Bir üzü qan, bir
üzü üsyan
Tarixi yarımadada, Gülhanə parkının
giriş qapısının solunda, Topqapı sarayını əhatələyən
qala divarının üstündə inşa edilən Alay
köşkü var. Möhtəşəm abidədir. Osmanlı padşahı II Mahmud
dövründə süvarilərdən ibarət alayı seyr
etmək üçün inşa olunub. Mövcud
köşkün yerində Fateh Sultan Mehmet zamanında taxtadan
köşk varmış, o da alayı buradan izləyir, əsgərləri,
xalqı buradan salamlayırmış. Buna görə də,
qaynaqlarda köşkün digər adı “Salam
köşkü” olaraq keçir.
İmperatorluq dönəmində savaşa
çıxmadan əvvəl silahlanmış yeniçərilər
üçün burada keçid mərasimi təşkil
edilirmiş. Padşah da onları buradan seyr edir,
salamlayırmış.
Təkcə yeniçərilər deyil, bəzi
günlər əsnaflardan, tacirlərdən ibarət gildiya
alayını da padşah buradan izləyirmiş. Gildiya
alayının sonuncusu 1796-cı ildə II Mustafa zamanında
gerçəkləşdirilir, sonra digərləri kimi bu ənənə
də tarixin tozlu səhifələrinə qarışıb
gedir.
Yenə tarix, yenə təzadlar...
Köşkə getməyə qərar verəndə
özlüyümdə düşündüm ki, qalibiyyətlər,
uğurlar, uğursuzluqlar, kədərlər, dəhşətli
ölümlər, intriqalar, cinayətlər, sevgilər,
sevgisizliklərin hamısı Topqapı sarayında,
özü də artıqlaması ilə yaşanıb. Bu
balaca köşkün nə hekayəsi ola bilər ki?!
Ancaq araşdıranda bir daha əmin oldum ki,
Osmanlıya aid nəinki köşk, bir daxma belə olsa onun
min cür hekayəsi ilə qarşılaşmaq
mümkündür. Alay köşkü Osmanlı tarixindəki
bir sıra hadisələrə “səhnə” olub. Onlardan biri
Sultan IV Mehmet dönəmində baş verib. Belə ki, Hələb
valisi Vəzir Mehmet Paşa yeyinti iddiası ilə İstanbula
gətirilir, köşkün önündə divan katibi və
kəndxudası ilə birlikdə edam edilir. Hər kəs də
buna şahid olur.
Hadisələrdən digəri isə məni çox
düşündürən və həddən artıq təsirləndirən
“Vakay-i Vakvakiyə” adı ilə tarixə həkk olan
Çinar hadisəsidir. Girit mühasirəsində keşik
çəkən müddətdə yeniçərilər
maaşlarını ala bilmirlər. Həmin ərəfədə
pulun dəyər itirməsi ilə çətin vəziyyətə
düşürlər və üsyan etməyə
başlayırlar. Hələ o vaxtlar 15 yaşında olan
Sultan IV Mehmet, üsyançılar tərəfindən Ayaq
divanına məcbur edilir. Yeri gəlmişkən, Ayaq
divanı Osmanlı dönəmində fövqəladə
hadisələr zamanı toplanan və problemin sürətli həlli
üçün padşah və dövlət
adamlarının bir araya gəlməsinə deyilir.
Üsyançıları Alay köşkündə qəbul
edən padşah yeniçərilərdən istəklərinin
nə olduğunu soruşur. Əl qaldıraraq söz istəyən
Mehmet Ağa, padşahlarına sədaqətli və ona
bağlı olduqlarını, ancaq bəzi saray
adamlarının kəllələrini istədiklərini
söyləyir. Sultan Mehmet üsyançıları tələblərindən
vazkeçirməyə çalışsa da, buna müvəffəq
ola bilmir. Nəticədə padşahın əmri ilə
aralarında qızlar ağası Bəhram Ağa, qapı
ağası Əhməd və İbrahim Ağaların da olduğu
otuz nəfərin cəsədi üsyançılara təslim
edilir. Cəsədlər yeniçərilər tərəfindən
At meydanına aparılaraq hamısını bir-bir çinar
ağacına asırlar. Bu ağacın cəhənnəmdə
mövcud olduğuna inanılır və meyvələri insan
bədəni şəklində olan Vakvak ağacına bənzədilir.
Ona görə də, bu hadisə “Vakay-i Vakvakiyə” olaraq
tarixə keçir. “Vakvak” kimi tanınan ağacın adı əslində
nareepoldur. Yeri gəlmişkən, məntiqlə fikirləşəndə
pulun dəyərdən düşməsinə səbəb
olan xəzinədarlar və ondan yüksəkdə olan
dövlət adamları idi, öldürülənlər isə
hərəm ağası, sarayın bütün
qapılarına nəzarət edən qapı ağaları və
onlardan aşağı işlərdə işləyən
insanlar idi. Bu tarixi fakt məni dərindən sarsıtdı.
Böyük cinayətlərə görə jek müdirləri,
bələdiyyə işçilərinin ittiham hadisələri
bir-bir gözümün önündə canladı. Deməli,
Mevlana haqlı imiş, heç bir şey bitmədiyini, hər
şeyin dəyişdiyini söyləyərkən!
Yeniçərilər də, həmin adamların qəbahətinin
nə olduğunu sorğulamadan öldürülmələrinə
göz yumurlar, bu da az deyilmiş kimi cəsədlərini
ağacdan asıb şou göstərirlər. Sonra da deyirlər
ki, insan ali varlıqdır. Razılaşmıram, insan ali
olduğunu uydurub və ona inanan primitiv varlıqdır. Əks
halda tarix bu qədər bayağı, yüngül,
lüzumsuz, şüursuz, sorğuladığın zaman ortada
heç nəyin qalmadığını gördüyün
hadisələrlə dolu olmazdı.
Bir dəfə üsyana boyu əydinsə...
Köşkdə iz qoyan hadisələrdən digəri
isə 1808-ci ildə baş verir. Baş vəzir Aləmdar
Mustafa Paşa dönəmində yeniçəri
üsyanı olur. Üsyançılar ondan təslim
olmağı tələb edilər, təbii ki, rədd
cavabı alırlar. Nəticədə minə yaxın
yeniçəri Mustafa Paşanın evinə girmək
üçün hücuma keçirlər. Saraydan dəstək
gəlmədiyini görən Paşa, barıt çəlləklərinə
od vurur və dəhşətli partlayış onunla birlikdə
altı yüzdən çox yeniçərinin
ölümünə səbəb olur. Yanğından sonra
üsyançılar baş vəzirin cəsədini
tapırlar və günlərcə İstanbul küçələrində
ordan-ora sürüyürlər. Axırda da parçalayaraq dərin
bir quyuya atırlar. Həmin partlayışın nəticəsində
Alay Köşkünə də zərər dəyir.
Köşkdə baş verən hadisələrdən digəri
isə Sultan (dəli) İbrahimlə bağlıdır. Sən
demə, Sultan, bu köşkü yoldan keçənləri
tatar yayı ilə vurmaq üçün hədəf nöqtəsi
olaraq istifadə edirmiş. Bilmirsən güləsən, yoxsa
ağlayasan!
Balayan ailəsinin ərsəyə gətirdiyi növbəti
abidə...
Köşk, Ampir üslubunda, yonulmuş daşdan
inşa edilib. Buranın memarının dövrün məşhur
və ən yaxşı memarlarını yetişdirən
Balayan ailəsindən Kirkor Amira Balayan olduğu deyilir.
Köşkün fasadı mərmər ilə
örtülüb. Hər iki mərtəbəsində,
Gülhanə Parkına baxan iki qapısı ilə birlikdə
ümumilikdə on dörd pəncərəsi mövcuddur. Pəncərələr
xəttat İzzət Molla tərəfindən işlənən
yazılar və dəmir barmaqlıqlardan ibarətdir. Üst mərtəbədə
iki zal, üç otaq və taxt otağı, alt mərtəbədə
isə iki otaq ilə geniş bir zal mövcuddur.
Köşkün pəncərə kəmərlərində
mövcud olan tunc hərflər ilə yazılmış mənzum
kitabəsində mövcud köşkün, qədim
köşkün yerində daha yuxarıda 1819-cu ildə Sultan
II Mahmud tərəfindən inşa edildiyini anlayırıq.
Abidənin üstünü örtən gümüş
örtüklü qübbənin altı, yəni tavan zəngin
əl işi bəzəkləri ilə
örtülüdür. Köşkdə hökmdar
üçün nəzərdə tutulan dairəvi zal və
xidmət otaqları mövcuddur.
Topqapı sarayından Dolmabağça sarayına
böyük köç başladıqdan sonra Alay
Köşkü də keçid mərasimlərindəki
yerini Dolmabağça sarayı içərisində yerləşən
Çəhrayı köşkə verir. 1855-ci ildə
isveçrəli memar Fossari qardaşlarının layihəsinə
əsasən, Alay köşkü bir dönəm teleqrafxana
nazirinin mərkəzi olaraq istifadə edilir. Teleqrafxananın
buradan köçdükdən sonra qala divarlarının dibinə
su yığılır, köşk fəaliyyətsiz vəziyyətə
düşür, uzun müddət baxımsız və boş
qalır. Cümhuriyyətin ilk illərində Topqapı
sarayı müdirliyinin nəzdinə keçir və dərin
bir restavrasiya işinə başlanır. Alay köşkü
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 12
noyabr 2011-ci tarixində Ahmet Hamdi Tanpınar Ədəbiyyat
muzeyi və kitabxanası olaraq təkrar xidmətə
açılır.
Qanla yazanları mürəkkəblə yazanlar əvəzlədi
Ahmet Hamdi Tanpınar muzey-kitabxanasının
girişində Türk Kültür Sənəti və Ədəbiyyatı
ilə bağlı əsərlərin türkcə və digər
dillərdə sərgiləndiyi oxuma zalı var. Eyni zamanda,
Ahmet Hamdi Tanpınar, Yəhya Kamal Bayatlının, jurnalist
Doğan Hızlan və Çətin Altanın şəxsi əşyalarının
sərgiləndiyi şüşə vitrinlər mövcuddur.
Tanpınar Ədəbiyyat muzeyi, kitabxana və muzey konseptini
özündə birləşdirən bir məkan olduğu
üçün İstanbulda yaşamış yazarlara aid eynək,
şapka, daktilo, məktub, əlcək kimi şəxsi əşyalar
sərgilənir, muzeyin əsrlik divarlarını
Tanpınarın məktəb dönəmlərində müəllimlik
etdiyi illərdə çəkdirdiyi fotolar bəzəyir.
Yahya Kamal, Nəcib Fazilə aid məktub və əlyazmalar da
muzeydə mövcuddur.
Orhan Pamuka və Nədimə məxsus büstlər,
kitablar isə bir otaqda sərgilənir. Nazım Hikmətin əl
yazmaları, anasına yazdığı məktubu oxumaq isə
insanı təsirləndirir. Cəlilə xanımı
üzdüyü üçün üzr istəyən
Nazım onu necə sevdiyini, onun üçün nə qədər
darıxdığından bəhs edir sətirlərində.
Alt mərtəbədə isə müxtəlif müəlliflərə
məxsus əlyazmalar, ziyarətçilərin dincəlməsi
üçün nəzərdə tutulmuş kafe, yenə
ziyarətçilərin istəklərinə görə
çala biləcəkləri bir piano və köhnə dərgilərin
ilk və son sayları sərgilənir.
Türkiyənin dördüncü ədəbiyyat
muzey kitabxanası olan bu məkanın Tanpınarın
adını daşıması təsadüf deyil. 1920-ci illərdə
Ahmet Hamdi Tanpınar rəhbərliyi ilə Sanay-i Nəfisə
Məktəbinin ədəbiyyat şurası bu köşkdə
fəaliyyət göstərməyə başlayır. Ədəbiyyata
yön verən xeyli tənqidlər, söhbətlər,
mübahisələr bu köşkdə baş verir. Beləcə
köşkün taxta döşəmələrinə, sərt
divarlarına, işləməli hündür tavanlarına
padşahların olduğu qədər ədəbiyyatçıların
da səsləri, nəfəsləri hopur.
Yaşadıqları dövrdə padşahların xalqa baxan
gözü olan köşk, bu gün önəmli fikir
insanlarının, ədəbiyyatçıların xalqla
görüşdüyü yerdir.
Muzey, mütəmadi olaraq şeir gecələrinə,
ədəbiyyat söhbətlərinə ev sahibliyi edir. Həm
muzey həm ədəbiyyatsevərlər üçün
bundan yaxşı nə ola bilər?!
Bu tarixi məkanın hər otağı başqa aləmdir.
Bir kitab seç, dünyanı “səssiz rejimə al”,
Gülhanə parkının ulu ağaclarına baxan pəncərələrdən
birinin qarşısında otur, çayını, ya da qəhvəni
içə-içə hüzur içində vaxt
keçir, eyni zamanda tarixə şahidlik edən bir məkanın
parçası ol! Daha nə olsun?
Türkan TURAN
525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.17.