Beş igiddən biri...
ŞƏHİD NATİQ MANAFOV HAQQINDA QEYDLƏR
Yaşasaydı, bu il 60 yaşını qeyd edəcəkdi
Natiq Manafov. Amma ömrünün 30-cu baharında, həyatının
çiçəkləndiyi bir vaxtda şəhidlik zirvəsinə
yüksəldi.
Beş dost, beş yoldaş idilər. Beşi də
doxsanıncı ilin əvvəllərində Ukraynaya gedərək
işbirliyi yaratmışdılar. Vətənin
üstünü qara buludlar alanda bir yerə
yığışdılar. Qeyrət bu igid oğullara güc
gəlmişdi. Məsləhətləşib qəti qərara
gəldilər: Vətənin çətin, ağır
günündə yad ölkədə qalmağı özlərinə
sığışdırmadılar.
Natiq yoldaşlarından yaşca böyük idi. Sovet
ordusunun tərkibində Almaniyada iki il hərbi xidmət
keçmişdi. Müxtəlif silahlardan atəş
açmağı bacarırdı. Əsgərlikdən
qayıdanda əvvəl Lənkəran tara müəssisəsində,
daha sonra sərnişindaşıma avtobazasında çilingər
işləmişdi. Qabaqcıl, peşəsinin ustası idi. Səmimiliyi,
işgüzarlığı, sözəbaxımlığı
ilə hamının hörmət və sevgisini
qazanmışdı.
lll
Onları təlim məntəqəsindən birbaşa
Ağdama - döyüş bölgəsinə gətirmişdilər.
1993-cü ilin əvvəlləri idi. Beş yoldaş,
beş igid: Natiq, Səməd, Rahim, Məhəmməd, bir də
Mikayıl. Beşi də bir taborda vuruşurdu. Ağdamın
Güllücə kəndi əldən-ələ keçirdi.
Oğullar düşmənə od yağdırırdılar.
Qafqaz dağlarının ətəklərindən
Berlinədək çətin, ağır döyüş
yolu keçmiş atası Babulla Manafov oğlunun
könüllü olaraq cəbhəyə getməsindən
sonralar xəbər tutdu.
- Yaxşı oğul Vətənin ağır
günündə tanınar, - 80 yaşlı ata bildirdi. -
Torpaqlarımızın müdafiəsində dayanmaq hər
bir oğulun borcudur...
Teyyubə ananın ürəyi dözmədi,
doluxsundu, yaylığının ucunu gözlərinə
apardı, azacıq sonra öz-özünə təsəlli
verdi, dedi:
- Vətənin ağır günüdür.
Övladlarımız belə bir ağır gündə
öz sözlərini deməsələr, bəs nə vaxt deyəcəklər?!
Beş yoldaş, beş igid... Beşi də bir-birinə
arxa, dayaq... Güllücə kəndi təzə ələ
keçmişdi. Susanlı kəndinə hücum gözlənilirdi.
Hücum ərəfəsində tabor komandiri üzünü
döyüşçülərə tutdu.
- Kəşfiyyatçı lazımdır, - dedi. - Kim
könüllü getmək istəyirsə, qabağa
çıxsın.
Natiq yoldaşlarına baxdı, beşi də
qabağa çıxdı. Komandir üzünü onlara tutdu:
- Çətin, təhlükəli
tapşırıqdır, - dedi.
Natiq Manafov dostlarından tez dilləndi:
- Qorxan gözə çöp düşər,
komandir! Öldü var, döndü yoxdur. Əmin ola bilərsiniz,
tapşırıq yerinə yetiriləcək!..
Kəşfiyyatçılar mürəkkəb əməliyyat
keçirməli idilər. Onlar düşmənin arxasına
keçib sarsıdıcı zərbələr endirməklə
ermənilərin diqqətini cəlb etməli və
döyüşçülərimizin Susanlı kəndinə
girmələri üçün əlverişli şərait
yaratmalı idilər.
“Yeddi oğul istərəm” kinosunda olduğu kimi,
beş oğul - beş igid qarlı, şaxtalı bir
qış axşamı tapşırıq ardınca yola
düzəldi.
8 yanvar 1994-cü il idi...
Qardan ağ çalma bağlamış ağac və
kolluqlarla əhatə olunan sahəyə çatanda azacıq
dayanıb ətrafa göz gəzdirdilər. Ətraf sakitlik
içində uyuyurdu. Sanki bu yerlərdə heç
müharibə olmamışdı.
Erməni postuna az qalmış, necə oldusa,
düşmən duyuq düşdü. Kəşfiyyatçılar
bir göz qırpımında ətrafa səpələndilər.
Natiq özünü ağaca tərəf verərək
silahını onlara yaxınlaşmaqda olan ermənilərə
tərəf tuşladı. Sonra qumbaraları işə
saldı. Qarın üzünü düşmən qanına
bulamışdı. Görünür, düşmən kəşfiyyatçıları
diri tutmaq fikrində idi. Mühasirə get-gedə
daralırdı. Natiq
yoldaşlarından birinin vurulduğunu görüb
atışa-atışa ona tərəf qaçdı,
döyüş dostunu çiyninə aldı və təhlükəsiz
yerə çəkdi. Elə bu an namərd düşmən
gülləsi igid əsgər Natiq Manafovu haqladı. Snayper
gülləsi başından dəymişdi.
lll
Radioda “İgid əsgər” mahnısı oxunurdu.
Mahnını dinləyə-dinləyə xəyala
dalmışdıq. Qəhrəmanın böyük
qardaşı Zakir Manafovla Lənkəran şəhər 1
saylı orta məktəbində bir sinifdə oxumuşduq.
1966-cı ildə, biz onilliyi bitirən il Natiqin 2 yaşı
vardı. Heç xəyalımıza da gəlməzdi ki, vaxt
gələcək, Natiq kimi oğullar dövlətçiliyimiz,
ərazi bütövlüyümüz uğrunda
canlarını fəda edəcək, şəhidlik zirvəsinə
qalxacaqlar.
Biz sinif yoldaşları - Qorxmaz Atakişiyev, Zakir
Qurbanov və bir də mən böyük qardaşa təsəlli
verə-verə qalmışdıq.
Zakir Manafov son vaxtlar Lənkəran sərnişindaşıma
avtobazasında taksi sürücüsü işləmişdi.
Rayonda nümunəvi, qabaqcıl sürücü kimi
tanınırdı.
- Natiqdən ara-sıra məktublar alırdıq, -
Zakir söhbətini davam etdirdi. - Sonuncu məktubunu Ağdamdan
almışdıq. Yazırdı ki, növbəti hücumdan
sonra onu üç günlüyə evə buraxacaqlar. Natiqi
nişanlamaq istəyirdik. Deyirdi ki, qalsın müharibədən
sonraya. Tale üzünə gülmədi, evə çiyinlərdə
qayıtdı. Teyyubə anamız ömrünün son
günlərində səksəkəli yatır, yuxusunu
qarışdığını deyirdi. “Natiq” deyə-deyə
də həyatla vidalaşdı.
lll
Vətən uğrunda həlak olmuş hər bir azərbaycanlı
döyüşçünün hünəri qəhrəmanlıq
dastanıdır. İgid əsgər Natiq Manafov andına sadiq
qalaraq son damla qanınadək vuruşdu, həyatının
30-cu ilində şəhidlik zirvəsinə yüksəldi. 30
yaş nədir ki? Sən demə, bu yaşda da örnək,
nümunə ola biləcək bir ömür yaşamaq
olarmış. Onun da bir neçə ilini odlar-alovlar
içində keçdi, gəncliyin ən qaynar, xoş
çağlarında sınaqlardan keçərək
canını müstəqilliyimiz yolunda fəda etdi.
Lənkəranda Natiq Manafovun adını
daşıyan bir küçə var. Bir vaxt o, bu küçədən
işə gedib, doğma məktəbə uzanan yollar buradan
keçib. Onu qəhrəmanlığa aparan yol da buradan
başlanıb. Bu gün isə küçədən
keçənlər Azərbaycan xalqının igid oğlunu hörmətlə
xatırlayırlar.
Etibar ƏHƏDOV,
“Aşkarlıq” qəzetinin baş redaktoru
(Lənkəran)
525-ci qəzet.- 2024.- 8 iyun,№101.-S.21.