Özbək ədəbiyyatşünaslığının
patriarxı
PROFESSOR HƏMİDULLA BALTABAYEVİN 70 YAŞINA
Vaxtilə H.Zərdabi, İ.Qaspıralı,
Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Göyalp kimi fikir
adamlarının inşa etməyə
çalışdıqları türk birliyi bu gün yeni
aktyorlarla davam etdirilməlidir. Bu gün az da olsa, bu cür
fikir adamları var və onlar yeni türk inteqrasiyasında aktiv
rol oynayırlar. Onlardan biri - Özbəkistanın Daşkənd
Milli Universitetinin professoru Həmidulla Baltabayevin yetmiş
yaşı tamam olur. Bu yaxınlarda Özbəkistanda səfərdə
olarkən professor Həmidulla Baltabayevin türk
xalqlarının inteqrasiyası ilə bağlı aydın
bir konsepsiyasının olduğunu bir daha yəqin etdim. Bu
konsepsiyanın XX yüzilin başlanğıcında türk
aydınlarının irəli sürdüyü yol xəritəsinə
böyük bir qatqı verəcəyinə inanıram. Təkcə
konsepsiya kimi yox, həm də əməli addımlar atmaqla bu
iş irəliyə gedə bilər. Bu gün Özbəkistanda
başlanan yeni cədidçilik hərəkatında onun da
rolu az deyil. 2021-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda magistr və doktorantlar üçün “Özbək
ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi”
mövzusunda verdiyi ustad dərsi özbək-Azərbaycan
filoloji elminin yaxınlaşması yolunda atılan
addımlardan idi. H.Baltabayev digər türk xalqları, eləcə
də Türkiyə ilə elmi inteqrasiya yolunda önəmli
addımlar atır, konfransların, ustad dərslərinin təşkilini
ən yaxşı vasitə kimi görür. Özbəkistanda
keçirilən konfransların mövzuları ortaq türk
düşüncəsini ifadə etdiyi kimi,
iştirakçılar da türk xalqlarının
mümkün qədər əhatə edir.
Həmidulla Baltabayev 1954-cü il avqustun 20-də
Özbəkistanın Əndican şəhərində anadan
olub. 1972-ci ildə Daşkənd Dövlət Universitetinin
(indiki Mirzə Uluqbəy adına Özbəkistan Milli
Universiteti) filologiya fakültəsinə daxil olaraq 1977-ci ildə
bitirib. 1983-cü ildə
“Çağdaş özbək nəsrində üslubi təmayüllər
(70-ci illər)” mövzusunda namizədlik, 1996-cı ildə “XX
əsrin başlarında özbək ədəbiyyatşünaslığı
və Fitrətin irsi” mövzusunda doktorluq dissertasiyası
müdafiə edib. 1998-ci ildə professor ünvanını
alan H.Baltabayev Özbəkistanda kafedra müdiri və eləcə
də bir çox vəzifələr daşıyıb və
bu gün də fəaliyyətini Mirzə Uluqbəy adına
Özbəkistan Milli Universitetində davam etdirir. Onun elmi,
pedaqoji yaradıcılığı zəngin və
çoxşaxəlidir. Özbək ədəbiyyatının
bir çox problemlərinə aid onlarla fundamental tədqiqatları
və çoxlu məqalələri var. Bu araşdırmalar hər
şeydən əvvəl nəzəri istiqaməti və
tutumu ilə fərqlənir. Məsələ
burasındadır ki, H.Baltabayev 80-ci illərdə bir müddət
Moskvada ədəbiyyat nəzəriyyəsi kursu keçib və
nəzəri düşüncəni yaxşı mənimsəyib.
Burada rus alimi Yuri Borevlə tanış olub və onunla
yaradıcılıq əlaqəsi saxlayıb. Əslində mən
də onu mərhum professor Şirindil Alışanlının
təqdimatında tanımışam. Onların hər ikisi,
belə demək mümkünsə, Y.Borevin tələbələrindən
olmuşdu və bu münasibətlər son günlərə
qədər davam edirdi. 2010-cu ildə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda keçirilən bir
konfransda Y.Borev və H.Baltabayev də təşrif
buyurmuşdu və bu zaman mənim H.Baltabayevlə şəxsi
tanışlığım baş verdi.
Elə ilk tanışlıqdan H.Baltabaeyin
yaradıcılığında iki istiqamət mənim diqqətimi
çəkmişdi; milli və nəzəri düşüncənin
sərhədlərinin genişliyi. Onun “Rus formal məktəbi
və özbək cədid ədəbiyyatşünaslığı”
(Moskva, 1987), “Fitrətin İstanbul dövrünün mənbələri”
(Səmərqənd, 1993), “Mərkəzi Asiyada “Darül-islam”
düşüncəsinin tədrisinə dair” (Kioto, 1999),
“Özbək dilinin genezisi və onun tərəqqisi”
(Ulan-Bator, 2010), “Koreya və özbək ədəbiyyatlarındakı
“pxesol” və “qissə” janrlarının tipoloji müqayisəsi”
(Daşkənd, 2011), “Ədəbiyyatşünaslıq və
struktural metodlar” (2002), “Təsəvvüf tarixində
çistiyliq təriqəti” (2006), “Modernizm və yeni özbək
şeiri” (2007), “Yeni nəzəri təmayüllər” (2008),
“Fərhad və Şirin adlarının genezisinə dair”
(2009) və sair araşdırmaları özünün nəzəri
erudisiyası və milli xarakteri ilə özbək ədəbiyyatşünaslığını
zənginləşdirir.
H.Baltabayev yaradıcılığının ilk
istiqaməti nəzəri xarakterdə olub və bu amil onun
bütün yaradıcılığını əhatə
edib. Birinci araşdırmada tədqiqatçı
çağdaş özbək nəsrində üslub
arayışlarına nəzəri baxış ifadə edərək
özbək nəsrini üslubi cəhətdən incələyir.
H.Baltabayev burada özbək nasirlərinin 70-ci illərdə
yazdıqları əsərlərin üslub özəlliklərini,
üslubun nəsr üzərindəki etkinliklərini və
onun oxucuya təsir mexanizmlərini anladır. Tədqiqatçı
bu fikirdədir ki, günümüz ədəbiyyatda nəsrin
özünə xas üslubu formalaşmaqdadır.
Sosialist realizmi ifadəsinin mənşəyinə,
yaranması və inkişaf istiqamətlərinə diqqət
çəkən H.Baltabayev bu metodun tətbiqindən
böyük yazarların bir çoxunun əziyyət çəkdiyini,
bəzi yazarların isə bundan istifadə etdiyi qənaətini
müdafiə edib.
H.Baltabayevin araşdırmalarının böyük
bir qismi XX yüzilin əvvəllərində baş verən
ümumtürk proseslərinə, bu proseslərdə özbək
cədidçilərinin həyatının və
yaradıcılığının
araşdırılmasına həsr olunub. Özbək ədəbi-mədəni,
ictimai-siyasi fikrində yaranan cədidizm bir cərəyan, hərəkatdır,
buna yenilikçilər, maarifçilər, novatorçular da
demək olar (bunların hamısını özündə
birləşdirir!); ancaq ən yaxşısı özbəkcədə
ifadə edilən cədidçilik, cədidizm terminidir ki,
bunu da işlətmək daha doğru olar. Həm də ona
görə ki, tatar, başqırd, Türkiyə türkcəsində
də eyni ifadə işlədilir. Buna görə də cədidizm
və cədidçilik terminini dilimizə daxil etmək və
özbək cədidçiləri haqqında yazanda bu termini
qullanmaq ədəbiyyatşünaslarımızın həssas
yeri olmalıdır. Cədidizm və onların görkəmli
nümayəndələrinin
yaradıcılığının araşdırılması
professorun elmi fəaliyyətinin ana xəttini təşkil
edir. Çünki özünün ruhunda, xarakterində bir
yenilikçilik, novatorluq var və bunu o, həm fəaliyyətində,
həm də yazılarında ifadə edir. Özbək cədidçiləri
də kiçik miqyasda düşünmürdülər; hərçənd
onların əsas işi köhnə müsəlman təhsil
sistemini dəyişdirmək və Avropa təhsil istemini gətirməkdən
ibarət olmuşdu. Cədidçilərin bir qisminin 30-cu illər
repressiyasının qurbanı olması onların ədəbi
irsinin üzərinə qara bir pərdə çəkdi və
uzun müddət araşdırmadan kənarda qaldı.
H.Baltabayevin hələ 80-ci illərin ortalarından özbək
cədidçilərinin yaradıcılığını
araşdırması dövrün qəliblərini
sındırması anlamına gəlirdi. Professor H.Baltabayev bu
üzdən cədidçilərin elmi-ədəbi irsinə
böyük əhəmiyyət verir və bununla türk
dünyasının varlığını qorumağa
çalışırdı. Çünki türk
dünyası məhz yeniləşdikdən, təhsilə
münasibətini dəyişdikdən sonra
azadlığını və müstəqilliyini aramağa
başladı.
Cədidçilərin ən görkəmli nümayəndələrindən
biri cədidçi, maarifçi, şair, dövlət
adamı Əbdürrauf Fitrət (1886-1938) idi. Onun ədəbi
irsi sovet dövründə nəşrdən və tədqiqatdan
kənarda qaldığından H.Baltabayevin ilk işi onun əsərlərini
toplayıb nəşr etdirməkdən ibarət oldu.
1990-cı ildə “Gənclik” jurnalında bu barədə ilk dəfə
“Naməlum Fitrət” məqaləsi ilə
çıxış etdi. Bundan sonra Fitrətin həyatı və
yaradıcılığı ilə bağlı intensiv şəkildə
araşdırmalar aparan tədqiqatçı həm də elmi
cameənin diqqətini cədidçilərin üzərinə
yönəltmiş oldu.
Fitrətin tərcümə sahəsindəki fəaliyyətini
üzə çıxaran H.Baltabayevin araşdırmasından
aydın olur ki, onun tərcümələri içərisində
N.Nərimanovun “Lenin və Şərq”, İ.Qaspıralının
“Müslümani-Darür-Rahat” və “Minbir gecə”
nağılları da vardır. H.Baltabayev Fitrətin əsərlərini
də nəşrə hazırlayır və geniş oxucu
kütləsini tanış edirdi. Fitrətin “Müxtəsər
islam tarixi” (1992), “Ədəbiyyat qaydaları” (1995), “Bedil (Bir
məclisdə)” (1996), “Əruz haqqında” (1997), “Münazirə”
(1998) və sair əsərlərini ərəb qrafikasından
transiletarsiya etdi, ön söz və izahlarla çap etdirdi.
Bütün bunlar Əbdürrauf Fitrətin irsinin özbək
xalqına çatdırılmasında önəmli rol
oynadı.
H.Baltabayev həm də çağdaş ədəbi
prosesi daim izləyən, onun inkişaf yolları və problemləri
ilə bağlı araşdırmalar aparan tənqidçidir.
Ədəbi proseslə bağlı təhlilləri, ümumiləşdirmələri
çağdaş özbək ədəbi tənqidinin ən
yaxşı səhifələrini təşkil edir.
“İstedad və üslub” monoqrafiyasında da
çağdaş özbək ədəbi prosesinin hərəkətini
izləyir və bədii nəsr əsərlərini bu
prizmadan qiymətləndirməyə çalışır.
“Nəsr və üslub” (1992) kitabında da çağdaş
özbək nəsrinin inkişaf yolları və
üslubları təhlil edilir. “Ədəbi-estetik təfəkkür
tarixi” (Daşkənd, 2013) araşdırmasında isə nəzəri
estetik fikrin təkamül yolunu araşdıraraq problemi nəzəri-estetik
fikir kontekstindən öyrənir.
Bir mühazirəçi kimi də Həmidulla
Baltabayev özbək gəncliyinin formalaşmasında önəmli
rol oynayır. O, bir klassik özbək ədəbiyyatının
araşdırıcılarından biri olaraq klassik ədəbiyyatdan
uzun müddət mühazirələr oxuyub və tədqiqatlar
aparıb. “Özbək klassik ədəbiyyatının
obrazları” (Daşkənd, 2003), “Klassiklərin sözləri”
(Daşkənd, 2004), “Sufizm mənbələri. Sufizmin tarixi və
nəzəriyyəsi” (Daşkənd, 2005), “Şərq klassik
poeziyası” (Daşkənd, 2006) və sair əsərləri
həm tədqiqat, həm də dərslik baxımından əhəmiyyətlidir.
Rus və xarici ölkələr ədəbiyyatı
kafedrasına rəhbərlik etməklə yanaşı,
çoxlu dərs vəsaiti və dərsliklər müəllifi
kimi də tanınır. Dünya ədəbi-nəzəri
fikrinin görkəmli nümayəndələrinin əsərlərindən
tərcümələri tələbələrin ən
çox müraciət etdiyi mənbələrdəndir.
H.Baltabayev türk xalqlarının ədəbi, mədəni
cəhətdən inteqrasiyası prosesində yaxından
iştirak edir. Onun əsərləri Türkiyə, Azərbaycan,
Türkmənistan, Qazaxıstan və digər türk dövlətlərinin
elmi nəşrlərində işıq üzü
görüb. O, bir çox nüfuzlu elm mərkəzlərinin
üzvü kimi öz məsləhətlərini verir. AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
xaricdən olan “İlin alimi” adına layiq görülüb.
Rusiya Estetika və Azad Sənətlər Akademiyasının
üzvüdür.
Professor H.Baltabayevin bu gün qarşısında
olduqca böyük bir missiya durur; özbək xalqının
aydınlanmasını və türk xalqlarının
yaxınlaşmasını təmin etmək! Bunun
üçün aydın bir konsepsiyaya malik olmaq gərəkdir.
Onun elmi erudisiyası, alim təcrübəsi, türk
xalqlarının keçmişini bilən bir
türkçü kimi bu konsepsiyanı həyata keçirməyə
potensial imkanları var. Bu missiya artıq başlanıb:
Özbəkistanda başlayan çağdaş cədidçilik
hərəkatının öndərlərindən biri,
özbək ədəbiyyatşünaslığının
patriarxı kimi professor Həmidulla Baltabayev ömrünün
yetmişində türkçülük hərəkatına
öz töhfəsini verməkdədir. Biz də bu yolda ona
uğurlar arzulayırıq!
Bədirxan ƏHMƏDLİ
525-ci qəzet.- 2024.- 7 iyun,¹100.-S.12.