Muxtariyyət ərəfəsində Naxçıvanda hərbi-siyasi mübarizə

 

 

Tarix boyu xarici işğalçılara qarşı mübarizə apararaq öz müstəqilliyini qoruyan Naxçıvan torpağı XX əsrin əvvəllərində də bu missiyanı yerinə yetirmək məcburiyyətində qaldı. Rusiyada 1917-ci il Fevral-burjua inqilabından sonra yaranan siyasi vəziyyət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda vəziyyət olduqca çətinləşmişdi. Tarix boyu torpaqlarımıza göz dikən ermənilərin Naxçıvan torpaqlarını ələ keçirmək uğrunda həyata keçirdikləri qətliamlar vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Çar hökumətinin süqutundan sonra yaradılan Xüsusi Zaqafqaziya Komitəsi, daha sonra onu əvəz edən Zaqafqaziya Komissarlığı və Zaqafqaziya Seyminin də fəaliyyəti vəziyyəti sabitləşdirə bilməmişdi. Belə bir şəraitdə Naxçıvan əhalisi böyük əzm və qəhrəmanlıq göstərərək Naxçıvanın müdafiəsinə qalxdı. Bu dövrdə Naxçıvanda bolşeviklərin də fəaliyyəti genişlənmiş, həmçinin Milli Komitələr yaranmışdı. Milli Komitələrin yerli idarəetmə mexanizminin yaradılması istiqamətində işlər görülürdü. Lakin Milli Komitələrin yaradılması da erməni özbaşınalıqlarının qarşısını ala bilmədi. Rusların bölgədən gedişindən sonra qarşıdurmalar daha da artmışdı. Zəngəzurda erməni silahlı qüvvələrinin fəaliyyəti Naxçıvanla Azərbaycanın əlaqələrini, demək olar ki, kəsmişdi. Bu dövrdə erməni qətliamlarına qarşı mübarizə aparan və Naxçıvan əhalisinə yardım edən, əhalinin güvəndiyi yeganə mütəşəkkil qüvvə Türkiyə idi.

Türk ordusunun Qafqaza yaxınlaşması Naxçıvan və İrəvan müsəlmanları arasında ümidləri artırmışdı. Türk qoşunlarının Maku, Xoy və Səlmasdakı qələbəsindən sonra Cəfərqulu xan Naxçıvanski Naxçıvanın türklər tərəfindən nəzarətə alınması ilə bağlı danışıqlara başladı. Türk komandanlığına müraciətdə Naxçıvan xanlarının Zaqafqaziya Seymi və Rusiyanı tanımadıqları bildirildi. Onlar türk ordularının Naxçıvana göndərilməsini tələb edirdi. 1918-ci ilin mayında Xəlil bəy və onun yoldaşlarından ibarət bir qrup zabit Naxçıvana daxil oldu. 1918-ci ildə ermənilərin törətdikləri qətliamlardan bezən türk-müsəlmanlardan ibarət Naxçıvan əhalisi Türkiyəyə birləşmək istədiklərini bildirmişdilər. 4 iyun 1918-ci ildə Türkiyə ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanan Batumi müqaviləsinə görə Ordubad istisna olmaqla Naxçıvan Türkiyəyə verilmişdi. Buna baxmayaraq, ermənilər yenidən Zəngəzur, Naxçıvan, Qazax və Borçalının Ermənistana aid olması ilə bağlı təbliğat kampaniyasını genişləndirdilər. Lakin Türk ordusunun Naxçıvanda olması erməni millətçilərinin əl-qolunu bağlamışdı. Naxçıvan, Şahtaxtı və Şərurda müsəlman qüvvələrinin üstünlük təşkil etməsinə baxmayaraq, bir kənddən o biri kəndə getmək mümkün deyildi. Çünki müsəlmanlar arasında da hərc-mərclik var idi. Lakin türk ordusunun köməkliyi ilə bunların qarşısı alınmış, sabitlik yaradılmışdı.

Bu zaman Batumi müqaviləsini tanımaqdan imtina edən Andranik Şimali İrana gedərək ingilislərlə birləşmək və fəaliyyətini davam etdirmək istəyirdi. Andranik və Yapqun adlı quldurların Naxçıvana yaxınlaşması vəziyyəti yenidən gərginləşdirdi. Andranik Şahtaxtıdan keçərək İrana getmək üçün Xəlil bəydən icazə istəsə də, bunun müsəlman əhali üçün fəlakətlə nəticələnəcəyini başa düşən Xəlil bəy razılıq vermədi. Buna görə Andranik 18-19 iyunda Qarabağ-Qızılbulaq-Cəhriyolu ilə Naxçıvana gəldi. Onlar Culfadan keçərək Xoy yaxınlığında yerləşdilər, lakin türk ordusu ilə döyüşdə məğlub oldular. Xoy azad edildi. Bununla da Andranik ordusunun on minə qədər silahlısı Culfadan şimalda qaldı və bu Culfa, Naxçıvan və Ordubad əhalisi üçün çətinlik yaratdı. Andranikin quldur dəstələri Yaycıda qırğın törədərək dörd mindən artıq insanı qətlə yetirdilər. Lakin 17 iyulda nehrəmlilərin qüvvələri tərəfindən dağıdılan Andranikin dəstələri geri çəkilməyə məcbur oldular. 20 iyulda Naxçıvana hücum edən Andranik gözləmədiyi müqavimət ilə rastlaşdı. XI Qafqaz dviziyasının vaxtında köməyə gəlməsi ilə Andranik məğlub olaraq Gorusa və Sisyana qaçdı. Batumi müqaviləsinə görə, Naxçıvan Türkiyəyə verilsə də, ermənilər bölgədən çıxmaq istəmirdi. Bu isə hərbi qüvvənin tətbiqini zəruri edirdi. Türk ordusunun müvəffəqiyyətli yürüşləri yenidən ermənilərin məğlubiyyəti və onların Naxçıvandan çıxarılması ilə nəticələndi. Naxçıvan türk orduları tərəfindən tutulduqdan sonra erməni milli komitələri ləğv edildi və Osmanlı idarə sistemi yaradıldı. Naxçıvan nəzarətə alındıqdan sonra türk ordusu Ordubada üz tutdu və tezliklə Ordubadı nəzarət altına aldı.

30 oktyabr 1918-ci il Mudros müqaviləsinə görə, türk ordusu Cənubi Qafqazı tərk etmək məcburiyyətində idi. Buna görə də türk ordusu Naxçıvan, Şərur, Qəmərli, Uluxanlı, Sərdarabad və Vedi əhalisinin özünü müdafiə etməsi üçün hərbi təşkilatlar və özünüidarə orqanlarının yaradılmasına köməklik edirdi. Bu istiqamətdə görülən ən mühüm işlərdən biri 18 noyabr 1918-ci ildə Qəmərlidə Araz-Türk hökumətinin yaradılmasının elan edilməsi oldu.

Türk ordusu bölgədən getdikdən sonra ermənilər yenidən fəallaşaraq Zəngəzur ilə Naxçıvan arasındakı türk-müsəlman kəndlərini qarət eməyə başladılar. Təkcə Zəngəzurda 133 kənd boşaldılmış, mindən artıq müsəlman şəhid olmuşdu. Ermənilər Qəmərli və Uluxanlını ələ keçirərək Naxçıvana doğru irəliləməyə başladılar. Lakin Vedidə gözləmədikləri bir müqavimətlə qarşılaşdılar. Abbasqulubəy Şadlınskinin dəstələri onlara keçid vermədi. Bir müddət sonra ermənilər Dəhnə döyüşündə qələbə çalaraq Şərur rayonunun kəndlərinə daxil oldular. Onların hücumlarının qarşısı Kalbalı xan və Məşədi Əli Əsgər ağanın rəhbərlik etdiyi yerli qüvvələr tərəfindən dayandırıldı. Dəmirçi, Maxta və Dəhnəni azad edən milli qüvvələr erməniləri Arazdəyənə qədər qovdular.

1919-cu ildə ingilislər Zəngəzur və Naxçıvandakı hadisələrə müdaxilə etməyə başladılar. 20 yanvar 1919-cu ildə ingilis heyəti ilə Naxçıvandakı Milli Şura üzvləri müştərək bir yığıncaq keçirdilər. Qərara görə Culfadan Sədərəyə qədər Naxçıvan türklərin nəzarətinə verilirdi, Arazdəyən isə sərhəd olurdu, ermənilərin sərhəddi isə İrəvan Yengicəsindən başlayırdı. İngilislərin tələbi ilə erməni silahlıları Qəmərli çayının arxasına doğru geri çəkildilər. Kapitan Launtenin rəhbərliyi ilə Hərbi Qubernatorluq yaradıldıqdan sonra Sədərəkdən Ordubada qədər ərazini əhatə edən Naxçıvan hökuməti ingilis idarəçiliyinə tabe olmalıydı. Launten mühüm məsələlərin həllində Naxçıvan hökuməti ilə razılaşırdı. Naxçıvanlılar Böyük Vedi ilə daim təmasda olmaqla Aralığı möhkəmləndirirdilər. Lakin Tomsonun İrəvana gəlməsindən sonra ingilislərin siyasəti tamamilə dəyişdi. Tomson İrəvan-Culfa dəmiryolu boyunca İrəvanın cənubunda yaşayan müsəlmanların başqa bölgələrə köçürülməsi, Naxçıvana erməni mühacirlərinin yerləşdirilməsinin vacibliyi qəbul etdi. Onların təklifinə görə, Qarabağ və Zəngəzur Azərbaycanın, Qars, Sürməli, Şərur və Naxçıvan Ermənistanın ixtiyarında olmalı idi. Lakin onlar Ermənistana veriləcək bölgələrin reallaşmasına daha çox cəhd edirdilər. Bu planı həyata keçirmək üçün Dronun rəhbərlik etdiyi erməni qüvvələrindən istifadə olunurdu. Bu zaman Azərbaycanın İrəvandakı nümayəndəsi Xan Təkinski Naxçıvanın ilhaq edilməsinin qarşısını almağa çalışırdı. Təkinski Azərbaycan hökuməti adından Ermənistana Nota verdi. 28 aprel 1919-cu ildə Naxçıvan qüvvələri məscidə toplaşaraq Naxçıvanın Azərbaycan Cümhuriyyətinə birləşdirilməsini qərara aldılar. 19 may 1919-cu ildə ingilislər Naxçıvanda erməni idarəçiliyi yaratmaq istədilər, lakin milli qüvvələr buna mane oldu. Ermənilərə qarşı mübarizə aparan xalq Türkiyəyə müraciət etdi. Araz vadisində erməni qətliamları Kazım Qarabəkir paşanı hərəkətə keçirdi. Lakin ermənilərin hücumları davam edirdi. Naxçıvan əhalisi Ordubad, Şərur, Yaycı, Bulqan, Vedibasarda özünümüdafiə dəstələri yaradaraq müdafiə olunurdular. Azərbaycan hökuməti əhalinin silahlanması üçün xeyli vəsait ayırmışdı. Bu işdə Xan Təkinskinin də böyük rolu olmuşdu. Vedidən başlanan xalq üsyanları ermənilərin məğlubiyyəti və onların Naxçıvandakı idarəçiliyinin iflası ilə nəticələndi. 1919-cu ilin iyun ayında Naxçıvan və Şərur-Dərələyəz qəzalarında Amerika general-qubernatorluğunun yaradılması haqqında razılıq əldə edilmişdi. Lakin bu da Naxçıvanda baş verən problemləri həll etmədi. Türkiyədə TBMM fəaliyyətə başlamasından sonra Türkiyənin Naxçıvana marağı artdı. Naxçıvan-Zəngəzur yolu Türkiyəni Sovet Rusiyası ilə bağlayan yeganə yol idi. Naxçıvan Kazım Qarabəkir paşanın dili ilə “Şərq qapısı”, Mustafa Kamal Paşanın dili ilə “Türk qapısı” adlandırılmışdı. 1920-ci ilin yazında Oltudan Naxçıvana və Zəngəzuradək böyük bir ərazidə ermənilərin hücumları başladı. Onların məqsədi Sovet Rusiyası ilə Türkiyənin əlaqələrini kəsmək idi. 1920-ci iyulunda Böyük Vedi, Dəhnə boğazı, Dəvəli, Şərur və Şahtaxtı ermənilər tərəfindən işğal olundu. Bu dövrdə Naxçıvanı Ermənistana vermək istəyən Rusiyanın məsələyə münasibətinin dəyişməsi Türk ordusunun yolunu açdı. 20 sentyabr 1920-ci ildə TBMM Şərq Cəbhəsi komandanlığına Ermənistana hücum üçün icazə verdi. 28 sentyabr 1920-ci ildə türk ordusu Ermənistana qarşı hücuma başladı və erməniləri məğlubiyyətə uğratdı. Naxçıvanda ermənilərə qarşı hücum 7 noyabrda başladı və ermənilərin darmadağın edilməsi ilə nəticələndi. 3 dekabr 1920-ci ildə bağlanan Gümrü müqaviləsinə görə, Naxçıvan Türkiyənin himayəsinə verildi.

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklər Azərbaycanı nəzarət altına aldı, Naxçıvan üçün yenə də təhlükə artdı. Batumini Gürcüstana verən Sovet Rusiyası Naxçıvan və Zəngəzuru Ermənistana verməyə çalışırdı. Əsas məqsəd Türkiyənin qarşısını kəsmək və Ermənistanda sovet hakimiyyətinə qarşı hüsn-rəğbət yaratmaq idi. 30 noyabr 1920-ci ildə Azərbaycan Kommunist Partiyasının Siyasi və Təşkilat bürosunun Qarabağa öz müqəddəratını təyin etmək, Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında qərarı 1 dekabr 1920-ci ildə N.Nərimanov tərəfindən elan edilmişdi. Lakin Gümrü müqaviləsinə görə, Naxçıvan Türkiyənin himayəsində olduğu üçün Sovet Rusiyası Türkiyənin sərt mövqeyi ilə rastlaşmışdı. 5 dekabrda Naxçıvan əhalisi bundan xəbər tutaraq kəskin etirazlara başladı. Müstəqillik uğrunda mübarizəni davam etdirən Naxçıvan əhalisi Türkiyə Böyük Millət Məclisinə də müraciət etmişdi. Naxçıvanı Ermənistana vermək istəməyən Türkiyə Naxçıvanın sərhədlərini öz nəzarətinə götürdü. Kazım Qarabəkir Paşanın tövsiyəsi ilə Veysəl bəy Naxçıvan sərhədlərini möhkəmləndirmək üçün tədbirlər gördü.

Naxçıvanın sonrakı taleyi Rusiya ilə Türkiyə arasında 16 mart 1921-ci ildə bağlanan Moskva və 13 oktyabr 1921-ci ildə Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanla Türkiyə arasında bağlanan Kars müqaviləsi ilə həll edildi. 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası təşkil edildi və Azərbaycanın tərkibində qaldı.

 

Vəli BAXŞƏLİYEV

AMEA-nın müxbir üzvü

525-ci qəzet.- 2024.- 7 iyun,№100.-S.10.