inşa ediləcək üç günəş və
külək enerjisi elektrik stansiyalarının təməlqoyma
mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın
və onun beynəlxalq tərəfdaşlarının
qazıntı yanacağından bərpaolunan enerji
resurslarına transformasiyasını nümayiş etdirir və
qazıntı yanacağının uzun illər ərzində
təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız
üçün mühüm əhəmiyyət kəsb edəcəyini
bildirir”.
Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində
“Masdar” şirkətinin ölkəmizdə inşa edəcəyi
üç elektrik stansiyasının təməlqoyma mərasimi
keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və
qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir
çərçivəsində Neftçala, Biləsuvar
Günəş elektrik stansiyalarının və
Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini
qoyublar.
Üç elektrik stansiyasının ümumi
qoyuluş gücü 1000 MVt olacaq. “Masdar” şirkəti Biləsuvarda
(445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik
stansiyası və Abşeron-Qaradağda isə 240 MVt
gücündə bir külək elektrik stansiyası inşa
edəcək.
Göründüyü kimi, Azərbaycanın beynəlxalq
aləmdə əlaqələrinin və əməkdaşlıq
coğrafiyasının genişlənməsi, ölkənin
qlobal aktor kimi rolunu gücləndirir. ABŞ, Aİ, Türkiyə
və ərəb-islam dünyası ilə əlaqələr
bu əməkdaşlığın əsas istiqamətləridir.
Burada əlbəttə ki, Azərbaycanın etibarlı tərəfdaş
olması da öz sözünü deyir. Prezident İlham
Əliyev tədbirdəki nitqində bu məqama da diqqət
çəkərək deyib: “Bu gün enerji təhlükəsizliyi
milli təhlükəsizliyin ayrılmaz hissəsidir.
İdxaldan asılı olan ölkələr, əlbəttə
ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar
və müqavilələr axtarır. Onlar Azərbaycanın
simasında məhz bunu əldə edirlər. Bizim
sözümüz imzamız qədər dəyərlidir. Son
30 il ərzində imzalanmış bütün müqavilələr
tam şəkildə icra olunub. Onların hamısı parlament
tərəfindən ratifikasiya olunub və qanun şəklində
imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu
etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir
ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti
sürətli inkişafın şahidiyik”.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə
bağlı bildirib ki, Bakı Enerji Həftəsi regionun ən
böyük və vacib tədbirlərdəndir: "Burada
dünyanın aparıcı ölkələrinin şirkətləri
təmsil olunur. Bütün bunlar isə ondan xəbər verir
ki, kifayət qədər böyük
iştirakçılıq və coğrafi baxımdan
geniş regionu əhatə edən bir tədbirdir. Həmçinin,
Azərbaycanın enerji imkanlarının yenidən təqdim
olunması və xüsusən regionun, eləcə də
Avropa İttifaqının enerji təhlükəsizliyində
Azərbaycanın rolunun artmasını şərtləndirən
faktorlar baxımından da vacibdir. Azərbaycan Prezidentinin qeyd
etdiyi kimi, tədbir enerji siyasətinin bütün seqmentlərini
əhatə edir".
Deputat bildirib ki, tədbir eyni zamanda, yaşıl enerji
sahəsində potensialın qiymətləndirilməsi və
yeni əməkdaşlıq imkanlarının
tapılmasına xidmət edəcək: “Bakı Enerji Həftəsi
fərqli dövlət və hökumət rəsmiləri,
beyin mərkəzinin əməkdaşlarının bir araya gəlməsinə
və qlobal enerji məsələlərinin müzakirəsinə
imkan yaradır. Bu da nəticə etibarı ilə həm
enerji sahəsində dövlət-özəl sektor əməkdaşlığının
gücləndirilməsi, yeni ideyaların müzakirə
olunması və bu sahədə real, perspektivə hesablanan
addımların atılmasına gətirib
çıxarır, həm də innovasiya və
texnologiyanın təqdimatı baxımından çox
vacibdir. Enerji sahəsində ən vacib məqamlardan biri
innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu
forum həm də yeni texnoloji innovasiyaların şirkətlər
tərəfindən təqdim edilməsinə,
dördüncü sənaye inqilabının nəticələrinin
müzakirəsinə imkan yaradır. Bu baxımdan regional və
qlobal əhəmiyyət daşıyır. Azərbaycanın
bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda
gücünü göstərən əsas faktorlardan biridir”.
Pərvanə
525-ci qəzet .- 2024.- 6 iyun,¹99.-S.4.