Ədəbiyyatımızın
vicdanı
Məmməd Arif
Dadaşzadə - 120
İyunun 10-da ədəbiyyatşünas, tənqidçi,
tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan ədəbi
tənqid və ədəbiyyatşünaslığının
təməlini qoyanlardan biri - Məmməd Arif Dadaşzadənin
(1904-1975) 120 illik yubileyi qeyd olunur. Elm adamlarını gənc
nəsil az tanıyır və bu, təəccüblü də
deyil - gündəmdə fərqli adlar və simalardır. Odur
ki, alim haqqında düşüncələrimi
bölüşməzdən öncə bioqrafik məlumata üz tutmaq istərdim.
Əslən Xızının Bəylik kəndindən
olan Məmməd Arif Bakıda anadan olub. O, Azərbaycan
Dövlət Universitetinin “Şərq” fakültəsində
(1925-1930) və Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat
İnstitutunun aspiranturasında (1930-1931) təhsil alıb.
1941-1950-ci illərdə Azərbaycan Dövlət
Universitetində “Rus ədəbiyyatı” kafedrasına rəhbərlik
edib. Eyni zamanda, o, maarif nazirinin (komissarının) müavini,
1941-1947-ci illərdə “Vətən uğrunda” (“Azərbaycan”)
jurnalının baş redaktoru vəzifələrində
çalışıb.
Uzun illər (1939-1950; 1957-1959) Ədəbiyyat və
Dil İnstitutunun direktoru olub. 1960-cı ildə Azərbaycan
Respublikası Elmlər Akademiyasının vitse-prezidenti
seçilib və ömrünün sonunadək bu vəzifədə
fəaliyyət göstərib.
M.Arif “Cəfər Cabbarlının
yaradıcılıq yolu” və “Səməd Vurğunun
dramaturgiyası” kimi fundamental monoqrafiyaların müəllifidir.
O, bir çox elmi-nəzəri kitab, dərslik, yüzlərlə
məqalə yazmış, ömrünün təqribən 40
ilini dünya ədəbiyyatından (Tolstoy, Qoqol, Qorki,
Servantes, Remark və s.) tərcümələrə həsr
etmişdir. İkicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixi” (1943-1944), üçcildlik “Azərbaycan ədəbiyyatı
tarixi” (1957-1960), ikicildlik “Azərbaycan sovet ədəbiyyatı
tarixi” (1967) kimi mühüm tədqiqatların müəlliflərindən
və baş redaktorlarından biridir. Yazıçılar
İttifaqının üzvü (1934), filologiya elmləri
doktoru (1954), professor (1955), Akademiyanın həqiqi üzvü
(1958), Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət
mükafatı laureatıdır.
M.Arif sözün əsl mənasında ədəbiyyatşünaslıq
məktəbi, ədəbi tənqid və tənqidçilər
məktəbi yaratmış şəxsiyyətdir.
Məmməd Arif 1963-1967-ci illərdə Azərbaycan
SSR Ali Sovetinin deputatı və sədri olub. İki dəfə
“Qırmızı əmək bayrağı”, “Lenin” və
“Oktyabr inqilabı” ordenləri ilə təltif edilib.
2014-cü ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamına əsasən
akademik Məmməd Arif Dadaşzadənin 110 illik yubileyi
dövlət səviyyəsində qeyd olunub.
Sənətkarlarımıza dair onlarla məqalənin
müəllifi olsam da, Məmməd Arif haqqında fikir söyləməyə
bir qədər çətinlik çəkirəm,
çünki səmimiyyətimə inamsızlıqdan ehtiyat
edirəm. Bu gün xatırlananların əksəriyyəti
çəhrayı boyalarla təqdim edilir, hərçənd
aydındır ki, elm və sənət uğurları
insanları bəd əməllərdən
sığortalamır.
Actis testantibus - sənədlər şahidlik edir:
M.Arif haqqında düşüncələrimi
paylaşmağa məni sövq edən araşdırdığım
arxiv sənədləri - məktublar, həmkarlarının,
tələbələrinin, ümidvaram, səmimi
yazılarıdır. Bu sənədlərin bir hissəsi
AMEA-nın nəşri olan
“Ədəbiyyatımızın vicdanı. Məmməd Arif
Dadaşzadə: Məqalələr. Xatirələr. Məktublar”
(Bakı: 2015; ön söz - İsa Həbibbəyli; tərtibçi - Aqşin
Dadaşzadə) kitabında əksini tapıb.
Babamın fotolarını nəzərdən
keçirməyi xoşlayıram. Onlar, zənnimcə, insan
xarakterindəki mühüm cəhətləri əks etdirir.
Xüsusi münasibətlə icra olunan şəkillərdə
belə kübarlıq, illərin ağrı-acısını
əks etdirən xəfif kədər dolu ifadəli gözlər nəzərə
çarpır. “Vultus est index animi” - “sifət könlün
inikasıdır” deyimi heç də təsadüfi deyil.
M.Arifin sağlığında onun görkəminin siyasi xadimlər,
sənət adamları, kino ulduzları ilə müqayisə
olunduğunu tez-tez eşitmişəm. Məsələn, Vilayət
Quliyev 1973-cü ildə filologiya fakültəsinin tələbəsi
M.Ariflə görüşünü belə xatırlayır:
“Arif müəllimin çox nəcib, işıqlı
siması vardı. Kinolarda
gördüyüm ingilis lordlarına bənzəyirdi. Bizə
bir saatdan çox ədəbi tənqid, məqsədi, vəzifələri
və s. haqda danışdı...”
Yol seçimi haqqında da bir neçə kəlmə
demək istərdim.
O, gənc ikən bədii yaradıcılığa
meyilli idi. İlk yazıları “Molla Nəsrəddin”
jurnalında dərc olunmuşdu. Şeirləri, məsələn, “Brodskinin boyaları”, “İki nəşədən
biri” - Mayakovskisayaq yenilikçi ruhu ilə fərqlənirdi.
“Tar çalınır” hekayəsi
isə “Aprel alovları” məcmuəsində yer
almışdı - özü də nə vaxt! Proletkultçuların milli sənətə
xor baxdığı, əski əlifba, çadra ilə bahəm
tarı da arxivə təhvil verməyin labüdlüyü
haqqında bar-bar bağırdığı dönəmdə.
M.Arif rəssam da ola bilərdi. “Maarif və mədəniyyət” jurnalında çalışdığı illərdə
M.Arif, onun öz təbirincə desək, “cızma-qara şəkillər”
də çəkirdi, məsələn, R.Taqorun “Ac daşlar”
hekayəsinə (tərcümə elə
özünündür) illüstrasiyaların, Nəcəfbəy
Vəzirovun vəfatı münasibətilə M.Rəfilinin
hazırladığı nekroloqun başındakı portretin
müəllifi idi.
M.Arif həyatını teatrla da bağlaya bilərdi.
Kiçik yaşlarında seyr etdiyi xalq oyunları, “Şəbeh”
tamaşaları onun təxəyyülündə silinməz
iz buraxmışdı. Teatra sevgini Abbas Mirzə Şərifzadə
haqqında yazdığı “Azərbaycan səhnəsinin
günəşi” məqaləsində sezmək olar. O, 1919-cu
ildə gördüyü “Otello” tamaşasını, baş
rolda Abbas Mirzə, Yaqo rolunda Sidqi Ruhulla olmaqla, heyrətlə
xatırlayardı. Şərifzadənin
ötürdüyü fövqəladə enerjini qeyd edib
yazırdı ki, “ona təkcə senatorun qızı deyil,
bütün tamaşaçılar vurulmuşdular”. Təsadüfi
deyil ki, sonralar Arif müəllim dramaturgiya məsələlərinə
xüsusi diqqət yetirirdi.
Şəfiqə Məmmədova 60-70-ci illərin sənət
ab-havasını xiffət hissi ilə xatırlayır. Siz demə,
Cəfər Cəfərov yeni tamaşaya baxdıqdan sonra qənaətlərini
dəqiqləşdirmək üçün xəlvətcə
teatra gələrmiş, aktyorlar isə onun zalda olduğunu
duyub, dərhal səfərbər olunarmış. Məmməd
Arifin də teatrda öz xüsusi yeri varmış -
truppanın çox sevdiyi tələbkar və incə
zövqlü tamaşaçılarından və tənqidçilərindən
idi.
Mətləbə dönərək, söyləməliyəm:
nəticədə Məmməd Arif nə şair, nə rəssam,
nə də aktyor oldu. Başqa yol seçdi - tədqiq, tənqid,
təlim yolunu.
M.Arifin əsrlərdən miras qalmış qiymətli
xəzinəyə - doğma ədəbiyyata görə məsuliyyət
daşıdığını xüsusi qeyd edərdim. Cəlal
Qasımovun “Kitabi-Dədə Qorqudun yasaqlanması”
kitabında eposu qoruyan alimlər
- “öz həyatını təhlükə altına ataraq
onun əleyhinə bir kəlmə də yazmayan, eyni zamanda
susmayan, müqavimət göstərən ziyalılar, ...sabit
və dəyişməz xarakterə malik şəxsiyyətlər”
sırasında Məmməd Arif birincilər sırasında
xatırlanır. “Dədə Qorqud kitabı” ensiklopedik
lüğətində isə qeyd olunur ki, Ulu öndər Heydər
Əliyev “50-ci illərdə “Kitabi-Dədə Qorqud”
dastanının tədqiqatçıları olmuş Məmməd
Arif Dadaşzadə, Həmid Araslı, Məmmədhüseyn Təhmasib,
Əbdüləzəl Dəmirçizadə və
başqaları kimi fədakar alimlərin xidmətlərini
yüksək qiymətləndirmişdi”.
Hələ çox gənc ikən, özünün
təbirincə, “vətəndaşlıq vəzifəsini,
xalqa xidmət yollarını, gələcək həyat
istiqamətini ciddi surətdə düşünməyə
başlayan” M.Arif üçün alim olmaq təkcə tədqiqat
aparmaq demək deyildi. O, Maarif komissarının müavini kimi
təhsil quruculuğu ilə məşğul olur, 1939-cu ildən
direktoru olduğu Ədəbiyyat
və Dil İnstitutunun təşəkkülü və
inkişafında da fəal iştirak edir, eyni zamanda “Vətən
uğrunda” (indiki “Azərbaycan”) jurnalına da rəhbərlik
edir, gənc nəslin yetişdirilməsini də diqqətindən
qaçırmırdı. Yalnız təəccüblənmək
olar ki, belə irimiqyaslı işləri gerçəkləşdirmək
üçün o, haradan qüvvə tapırdı? Əlbəttə,
istirahətindən kəsirdi, amma ona enerji verən həm də
çiyinlərində daşıdığı missiyanın
Vətəni üçün əhəmiyyətinin dərki,
gələcəyə inam, Azərbaycan sevgisi idi.
Alimin fəaliyyət çevrəsi geniş, dünyagörüşü
hüdudsuz idi. Azərbaycanda baş verən ən mühüm
hadisələrin episentrində idi, fundamental tədqiqatlar
aparmaqla yanaşı, cari ədəbi prosesi də diqqətlə
izləyirdi. Estetik meyarlar sistemi mühafizəkarlıqdan uzaq
idi. Bu keyfiyyət ona 60-cılar nəslinin istedadlı nümayəndələrini
vaxtlı-vaxtında dəstəkləmək imkanı
vermişdi. Hələ 20-ci illərin sonunda Remarkın “Qərb
cəbhəsində təbəddülat yoxdur” romanını
tərcümə etmişdi. Yəni elə ilk
addımlarından “ən həssas, mərifətli tənqidçimiz”
(Mir Cəlal) müasir ədəbiyyatda dəyərli olan nə
varsa, onu dərhal dəqiq qiymətləndirməyi bacarırı.
1969-cu ildə Vaqif Səmədoğlunun
Yazıçılar İttifaqına üzv qəbul
olunmasını dəstəkləyən rəyində
İttifaqın “köhnə üzvlərindən” Məmməd
Arif gənc şairin “bəzilərinə qəribə
görünə bilən” yeni yazı ədasını, hadisələrə
təravətli baxışını “əsl poetik
yaradıcılıq əlaməti” adlandırır: “Vaqif Vəkilov
öz hiss və düşüncələrini oxucuya təbliğ
etmir, o, oxucuda məhz bədii təsir oyadır və oxucunun
həssaslığına inanır. Şablon vəznsiz,
şablon qafiyəsiz, şablon təşbehsiz yazır, amma
şeir yazır, yaxşı yazır”. Sonra da ağsaqqal tənqidçi
qeyd edir ki, “Vaqif Vəkilovu yalnız “yeni səpki”də
yazdığı üçün yox, məhz yaxşı, mənalı,
ağıllı yazdığı üçün” tərifləyir.
M.Arifin həqiqi novatorluğu modabazlıqdan fərqləndirməyin
zəruriliyi barədə mülahizələri Qara Qarayevin
fikirləri ilə necə də səsləşir!
M.Arif qibtəolunacaq dərəcədə təmkinli
idi. Amma zahirən müvazinətini pozmayan, hissə
qapılmayan bu müdrik insanın qəlbində həmişə
emosiyalar tüğyan edirdi, nədən
yazırdısa-yazsın, hər məsələyə ürək
yanğısı ilə yanaşırdı. Gülrux Əlibəyli
M.Arifi “özünün ən amansız və ən
xoşniyyət tənqidçisi” adlandırmışdı.
Çox sərrast sözlərdir. Bir tərəfdən qətiyyət,
ciddilik, obyektivlik, o biri tərəfdən xeyirxahlıq, hər
bir kəsə köməyə gəlmək istəyi -
bir-biri ilə ilk nəzərdə uyuşmayan xüsusiyyətləri
Arif müəllim öz xarakterində nadir bacarıqla bir araya
gətirirdi ki, bu da onun şəxsiyyətini qeyri-adi dərəcədə
cazibədar edirdi.
Ancaq bəzən sinirlənirdi - o vaxt ki,
açıq-aşkar haqsızlıqla, səriştəsizliklə,
milli, mədəniyyətə laqeyd münasibətlə
rastlaşırdı.
40-cı illərdə M.C.Bağırovun Azərbaycan ədəbiyyatına
dair iradlarından təngə gələn M.Arif onun Azərbaycan
dilində məruzə etmək istədiyini eşidib, ehtiyatsızlıq edib: “Kişi (el
içində Bağırovu belə adlandırırdılar)
heç azərbaycanca düz-əməlli danışa bilir
ki, hələ bir bu dildə məruzə etsin?” - deyə bir qədər
istehza ilə gileylənmişdi. Həmin söhbət əlüstü
rəhbərə çatdırılmışdı. Növbəti
müşavirədə Bağırov: “Hə, Məmməd
Arif, nə deyirsən, deməli, mən azərbaycanca
danışa bilmirəm?” - deyə tənə ilə söyləmişdi.
Onun mahiyyətini açıqlayan daha bir fakt. 1970-ci
ildə M.Arif Mehdi Məmmədovun “Xəyyam” tamaşasına
dair məqalə yazır. Maraqlıdır ki, o, əvvəl-əvvəl
Hüseyn Cavidin pyesinin səhnələşdirilməsi
haqqında planlarını onunla bölüşən M.Məmmədova
“ürək-dirək vermədiyini”, bu əsərin səhnə
tələblərinə uyğun gəlib-gəlməməsinə
dair şübhələrinin olduğunu söyləyir. Lakin
tamaşaya baxandan sonra tənqidçi: “Xəyyam”ın
quruluşu məni məğlub etdi, qarşımda təsəvvürümə
gəlməyən bir aləm canlandırdı”, - deyə
böyüklərə xas səmimiyyətlə
yanıldığını etiraf edir. Budur alim
ucalığı və vicdanı!
M.Arifə mövzu məhdudiyyəti yabançı
idi. Onun məqalələrinin bir qütbünü “Kitabi-Dədə
Qorqud”, Azərbaycan xalq teatrı, klassik poeziya, digərini ən
yeni ədəbiyyat, Qorkinin nəsri, Şiller, Şekspir tamaşalarına resenziyalar təşkil
edirdi. M.Arif tərcümə işinə xüsusi diqqət
yetirmiş, dünya ədəbiyyatının əzəmətli
əsərlərini Azərbaycan oxucusuna tanıtdırmağa
çalışmışdı. Zavallı cəngavər Don
Kixotun sərgüzəştləri haqqında Servantesin
romanı ilə gənc azərbaycanlılar ilk dəfə məhz
onun tərcüməsində tanış olmuşlar.
M.Arif Azərbaycan ədəbiyyatı barədə
yazdıqda araşdırmanı geniş kontekstdə
aparır, klassiklərin əsərlərindən paralellərə
üz tuturdu. Alimin Dostoyevski, Tolstoy,
T.Şevçenko, “şəxsi iztirablar, ürək
sıxıntılarına” baxmayaraq, ümidsizliyə
qapılmayan İ.Franko, “kədərli ruhu günəş
işığına can atan” N.Barataşvili haqqında
yazılarında analizin dərinliyi, lirik intonasiya adamı məftun
edir. M.Arifin “Anna Karenina”
haqqında mühazirəsini dinləyən G.Əlibəyli
onu heyranlıqla “Avropa ruhlu tədqiqatçı və
geniş ürəkli insan”
adlandırmışdı.
Yaşadığı ölkənin siyasi quruluşu
neçə-neçə millət təəssübü
çəkən ziyalılar kimi onu da sərt imtahana çəkmişdi.
1950-ci ildə Heydər Hüseynova qarşı törədilən
təqib kampaniyasını nəzərdə
tuturam. İyulun 14-də
“Bakı ziyalılarının yığıncağı”
kimi “günahsız” bir başlıq altında keçirilən,
əslində filosofun ifşası məqsədini güdən
“məhkəmə prosesi”ndə Azərbaycan SSR KP MK-nın I
katibi M.C.Bağırovun “Mətləbə keç!”
çağırışlarına rəğmən, M.Arifin rəhbəri
olduğu Ədəbiyyat və Dil İnstitutunun işindən
uzun-uzadı danışaraq həmkarını tənqid etməkdən
yayınması və nəhayət, səbri tükənən
Bağırov tərəfindən “Sən Heydər
Hüseynovdan da betərsən, sən türk casususan!” - deyə
ittihamlandırılması alimə çox baha başa gəldi:
bütün vəzifələrindən kənarlaşdırıldı,
partiya, Yazıçılar İttifaqı sıralarından
xaric edildi. M.Arifin belə bir vəziyyətə
salınması şüurlara psixoloji təzyiqin gücləndirilməsi,
ilk öncə H.Hüseynova vurulan daha bir zərbə idi.
Alimin qızı Leyla xanımın xatırladığı
kimi, o dəhşətli günlərdə atası burjua millətçilərinin
“əsas zəhər verəni” (Bağırovun ifadəsidir) -
M.Arifə zəng çalar, dostunun səsini eşidib:
“Şükür Allaha, Arifi aparmayıblar”, - deyə bir az
rahatlanaraq dərhal dəstəyi asarmış.
O günlərin atmosferini təsəvvür etmək
üçün “Ədəbiyyat qəzeti”nin 1950-ci il
iyul-avqust buraxılışlarını vərəqləmək
kifayətdir. Qəzetin 21-ci sayında dərc olunmuş
“Böyük vəzifələr qarşısında” baş məqaləsindən
“bolşevizm əxlaqına zidd adətləri və
ikiüzlülüyü yayan, ...saysız-hesabsız siyasi səhvlər
buraxmış” M.Arifə aid aşağıdakı
parçanı sitat gətirmək istərdim: “Məmməd
Arifin uzun illər başçılıq etdiyi Ədəbiyyat
İnstitutunun fəaliyyətində də sovet ədəbiyyatı
problemlərindən uzaqlaşmaq, ədəbi irsə qeyri-tənqidi
münasibət, keçmişi idealizə və burjua millətçiliyi
təzahürləri kimi zərərli meyillərə yol
verilmişdir. Məmməd Arif isə dönə-dönə
olan tənqiddən heç bir nəticə
çıxarmamışdır”. Kobud səhv, nöqsan kimi qələmə
verilən bütün bu hallar indi
M.Arifi müsbət tərəfdən səciyyələndirir.
Dünənəcən əziz dost, həmkar,
etibarlı tələbə bildiyin adamların dönərək
üzünə olmazın tənqid söyləməsi polad
iradəli insanı belə sarsıtmağa qadirdir. Nizami
Muzeyində təşkil olunan ifşa
yığıncağında bəziləri elə canfəşanlıq
göstərirmiş ki, M.Arif dözməyib auditoriyanın
vicdanına acizanə ünvanlanaraq: “Tənqid edirsiniz edin,
amma bu dərəcədə də yox” deyibmiş.
Qəzetləri oxuyarkən
ona da fikir verirsən ki, bəzi tənqidçilər - onlar
isə məşhur simalardır - formal xarakterli ifadələrlə
kifayətləndiyi halda (məsələn, yazıçı
Əbülhəsən “ifşa”sında ad çəkmir), digərləri
sanki bəlağətdə bir-biri ilə
yarışırlar. Müdrik Arif müəllim dövrün
siyasi reallıqlarını nəzərə alaraq öz “tənqidçi”lərinin
böyük əksəriyyətinə qarşı sonralar kin
saxlamamışdı. Amma istisnalar da var idi. Həmin muzeydəki
iclasda tələbəsi olmuş gənc xanımın
iftiralar dolu çıxışı, görünür,
Müəllim Arifə iztirablar yaşatmışdır: illər
ötsə də, həmin xanımı görərkən sifəti
ona xas olmayan sərt ifadə alırdı. Özüm
müşahidə etmişəm və doğrusu, həmişə nəzakətli
babamın birdən-birə ovqatının kəskin dəyişməsinə
təəccüblənmişəm...
Həmin yığıncaqdan iki gün sonra M.Arif,
oğlu Arazla Kislovodskda dincələn Zümrüd xanıma məktub
yazıb, ondan heç bir şayiəyə inanmamağı
xahiş edir: “Əgər məni istəyirsənsə, öz
istirahətini pozma, həmişəki kimi ol, ora dərd
çəkmək yeri deyil”, - sətirlərində nə qədər
sevgi var. Maraqlıdır ki, həmin “namüəyyən” vəziyyətdə
M.Arif həyat yoldaşına tövsiyələr də verir,
İsmayıla, Soltan xanıma, Timuçinə (aktyor, rejissor
İ.Hidayətzadənin ailə üzvləridir) salam da
ötürür. “Pul göndərsəm, əmanət
kassasına qoyarsan” göstərişi isə onun
düşüncələrinin heç də ürəkaçan
olmadığına dəlalət edir. Amma təkidlərə
baxmayaraq, Bakıya dönən Zümrüd xanım Arif
müəllimə əsl arxa olur.
Zümrüd xanım Axundova (1912-1961) M.Arifin ilk və
yeganə sevgisi idi. Bu qonur gözləri yaşıla
çalan, xurmayı saçları ağ bənizini haşiyələndirən
füsunkar, “ağıllı, diribaş, dilli-dilavər”
(Süleyman Rəhimov) xanım - pedaqoji texnikumun tələbəsi
artıq 20-ci illərdən tanınan gənc M.Arifin
könlünü fəth etmişdi. O dərəcədə
ki, təmkinli, emosiyalarını cilovlamağı bacaran
M.Arif Zümrüd xanıma
şeir formasında məktublar yazar, poçtalyon rolunda
çıxış edən kiçik qardaşı Ağarəhim
vasitəsilə bu məktubları gözaltısına
ötürərmiş.
Gözəl, eyni amala xidmət edən adamların
bir-birini tapması müskül məsələdir. Odur iki gənc
alimin ailə qurması yazıçı Qılman İlkinin
xatırladığı kimi, hamını sevindirmişdi. Arif
müəllim - Zümrüd
xanım Bakının ən yaraşıqlı, ahəngdar
cütlüklərindən idi.
Z.Axundova on beş yaşından dərs deməyə
başlayaraq, eyni zamanda pedaqoji texnikum, sonra Azərbaycan
Dövlət Ali Pedaqoji İnstitutunda oxumuş, təhsilini
Moskvada Ali Kommunist Maarifi İnstitutunun aspiranturasında
professor Y.Medınskinin (pedaqogika tarixinə dair ilk dərsliyin
müəllifi idi) rəhbərliyi altında
tamamlamışdı. Z.Axundova neçə-neçə
qızı təhsilə cəlb etmişdi! 1949-cu ildə “Azərbaycanda
qadın təhsili tarixindən: 1900-1914-cü illər”
mövzusunda dissertasiya müdafiə edən Zümrüd
xanım pedaqoji elmlər namizədi adını almış
ilk azərbaycanlı qadın alim olmuşdu. Bu hadisəni “Azərbaycan
müəllimi” qəzeti (1949, 30 iyun) “yalnız elm sahəsində
müvəffəqiyyətlə çalışan Azərbaycan
qadınlarının deyil, bütün Azərbaycan sovet mədəniyyətinin
yeni nailiyyəti” kimi dəyərləndirmişdi.
Zümrüd xanım 1961-ci ilin dekabrında cəmi 49
yaşında vəfat etdi, mən isə altı ay sonra
dünyaya gəldim. Sağlığında görə bilmədiyim
nənəm gəlini Aidaya “siz, cavanlar, qədim adları bəyənmirsiniz...
amma xahişimi yerinə yetir, qızın olsa, adını
Zümrüd qoy”, - deyə ölüm ayağında vəsiyyət
etmişdi. Odur ki, iyunun 2-də
- doğum günümdə babam təqvimin vərəqində
“Zümrüd anadan oldu” yazdı və sonra uzun müddət
doğmalar Arif müəllimi həyəcanlandırmamaq
üçün məni adımla yox, “bacı”
çağırdılar...
Qardaşımın adını isə babam qoymuş,
özü də ata-anamın etirazına baxmayaraq, məhz bu
adda təkid etmişdi. Hamı da çox təəccüblənirdi
ki, nüfuzlu cabbarlışünas-alim niyə ilk nəvəsini
Elxan yox, Aqşin adlandırıb. Hərçənd yəqin
dərinə varsaq, bu qərarın arxasında duran məntiqi
anlamaq olar. Oğlunun ad seçimi də
düşünülüb-daşınılmışdı:
atamız Azərbaycanın ilk
Arazlarından idi. Bu adı da, bildiyim qədər,
Ə.Məmmədxanlı təklif etmişdi...
Buradaca Məmməd Arif
- Araz Dadaşzadə münasibətlərinə toxunmaq istərdim.
Biz atamızla nəzakətlə, amma sərbəst, dostyana
ünsiyyətdə olduğumuz halda, onun öz atası ilə
davranma tərzində ilk nəzərdə rəsmiyyət
sezilirdi. Nadir hallarda “ata” xitabından istifadə edən Araz
Dadaşzadə başqa adamlarla söhbətdə
atasını “Arif müəllim” adlandırırdı.
Ata-oğul bir-birindən
fərqlənsə də, onların insan mahiyyəti eyni idi: hər
ikisi yüksək mənəviyyat sahibi olub, dürüst
yaşamağa, haqqı müdafiə etməyə
çalışırdı.
Araz Dadaşzadənin atasına münasibətinin
kökündə dərin ehtiram hissi dururdu. Stalin rejimi
dövründə Arif müəllim karyerasını, ailəsinin
rifahını, öz həyatını zərbə altına
qoyaraq ləyaqətini qoruya bilmişdi. Elmə, dosta xəyanətin
mümkünsüzlüyü - məhz bu əqidə Məmməd
Arifin bütün qərarlarına hakim kəsilmişdi. Atam
da bunu yüksək dəyərləndirirdi.
Bizə tez-tez sual verirlər: babanızı necə
xatırlayırsınız? Daim işləyən, qalaq-qalaq
kitab-jurnalı mütaliə edən. Ailəmizdə didaktika,
öyüd-nəsihətə yer yox idi. Babamızın
otağından gecə süzülən işıq,
makinasının taqqıltısı və həmin kitablar -
evimizin ədəbiyyata sevgi dolu atmosferi bizim “tərbiyəçi”miz
idi.
Bir Müəllimdən soruşublar ki, əsl ruh
adamını necə tanımaq olar. Müəllim cavab verib
ki, belə adamı nə nitqinə, nə görkəminə
görə, ətrafında yaratdığı atmosferə
görə müəyyənləşdirmək
mümkündür. Çünki heç nə onun ruhuna xas
olmayan atmosferi yaratmaq iqtidarında deyil. Babamız tək bir gəlişi
ilə istənilən məkanda o həmin ülviyyət dolu
ab-havanı bərqərar edirdi.
Arif baba təlim-tərbiyəmizdə təshihlər
etməkdən vaz keçmirdi. Məsələn,
qardaşım Aqşinlə mənim oxuduğum Bülbül
adına musiqi məktəbinin tədris proqramlarında Avropa bəstəkarlarının
əsərlərinə daha çox yer ayrılırdı.
Babamız narahat olurdu: bəs milli musiqimiz necə? Günlərin
bir günü baba əlimizdən tutub bizi opera teatrına
apardı. Yadımdadır, bu, Ü.Hacıbəylinin “Əsli
və Kərəm” operası idi. Əlbəttə, biz o zaman
muğam operasının məziyyətlərini dərk etmək
iqtidarında deyildik. Amma tamaşanın rəngləri,
ayrı-ayrı səsləri yaddaşıma həmişəlik
həkk olundu. Bahəm seyr etdiyimiz Vittorio de Sikanın “Günəbaxanlar” filmi də
yadımdadır. Bu dramatik kinolent, onun ürəkləri riqqətə
gətirən musiqisi məni təsirləndirmişdi. Amma
ata-anam bizim kinoteatra səfərimizdən narazı
qalmışdı: hesab edirdilər ki, balaca bir
qızın məhəbbət
haqqında belə “ciddi” filmlərə baxması
üçün vaxt hələ yetişməyib...
Oxu çevrəmizi də diqqətsiz qoymurdu. Əlbəttə,
biz maraqlı fabulası ilə seçilən, sərgüzəşt
xarakterli ədəbiyyata üstünlük verirdik. O isə
bizi əbədi mətləblərdən bəhs edən dərin
ədəbiyyatla ünsiyyətdə olmağa səsləyirdi.
Mənə məsləhət görürdü ki, dəftərçə
tutub, oxuduğum kitablardan aforizmləri orada qeyd edim. “Bal
arısı hər bahar çiçəyindən bir şirə
toplayan kimi” o da özünün “Vətən eşqi”
yazısında obrazlı şəkildə söylədiyi
kimi, “sənət dühalarının əsərlərindən
ruhuna yatan fikirləri toplamış, qiymətli inci danələri
kimi sapa düzmüşdü”.
Uzun müddət düşünürdüm ki,
babamızı işdən başqa heç nə
maraqlandırmır. Amma onun həssaslığını
1972-ci ilin yayında duydum. O zaman biz ilk dəfə bir-birimizdən
ayrı dincəlməli olduq. Babamızın səhhətində
problem olduğu üçün o, daha sərin yerdə -
Latviyada istirahət etdi. Biz isə o, qayıdandan sonra
Krımdakı “Koktebel” pansionatına yollandıq. Bu təmkinli,
azdanışan insan hər gün bizə - hər birimizə
məktublar yazırdı, çox darıxdığından
şikayətlənirdi. Nəhayət, istirahətini
yarımçıq qoyub Bakıya döndü. Babamın
Latviyadan Bakıya, Bakıdan Krıma yazdığı məktubları
qoruyub saxlamışam. Bir məktubunda o, mənə şeir də
ünvanlamışdı:
“Zümrüd bacı! Ey başlar tacı! Səni
güllər gözləyir, Şirin dillər gözləyir.
Quşlar deyir: gəl bacı! Gəl, deyir, nar
ağacı.
Üzümlər də gəl deyir, Gəl bir az dincəl
deyir.
El-oba səni gözləyir,
Baba səni gözləyir.
Zümrüd, gör sənin üçün necə
şeir yazmışam. Görəsən, sən mənə
oradan, Krım xanlarının qılınc
oynatdığı çöllərdən nə kimi xəbərlər
gətirəcəksən!
Papaya, mamaya salam söylə. Aqşinə də bir
yaxşı şirin söz de! “Neftçi”nin
axırıncı yerə keçməsi münasibətilə
onu təbrik et. Baban Arif, Bakı, 27/VII-72”.
Ailəmizin qoruyucu mələyi anamız Aida xanım
M.Arif üçün təkcə bir gəlin deyil, doğma
övladı qədər istədiyi insan idi. İxtisasca bioloq
olan Aida xanım 1970-ci ildə “Məhəmməd Füzulinin
təbii-elmi görüşləri” mövzusunda dissertasiya
müdafiə edib elmlər namizədi dərəcəsini
almışdı. Mövzu seçiminə evdəki
filoloqların təsiri şübhəsizdir.
1972-ci ilin son dəqiqələri idi. Ailəmiz bayram
süfrəsi arxasında əyləmişdi: təbriklər, xoş diləklər
söylənilirdi. Sentimentallıqdan uzaq babamız da söz
götürdü və bu dəfə ümumi təbriklərdən
kənarlaşaraq birbaşa mətləbə keçdi:
“Açığını deyim, mən Aidaya məəttəl
qalmışam. Bu insan qətiyyən özü barədə
düşünmür, bütün fikri-zikri bizdədir. Onun
ürəyinin genişliyinə, təmənnasız sevgisinə
təəccüblənirəm...” Doğrusu, birinci dəfə
babamızı belə həyəcanlı, duyğulu
gördüm və onun minnətdar olmaq, mehriban münasibətləri
dəyərləndirmək kimi keyfiyyətlərini
özüm üçün kəşf etdim.
Bəli, M.Arif minnətdar olmağı
bacarırdı. 70 illik yubileyində məktəb müəllimi
Əlməmməd Mustafayevi təntənəli iclasa dəvət
etmiş, ona xüsusi diqqət yetirməyi
tapşırmışdı. O, M.Rəfili ilə ünsiyyətini
sevgi ilə xatırlayır, ədəbiyyata
daha cəsarətlə gəlməsində bu insanın rolunu
vurğulayır: “Rəfili məndəki utancaqlıq pərdəsini
qoparır, məni həvəsləndirir, indiki təbirlə
desək, irəli çəkirdi”.
İllər ötür və mən M.Arif şəxsiyyətinin
böyüklüyünü, onun gördüyü işlərin
miqyasını daha aydın anlayır, daha çox heyrətlənirəm.
Əlbəttə, indi elmdə yeni metodologiya, yeni yanaşma tətbiq
olunur, yəqin ki, alimin, onun həmkarlarının
yazılarının heç də hamısı bu gün
zamanında olduğu kimi qavranılmır. Amma axı Şəxsiyyət
olmaq bir başqa! Qürur duyuram
ki, belə bir insanın ailəsində - pak amallar, təmənnasız zəhmət,
saxtakarlıqdan uzaq bir atmosferdə
boya-başa çatmışam, onun asta səsi ilə
söylədikləri hikmətli fikirləri eşitmişəm.
Gör necə də xoşbəxt olmuşam! Arxiv
materiallarını, məsələn, M.Arifin “Dədə
Qorqud” dastanının qorunmasında rolunu açıqlayan tədqiqatı,
repressiyaya məruz qalmış ədiblər barədə
yazdığı bəraət məktublarını oxuduqca
qürurum artıb, söz, sənət bilicisi Əlikamal Həsənzadənin
aşağıdakı fikri yadıma düşüb:
“Ədib yalnız o zaman Yazıçı olur ki, onun
yaradıcılığını konkret bir Əməl bəzəyir.
Heç bir kitab yazıçı şəxsiyyəti barədə
onun gerçəkləşdirdiyi əməl qədər məlumat
vermək iqtidarında deyil. Və yalnız o zaman ədibin
yazdıqları tamam başqa rəngə boyanaraq oxucuya daha
güclü təsir göstərir”.
Zənnimcə, Məmməd Arifin
yazdıqlarını təravətli rənglərə boyayan
həm də onun xeyirxah, nəcib əməlləridir.
Azərbaycan ədəbiyyatşünaslıq elminin gəmisini
sualtı qayalardan, zamanın fırtınalarından
virtuozcasına, məharət və müdrikliklə
keçirə bilmiş, özündən sonra neçə-neçə
dəyərli tədqiqat işi qoymuş, onlarla tələbə
yetişdirmiş bu insanın - vətənpərvər alimin,
müəllimin, əsl Azərbaycan ziyalısının səsi
- gur, xaric intonasiyadan kənar, büllur tək saf - həmişə ucalıqlardan gələcək.
Zümrüd DADAŞZADƏ
Professor, Əməkdar incəsənət xadimi
525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.18-19.