“Azərbaycan təmiz enerji sahəsində
əsas təşəbbüskar ölkəyə
çevrilib”
Məlum olduğu kimi, Azərbaycanın paytaxtı
Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına Tərəf
Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.
Azərbaycanın dünyanın ən böyük və
mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək
üçün seçilməsi Azərbaycan Prezidentinin
növbəti beynəlxalq qələbəsidir. Bu,
Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik
Şurasına üzvlük kimi, dövlət
başçısının xarici siyasətdə ən
böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana
qarşı çirkin kampaniya aparan bəzi dairələrə
tutarlı cavabdır. Dövlət başçısı bir
daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın
müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini
sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə
Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi
və beynəlxalq aləmdə böyük etimad
qazandığını nümayiş etdirdi. Ölkəmiz
qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə
qarşı səyləri səfərbər etmək və bu
mübarizəyə töhfə verməklə dünyanın
diqqət mərkəzində olacaq.
Prezident İlham Əliyevin qətiyyətlə
vurğuladığı kimi, Azərbaycan COP29-da
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin
iştirakına dəstək verəcək: “Bakıdakı
COP üçün seçdiyimiz “Yaşıl dünya naminə
həmrəy olaq” şüarı bizim COP29 missiyamızın
ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə
üzləşdiyimiz üçün bütün ölkələri
planetimizi xilas etmək naminə həmrəylik nümayiş
etdirməyə çağırıram. Bu məqsədə
çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın
daim müdafiə etdiyi çoxtərəflilik
lazımdır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yanında İctimai Şuranın üzvü, ətraf
mühit məsələləri üzrə ekspert Rövşən
Abbasov deyir ki, Azərbaycanda son illər ətraf mühitin
mühafizəsi istiqamətində mühüm işlər
görülür. 2024-cü ilin “Yaşıl dünya naminə
həmrəylik ili” elan olunması və BMT-nin İqlim dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının (COP29) Azərbaycanda keçirilməsi ətraf
mühitin qorunması istiqamətində görülən
işlərin ən yaxşı göstəricisidir. Onun
sözlərinə görə, bu istiqamətdə atılan
mühüm addımlardan biri də Azərbaycanda milli ekosistem
qiymətləndirmələrinin artıq tamamlanmasıdır.
Belə ki, bu qiymətləndirmələr çərçivəsində
milli biomüxtəliflik fəaliyyət planının tezliklə
qəbul olunacağı və 2030-cu ilə qədər
aydın hədəflər göstəriləcəyi gözlənilir.
Ekspert qeyd edib ki, eyni zamanda ölkəmizdə
xüsusi mühafizə olunan təbiət ərazilərinin
ümumi sahəsi getdikcə artmaqda, bərk
tullantıların idarə olunması sahəsində də
çoxsaylı işlər görülməkdə, polietilen
torbalardan, plastik məmulatlardan istifadə getdikcə məhdudlaşdırılmaqda,
qanunvericilik aktları daim təkmilləşdirilməkdədir:
“Bakı və Abşeron yarımadasında yaxın gələcəkdə
istifadəyə veriləcək 2 böyük sutəmizləyici
qurğunun işə salınması Xəzərin
qorunmasına ölkə səviyyəsində verilən
böyük əhəmiyyəti göstərir. Eynilə su ilə
təminatda getdikcə alternativ su mənbələrindən
istifadənin artırılması, Xəzərin suyunun
duzsuzlaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər, su itkilərinin
qarşısının alınması üçün torpaq
kanalların bərpa olunması təqdirəlayiq işlər
kimi qeyd olunmalıdır”.
Politoloq Şəbnəm Həsənovanın dediyinə
görə, qlobal enerji bazarlarının transformasiyası
sürətlə davam edir. İstehsal, istehlak və bu istiqamətdə
qurulacaq şəbəkə də daxil olmaqla, hansı tərəfdən
baxsaq, sabahın enerji sistemi indiki vəziyyətdən tamamilə
fərqli görünməli olacaq. Proaktiv siyasət
nümayiş etdirən Azərbaycan bu istiqamətdə də
dünyaya töhfə verərək, arzu olunan inkişafı
sürətləndirir və qlobal inkişaf səhvlərindən
qaça biləcək yüksək keyfiyyətli mühit
formalaşdırmağa kömək edir. Məsələnin
aktuallığı həm də ondadır ki, Azərbaycan təkcə
dövrümüzün deyil, istənilən zamanın və
məkanın ən vacib məsələlərindən biri
hesab etdiyi məsələ üzərində iş
görür. O da məlumdur ki, heç bir problem bu
günümüz və gələcəyimiz üçün
iqlim dəyişikliyindən daha böyük təhlükə
yaratmır. Azərbaycanın atdığı addımlar
problemə dərin nikbinlik gətirir. Dövlətimiz sanki bərpaolunan
enerjinin mühərriklərini hərəkətdə
saxlayaraq böyük problemi həll etmək üçün
ortaya güc, iradə, dinamizm və yaradıcılıq qoyur.
O bildirib ki, konvensional resurslara aludəlik planeti və
milli təhlükəsizliyi daim təhdid altında
saxlayır. Bu baxımdan problemi müşahidə etməklə
kifayətlənməyərək, Azərbaycan təmiz enerji
sahəsində də əsas təşəbbüskar ölkəyə,
başlıca oyunçuya çevrilir. Atılacaq
addımların uzaqgörənliklə və ssenari
baxımından düşünülərək
planlaşdırılması vacibdir. Ümummilli
standartların ilkin mərhələsinin qlobal standartlara
uyğunlaşdırılması Azərbaycanın iqlim dəyişikliyi
ilə mübarizədə atdığı ən vacib
addımdır. Azərbaycan bu gün özəl sektora
investisiya və innovasiyaları stimullaşdırmaq
üçün perspektivli yeni texnologiyalara sərmayə
qoyur, nəticəsini də alır. Bununla “bərpaolunan
enerjiyə keçməyin iqtisadi mənası yoxdur” kimi spekulyasialara
da yer qoymur. Habelə, bu kimi proqressiv addımlar dövlətimizin
nüfuzundan, xalqımızın şüurlu
yanaşmasından xəbər verir ki, bunun da iqtisadi olmaqla, əlavə
dividentlərini də gözardı etmək olmaz.
Politoloq qeyd edib ki, Şəbnəm Həsənova
bildirib ki, Qarabağ və Şərqi Zəngəzur
“yaşıl enerji” konsepsiyası üzrə qurulur. Dövlətimizin
başçısı çıxışı əsnasında
BƏƏ-dən bir il sonra Azərbaycanın COP-a ev sahibliyi
etməsini heç də təsadüf saymadı. Neft-qaz
ehtiyatlarının mövcudluğunu isə hansı şəkildə
istifadə etməyimizə görə dəyərləndirilmək
çoxsaylı təzyiq və spekulyasiyalar fonunda yerində və
zamanında deyilmiş fikir idi. Avropa Komissiyası Azərbaycanı
ümumAvropa qaz təchizatçısı adlandırır. Azərbaycan
təbii qazını alan səkkiz dövlətdən
altısı Avropa ölkəsidirsə, deməli, biz həm
coğrafiyanı genişləndirməyi bacarmışıq,
həm də sübut edə bilmişik ki, Azərbaycan
etibarlı tərəfdaş, etimad göstərilməli
aktordur. Sözümüzün imzamız qədər dəyərli
olması, bu sahə üzrə imzalanan müqavilələrin
parlamentdə təsdiqlənməsi bundan xəbər verir.
Dövlət başçısı haqlı olaraq bildirdi ki,
Azərbaycan beynəlxalq ictimaiyyətin müxtəlif
komponentləri arasında körpülər qurmağa
çalışır. Şübhəsiz ki, söhbət təkcə
coğrafi sərhədləri aşmaqdan getmir, bu, həmçinin
müxtəlif mədəniyyətləri, qanunları və
qaydaları anlamaqdan da ibarətdir. Dövlətlər qlobal
genişlənmə ilə gələn problemləri də
başa düşməli və prosesi digər
iştirakçılar, ən vacibi isə daha zəif bəndlər
üçün daha hamar etmək üçün
çalışmalıdır. Azərbaycan istər əldə
etdiyi Zəfərlə daha zəif bölgələr
üçün stimul qismində çıxış edir,
istərsə də qlobal çağırışlara verdiyi
töhfə ilə həmin xalqların taleyinin daha parlaq
olmasına çalışır. Qısa zamanda böyük
siyasət nəticəsində əldə edilən zəngin
təcrübə bu xalqlar üçün yüksək təfərrüatlı
təcrübə, düzgün həll variantları,
genişlənmək istəyən nəhəng transmilli
korporasiyalar üçün də düzgün istedad
axtarışında olmaqla kiçik biznes və ya yeni imkanlar
təqdim edir.
İqtisadçı ekspert Elşad Məmmədov
bildirib ki, COP29-la bağlı vergi güzəştlərinin tətbiq
edilməsinə dair Vergi Məcəlləsinə dəyişiklik
edilib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici
sənədi əsasında Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda
keçirilməsi ilə əlaqədar malların təqdim
edilməsinə, işlərin görülməsinə və
xidmətlərin göstərilməsinə cəlb olunmuş
qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində
əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən
9 ay müddətinə gəlir vergisindən azad edilir: “Tətbiq
edilən vergi güzəştləri ölkədə COP29 tədbirinin
yüksək səviyyədə keçirilməsinə xidmət
etməlidir. Belə ki, tədbirin keçirilməsi bir
çox əlavə xərclərin olması deməkdir. Belə
olduğu halda bu vergi güzəştləri şirkətlər
və bazar iştirakçılarına öz xidmətlərini
daha əlçatan şəkildə tətbiq etmək
üçün şərait yaratmış olacaq. Eyni zamanda
tədbirin miqyası kifayət qədər böyükdür
və görüləcək işlər də çoxdur.
Zaman da o qədər çox qalmayıb, ona görə də
proseslərin sürətlənməsinə ehtiyac var. Bu
güzəştlərin tətbiqi həmin xidmətlərin
daha əlçatan olmasına şərait yaratmalıdır.
Bu da bütünlükdə hazırlıq proseslərini
sürətləndirməlidir. Ümumiyyətlə, təcrübədə
belə hallara tez-tez rast gəlinir ki, bu tip böyük tədbirlər
keçirilərkən müvafiq vergi güzəştləri
tətbiq olunur. Bu tətbiqlər məhsulların əlçatanlığına,
onların təminatı ilə bağlı sürətlənməyə,
eyni zamanda hazırlıq prosesində iştirak edən
qurumların fəaliyyətinin daha yüksək keyfiyyətlə
həyata keçirilməsinə şərait yaradır”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 7 iyun,¹100.-S.15.