MİLLƏT ÜZÜYÜNÜN
QAŞINDAKI ŞƏKİL
Hərənin qəlbindən gələn, dilinə
yatan öz andı və bəzən də andları olur. Biri
Allaha and içir, biri digər müqəddəsata, birinin and
yeri valideynləridir, digəri üçün
balalarının canı, biri bərəkətə and
içir, biri namusuna. Sadalasan, lap çox olar və adətən
də andların çoxu elə bir-birini təkrarlayır.
Bizdə də, dünyanın başqa xalqlarında da.
Ancaq onun kimi and içən tək özü olub və
ömür yoluna, təbiətinə, davranışlarına
daha artıq nüfuz etdikcə anlayırsan ki, bu andında o,
tam səmimiymiş, nabələdlərçün hətta
çöçün gələ biləcək həmin and
ürəyinin dibindən qopub gəlirmiş və ətrafındakılardan
onu yaxşı tanıyan hər biri də qəti əminmiş
ki, bu adamçün bundan ülvi, bundan yüksək and ola
bilməz. Çünki dilinə qonmuş bu andın
onunçün müqəddəsliyin uca mərtəbəsi
olduğuna da şahiddilər, bu andın onunçün elə
Qutsal Kitaba əl basmaq, anasının-bacısının ismətinə,
çörəyə, vicdana and içməyə bərabər
olduğunu dərk edirdilər.
Ərəblinskinin ən köhnə
silahdaşlarından biri, 1907-ci ildən onunla yoldaşlıq
etmiş Əlabbas Rzayev xatırlayırdı ki, “Hüseyn səhnəyə
məcnuncasına aşiq idi. O, bəzən ciddi zamanlarda and
içərkən deyirdi “Səhnə haqqı, düz deyirəm”.
Bakıda da, qastrollara gedəndə də həmişə
birlikdəymişlər, hətta başqa şəhərlərə
səfərlərində də mehmanxanalarda eyni otaqda gecələyirmişlər
və çox sirdaş olduqlarından hərdən Ərəblinski
Aleksandr Dümanın “Kin” dramının qəhrəmanı
Edmund Kinə işarə edərək Əlabbasa deyərmiş:
“Mən yolsuzlar dahisi Kinəm, sən isə mənim
suflyorumsan”.
Ərəblinskiyə bu qədər yaxın olan
Əlabbas Rzayev onun teatra sadəcə vurğun, bağlı
deyil, məhz məcnuncasına aşiq olduğunu
yazırdısa, təbii ki, illər boyu gözü ilə
gördükləri və duyduqlarına əsaslanırdı.
Ərəblinskinin gənclik dostlarından olmuş, XX
əsrin əvvəllərinin teatr həyatımızın ən
fəallarından biri, sonralar - sovet dönəmində də
Dram teatrında çıxışlarını davam
etdirmiş Əməkdar artist Murad Muradov (1884-1964) əlyazması
Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində
saxlanan xatirələrində də böyük aktyorun dilindən
“Səhnəyə and olsun!” sözlərini tez-tez eşitdiyini
təsdiqləyir.
Azərbaycan Dövlət Teatr Muzeyinin müraciətinə
əsasən 1939-cu il avqustun 14-də yazaraq Bakıya göndərdiyi
və indi muzeyin fondlarında qorunmaqda olan 3 vərəqlik
xatirələrində maarif xadimi və Əmək qəhrəmanı
Əlimirzə Nərimanov xəbər verirdi ki, 1911, 1912,
1913-cü illərdə Ərəblinskinin Gürcüstana səfərləri
əsnasında onu çox görüb, sabiq Müsəlmanlar
Auditoriyasında, Zubalov adına Millətlər Evində
(sonrakı Marcanaşvili teatrı), Artistlər Cəmiyyəti
Teatrında (sonrakı Rustaveli teatrı), Gürcü Dvoryan
Klubunda qoyduğu və baş rollarda oynadığı
tamaşalara dəfələrlə baxıb, hətta bəziləri
haqqında resenziyalar da yazıb və əlavə edirdi ki,
Gürcüstanda olduğu dövrlərdə Ərəblinski
sonralar məşhurlaşacaq bir neçə sənətkarı
da yetişdirib. Bir-bir əvvəlcə həyatda olanların
- mərhumun tələbəsi olmaları ilə fəxr edənlərdən
Xalq artisti İbrahim İsfahanlının, İrəvanda
rejissor işləyən Əli Şahsabahlının, Gəncədə
aparıcı aktyor və rejissor olan Musa oğlu Əhməd
Salahlının adlarını çəkir, daha sonra
artıq dünyasını dəyişmiş olan Mir Seyfəddin
Kirmanşahlının, Məmmədtağı Ələsgərovun,
Əlibala Babazadənin üstünə gələrək
onların da şəxsi söhbətləri zamanı həmişə
Ərəblinskini minnətdarlıqla
xatırladıqlarını, ustadları hesab etdiklərini
bildirirdi. Və həmin ən əhəmiyyətli məqamlarından
biri də Əlimirzə Nərimanovun Ərəblinski ilə əlaqədar
ayrı bir müşahidəsidir ki, misilsiz aktyorun teatr məcnunluğu
söhbətini dəqiqliklə tamamlayır: “Mərhum Tbilisidə
çalışan zaman onunla tez-tez görüşərdim. Səhnə
söhbətindən başqa o, bir söz bilməzdi və
danışmazdı”.
Qeys ibn Müləvvəh - tarixdə qalan gerçək
Məcnun haqqında əski salnamələrdə əksini
tapmış, Əbülfərəc İsfahaninin “Kitab ul-əğani”də
əks etdirdiyi və Məhəmməd Füzulinin də
“Leyli və Məcnun” məsnəvisinə gətirdiyi bir məqam
var. Səhralara düşmüş, Məcnuna
dönmüş Qeysə başqa nədən söz
açanda kirimişcə baxar, kəlmə kəsməzmiş,
amma Leylidən danışmağa başlanınca sanki
dirçələr, söhbətə qoşularmış.
Ona görə də hətta günlərin birində
biçarə atası ardınca yollanaraq Qeysi düzəngahda
tənha tapıb ürəyi parçalana-parçalana nəsihətlər
etməyə başlayanda Məcnun dilə gəlmişdi:
Sözlər ki deyirsən, etmərəm guş,
Leyli sözü söylə, yoxsa xamuş!
Teatrdan savayı, digər Allah-bəndə söhbətlərinə
vaxt sərf etmək eyninə gəlməyən, teatr
sevdası bütün varlığına hakim kəsilmiş
Ərəblinski səhnəyə məhəbbətin məhz
belə ali cünunluq dərəcəsindəymiş!
(Bir-biri ilə səsləşən xatirələrə
etibarımız öz yerində, amma biz gerçək həyatda
da teatr məcnunluğunun nə təhər olmasına
yaxın məsafədən şahidlik etmişik axı!
Unudulmaz Baba Mirzəyev Mahmudoğlu (1940-2006) Azərbaycan
Dövlət Neft və Kimya İnstitutunu (indi Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti) əla qiymətlərlə
bitirmişdi, mükəmməl savadı, geniş
dünyagörüşü vardı, çox gözəl
mühəndis ola bilərdi, ancaq musiqiyə olan eşqi
üstün gəldi, günlərin birində Məcnun rolunda
çıxış edə bilmək üçün Opera
teatrında məccani işləməyə də
razılıq verdi, hətta dəlilərin ruhi
hallarını dərindən öyrənməkçün
aylarla dəlixanada vaxt da keçirdi və ustad Bəhram
Mansurovun sözlərini də heç unutmuram. Adətən
yeni Leyliləri və Məcnunları o hazırlayardı, odur
ki, sabahkı həmin baş rol ifaçılarının
hamısının yolu dərslər almaqçün Bəhram
müəllimin qonaqpərvər mənzilindən keçərdi.
İlk dəfə Baba Mirzəyevlə
görüşünü xatırlayırdı ki, səsini
dinləyib bəyənəndən, amma ovaxtkı çox gəncin
həsrətində olduğu AZİİ-ni əla bitirdiyi
halda ən cüzi maaşla, hətta bu mümkün olmasa, məvacib
almadan Opera teatrında işləməyə hazır
olduğunu söyləyən Babadan soruşubmuş: “Sən
özünü həkimə göstəribsən?” Sadədil
cavan da dərhal səmimiyyətlə cavab veribmiş ki, bəli,
sağlamam, lazım olsa arayış gətirərəm. Bəhram
müəllim gülübmüş ki, yox e, onu demək istəyirəm
ki, başı salamat, ağlı yerində olan bir adam o
qırmızı diplomla sabahının necə olacağı
bilinməyən belə istəyə düşərmi?
Əlbəttə, adi güzəran məntiqi ilə
düşünülərsə, ağlı olan belə etməz,
amma könlündəki sevginin məcnunluq halına gətirdiyi
adamın məntiqi sıradan olan insanların qənaətləriylə
tən gəlmir axı!
Baba Mahmudoğlunun sənətdə layiq olduğu
sevimli yerini tutmaqçün hansı fədakarlıqlardan
keçməsinin tarixçələri də yaxşı bəllidir.
O, nəhayətdə arzusuna çataraq səhnəmizin ən
yaxşı Məcnunlarından birinə də çevrildi və
içərisindəki teatr məcnunluğu olmasaydı, təbii
ki, heç vaxt həmin uğura da yetə bilməzdi).
...Hüseyn Ərəblinski özü
özünü yetişdirərək bütün təbii və
süni maneələrə rəğmən, zirvəyə dikəlməyi
bacarmış müstəsna idi. Ancaq bunu edə-edə həm
də durmadan və usanmadan özünə layiqli
silahdaşlar tərbiyələndirmək, azacıq da olsa
işıq gördüyünün yolunu açmaq səmtində
çalışmışdı.
Əslində Əhməd Səfərov olsa da, mədəniyyətimizin
yaddaşında Əhməd Anatollu (1894-1973) kimi əbədiləşmiş
o məşhur aktyor və şairi yeniyetməlik
çağlarında qır qazanının yanından,
daş daşıdığı, palçıq
qarışdırdığı tinlərdən qopararaq səhnənin
zərif dünyasına gətirən Ərəblinski
olmuşdu. Babası qırçı imiş, atası bənna,
bəxt onu Ərəblinski ilə tuş salmasaydı,
artıq şəraitin ailə üçün
cızmış olduğu bu peşə dairəsindən kənara
çıxası deyildi ki! Ərəblinski özü əvvəlcə
ona bir-iki xırda rol verir, sonra bu fərasətli gənc
haqqında Üzeyir bəyə, Zülfüqar bəyə
söz açır, onlar da dəvət edirlər,
“Arşın mal alan”da Vəlini tapşırırlar, sonra “O
olmasın, bu olsun”dakı sadəcə Hambal rolu ilə ad
çıxarmağı bacarır.
Əhməd Anatollu ustadı və dayağı Ərəblinskidən
sonra yarım əsrdən artıq yaşadı, dəfələrlə
ən müxtəlif səhnələrdə
çıxış etdi, amma axıracan da hər Ərəblinskini
düşünəndə özünü şagird kimi təsəvvür
etdi və ondan aldığı unutmadığı dərslərin
xeyrini də həmişə gördü. Özü etiraf
edirdi: “Bir dəfə “Ağa Məhəmməd şah Qacar”da
gərək mən diz üstə oturaydım yerə. Bunu
bacarmadım. Ayağa qalxıb gəldi yanıma. Məni bir tərəfə
çəkib ütülənmiş şalvarla lapdan yerə
oturdu. Dedi ki, xanın qabağında gərək sən belə
diz vurasan. Bu yerdə istədim rolumu danışam. Birdən
başımı qaldırıb baxdım Ərəblinskiyə.
O da mənə tərəf baxdı. Zəhmindən sözlərimi
yadımdan çıxartdım. Dedi ki, ayıq ol, aktyorlar səni
səhnədə çaşdıra bilərlər, gərək
çaşmayasan”.
Bu hadisədən sonra səhnədə mənə
kim baxsaydı, kim atmaca atsaydı, çaşmazdım.
İndi də onun göstərişləri qulaqlarımda
qalmışdır”.
Bu sözlər deyiləndə 1971-ci il idi və
Əhməd Anatollu 77 yaşında idi. Ərəblinskinin
verdiyi hər öyüdün belə uzun sürən təlqinedici
gücü varmış. Belə öyrətməyi də ona
görə məharətlə bacarırdı ki,
oynadığı rollar kimi, dediyi ürəkdən gəlirdi,
inanaraq söylədiyindən inandıra bilirdi və ona
görə də inanardı ki, bütün bu
çala-çuxurlardan özü də adlamalı
olmuşdu. Kənardakı it-qurd öz yerində, elə
teatrın içərisində, həmkarları arasında da
ona badalaq vurmaq istəyənlər, paxıl tələlər
quranlarla çox rastlaşmışdı.
Vaxtilə Ərəblinskinin həmişə
uğurla oynadığı “Nadir şah”ın növbəti
tamaşalarından birində kütləvi səhnədə
iştirak edənlərdən olmuş Hüseyn Quliyev yada
salırdı ki, Hüseynin sevdiyi tamaşalardan olan “Nadir
şah” gedirdi və onu tamaşaçıların
gözü qarşısında çətin vəziyyətə
salmaq, pərt etməkçün hansı xəbissə
üstündə mətn olan namə əvəzinə Nadir
şaha - Ərəblinskiyə boş vərəqi
ötürür. Nadir şah məktubu alır, ucadan
oxumalıdır, bu mətn də məhz üzündən
oxumaqçün nəzərdə tutulduğundan əzbərlənmirmiş,
ancaq Ərəblinski baxır ki, vərəq ağappaqdır,
bura kəlmə də yazılmayıb. Saman altdan su yeridən
kərtənkələlərə bənzəyən, üzdə
gülüb arxada ayaq altı qazan riyakarların belə
cılız sancmalarına çoxdan adətkərdə
olduğundan Ərəblinski hər qəfil həmləyə
daxilən hazır idi. Bu vəziyyətdə də
özünü itirmir, məktubu uzadır böyürdə
dayanmış Mirzə Mehdi xan rolunu oynayan aktyora ki, al, bu naməni
oxu!
Onun dili topuq vurur, ancaq o da müşkül vəziyyətdən
çıxa bilir. Deyir ki, qible-yi aləm, çeşməyim
evdə qalıb.
Hüseyn Quliyev bütün bunları ən yaxın məsafədən
görmüşdü, çünki özü də səhnədə
idi və pərdə salınandan sonra məktubun
yazılı nüsxəsinin artistlərdən birinin cibindən
çıxdığına da şahid olmuşdu. Ancaq onun
gözlədiyinin əksinə olaraq, Hüseyn Ərəblinski
bu iyrəncliyi təmkinlə qarşılayaraq deyibmiş ki,
bu, hələ yüzdən biridir.
Ərəblinskiyə məhrəm olmuşların bir
çoxunun xatirələrində bu da var ki, hərdən bərk
əsəbiləşməyi də varmış. Ən
müxtəlif irili-xırdalı neştərləmələrə
dözərək üzdən nə qədər sakit
görünsə də, hirs içəridə
yığılırmış və həmin daxili gərginlik
də yadlar yanında deyil, elə ən yaxınların əhatəsində
olduğu anlarda hərdən partlayırmış. Yada salırlar
ki, bəzən belə anlarda özünü unudacaq qədər
qeyzli olurmuş. Elə qəzəbinin kükrədiyi həmin
anlardan birində, qətlindən günlər öncə
bütün fotolarını cırıb atıbmış.
Ərəblinski isə bircə Bakıda deyil, yəqin,
qastrolda olduğu digər şəhərlərdə də
xeyli şəkillər şəkdiribmiş, həm də
yalnız tək yox, dost-tanışlarla da. Özündəkilərin
hamısı hisslərinin tarım çəkildiyi bir
anın içində beləcə məhv olub. İndi əlimizdə-ovcumuzda
qalanlar onun-bunun arxivindən toplanmış 4-5 şəkildir.
Əslində bu da bədxahlarının dolayısı ilə
Ərəblinskiyə etdiyi daha bir pislikdir. Həmin Hüseyn
Quliyev bunu da yada salır ki, Ərəblinski sinirli olmasına
baxmayaraq, çox mehriban, yumşaq ürəkli adamdı, əsəbləri
qıcıqlanan zamansa özünü itirərdi,
ölümündən bir neçə gün qabaq şəkillərini
cırıb atmasının səbəbini Asiyadan soruşanda
qayıtdı ki, xasiyyətini bilmirsən, əsəbiləşmişdi.
...Onun gələcəkdə aktyor ola biləcəyini
heyrətli bəsirətliliklə hələ uşaqlıq
çağlarında Buzovna kəndində püxtə bir
şair görmüşdü. Artıq özünün həyatda
olmadığı çağlarda qızının da
(sonraların məşhur teatr və kino aktrisası Nəcibə
Məlikova) səhnəyə bağlanacağı
Haşım bəy Saqib balaca Ruhullanın (gələcəyin
Sidqi Ruhullasının) şəbih mərasimindəki oyununu
görəndən sonra ona “Sən artistsən!” demişdi,
sözü çin də çıxdı. Ruhulla hələ
xeyli gənckən bir axşam yoldaşları ilə
Tağıyev teatrında Mirzə Fətəlinin “Lənkəran
xanının vəziri” pyesini görür və oradakı,
öz sözü, “bir oğlanın” oyunu onu necə təsirləndirirsə,
özü kimi həvəskarları da yığıb teatr
göstərməkçün bir dəstə yaradır. Yenə
öz sözü, Nəcəf bəy Vəzirovdan seçdikləri
“Adı var, özü yox”u 24 gün məşq etdikdən
sonra qərara alır ki, həmin teatrda gördüyü
oğlanı tapıb ondan məsləhətlər alsın.
Ruhulla durub gəlir artist Hüseyn Xələfovun evinə.
Tanış olurlar və söhbət əsnasında
Hüseyn bunu da deyir ki, məşhur rus artistləri ilə
çox məktublaşır, bir məktub göstərir ki,
bunu da lap yenicə Stepan Leonidoviç Kuznetsovdan
almışam.
Hüseyn köməyini əsirgəmir və
1906-cı il martın 29-da Balaxanı kəndindəki
“Balaxanski krujok” adlanan binada Ruhullagil Ərəblinskinin köməyi
ilə hazırladıqları ilk tamaşalarını verirlər,
yenə Hüseynin rejissorluğu ilə daha bir tamaşa
hazırlamağı qət edirlər və həmin günlərlə
bağlı Sidqi Ruhullanın Ərəblinskidəki yüksək
peşəkarlığa dəlalət edən bir qeydi çox
diqqətəlayiqdir: “Bu cür həvəskarlarla məşq
keçəndə və onlara rejissorluq edəndə bir rolu
özü necə oynayırsa, həvəskarlara da o cür
öyrədərdi”.
Mənəviyyat Kitabımıza adı əbədilik
həkk edilənlərdən olan böyük aktyor Sidqi
Ruhullanın həyatındakı bir çox nübarlar - əvvəlinci
dəfə böyük səhnəyə
çıxmasından ta ilk dəfə kostyum geyinməsinəcən,
birinci dəfə qalstuk taxmasından öz yeni başlanan
aktyor ömründə qastrol səfərini siftə eləməsinəcən
çox təzəliklər Hüseyn Ərəblinskinin
adı ilə bağlı olmuşdu. 1939-cu ildə
ustadını və həmkarını sayğıyla anan
Sidqi Ruhulla 30 il geriyə - 1909-cu ilin aprelinə (Sidqi
özü “may” göstərir. Ancaq bunun yanlış
olduğunu vaxtilə Ərəblinskinin ömür salnaməsini
hazırlayan teatr sərrafımız Qulam Məmmədli dəqiqləşdirib)
qayıdaraq yazırdı ki, Ərəblinski ilə eyni
tamaşada çıxış edəndən sonra teatra bir
könüldən min könülə vurulmuşdum, qət eləmişdim
ki, işlədiyim dükanla üzülüşüm, teatrla
birdəfəlik bağlanım. Axşamüstüydü,
bulvarda Hüseyn Ərəblinski ilə gəzib söhbətləşirdik,
nəsə çox fikirli idi, ard-arda elə hey papiros çəkirdi,
arada bir skamyada əyləşdik, xeyli sükutdan sonra
handan-hana dilləndi ki, yaxşı olardı uşaqlardan bir dəstə
yığıb qastrol səfərinə çıxaydıq.
Gördü ki, nəsə məndən bir reaksiya olmadı,
dübarə soruşdu ki, məgər sən qastrola getmək
istəmirsən? Yenə təəccüblə onun
üzünə baxdım. Dedi, axı qastrol olmasa, bizim işlərimiz
irəli getməz. Mən də soruşdum ki, qastrol nə deməkdir?
Gülümsündü, dedi, qastrol odur ki, bir dəstə
aktyor yığılır, gedir hansısa başqa bir şəhərə,
ayrı bir vilayətə, tamaşalar verməyə.
Ruhulla bu eşitdiyinə çox sevinir və
soruşur ki, burda nə var, gedək də, gözəl
işdir, o qədər həvəskarlarımız var, 10-15 nəfəri
asanlıqla yığarıq. Ərəblinski də
qayıdır ki, yox, sən buna belə asan iş kimi baxma, o həvəskarların
hərəsinin öz külfəti, öz
dolanışığı var, teatrda oynayanların bir
çoxu buna əyləncə, baş qatmaq vasitəsi kimi
baxır. Ailəsindən əlavə, həm də onların
hər birinin ticarəti, hərəsinin işlədiyi bir
dükan, idarə var, onu da qoyub getməzlər axı. Sidqi
razılaşmır ki, nə qədər olmasa, beş-on nəfər
tapa bilərik. Bu dəfə də Ərəblinski etiraz edir
ki, tutalım adamları yığdın, amma harasa gedib
çatmaq üçün yol xərci tələb olunacaq,
mehmanxanada qalmağın, yemək-içməyin də
hamısı məsrəflərdir. Sidqi xatırlayırdı
ki, bu söhbətləri edib fikirli-fikirli bir-birimizdən
ayrıldıq. Ertəsi gün görüşəndə mən
Ərəblinskiyə dedim ki, pulu tapmışam. Həm
sevindi, həm də təəccübləndi və dərhal
maraqlandı ki, pulu haradan tapdın? Əvvəlcə demək
istəmirdim, amma Ərəblinski əl çəkmədi, təkid
elədi, cavab almayınca sakitləşmədi, mən də
boynuma aldım ki, evdə bəzi artıq şeylər
vardı, onları satdım.
“Fədai” bir kiçicik sözdür, amma içərisində
od olan, işıq daşıyan kəlmədir. “Fədai” “məslək
uğrunda özünü qurban verən” deməkdir. Sidqi
Ruhulla cavan oğlandı, kasıbyana dolanırdı, yüz
cürə ehtiyacı vardı, ancaq əlində-ovcunda
olanı da teatrın xatirinə satmışdı ki, həyatında
ilk dəfə qastrol səfərinə çıxa bilsin.
Onlar - bu fədailər səhnəni, teatrı belə
atəşin məhəbbətlə seviblər, ömürləri
boyu teatrda bu cür sonsuz məhəbbətlə yaradıblar
və həmin fədakar sevgidəndir ki, onların adı
xalqın bağrının başında daim yaşayır və
yaşayacaq da.
...Nə qədər ki təqvimdə XX yüzil idi,
XX yüzilin 60-70, hətta bir az da 80-ci illəri
yaşanırdı, o, məsafəcə bizə yaxın
görünürdü. XXI əsrdir, üçüncü
minillik başlayıb. Sanki Ərəblinski məsafəcə
bizdən uzaqlaşıb. Ancaq vaxt ötdükcə o, bizə
daha artıq yaxınlaşır, belə
qurucularımızın qədrini-qiymətini daha artıq
anlamağa başlayırıq. Lakin burası da var ki, ötən
zaman belə şəxsiyyətləri ahəstə-ahəstə
bir əfsanəvilik dumanına da bürüyür. Amma
1960-70, bir az da 80-ci illərin əvvəllərində onu elə
səhnədə gördüyümüz aktyorlar kimi
canlı, yaxından təsəvvür eləmək fürsətimiz
daha çoxdu. Çünki Ərəblinskini
uşaqlığında, yeniyetməliyində səhnədə
görmüş, onunla təmasa girmiş insanların
neçəsi həyatdaydı, xatirələrini
bölüşürdülər, bu yolla da sanki Ərəblinski
XX yüzilliyin əvvəllərindən qayıdırdı həmin
günlərin içərisinə, onun parlaq şəxsiyyəti
göz önündə elə müasirimiz kimi
canlanırdı.
Mustafa Mərdanov Ərəblinskini səhnədə
görənlərdən, onunla kəlmə kəsənlərdən
idi, onunla Tiflisdə öz evlərində eyni masa arxasında
oturmuşdu, çörək kəsmişdilər, dərdləşmişdilər.
Mustafa Mərdanov gözümüzün
qarşısındaydı, səhnədə
çıxış edirdi, ayrı-ayrı filmlərdə
rollar ifa edirdi, ona baxırdıq, Hüseyn Ərəblinskini də,
həmin nəslin itirdiyimiz aktyorlarını da yad edirdik.
Hüseyn Ərəblinskini görənlər, onunla təmasda
olanlar üçün teatrın da mənası
büsbütün başqaydı. Çünki onu
görmüşdülər, onun səhnəyə, teatra məhəbbətinin
şahidi olmuşdular, anlamışdılar ki, bu, sevginin
fövqündə dayanan hiss, yolunda ölümə gedilə
bilən məsləkdir.
Mustafa Mərdanov 1953-cü ildə - Hüseyn Ərəblinski
ilə əbədi ayrılıqdan 34 il keçəndə
xatirələrini qələmə almışdı. Ancaq
açıqca etiraf edirdi ki, bu qədər müddət
ötsə də, nağıl etdikləri gözləri
önündə dünən baş veribmiş kimidir. Mustafa Mərdanovun
uşaqlığı, gəncliyi Gürcüstanda
keçmişdi. Tiflis oçağlar Qafqazın mədəniyyət
mərkəzlərindən biri və bəlkə də əsası
idi. Qafqaz canişinliyinin orada yerləşməsinin də təsiri
az deyildi. Ayrı-ayrı qaynaqların yazmasınca, o vaxtlar
yalnız Tiflisdəki azərbaycanlıların sayı yüz
mindən çoxmuş. Orada teatr həyatı da qaynar
inkişaf edirmiş, ayrıca Azərbaycan teatrı da fəaliyyətdə
imiş. Mərdanov yada salırdı ki, 1912-ci ildə
gimnaziyada oxuyurdum və vəziyyətim də ürəkaçan
deyildi. Qanqaraçılıq da ondan ibarətmiş ki, Mustafa
teatra meyil etdiyindən onu gimnaziyadan kənarlaşdırmaq qərarı
verilibmiş. Və yeniyetmə Mustafanın gimnaziyadan
qovulduğuna görə dilxor olduğu həmin vaxtlarda
Hüseyn Ərəblinski Tiflisə qastrol səfərinə gəlir.
Səhnə ömrü boyunca Ərəblinski
Gürcüstanda 5 dəfə qastrolda olmuşdu. Mustafa Mərdanovun
öz yazmasınca, atası da, əmisi də maarifpərvər,
teatra çox yaxın insanlarmış. Ona görə də
Bakıdan gələn aktyorların əksəri mütləq
onların evlərindən keçirmiş və olmazdı ki,
Ərəblinski Tiflisə gələ, bu evə dəvət
olunmaya. Axşam evlərində Mustafa ürəyini Əəblinskiyə
açır, gimnaziyada üzləşdiyi çətinlikdən
bəhs edir, deyir ki, orada mənim qarşımda sərt şərt
qoydular - ya başını aşağı salıb gimnaziyada
təhsillə məşğul olacaqsan, dərslərini
oxuyacaqsan, ya da o teatr, o sən.
Mustafa da səhnəni bütün qəlbi ilə
sevdiyindən teatrı seçmişdi və əhvalatı
Ərəblinskiyə söyləyəndə məşhur
aktyorun qaşları çatılır ki, yox, Mustafa, təhsilsiz,
biliksiz əmələ gəlməz, artist gərək
savadlı ola, daim oxuya. Özünü misal gətirir ki, bu mərtəbəyə
çatmışam, ancaq oxumaqdan, öyrənməkdən
usanmıram, hələ məqsədim də var ki, gedəm
Moskvada yaxşı teatrlardan birində məşhur aktyorlarla
bahəm müəyyən müddət
çalışım ki, səriştəm bir az da
artsın.
Mustafa Mərdanov bunu da yazırdı ki, Ərəblinskinin
əlindən kitab düşməzdi, Puşkini, Qoqolu,
Şekspiri, Şilleri çox oxuyardı, 1912-ci ildə evimizə
gəldiyi vaxtda “Boris Qodunov”dan iri-iri parçaları əzbərdən
söylərdi.
Ərəblinskinin xasiyyətindəki bir əlamət
də Mustafa Mərdanovun yaddaşında o böyük aktyorun
ən müsbət keyfiyyətlərindən biri kimi
qalmışdı. Yazırdı ki, tənqiddən
xoşlanmayan bir çoxlarından fərqli olaraq, Ərəblinski
kənardan söylənən rəyə, onun haqqında deyilən
tənqidi fikirlərə də xoş münasibət bəsləyirdi.
Həmin dövrün mətbuatını qaldıranda
Hüseyn Minasazovun ümumən teatr həyatı və
xüsusən də Hüseyn Ərəblinski ilə
bağlı silsilə yazıları ilə
qarşılaşırıq. Həmin yazıların
hamısında birincisi, yaxşı təhlil var, ikincisi də,
Ərəblinskinin sənətkar obrazına, ifa etdiyi surətlərə
açıq hüsn-rəğbət duyulur. Fəqət
Mustafa Mərdanov Hüseyn Minasazovla Hüseyn Ərəblinskinin
söhbətinin şahidi olmuşdu. Ərəblinski
Minasazovdan rica edibmiş ki, məni çox tərif eləmə,
yaxşı aktyoram, bunu özüm də bilirəm, sən
daha çox tənqid elə, nöqsanlarımı göstər,
mənə “kazyonnı tənqid” lazım deyil.
Hüseyn Ərəblinskinin hazırladığı
tamaşalara, oynadığı rollara son dərəcə
ciddi münasibəti haqqında müasirlərinin xatirələri
yetərincədir. Ancaq Mustafa Mərdanovun qələmə
aldığı xatirələrin bu məqamda vacib bir özəlliyi
də ortadadır ki, o, ümumən təqdirli sözlər
deyərək keçmir, yaddaşlarını əyaniləşdirməkçün
hər dəfə nümunə də çəkir, baş
vermiş hadisəni rəvayət edir. Ərəblinskinin
Tiflisə növbəti səfərlərindən biri
imiş, Bakıdan hazır gətirdikləri tamaşalar
öz yerində, burada da istəyirlərmiş ki, Qoqolun
“Müfəttiş”ini yerli aktyorları da cəlb etməklə
səhnəyə çıxarsınlar. Ərəblinski
özü Xlestakovu oynayacaqmış və Dobçinski rolu
da Mustafa Mərdanova həvalə edilibmiş. Ancaq məşqlər
bir neçə gün fəallıqla davam etsə də,
Ərəblinski son olaraq bu tamaşadan imtina edir. Səbəb
də qadın rollarını ifa edən aktyorların onun qəlbinə
yetərincə yatmaması idi. Üzdən baxanda sanki güzəşt
eləmək olardı. Onsuz da səhnədə
qadınqıtlığı ucbatından bu istiqamətdə
sıxıntıları həmişə vardı. Digər tərəfdən,
Tiflisə bu gəlişlərində yaxşı tamaşalar
gətirmişdilər və yerli teatr həvəskarlarında
da xoş təəssürat yaranmışdı. Ancaq Ərəblinski
həm özünə, həm də kollektiv iş
saydığı teatra münasibətdə o qədər tələbkarmış
ki, bütün komponentlər tam yerində olmayınca
tamaşanı göstərməyi düzgün
saymırmış.
Hüseyn Ərəblinskinin yaşından, təcrübəsindən
asılı olmayaraq, bütün aktyor yoldaşlarına həssas
münasibətinin, bütövlükdə tamaşa ilə əlaqədar
hər incəliyə hövsələ ilə
yanaşmasının bir sübutunu da Mustafa Mərdanov
başqa yaddaşı ilə çatdırır. Yazır ki,
Hüseyn Ərəblinskinin rəhbərlik etdiyi truppa növbəti
dəfə Gürcüstana təşrif gətirmişdi,
paytaxtda tamaşalar göstəriləcəkdi, biz
afişaları da burada, Tiflisdə hazırlamışdıq,
sabah Tiflis küçələrindəki afişa dirəkləri
və lövhələrinə yapışdıracaqdıq.
Sanki teatr həyatı ilə bağlı gündəlik
adi iş. Ancaq Ərəblinski deyir ki, afişanı da gətirin,
baxacam. Gətirirlər, baxır, deyir artıq bu, çap
olunub, amma elə bu gecə üstündə düzəliş
edin. Soruşurlar ki, nə düzəliş, adların
hamısını yazmışıq, hansı oyunları kim
oynayacaq, dəqiq göstərilib. Ərəblinski deyir ki,
göstərəcəyimiz bu tamaşada da, bundan
sonrakılarda da yalnız Bakıdan gələnlər
iştirak eləmir axı, burada sizlərin də əməyi
var. Ancaq işin ağırlığı, tamaşanın təşkili
ilə bağlı yükün çoxu sizin çiyninizdə
olduğu halda götürüb mənim adımı rejissor
yazmısınız. Onsuz da mən rol ifa edirəm, rejissor kimi
məni oradan silin, rejissor olaraq Abbasovun soyadını
yazın.
Mustafa Mərdanov Hüseyn Ərəblinski ilə
görüşlərinin üstündən onillər
keçəndən sonra da unutmadığı anlardan daha
birini dirildirdi - 1916-cı il, Ərəblinski yenə Tiflisdədir,
konsert gedir. Ərəblinski həmin konsertdə
ayrı-ayrı monoloqları söyləyəcəkmiş.
Çıxır səhnəyə, Hamletin “Həyat, ya məmat!”
(“Olum, ya ölüm”) monoloqunu söyləyib səhnədən
gedir. Sonra başqa bir müğənni gəlir,
mahnısını oxuyur, ardınca digər aktyor
çıxır, şeir deyir, yenə müğənni, yenə
mahnı. Ancaq Ərəblinskinin söylədiyi monoloq zalda
oturanları elə sehrləyir ki, sanki ondan sonra oxunan, söylənən
parçalar heç yoxmuş.
Mustafa Mərdanov bunu xatırlayır ki, Ərəblinski
Tiflisə hər gəlişində yerli aktyorları,
rejissorları yığırdı bir yerə, öyüd-nəsihətlərini
verirdi. Onunla hər görüş elə bir dərs kimi idi.
Başlıca nəsihəti bundan ibarət idi ki, aktyor gərək
rolu dərk eləsin, ola bilər ki, sən rolunun mətnini
çox gözəl yadda saxlayasan, heç suflyora-filana da
ehtiyacın olmasın, ancaq rolu dərk etməsən, onu
tamaşaçını inandıracaq səviyyədə
çatdıra bilməyəcəksən. Rolu yaxşı dərk
etsən, 50 yaşında da olsan, gənc bir insanın hisslərini
çox inandırıcı şəkildə ifadə etməyi
bacaracaqsan.
Ərəblinskinin özünün ifasındakı
inandırıcılığın, təsir
gücünün hansı səviyyədə olması ilə
bağlı Mustafa Mərdanov misal çəkir. Yada
salırdı ki, müxtəlif illərdəki Tiflis
qastrollarında Hüseyn Ərəblinskinin ifa etdiyi
bütün rollar gözəl idi, ancaq hər halda
yaratdığı surətlərdən ikisi təsir
gücü baxımından bənzərsiz idi - biri Əhməd
bəy Şamxal surəti, digəri də Ağa Məhəmməd
şah Qacarın obrazı.
Hüseyn Ərəblinskini Tiflis səhnəsində
Əhməd bəy Şamxal rolunda Mustafa Mərdanovun
gördüyü vaxtdan 40 ilə yaxın bir zaman keçirdi,
amma xüsusi vurğulayırdı ki, o həyəcan, o təsir
yenə içərimdədir. Etirazçı, dikbaş
Əhməd bəy Şamxalı ayağı qandallı məhkəməyə
gətirirlər. Mustafa Mərdanov xatırlayırdı ki, bu
anlarda Əhməd bəy Şamxalın - Ərəblinskinin
duruşu, həmin dəqiqələrdə gözündə
parlayan işıq, söylədiyi sözlər elə cazibəli
idi, səhnədə baş verənlərə zalda
oturanların biri də biganə qala bilmirdi. Elə bil
zaldakılar da səhnəyə qarışmışdı.
Və həmin tamaşaya baxmağa gələnlərin
arasında jandarmlar, polis idarəsinin işçiləri də
varmış. Ərəblinski - Əhməd bəy Şamxal
ipə-sapa yatmazlıqdan deyən inqilabçı sözlərini
dilə gətirdikcə çar məmurlarının hər
biri özünü narahat hiss edirdi və bu narahatlıq
onların sifətində də əks olunurdu.
Yəni Hüseyn Ərəblinskidə
yaratdığı bütün əsas surətlərin
hamısında qarşısında oturanı özünə
tabe eləmək istedadı ali səviyyədəymiş. Ona
tamaşa edənlər içərisində olduqları
gerçək həyatı unudaraq əsl həyatın elə
səhnədə olduğu zənninə gəlirlərmiş
və bütün varlıqlarıyla, ruhlarıyla o baş verənlərə,
orada - səhnədə cərəyan edənlərə
qarışırlarmış.
Hüseyn Ərəblinskinin sözüdür, bunu
Mustafa Mərdanova da söyləyibmiş, müasiri olan bir
neçə başqa aktyorların da xatirələrindən
onun dilindən bu ifadənin qopması haqqında şahidliklər
var. O, aktyorluğu peşələrin, sənətlərin ən
yüksəyi hesab edirmiş. Və peşələrin, sənətlərin
ən yüksəyi hesab etdiyi aktyorluqla Ərəblinskinin
yalnız teatrda səhnədə olanda deyil, elə həyatın
içərisində də hər an yaşamasının bir
sübutu da Mustafa Mərdanovun ayrı, çox maraqlı xatirəsindədir.
Deyirdi ki, sonuncu dəfə mən Hüseyn Ərəblinski ilə
artıq Tiflisdə deyil, Bakıda, 1917-ci ildə
görüşdüm. Mustafa Mərdanovgilin ailəsindən
Tiflisə qastrolları əsnasında gördüyü diqqətlərin
əvəzini azacıq da olsa çıxmaq üçün
Hüseyn Ərəblinski Mustafanın Bakıya bu gəlişində
ona xüsusi qayğı göstərirmiş, hətta bir
teatra da aparıbmış. Mərdanov yada salırdı ki,
tamaşa Rus teatrında idi. Şillerin “Məkr və məhəbbət”i
oynanırdı. Oynayan aktyorlar da səviyyəli idilər.
Ancaq Ferdinandın sevgilisi Luizanı zəhərlədiyi səhnədə
Hüseyn Ərəblinski yerində rahat otura bilmirdi,
dodaqaltı Ferdinandın sözlərini
xatırlayırdı. Sifətinin ifadəsi də dəyişmişdi.
Sanki burada tamaşa salonunda oturmamışdı, elə səhnədəydi.
Yəni səhnədə arzuladığı kimi
yaradılmayan, görmək istədiyi kimi görmədiyi
Ferdinandı artıq elə yerindəcə oynayırdı
Tamaşa bitir, Ərəblinski qonağı
Mustafanı şam yeməyinə restorana aparır. Mustafa Mərdanov
yada salırdı ki, əyləşmişdik, çörəyimizi
yeyirdik, ancaq Ərəblinski hələ də o
tamaşanın içərisində idi, hələ də
Ferdinand idi.
Bu həssas xatirələrdə hər an sevdiyi surətlərlə,
canıyla bağlı olduğu teatrla, səhnə ilə nəfəs
alan, yaşayan Hüseyn Ərəblinski var. Məhz qısa
ömrü içərisində hər an sevdiyi rollarla,
canıyla bağlı olduğu səhnə ilə, teatrla belə
yaşadığına görə Hüseyn Ərəblinski
üstündən bu qədər zamanlar keçəndən
sonra da hər an yaşamaqda davam edir.
...Azərbaycan teatrı bu millətçün bir
altun üzüksə, Hüseyn Ərəblinski onun almaz
qaşı idi söylənərsə, bu, nə qədər
doğru olsa da, hər halda məcazi deyiş olacaq və daha
artıq - yıpranmış bir təşbeh kimi səslənəcək.
Ərəblinskininsə həyatda da, illah ki, səhnədə
zəhləsi gedən cəhət məcaziliyə aludəlik,
təkrarçılıq, nimdaşlıq idi. Ancaq Hüseyn
Ərəblinskinin taleyində məcazi anlamda - sözdə
deyil, elə gerçəkdən də qızıl
üzüyün qaşına çevrilmək varmış.
Silahdaşlarından olmuş Hüseyn Quliyev 1960-cı illərin
ortalarında xatırlayırdı ki, Hüseynin
öldürülməsi o vaxt bütün Bakı əhalisini
- Ərəblinskini sevənləri də, sevməyənləri
də sarsıtmışdı və dəfndən sonra da
neçə günlər boyu adamlar aktyorun şəklini
yaxalarında gəzdirirmişlər. XX əsrin ilk onilliklərində
şəhərdə Ərəblinskinin məftunlarından
olan Mustafa Hacı Əbdülbağı oğlu adlı mahir
zərgər varmış.
O, qaş yerində Ərəblinskinin şəkli olan
üzüklər düzəldibmiş və Hüseyn Quliyev
xatırlayırdı ki, çoxları həmin üzükdən
alıb taxardılar, biri də məndə vardı.
Bu xalqın bir üzüyün qaşında şəklinin
hər gün özü ilə birgə olmasını istədiyi
daha neçə sevimli aktyoru olub? Ümumən Hüseyn
Ərəblinskidən qeyrisi olubmu?!
2 iyun 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.14-15.