“Riyaziyyat Adamı”, yoxsa...  

ƏBÜLFƏT MÜƏLLİMİN 65 YAŞINA

 

Günəşi tədqiq edən alimlər bir gün çaş-baş qalırlar. Demə, günəşin üzündə də elmə məlum olmayan kölgələr - qara ləkələr varmış...

Tədqiqat qrupundakı gənc tədqiqatçı ustadını - müəllimini qucaqlayır.

- Müəllim, nə yaxşı ki, dünyada müəllimlərin üzərində ləkə, kölgə yoxdur...

65 illiyini tamamlayan dostum Əbülfət Qulam oğlu Pələngov haqqında söz açmaq istərkən nədənsə yadıma həm də bir hekayəm düşdü.

“Komada” adlı bir hekayəm var. Həmişə sözün əvvəlində mətləbə kəsə keçməyə çalışsam da, bu dəfə sözümə uzaqdan başlayıram. Adını çəkdiyim hekayənin mətnində belə bir cümləm var:

- “Boş zaman yoxdur, boşuna keçən zaman var”.

Və bir də günümüzü dəyərli edən nə varsa, demə, taleyin bizə hədiyyə imiş. Əks təqdirdə, əlimiz boş, elə günümüz də para qalardı... Sabahı arzularla açanlar elə sabahı olan adamlardır, əgər sabaha ümidlərin varsa, səni əhatə edəcəklərin arasında, deməli, dostların da var...

lll

Bəli, neyləyək, bizlərdə sabahımız nə olacaq bilmərik, ancaq min şükür ki, sabaha ümidləri olanlardanıq. Şəksiz ki, dostlarımız var. Onların arasında isə batdan-binədən, kökdən gələnlər taleyin bizlərə hədiyyəsi, şəxsimiz - özümüz qədər tanıyıb günümüzü, elə üzümüzü də ağ edənlər az deyil.

Təzə bir həqiqət olmasa da, bir də xatırlayaq ki, bu dünyada hərə bir ömür yaşayır: Tanrı verən ömür. Ən böyük tale hədiyyəsi isə özəl, fərqli, gərəkli, görünən və duyulan, boşuna keçməyən ömürlərdir, sonradan əlini başına-dizinə çırpmayan bir ömür.

lll

...Geyimi-kecimi, üstü-başı həmişə səliqəli, yupyumru sifətində sanki əzəldən gülüş “əkilmiş”, yaraşıqlı yeniyetmə, məndən beş-altı yaş kiçik Əbülfətin o çöhrəsi indi də gözlərimin önündədir. Nə zaman görüb-görüşsəm, ya televiziya ekranında, ya qəzet-jurnalda, ya da elə auditoriya qarşısında, kürsüdə görsəm, bu kişinin o yeniyetməlik görkəmi gözlərimin önündə canlanır.

İllər nə tez gəlib keçir, şairin təbirincə desək, illər, quş qanadlı illər. Yeniyetməlik çağlarının şən, həmişə gülüş, qəh-qəhə dolu yaraşıqlı oğlanının - Əbülfətin (Əbülfət müəllimin) 65 yaşı tamam olurmuş.

Əbülfət Qulam oğlu Pələngov mənə də doğma olan Lerik rayonunun Züvüç kəndində anadan olub.

Bu iki kəndi - mənim doğulduğum Zövnə kəndi ilə Əbülfət müəllimin göz açdığı Züvüç kəndini sərt yamaclarında alaq otu belə bitməyən nəhəng şiş qaya, dağ silsiləsi ayırır. Dabanından təpəsinə qədər azı min metr hündürlükdəki o sərt qayanın tən ortasından hər dəfə külək əsəndə, yağış yağanda qumla örtülən izi itib görünməz olan bir dar cığır keçir. Uşaqlıq, yeniyetməlik çağlarımda gündə bəzən bir neçə dəfə gah piyada, gah da at üstündə o qayadan çox gəl-get eləmişəm. O cığır ayaq qoyub addım atdığım, yeridiyim yol olub (Elə həyat yoluma bənzəyir).

Züvüçə yolun düşürsə, həm vaxta, zamana qənaət edib, həm də canında sürüşüb yıxılmaq qorxun yoxdursa, qayaların dibi ilə uzanan dolanbac maşın yolunu yox, bu yolu seçirsən.

Sərt, sıldırım qayanın göbəyindən böyük dərin selov və qismən daha iki kiçik dayaz selov ötüb keçəsən gərək. Sıldırım, qap-qara qaya sonuncu təpəni aşandan sonra yarıya bölünür. Sanki dizini büküb bardaş qurur və ətəyində Züvüçün odunun-ocağının atəşi həmişə gur yanan evləri binələnib. Nahamar yerlərdə yüyürüb yıxıla-yıxıla enişlər keçib, yoxuşlar “fəth etmişik”. Enib qalxdığımız yollarda dostlar qazanmışıq, dostlar itirmişik. Doğmalar, yaxın qohum-əqrəbalar da öz yerində... Bizi yollar kimi bağrına basanlar da, bağrından keçirənlər də olub. İndi yaman günlərin çoxu unudulub, xoş günlərə isə hələ də ümidimiz azalmayıb.

lll

Kürəyini bu dağ silsiləsinə dayamış qədim kəndin gücü, qüdrəti onun sinəsi üstə ayaq tutub indi ölkəmizin hər yerindən yaxşı əməlləri, layiqli xidmətləri ilə uzaqdan boy göstərən igid övladlarıdır. Bir zamanlar kənd məktəbində yan-yörədəki qonşu kəndlərdən gələn uşaqlara bizim bu yerdən, uzaqdan gələn müəllimlər dərs öyrədərdi. Bax indi Züvüçdən ölkənin elminə, mədəniyyətinə, ictimai həyatı və idarəetməsinə uğurla xidmət edən onlarla alim, ictimai xadimlər var ki, onlardan biri də pedaqoji elmlər doktoru, professor Əbülfət müəllimdir.

Əbülfət müəllim 1976-cı ildə - indi Birinci Qarabağ müharibəsində şəhid olan özündən böyük qardaşı, baş leytenant Bünyadəli Pələngovun adını daşıyan - Züvüç kənd orta məktəbini bitirib. Riyaziyyat müəllimi ixtisası üzrə müəllimlik peşəsinə uyğun təyinatla Biləsuvar rayonunun Nərimanovka kəndində əmək fəaliyyətinə başlayıb, sonralar pedaqoji fəaliyyətini rayonun Səmədabad kənd məktəbində davam etdirib.

Özlüyündə həyatda bu gününə, sabahına bağlı fikirsiz, düşüncəsiz insan yoxdur. O fikir, ideya onda reallaşır ki, ürəyinin dərinliklərinə oturub köklənir.

Zəka sahibləri ömrü boyu, daim axtarışda olublar, “Gəlib çatdım, elə axtardığım bu yoldur”, - deyib, dayanıb durmaqları olmayıb. Əbülfət müəllim də ömrünü daim uzaqdan gələn işığa doğru getməyə, həmişə axtarışa, yeniliyə sərf edən parlaq zəka sahiblərindəndir.

Bir kənd müəlliminin rahat işini, maaşını-dolanışığını buraxıb mərkəzə dönməsi cəsarətli addımdır. Qazandığı uğurlar isə o cəsarətin ən gözəl nümunəsidir.

Hələ gənclik illərində dərs dediyi şagirdlər respublika riyaziyyat olimpiadalarının qalibi olduğuna görə fənn müəllimi kimi “Baş müəllim” fəxri adı almışdı Əbülfət müəllim.

lll

Alim kimi çalışan, ömrünü müəllimliyə, yeni fikirli gənc nəslin yetişdirilməsinə həsr edən pedaqoji elmlər doktoru, professor Əbülfət Pələngovun elmi fəaliyyəti haqqında onu tanıyanların,  ictimaiyyətin, ziyalı təbəqənin kifayət qədər məlumatı var. Elmi əsərləri öyrənilir, müəllifi, təşkilatçısı və ya rəy verib eksperti olduğu, çap olunan dərsliklər əsasında məktəblilər, tələbələr bilik öyrənirlər.

Yaddaş... Deyim məfhumundan ağır siqlətli ifadədir. Mən isə yaddaşıma üz tutur, xeyli əvvəllərə, Əbülfət müəllimlə bərabər, elə mənim də doğulub ilk addımlarımı atdığım o diyara, gördüyüm və hələ də içində olduğum, yaşadığım isti, bəzən soyuq xatirələrə üz tuturam. Elə bilirəm ki, sevimli qardaşım Əbülfət o xatirələrdən daha aydın görünər, duyular, bəlkə də dərk edilər, daha çox dəyərləndirilər.

lll

Bəlkə də dəfələrlə deyilən fikir, qənaətdir ki, sevgi işıqdır, qorxu isə zülmət qaranlıq. Deməli, zülmətdən qaçmamaq, qorxmamaq gərəkdir. İlin, günün nə önəmi var, önəmli olan nəyin necə başa gəlməsidir.

...Neçə il, hətta bir qərinə bundan qabaq toplam olaraq eyni idarəçilikdə birləşən, aşağısının tüstüsü yuxarıdakıları isindirən, yuxarıdakıların əsintisi aşağıdakını sərinlədib ovunduran üç-dörd dağ kəndinin mərkəzi “Malikanəsi”nin yerləşdiyi Züvüç kəndindəydim. Kəndin ortası ilə keçib gedən yolun başında, o kəndin ilk ziyalılarından olan Murad Hüseynovun saldığı tut bağı ilə elə o kişinin tikdirdiyi orta məktəb binasının arasındakı, yenə o kişinin özünün ərsəyə gətirdiyi idarə binasında, direktorunun iş otağında təkcənə oturmuşdum. Açıq qalan eyvanda taxda döşəmədəki ayaq səsindən kiminsə qapıya yaxınlaşdığını hiss elədim. Qapı astaca döyüldü.

- Buyur, gəl görək, - deyə qapıya tərəf səsləndim. Gələn Qulam kişi idi. Tanıdığım Nobətəli müəllimin, Bünyatəlinin, Əbülfətin, Nəzərin atası, mənə isə anam tərəfdən simsarlığı çatan Qulam əmi. Yerimdən qalxdım, kişinin qabağına yeridim, görüşdük. Elə ayaq üstə isti-isti bir-birimizdən hal-əhval tutduq. Yer göstərdim, oturdu. Əynində təptəzə kostyum vardı. Zənnimcə, bəlkə daha çox, qulluq etdiyi məsləki ilə bağlı (Qulam əmi balaban ustası, ünsiyyətcil adam idi) elə onsuzda həmişə səliqəli geyinən kişi çox şıx, şən, nikbin görünürdü.

Bir-birimizlə həsb-halımızda:

- Qulam əmi, maşallah, səni çox əhvallı gördüm, yaxşısan, şükürlər olsun, - dedim.

Ani fikrə daldığını hiss etdim, arada bir qədər sükut yarandı, başını aşağı salıb gözlərini yerə dikmişdi, köks ötürdü və nəhayət, dikəlib özünə şən bir görkəm verməyə çalışaraq: - Hə, hələ ki, yaxşıyam, beləcə kəndi-kəsəyi gəzib dolaşıram, dost-tanışla, qohum-əqraba ilə görüşüb sağollaşıram, - dedi.

Yenə arada bir sükut oldu, qayğılanmışdı, nəyi isə gizlətməyə çalışsa da, mən bunu hiss edirdim. Sualedici nəzərlərimi hiss edib sözünə davam elədi: - Nə az, nə çox, bircə ay ömrüm qalıb, onu da belə gəzib dolaşaraq, yaxşı-yamanıma şahid olan adamlarla görüşüb vidalaşmaqla, halal-hümmət etməklə keçirmək istəyirəm, - dedi və tam gücü ilə gülümsəməyə çalışaraq, dipdiri, məğrur, məlhəm nəzərlərlə mənə baxmağa davam elədi...

lll

...Bir həftə sonra elə o malikanənin qarşısında, kənd yolunda yenə rastlaşdıq. Dayandım, görüşdük, xeyli söhbət elədik. Əhval-ruhiyyəsi elə həmənki o görüşümüzdəki kimiydi. Mənimlə alqışlarla sağollaşdı, ayrıldıq... Və bir neçə həftə sonra, ölümünü gülə-gülə gözləyən bu qürurlu kişinin vida mərasimində, yas məclisində iştirak elədim.

lll

İllər sonra buna bənzər daha bir əhvalatla təkrar rastlaşdım. Bizim Lerikin Neftçala rayonu ərazisindəki qış otlaqlarında saxlanılan qoyunçuluq təsərrüfatlarında vəziyyətlə tanış olmaq üçün oraya yollanmışdım. Eşitdim ki, təsərrüfatın qoyunçuluq briqadiri, Lerikin o qaya timsallı kişilərindən Rvarudlu Əkbər kişi (Salaylu) Həcc ziyarətindən dönüb. Yanımdakı yoldaşlarımla kişinin görüşünə getdik. Dostum Mirqəvvamın atası, elə o dediyim kişilərdən biri olan Rəzgovlu Hacı Məhrəməli Məmmədovu da orada gördüm. Əkbər kişinin əlinə düşəsən, o da səni yemədən-içmədən yola sala?! Bu, əlbəttə, o kişilər üçün mümkünsüz, ağılasığmaz bir anlayış idi...

Beləcə, vaxtı gəldi, söz-söhbətdən sonra ortaya süfrə salındı, təamlar düzüldü və halal süfrəyə əl uzatdıq. Süfrənin baş tərəfində oturan Məhrəməli kişinin yeməyə əl uzatmadığını, eləcə özünü yeyirmiş kimi göstərərək yerində qurcalandığını hiss elədim (Bu da o kişilərin elə o kişiliyi idi, ədəb, diqqət...). Biganə, etinasız, laqeyd qala bilməzdim:

- Məhrəməli əmi, yemək yemədiniz, ha, - dedim.

Kişi ətrafa göz gəzdirdi, artıq hamının süfrədən əlini çəkdiyinə əmin olandan sonra mənə tərəf dönüb:

- Hə, müəllim, daha mən yeyib-içə bilmirəm, azca ömrüm qalıb, onu da sizlərə dua etməklə keçirəcəyəm, - deyib heçnə olmayıbmış kimi gümrah bir əhval-ruhiyyə ilə gülüb söz-söhbətinə davam elədi...

lll

Addım-addım yürüdüyümüz, getdiyimiz bu yollar bizi hara aparır, bilmirik. Getdiyimiz bu yolda əsas olan qazandıqlarımızdırsa, bu anlamda bizim Əbülfət müəllim lazım olandan bəlkə də qat-qat artığını qazanıb.

1996-cı ildə namizədlik dissertasiyasını tamamlayıb, elə həmin ildən ADPU-da hesablama riyaziyyatı və informatika kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim, daha sonra dosent vəzifələrində işləyib. 2010-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. 2014-cü ilin martında professor vəzifəsinə seçilib. Riyaziyyatın kompüter texnologiyası ilə tədrisi sahəsində öyrədici proqramlar tərtib edib və bir çox məktəblərdə istifadəsinə nail olub.

Uğurları və müvəffəqiyyətləri sadalamaqla bitməyən bir ömür yolu. Tanrı hər bir insana hər şeyin ən yaxşısını nəsib etmir, əlbəttə. Hər kəsə bir pay nəsib edir. Üstəlik, həmin insan ona verilən o paydan xeyirliklə, layiqincə, hətta ürəyincə faydalana bilərsə, yəqinimizdir ki, bu da ayrı bir söhbətdir. Əbülfət müəllim isə ona verilən ömür payı içindəki qabiliyyət və istedaddan, ayrı sözlə ifadə etmək istəsək, əsl nemətdən layiqincə faydalanıb və cəmiyyətə xeyirli olaraq bildiklərini gənc nəsillərin təlim-tərbiyəsində istifadə edib.

lll

Ürəyin yolu, həm də ömrün-qocalığın yoludur. Yaddaşında qalanlar, fikirlər də keçmişdən beynində yığılıb qalan xatirədir.

Nə deyim, bəlkə də yada salır, ağıl keçmişi, ürək isə ümidlə gələcəyi arzulayır. Riyaziyyatı isə əbəs yerə “elmlərin açarı” adlandırmırlar. Çünki ömür boyu yaşantılarımız özü bir riyazi hesablamalar toplusudur sanki. Təqribən hesablanmış ola bilər, dəqiq də hesablanmış... Riyaziyyat bəlkə də yeganə elmdir ki, onu ümumi dil kimi qəbul etmək mümkündür. Biz bunu bilmədən yaşayıb gedirik bu ömrü. Biz riyazi düşünürükmü? Xeyr! Müəllimlərimizin dedikləridir: “Riyaziyyat həllərdən keçir”. Çox qəribədir. Əslində ömür də həll olunan və olunmayan problemləri ilə bizi qarşısına alıb aparır. Riyaziyyatda isbatsız terminlər, oyunlar, kəsişmə və düyünlər, nəzəriyyələr var. Bu, şeir yazmağa, rəsm çəkməyə, musiqi bəstələməyə heç bənzəmir. Riyaziyyat, bəlkə də, elə şeir yazmaq, şəkil çəkmək, musiqi bəstələməkdir. Fəlsəfə yükü olan nə varsa, bizi dərinləşdirən, bulanlıqlardan durulmağa doğru aparandır. Yaddaşımız bəlkə də bir riyazi düsturda isbat olunmayan bir formadır... Onu kodlaşdırmaq da, koddan çıxarmaq da bizim öz əlimizdədir. Bu gün xatirələrimizin gizli kodu ilə yola çıxıb uşaqlığımıza, gəncliyimə, bizə qol-qanaq gərən el-obaya doğru səyahət etdik. Bu səyahətimiz səyahətdən daha çox ziyarətə bənzədi...

lll

Yaxın-uzaq vaxtlarda apardığım bəzi müşahidələrdən gəldiyim qənaətdir ki, uşaqlar əmilərindən daha çox dayılarını sevir, ona bağlanırlar. Əbülfət müəllimin uşaqlıq illəri ilə bağlı yadımda qalan bir xatirə...

...Özündən böyük qardaşları kimi, Əbülfət müəllim də dayısına, indi artıq ömrünün ixtiyar çağlarını yaşayan Rəzzaq müəllimə çox bağlı idi. Yəqin analarını erkən itirməkləri də bu istəyin daha bir qaynağı idi. Analarının yoxluğunu dayılarının onlara olan sevgisində, qayğısında tapmışdılar. Əsl ziyalı, el-oba təəssübkeşi, səmimi bir dost olan Rəzzaq müəllim öz həyat tərzi, saflığı və səmimiyyəti ilə, nəinki bacısı oğlanlarının, elə hər kəsin sevgisinə layiq insandır.

lll

Hər rəngdə insan yarandı bu yer üzündə... Elə rəngi kimi düşüncəsi fərqli, dünyaya, həyata baxışı müxtəlif, ancaq adı bir İnsan!..

...İnsanın ömür-gününün, illərinin-fəsillərinin rəngləri kimi təbiətin fəsilləri də hər biri ayrı rəngdədir.

Hər fəsil dönəmində hisslərimizin həssaslığını yaşayıb duyduqca ağlımızın ucundan neçə min fikir keçir. Neçə dəfə peşman oluruq, ağlımızdan keçənə, yerimizə, mövqeyimizə, elə yeri gələndə rəngimizə də üsyan edirik... İçimizdəki ümidimiz nərdivan olsa, bizi hər pilləsində üzüağ, alnıaçıq halda, keşkə, keçmişə boylandıra bilsə!

lll

Əbülfət müəllimin bir müsahibəsində özünün də dediyi kimi: “Müəllimlik etibarlı peşədir!” Keçmişlərə, eləcə də dostlara etibarı ilə seçilən Əbülfət müəllimi 65 yaşı münasibəti ilə ürəkdən təbrik edirəm...

lll

Öz oxu ətrafında fırlanan dünya daim dəyişməkdədir. Bu hərəkət şəksiz ki, insan amili, onun da davamlı hərəkətliliyi ilə sərtləşir. Elm, elmi texniki tərəqqi həyatımızı dörd yandan əhatə etməkdədir. Artıq bizləri qucağına alıb. Deməli, gündən-günə elmə, dahi alimə ehtiyacımız çoxalır.

Əziz dost və qardaş, etibarlı yoldaş kimi çox dəyərli, gərəkli bildiyim Əbülfət müəllim, bu müxtəsərcə ürək sözlərimin tamamında sənə şərəfli alim ömründə daha böyük zirvələri fəth etməyi arzulayıram.

Siyəzən, 17 may 2024-cü il.

 

Novruz NƏCƏFOĞLU

525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.20;21.