Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb”

“ÖLKƏMİZDƏ QADINLARIN İCTİMAİ FƏALLIĞININ ÇOX GÖZƏL NÜMUNƏLƏRİ VAR”

 

Azərbaycan qadını hər zaman zəriflik, incəlik, müqəddəslik rəmzi olub, eyni zamanda, dərin düşüncəsi və müdrikliyi ilə həm dövlətçiliyin inkişafında, həm də müxtəlif sahələrin tərəqqisində önəmli rol oynayıb. Xalqımız olduqca həssas dönəmlərdən keçməli olub. Məhz bu məqamlarda Azərbaycan qadınlarının nümayiş etdirdiyi iradə, fədakarlıq, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək sayılmalıdır.

Azərbaycan qadını tarix boyu hər zaman öndə olub, bu gün də öndədir. Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Yurdumuzun hər qarışını canından əziz bilən nəsil yetişdirən analar oğullarını dualarla cəbhəyə göndərib, qələbə xəbəri ilə yollarını gözlədilər. Ümumiyyətlə, Vətən müharibəsində Azərbaycan qadınının nümayiş etdirdiyi mətanət, fədakarlıq və möhkəm iradə yaddaşlarda silinməz olaraq qaldı. Zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyan Azərbaycan qadının şərəfli təmsilçiləri olan şəhid anaları, şəhid xanımları öz mərdlikləri və mətanətli duruşları ilə tarixə imzalarını atmış oldular. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə vətənə xidmət edən xanımların xidmətlərini unutmayacaq. Azərbaycan qadının istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlətdə gördüyü işlər hər zaman xüsusi fərqlənib. Bu gün Azərbaycan qadının həm ailədə, həm işdə həm də cəmiyyətdəki layiqli yeri dövlətimizin uğurlu sabahını, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir.

Millət vəkili Hicran Hüseynova deyir ki, qadının cəmiyyətdə böyük rolu var. Bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa, gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Bir məsələni də unutmaq olmaz ki, hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar: “Azərbaycan tarixinə nəzər salsaq, kifayət qədər misallar göstərə bilərik: qəhrəman qadın hökmdarlar Tomris, Nüşabə, Heyran Nisə Bəyim, ilk diplomatlarımız Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultan xanım Tuti Bikə, təkcə əsərləri ilə deyil, həm də ictimai-siyasi fəaliyyətləri ilə seçilən Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pəri və digərləri. Zaman keçdikcə, nə qədər istedadlı, ağıllı və cəsarətli qadının adı tarixə yazıldı. Xüsusilə də, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada, indiki terminlə desək, yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Və məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər fəal qadın qruplarının formalaşmasına dəstək oldular. Burada xüsusilə qeyd etmək lazımdır ki, bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edir, birgə fəaliyyət göstərirlər”.

Azərbaycanda dövlətin qadın siyasətinin əsas prinsipləri məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bunu vurğulayan H.Hüseynova deyib ki, Ümummilli lider istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görüb. Ulu öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncaq, iclas, qurultay nəzərindən kənarda qalmırdı. Müstəqilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusi qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var: “Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkədə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Artıq hər dəfə mən bunu bildirirəm ki, bu qanunların qəbul olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rol var. Ailə, Cinayət, İnzibati Xətalar, Mülki məcəllələrinə dəyişikliklər və əlavələr edildi. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb oldu. Bu gün ölkədə həyatın bütün sahələrində qadınların sayı artmaqdadır: sahibkarlıqda, qərarqəbuletmə və idarəetmədə, hüquq-mühafizə orqanlarında, diplomatiyada, elm və təhsildə.

Qadınlar ölkə əhalisinin ümumi sayının 50,1 faizini təşkil edir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir”.

Millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi daim ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi,mədəni həyatında, elmi potensialının artırılması istiqamətində və dövlətin idarə olunmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirib. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Qadınlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar: “Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissələrindən birinə çevrilib. Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşıb. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi”.

Ceyhun Məmmədov vurğulayıb ki, dövlət müstəqilliyimizin bərpasından ötən müddətdə, xüsusən son onilliklərdə Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib: “Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri üçün hər cür imkan yaradır. Ölkəmizdə gender bərabərliyi siyasəti uğurla həyata keçirilir. Prezident cəmiyyətdə qadının rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasətini ardıcıl surətdə uğurla davam etdirir, ölkənin inkişafına töhfələrini verən qadınların əməyi həmişə layiqincə qiymətləndirilir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, Azərbaycan dövləti qadınların, qızların hüquqları, onların anlaşılması, dərk edilməsi və məsuliyyət yükünün qəbul edilməsi, eləcə də təminatı məsələlərində öhdəliyinə düşən məsələlərə çox ciddi yanaşır: “Əldə etdiyimiz müstəqil dövləti, onun ərazi bütövlüyünün, suverenliyinin qorunması istiqamətində verdiyimiz qurbanları nəzərə alaraq, sabahkı günə bu nailiyyəti qorumaq, bu Qələbəni qorumaq, növbəti nəsillər üçün gələcək dönəmlərə daşımaq üçün çalışırıq. Uğurlu beynəlxalq layihələr icra edirik. Milli uğurlarımız meydana gəlir. Bu, sevindirici və qürurvericidir. Dövlətin bizə ayırdığı imkanlar çərçivəsində, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində, sahibkarlarımız, iş adamlarımız biznes subyektləri ilə münasibətlərində qadınların da bu istiqamətlərdə iştirak olmasına çalışır. Kənd təsərrüfatı subyektləri, ailə təsərrüfatları, fermer təsərrüfatları, orta və kiçik sahibkarlıq subyektləri sahəsində bu, artıq öz nəticəsini verib”.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.23.