Dilin təbiəti, təbiətin
dili
Dilin inkişafının müxtəlif dövrlərində
dilin təbiətinə, mahiyyətinə, müxtəlifliyinə,
o cümlədən, dil ilə xalq ruhunun,
psixologiyasının, mədəniyyətinin sıx
bağlı olması məsələlərinə dair
filosofların, dilçilərin, psixoloqların söylədikləri
müxtəlif fikir və mülahizələr professor Fərman
Zeynalovun müasir dilçiliyin probleminə həsr edilən
“Dillərin quruluş müxtəlifliyi və ritmik
strukturların izomorfluğu problemi” adlı monoqrafiyasında əyaniləşir.
Əsərdə ilk dəfə olaraq dünya dillərinin
quruluş müxtəlifliyi və ritmik strukturların
izimorfluğu məsələsi təbii obyektlərin,
xüsusilə kristalların və genetik kodun, habelə kainata
xas olan universal ritmik proseslərin işığında
araşdırılır. Elmi məxəz və faktların zənginliyi,
mühakimələrin dürüstlüyü,
inandırıcılığı ilə seçilən bu əsər
dünya və Azərbaycan dilçiliyində öz həllini
tapmayan problemlərin həllində elmi-nəzəri əhəmiyyəti
ilə diqqət çəkir.
Monoqrafiyada dil və onun əhəmiyyəti, dilin
ictimai hadisə və başlıca ünsiyyət vasitəsi
kimi mahiyyəti, dilin xarakteri, bəşər dillərinin
quruluş müxtəlifliyi məsələsi və
xalqların ruhu xüsusiyyətləri ilə əlaqələndirilməsi
kimi problemlər tədqiq edilir.
Monoqrafiyanın üstün cəhətlərindən
biri də budur ki, müəllif burada dilçilik elmindən
çox uzaq görünən bir elm sahəsi olan
kristalloqrafiya ilə dili sistem struktur planda müqayisə etməyə
yeni bir cəhd göstərib. Müəllif özü də
bu məsələyə cəsarətlə yanaşır, tədqiqat
əsərlərində təsadüf edilən
yanlışlıqlara səhv mövqelərə tənqidi
münasibətini bildirməkdən də çəkinməyib.
Həmçinin təqdirəlayiqdir ki, müəllif əvvəlki
tədqiqatçılarının bu sahədə olan xidmətlərinə
qədirbilənliklə, qayğı və hörmətlə
yanaşır. Bu cəhətdən V.fon Humboldtun, V.D.Uitninin,
İ.Q.Herderin, E.Sepir və H.Ştayntalın, L.Vaysqerber,
B.Uorf, eləcə də Ə.Ə.Rəcəbovun və
D.Qrinberqin dil nəzəriyyələrinə aid elmi
araşdırmaları ətraflı təhlil edilir. Müəllif
inamla belə bir fikir söyləyir ki, dil öz-özündə
olan varlıq deyil və obyektiv gerçəklikdə
mövcud olan digər varlıq və hadisələrlə
sıx əlaqədardır. Burada, xüsusilə diqqəti
çəkən odur ki, müəllif dilin təbiətini
düzgün müəyyənləşdirmək
üçün onun digər obyektiv hadisələrlə əlaqəsini
dialektik mövqedən aydınlaşdırır və dilin
yalnız zahiri varlıqda obyektiv mövcud olan sistem və
struktur baxımından da təbii obyektlərə çox bənzəyişi,
hətta eyniliyi olduğunu göstərir.
Tədqiqatçı, aparılan
araşdırmaların nəticələrinə rəğmən,
belə bir qənaətə gəlir ki, insan dilinin ümumi və
xüsusi parametrləri, o cümlədən, dillərin
quruluş müxtəlifliyinin səbəbləri, maddi əsası,
öz başlanğıcını, çıxış
nöqtəsini alt qatda virtual olan təbii sistemlərin
sistem-struktur modellərindən və mühiti amillərdən
götürür. Belə ki, dillərin quruluş müxtəlifliyi,
o cümlədən, dil səslərinin fonetik forması,
fonotaktikası, distribusiyası, qrammatik və ritmik-intonasiya
quruluşunda baş verən müxtəlifliklər,
xalqların istək və arzularından, iradəsindən,
psixologiyasından, psixolinqvistik hadisələrdən
asılı olmadan, təbii qanunauyğunluqlar və təhtəlşüur
şəkildə baş verir, formalaşır.
Müəllif dillərin quruluş müxtəlifliyini
kristalların quruluş müxtəlifliyi ilə müqayisə
edərək göstərir ki, onların quruluşu eyni prinsip
üzrə formalaşsa da, hər birinin quruluşu müxtəlifdir.
Bu müxtəlifliyə səbəb isə onların
mühitindən irəli gələn amillər ilə izah
olunur.
Sistemin elementlərinin (samit və sait) müxtəlif
mühitə düşməsi onların müxtəlif iqlim
şəraitində, ritmik durumunda samit birləşmələrinin
sıxlığı ilə (soyuq iqlim mühitinin ritmik
durumu), həmin mövqelərdə samit birləşmələrinin
mümkün olmadığı hal isə, isti mühitin ritmik
durumu ilə bir uyğunluq, paralellik təşkil edir. Bu
baxımdan dillərin fonem sisteminin kimyəvi elementlərə
oxşarlığı təsbit edilir. Bu oxşarlıq da
özünü onda göstərir ki, kimyəvi elementlər
müəyyən elementlərlə birləşmə
yaratdığı kimi, fonemlər də bütün dil səsləri
ilə deyil, müəyyən dil səsləri ilə birləşmə
yaratması faktı ortaya çıxır.
Bütün bu deyilənlərdən tədqiqatçı
belə bir nəticəyə gəlir ki, dil bir çox
parametrlərdə özünü təbii obyektlər,
xüsusilə müəyyən nizamlı quruluşa, periodik
təkrarlanan ritmə, öz-özünü törətmə
prinsipinə malik olan kristallar kimi aparır.
“Ritm və ritmik strukturların təbiəti” adlanan
ikinci fəsildə ritm və onun tipləri, ritm tiplərinin
qarşılıqlı əlaqəsi, ritmik strukturların təzahür
formaları, kristallarda və dildə ritm izimorfluğu kimi məsələlər
araşdırılır və elmi-nəzəri baxımdan təhlil
olunur.
Müəllif ritm tiplərinin bütöv bir sistem
kimi bir-birilə qarşılıqlı əlaqədə və
təsirdə olduğunu söyləyir və dil sistemində
olduğu kimi, ritm tipləri də aşağıdan
yuxarıyadək nizama salınmış iyerarxik əlaqələr
üzərində qurulan və bir ritm tipinin digəri üzərində
çıxış tapıb formalaşdığını
və birinin digəri üçün şərt olduğunu
göstərir.
Ritm tiplərinə sistem baxışı, onların
qarşılıqlı münasibətinin öyrənilməsi
izomorf ritmik strukturların mənşəyinin və
ayrı-ayrı xalqlarda dil-nitq və bədii ritm tiplərinin
müxtəlif quruluşa malik olması səbəblərini
aşkar etməyə imkan verməsi qeyd edilir.
İrəli sürülən fikirlərdən ən
maraqlısı dilin musiqi və ekologiya ilə əlaqəsidir.
İlk dəfə olaraq professor F.Zeynalov “vokal ekologiya” terminini
işlətmiş Azərbaycan musiqisinin, xüsusilə
muğamın quruluşu və inteqrasiyasını xüsusi təbii
iyerarxik əlaqələr üzrə qurulmuş olduğunu
sübut etmişdir. Bütün ritmlər arasında əlaqə
və biri digərini şərtləndirmə halı
mövcud olduğundan, təbiətin ritmi ilə insanların,
insanların bioritmi ilə dilin,
danışığını, dil ilə incəsənət
və bədii əsərlərinin ritmi arasında əlaqə,
izomorfluq olduğunu vurğulayır. Belə bir fikir irəli
sürülür ki, bir xalqa məxsus incəsənət əsərlərində,
mədəniyyət nümunələrində dil və onun
linqvistik, o cümlədən, fonoritmomelodik xüsusiyyətləri
bu və ya digər formada iştirak edir, izlənir. Belə ki,
hər bir xalqa məxsus incəsənət əsərləri
və mədəniyyət nümunələri öz
rüşeymini dildən alır və onun, bir növ, ələyindən,
süzgəcindən keçərək formalaşması
baş verir. Müəllif xalqların incəsənət və
milli mədəniyyət nümunələrində ümumi,
ortaq olan cəhətlərini bir sənət növündə
deyil, eyni dil mühiti və oxşar bioritmlər əsasında
yaranan sənət sahələrində təzahür etməsini
qanunauyğun hesab edir. Belə ki, Azərbaycan dili və
musiqisində olan ritmik cizgilər, çeşidlər onun digər
sənət növlərində də
(xalçaçılıqda, tikmə, toxuma və s.)
aydın şəkildə izləndiyi qeyd edilir.
Monoqrafiyada maraqlı fəsillərdən biri də
“Dil vahidlərinin forma və quruluş müxtəlifliyi”
adlanır və burada dil vahidlərinin fonetik və fonotaktik
müxtəlifliyi, dil vahidlərinin fonogenetik xüsusiyyətləri,
dil vahidlərində səs dəyişmələrinin ritmə
münasibəti, dillərin quruluş müxtəlifliyini
şərtləndirən amillər və sair məsələlər
elmi-nəzəri cəhətdən araşdırılıb təhlil
olunur. Dillərin quruluş və forma, o cümlədən,
fonotaktik, taktik və ritmik-melodik baxımdan müxtəlifliyini
şərtləndirən amillərdən bəhs edərkən
müəllif yazır ki, dillərin forma və quruluş
müxtəlifliyinin əsasında Günəş və onun
enerji-istiliyi ilə müşayiət olunan təbiətin təbii
ritmi və onun variativliyi faktı dayanır. Günəş
istiliyinin yer üzərinə qeyri-bərabər paylanması
nəticəsində ayrı-ayrı coğrafi ərazilərdə
təbiətin ritmmi variativləşir. Belədə, hər
bir coğrafi ərazinin öz təbii ritmik quruluşu, ahəngi
formalaşır. Belə ki, xarici mühitin ritmi həmin ərazidə
doğulub yaşayan insanların (xalqların) daxili bioritmini
öz ritminə uyğun formalaşdırır. İnsan
dilinin ritmi də bioritmlə sıx bağlı olduğundan
dilin fonotaktik, taktik və ritmik-melodik quruluşu da həmin ərazinin
ritminin və orada yaşayan insanların bioritminin
qarşılıqlı əlaqəsinə uyğun
formalaşır. Dillərin quruluş müxtəlifliyinə
səbəb olan bu nöqteyi-nəzəri o, “helio-ritmik” nəzəriyyə
kimi səciyyələndirir və bu nəzəriyyənin əsasında
mühit, quruluş, xassə asılılığının
və izomorf inikas prinsipinin dayandığını göstərir.
Müəllifə görə, əlamətlər, xassələr
heç zaman öz-özlüyündə maddi əsasız
mövcudu ola bilmir, onlar həmişə müəyyən
obyektlərə məxsus olub, onların xassəsinin təzahürüdür.
Ayrı-ayrı coğrafi ərazilərinin ritmik xüsusiyyətləri,
çeşidləri, bir növ, fikir, hava (oksigen-karbon),
gül ətri kimi görünməyən, lakin
danışıqda səsli dillərin ritmik formasında maddiləşən
bir hadisə kimi özünü təzahür etdirdiyini
göstərir.
Alimin müşahidələrindən aydın olur ki,
səs dəyişmələrinin müxtəlif dillərdə,
müxtəlif zaman kəsiklərində, müxtəlif
formalarda baş verməsi, həmin təbii-coğrafi ərazilərdə
baş verən ritmik dəyişikliklərlə əlaqəli
olması ilə şərtlənir. İkinci bir şərt də
səsin öz təbiətindən doğan amillə, yəni
səsin təbiətən dalğavari və
danışığın ritmik-variativ səciyyəli xassəyə
malik olması ilə bağlı olduğunu deyir.
Müəllif belə nəticəyə gəlir ki,
dil özünün sistem-struktur səciyyəsi ilə,
oxşar quruluş prinsipi, ritm, quruluş müxtəlifliyi,
funksiya, informasiya daşımaq, saxlamaq və ötürmsək
baxımından kristallar və genetik kodla izomorfluğu təsadüfi
bir hal olmayıb, onların quruluşları arasında obyektiv
əlaqə, mənşələrində ortaq olan cəhətlər
vardır. Bu sistemlərin yaranışı və
formalaşması təkamül prosesinin müxtəlif zaman kəsiklərində
baş versə də, onların birini digəri üzərində
çıxış tapması, onlarda “irsi” xüsusiyyətlərinin
birinin digərinə keçməsi halı mövcuddur.
Belədə, linqvistik kod - dilin sistem - struktur modeli
özündən əvvəlki sistemlərin struktur prinsipinə,
quruluş modelinə, periodik-ritmik xüsusiyyətinə
uyğun filogenez təkamül prosesində yaranmasının nəticəsi
olduğu təsbit edilir.
Əsərin nəticə bölməsi çox
yaxşı təəssürat yaradır. Müəllif indiyə
qədər qəbul olunmuş stereotipi pozaraq mövzu ilə
bağlı bir sıra maraqlı mülahizələr söyləyir.
“Əlavələr” hissəsində rus və ingilis
dilində tədqiqatın əsas məqamlarının şərhi
verilib.
Yekunda, qeyd etmək istərdik ki, professor Fərman
Zeynalovun “Dillərin quruluş müxtəlifliyi və ritmik
strukturların izomorfluğu problemi”nə həsr olunmuş
monoqrafiyası çox maraqla oxunur məmnunluq hissi doğurur,
orijinal, sanballı, bir elmi əsər təəsüratı
yaradır. Bu əsər dilçilik elmimizə,
xalqımızın ictimai-fəlsəfi fikir tarixinin tədqiqinə
dəyərli bir töhfədir.
Bəhs etdiyimiz monoqrafiya yüksək səviyyədə
yerinə yetirilmiş orijinal, aktual elmi tədqiqat əsəridir.
Əsərdə problem və məsələlər çox
aydın elmi-ədəbi bir dildə şərh olunub.
Şübhə etmirik ki, bu kitab oxucular, o cümlədən,
dilçilər, tədqiqatçılar tərəfindən
maraqla qarşılanacaq.
Nailə SADIQOVA
ADPU Xarici dillər mərkəzinin professoru, Əməkdar
müəllim
525-ci qəzet.- 2024.- 7 iyun,¹100.-S.14.