Bədii irsə
mötəbər elmi baxış
Şamil Qurbanov - 90
PROFESSOR ŞAMİL QURBANOV MƏHƏMMƏD
ƏMİN RƏSULZADƏNİN BƏDİİ
YARADICILIĞINI HƏRTƏRƏFLİ VƏ
DƏRİNDƏN TƏDQİQ EDİB
Böyük elmi düşüncə və zəka
sahibi olan professor Şamil Qurbanov Azərbaycan ədəbiyyatşünaslığında
özünəməxsus spesifik xüsusiyyətləri ilə
seçilirdi. Özünü yenilikçi alim və tədqiqatçı
kimi sübut edən Ş.Qurbanov heç vaxt çeynənmiş,
dəfələrlə bəhs olunan mövzulara müraciət
etməzdi. Tükənməz axtarışlar enerjisinə
malik olan bu tanınmış alim ədəbiyyatşünaslıq
elmimizi neçə-neçə qiymətli, orijinal monoqrafiya,
kitab və elmi məqalələrlə daha da zənginləşdirib.
Onun “Açılmamış səhifələr”, “Ədəbi
dostluq”, “Klassik rus poeziyası Azərbaycanda”, “Ömrün
fikir dünyası”, “Ömər Faiq Nemanzadə”, “Yaxın və
uzaq dünyamız”, “Nəriman Nərimanov dünyası”, “Məhəmməd
Əmin Rəsulzadə”, “Cəmaləddin Əfqani və
türk dünyası”, “Atatürk və Nərimanov”, “Nəriman
Nərimanov. Ömrünün son illəri”, “İki
görüş haqqında bir təəssürat”, “Müəllimlər”
və sair kimi kitabları bu gün də
aktuallığını saxlamaqdadır. Onlar
çağdaş elmi-ədəbi mühitin qiymətli
nümunələri kimi bu gün də dəyərlidir.
Ş.Qurbanovu milli-mənəvi, ədəbi dəyərlərimizin
açılmamış səhifələrini açmağa
vadar edən, qaranlıq qalan məqamlara nur saçmaq
üçün ürəyini məşəl edib gecə-gündüz
yandırmağa sövq edən amillərdən söhbət
açan filologiya elmləri doktoru, professor Nizami Cəfərov
yazır: “Düşünürdü ki, tarixi həqiqətləri
nə qədər çox insan bilsə, dünya o qədər
harmonik, cəmiyyət o qədər rahat olar.
Şamil Qurbanovun açılmamış səhifələrini
sonsuz maraqla açmağa vadar edən əsas cəhət bu
idi. Onun narahatlığı da buradan irəli gəlirdi”.
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan
Xalq Cümhuriyyətinin yaradıcılarından biri Məhəmməd
Əmin Rəsulzadənin həyatı və fəaliyyəti
ilə bağlı açılmamış səhifələrə
aydınlıq gətirən ilk alimlərdən biri də
professor Şamil Qurbanov olub. Onun tədqiqatlarında
şanlı tariximizin ən maraqlı səhifələri, eləcə
də bu tarixi səhifələri yaradanlardan biri olan M.Ə.Rəsulzadənin
böyük zəhməti tarixi faktlar əsasında
inandırıcı şəkildə təsvir edilir.
Ş.Qurbanovun 2001-ci ildə işıq üzü
görmüş “Məhəmməd Əmin Rəsulzadə”
kitabında bu tarixi şəxsiyyətin ictimai-siyasi fəaliyyəti
ilə yanaşı, onun bədii irsi - poetik
yaradıcılığı, tərcüməçilik fəaliyyəti,
dramaturji yaradıcılığı barədə də ətraflı
məlumat verilir. Keçən əsrin əvvəllərində
Tiflisdə mətbuat üzrə uzun müddət senzor işləmiş
M.Ş.Mirzəyev Azərbaycanın milli oyanışı
tarixindən bəhs edərkən M.Ə.Rəsulzadənin fəaliyyətinə
yüksək qiymət verib. O, “Qruziya” qəzetinin 18 mart 1919-cu
il tarixli nömrəsində yazırdı: “Birinci rus
inqilabının bəxş etdiyi qısa müddətli mətbuat
azadlığı Qafqaz müsəlmanları içərisində
yalnız dörd nəfər həqiqətən istedadlı
publisist meydana
çıxartdı: bunlar Əlibəy Hüseynzadə,
Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə
və Ömər Faiq Nemanzadədir”. Bu sözlərin
böyük həqiqət olduğunu vurğulayan Ş.Qurbanov
bildirir ki, müəyyən dövr keçdikdən sonra
“bunların dördü də siyasi və ictimai xadim, kəskin
qələmli və ötkün sözlü publisist,
alim-filosof olmaqdan əlavə, həm də ayrılıqda hər
biri yüksək bədii zövq sahibi, istedadlı şair,
mütərcim və yazıçı idi”.
Tədqiqatlarda göstərilir ki, M.Ə.Rəsulzadə
yaradıcılığının ilk dövrlərində
publisistikadan daha çox bədii yaradıcılıqla məşğul
olurdu: şeir yazır, bədii tərcümələr edir,
dramaturgiyaya meyl göstərirdi. Onun poetik
yaradıcılığından bəhs edən Ş.Qurbanov qətiyyətlə
bildirirdi ki, “bədii yaradıcılıq Məhəmməd
Əmin üçün əyləncə deyil, siyasi
mübarizə formalarından biri idi”.
“Əsrimizin Siyavuşu”, “Azərbaycan şairi Nizami”,
“Çağdaş Azərbaycan ədəbiyyatı” və
sair kimi kitabların müəllifi olan M.Ə.Rəsulzadə
bədii yaradıcılığa şeirlə
başlamışdı. Ş.Qurbanov “Məhəmməd
Əmin Rəsulzadə” kitabında yazır: “O, mətbu fəaliyyətinə,
demək olar ki, elə şeirlə başlamışdır.
1903-cü il aprelin 26-da “Şərqi-Rus”dakı təbrik məktubunu
nəzərə almasaq, bir neçə gün sonra mayın
2-də həmin qəzetdə onun ilk məqaləsi, mayın
18-də isə ilk şeiri dərc edilmişdir”. Professor bu
şeirlərin məzmunundan da bəhs edərək vurğulayır
ki, “bu şeir ilk elmə, maarifə
çağırış ruhunda idi və hələ cavan
müəllifin siyasi mövqeyini aydın şəkildə
bildirmirdi. Burada Məhəmməd Əmin öz həmvətənlərinə
müəyyən tövsiyələr edir, “aç
qulağını bir eşit bu sözləri” deyərək həmin
“sözləri” bir qədər konkretləşdirir və “elmə
rəqib ol”, “hər nə var dünyada bil ki, elm ilə
olmuşdur qəbul” deyirdi.
Rusiyada baş verən siyasi hadisələrin (1905-ci il
inqilabı) təsiri ilə Məhəmməd Əmin
maarifçi şeirlərdən uzaqlaşmış, ölkədə
hökm sürən sosial ədalətsizliyin aradan
qaldırılması ilə bağlı siyasi mövzularda
şeirlər yazmağa başlamışdı.
Ş.Qurbanovun fikrincə, o, ilk siyasi platformasını
1906-cı ildə qələmə aldığı “Həsbi-hal”
şeiri ilə bəyan edir. Həmin şeirində şair
yazırdı:
Qaranlıqdır bana dünya,
Bütün dünyavü mafiha,
Diyorlar cümləsi guya:
Çəkil bir yanə, sakitləş!
Nə vəhvidir bəni adəm,
Mücəssəmi-zülmdür aləm,
Diyorlar cümləsi yekdəm -
“Çəkil bir yana, sakitləş!”
Çəkilməm, ey hərifan, bən
Bu meydani şücaətdən!
Bütün dünya bana derkən:
“Çəkil bir yana, sakitləş!”
Bu şeirindən açıq-aydın hiss olunur ki,
M.Ə.Rəsulzadənin daxilində baş verən oyanma
prosesi müvəqqəti xarakter daşımır, əksinə,
xalqı və vətəni uğrunda mübarizə
aparmağa hazır olduğunu bildirir. Professor Şamil Qurbanov
onun ilk şeirlərindən bəhs edərək
yazırdı: “Məhəmməd Əmin ilk
addımlarından etibarən azadlıq yolundan çəkilməyəcəyini
qəti bildirir və özünü bu yolun fədailərindən
biri hesab edirdi. Çox maraqlıdır ki, onun poetik inkişaf
mərhələsində hər şey
düşünülmüş siyasi bir xətt üzrə irəliləyirdi”.
M.Ə.Rəsulzadə növbəti şeirlərində,
xüsusilə də “Təsəvvürrati-əhrəram”
şeirində özünün azadlıq haqqında təsəvvürlərini
oxucularla bölüşür, onlara hadisələrdən
baş çıxarmağı tövsiyə edir, ictimai bərabərsizliyə
qarşı mübarizəni aparmağın yollarını
aşılayır. Alim şairin gəldiyi qənaətləri
belə qiymətləndirirdi: “Məhəmməd Əmin o
zaman gəldiyi nəticə belə idi və dünyanı
bütünlükdə azad və məsud görmək istəyirdi.
Bu işdə o aparıcı qüvvəni nədə
görürdü? Bu məsələ də onda çox
konkret və aydındır. Bu qüvvə əzilən,
istismar olunan milyonlarla xalq kütləsi idi. Həyatı dəyişən,
yeniləşdirən də onlar olmalı idi”.
M.Ə.Rəsulzadənin poeziyasının əsas
mövzularından biri də məzlumluğun, dilənçiliyin
ifşası idi. Şair məzlumluqdan qurtarmağın əsas
yolunu insanların öz hüquqları uğrunda mübarizə
aparmaqda görürdü. Onun “Saillərə” şeirində
oxuyuruq:
Dünyaya girib də qəhrəman ol,
Əczi tələf et də pəhlivan ol,
Səy et də, çalış da, olma möhtac
Sailliyə sən əduvi-can ol.
Bilmərrə... İnanma, kəs ümidin,
Çün səbrinə hədd yox vəhidin.
Yazdığı poetik nümunələrdən hiss
olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süquta
uğramasını M.Ə.Rəsulzadə heç vaxt unuda
bilməmiş, may ayının sevinci, aprel ayının kədəri
ömrünün sonuna kimi onu tərk etməmişdi.
“Mayıs duyğuları” şeirində deyirdi:
İlk çağındaydı gözəl
mövsimin
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın
Azərbaycan istiqlalə ermişdi.
Derkən qopdu bir qasırğa quzeydən,
Baharımız heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində
Əsarətin zəhrini dadmış oldu.
Ş.Qurbanov şairin şeirlərini təhlil etdikdən
sonra belə qənaətə gəlir: “O da xüsusi qeyd
olunmalıdır ki, Məhəmməd Əmin nikbin adam idi,
müvəqqəti büdrəmələr, uğursuzluqlar onu
ruhdan salmır, gələcəyə böyük ümidlə
baxır və inanırdı”:
Tarixin yeni bir gözəl çağında
Qaranlıq qış keçib bahar gələcək.
Hər hansı bir ilin aydın günündə
Azərbaycan istiqlala edəcək.
M.Ə.Rəsulzadənin mühacirət illərində
yazdığı “Azərbaycan şairi Nizami” monoqrafiyasına
əlavə etdiyi mənzum şeirdən söhbət
açan Ş.Qurbanov onu mədəniyyət tarixində
çox nadir təsadüf edilən forma olduğunu bildirir.
Alim onu da əlavə edir ki, bu nadir formanın ən gözəl
nümunəsini məhz Məhəmməd Əmin yaradıb.
Məlumdur ki, dahi Azərbaycan şairi Nizami Gəncəviyə
ithaf olunan şeirlərdə yalnız Nizami
dühasının böyüklüyündən bəhs
edilir. Nizaminin davamçılarından hamısı ona bu
mövqedən yanaşmış, öz böyük sələflərini
əlçatmaz zirvədə sanmışlar. Ş.Qurbanov
qeyd edir ki, Məhəmməd Əmin öz mənzum
şeirində böyük sənətkara yüksək qiymət
verməklə yanaşı, həm də onun milli mənsubiyyətinin
poetik ifadəsini ön plana çəkib. Ş.Qurbanov
yazırdı: “Məhəmməd Əmin Nizaminin
böyüklüyünü, yüksəkliyini poetik formada
verməklə bərabər, həm də onun toxunduğu
problemləri, ən başlıcası isə milli mənsubiyyətinin
poetik ifadəsini vermişdi:
İstənilərsə bizdən qısa nəticə,
Anlatırız Nizamiyə şöyləcə:
Farsçılığı yox onun,
Türklüyə çox bağlıdır.
Qafqaz deyə zövq alır,
Rusdan canı dağlıdır.
Gözəl qadın tipləri,
Ya türk, ya Qafqazlıdır.
Şübhəsi yoxdur ki, o,
Bir azərbaycanlıdır.
M.Ə.Rəsulzadənin bədii
yaradıcılığının mühüm sahəsindən
birini də dramaturgiya təşkil edir. Ş.Qurbanov yazır
ki, “şeirlərində olduğu kimi, dram əsərlərində
də onun azadlıq uğrunda mübarizəyə cəlb etmək
istədiyi əsas təbəqə binəsiblər,
savadsızlar, daha dəqiq - geniş xalq kütləsi idi”.
Ş.Qurbanov Məhəmməd Əminin ən məşhur
dram əsərləri olan “Qaranlıqda işıqlar”,
“Nagahani bəla” pyeslərinin yazılma tarixi, məzmunu,
tamaşaya qoyulması məsələlərindən geniş
bəhs edərək yazırdı: “Məhəmməd
Əmin bu əsərin (“Qaranlıqda işıqlar” - R.M.)
tamaşasından bir az əvvəl çap etdirdiyi “Həsbi-hal”
adlı şeirində “Qaranlıqdır bana dünya” deyərkən
həmin boğucu mühitə üsyan edər, xalq
üçün mənəvi işıq arayır və bu
ideal uğrunda mübarizəyə
atıldığını belə bir “meydani-şücaətdən”
çəkilməyəcəyini qətiyyətlə
bildirirdi. “Nagahani-bəla” və “Qaranlıqda işıqlar” da
məhz bu ideyalar işığında yazılmış və
hər ikisində maraqlı səhnələr
yaradılmışdır”. Alimin araşdırmalarından
aydın hiss olunur ki, “Məhəmməd Əminin bədii
yaradıcılığı onun siyasi fəaliyyətinin tərkib
hissəsidir və bunları bir-birindən təcrid etmək
mümkün deyildir”.
Ədəbiyyatşünaslığımızın
real, həqiqi mahiyyətinin ortaya çıxarılmasında
əvəzsiz xidmətləri olan professor Şamil Qurbanovu elmi
fədakarlığı, sadəliyi, səmimiliyi bu gün də
xatırlanır, yada salınır, onun aktuallığı ilə
seçilən kitabları, monoqrafiyaları, məqalələri
gənc tədqiqatçılara düzgün yol
aşılayır.
Razim MƏMMƏDOV,
ADPU-nun Ədəbiyyat kafedrasının müdiri,
dosent
525-ci qəzet.- 2024.- 7 iyun,¹100.-S.13.