Ədəbi köşk: Nə var, nə
yox?
Mikayıl Müşfiqin adından plagiat
Biz Mikayıl Müşfiqi yaxşı
tanımırıq. Onun yalnız 4-5 məşhur şeirini
oxuyuruq, paylaşırıq. Mikayıl Müşfiq
poeziyasında elə nümunələr var ki, onlar Azərbaycan
poeziyası üçün yeni mərhələdir.
Mikayıl Müşfiqin hansısa yazının, reportajın
başlığına çıxarılası onlarla
möhürlü misrası var. Təəssüf ki, “Məni
gözəl xatırla” misrasını ölməz şairin
adına çıxıb plagiat mənzərəsi
yaradırlar.
Şəhriyar Del Gerani yazır: “Mədəniyyət”
kanalı guya Mikayıl Müşfiqin anım günündən
reportaj hazırlayıb, başlığa da bu misranı qoyub:
Məni gözəl xatırla...
Müşfiqin 5-6 şeirini oxuyan istənilən bədii
duyumu ortabab 11-ci sinif şagirdi bilər ki, bu misralarla
başlayan şeir Müşfiqə aid deyil. Sosial şəbəkələrdə
“Beni güzel hatırla” şeiri Orxan Vəlinin də
adından yayımlandı. Sonra məlum oldu, belə miyanə
şeiri Orxan Vəli kimi usta qələm adamı yazmaz. Daha
sonra da şeirin gerçək müəllifi
çıxdı ortaya - Okan Savcı adında bir gənc.
Sözüm onda deyil. Dediyim bu, məgər yetim
Müşfiqin özünün bir misrasını tapmaq
çətindirmi ki, götürüb başqa bir müəllifin
misrasıyla xatırlayırlar? Özü də harda? Ölkənin
yeganə mədəniyyət kanalı adına bir ünvanda.
Nə bilim. Ustad Şəhriyar demiş, “Bizdən qabaqdadı
avropalılar, işi işbilənə tapşırır
onlar...” Görünür, bu gedişlə bəlalarımız
hələ qabaqdadır...”
***
Ədəbi tənqidi diri-diri basdırdıq...
Ədəbi tənqid bütün dövrlərdə
səs-küylə qarşılanıb. Çünki onu qələmə
alan bir subyektdir. Obyektivliyə qaçış çətin
məsələdir. Hər halda bütün mənfi və
müsbətləri ilə bu gün tənqid funksional deyil.
Gənc filoloq Aqil Bəkir yazır: “Tənqidçilərin
əsərləri necə oxuyub hansı şəkildə dəyərləndirdiklərini
Aqşin Yeniseyin “Gölə qarğı sancan” romanını
oxuduqdan sonra bir daha şahidi oldum. Roman haqqında xüsusilə
Əsəd Cahangir ilə İradə Musayevanın
yazdığı yazılar məni təəccübləndirdi.
Hər iki şəxsin əsəri dəqiqliklə
oxumadığına əmin oldum. Bir də onda əminlik
yarandı ki, bir vaxtlar ədəbi tənqiddə “kütləvi
sıxışdırma” motivli “sifariş”lər ön planda
olub. Tənqidin can çəkişəndə son nəfəsini
vermədən basdırılmasının səbəblərindən
ən önəmlisi də budur”.
***
“Ədəbiyyat oxucu ilə yazıçının
sirli söhbətidir”
İndiyə qədər bu sual ətrafında
çox qənaətlər formalaşıb: “Ədəbiyyat
nədir?”
Nicat Həşimzadə belə tərif verir: “Ədəbiyyat
sözlərlə rəsm çəkməkdir. Elə
şeylər var ki, onları səslə heç özünə
belə etiraf edə bilmirsən, bu anda edəcəyin yeganə
şey gündəliyinə kiçik qeydlər etməkdir.
Ədəbiyyat oxucu ilə yazıçının sirli
söhbətidir və yazıçı inanır ki, onu hətta
bir milyon insan oxusa belə, sirrini aşkar etməyəcəklər,
aşkar etsələr belə, bunu bəyan etməyəcəklər.
Məncə, ədəbiyyat özünü ifadə vasitəsi
deyil, əksinə, özünü ifadə etməmə vasitəsidir.
Bəzən insan özündən, bəzən də ətrafından,
çirkin söhbətlərdən, mənəviyyatsız
hadisələrdən uzaqlaşmaq üçün ədəbiyyata
sığınır. Onun məqsədi özünü ifadə
deyil, özünü xilas etmək, özünü
qorumaqdır. Bu səbəbə görə də mən “ədəbiyyat
nədir” sualına belə cavab verirəm. Ədəbiyyat
insanın özünü ifadə vasitəsi olmaqdan daha
çox, özünü xilas etmə vasitəsidir”.
***
Göz qabağında “yanşaqlaşan” şairlər
Şair-yazıçı adını
ucuzlaşdıran qövm hər şeydən əvvəl
öz vicdanı qarşısında müqəssirdir. Sözə
xəyanət müqəddəsliyə xəyanətdir. Qəm
alıb qəm satmağı söz alverinə çevirənlər
gündən-günə mənfi imic formalaşdırır. Hədiyyə
Şəfaqət belələrinə ad tapıb: “Biz tərəflərdə
“yanşax” (yanşaq) sözü var. Özü dayaz, dili
yüyrək adamlara deyilir. Ağzını açanda
şeir, məsəl -”dərin fəlsəfə”
tökülür, adını da “şair” qoyub, harda “hörmətli”
məclis var, ordadır, amma el bilir ki, bu min dona düşən
adamdan heç nə olan deyil, yola verir, bir az da ehtiyatlı
olur ki, başı ağrımasın; nə bu “şairə”
hörmət bəsləyir, nə başına dolananlara...
Vay o gündən, şairlər göz
qabağında yanşaqlaşa, amma el hələ qəbul etmək
istəməyə.
Bizim dövrümüzdə sərraf olmağa ehtiyac
yoxdur, bir azca ağıllı baxış, bir azca analiz
qabiliyyəti, ən əsası, bir azca ictimai vicdan
yanşaqlaşmış şairləri bütün həyat
tərziylə, varlığıyla da, yoxluğuyla da adına
layiqliyini itirməmiş həqiqi şairdən fərqləndirməyə
bəs edir.
Biz axmaq deyilik, axmaq bizi axmaq yerinə qoymaq istəyənlərdir”.
***
Təzə nə var?
Xatırlayırsınızsa, dahi şair Mikayıl
Müşfiqin 110 illiyi ərəfəsində ortaya
çıxan bir məsələ var idi.
Müşfiqə aid olan qalıqlar məsələsi...
Həmin müddətdə ailə üzvlərindən
DNT analizi götürmüşdülər.
Rəsmi xəbərə görə, DNT analizlərinin
nəticələri göstərib ki, o qalıqlar Mikayıl
Müşfiqin deyil.
***
AYB katibi Səlim Babullaoğlunun bu günlərdə
Özbəkistanda çap olunan şeirlərinin maraqlı tərcümə
tarixçəsi var: “Özbəkistanın “Cahan ədəbiyyatı”
jurnalında 14 şeirim dərc olunub. Allah rəhmət eləsin,
mərhum Osman Kuçkarın tərcüməsində...
Bu xəbəri mənə Özbəkistan
Yazıçılar Birliyinin məsul əməkdaşı
hörmətli Risalət xanım verdi, sağ olsun.
Şeirləri düz 20 il əvvəl məndən
Osman bəy özü almışdı, Bakıda olarkən.
Sonra çevirdiyini eşitdim. Amma vəfatı səbəbiylə
düşünürdüm ki, tərcümələr, əlyazması
itib. Sən demə, doğrudan da bəzən əlyazmalar
yanmır.
Ötən il əziz Risalət xanım əlyazmasının
Osman bəyin ailəsindən alıb pdf şəklində mənə
göndərdi. Sonra da sağ olsun, jurnala çapa göndəribmiş...”
***
“Ulduz” aylıq ədəbiyyat dərgisi və AYB
Ədəbiyyat Fondu unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun
85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm
adamları arasında keçirdiyi poeziya müsabiqəsinin
qalibləri məlum olub:
I yer: Cavid Qasımov;
II yer: Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer: Eminquey, Seyidəli Sübhi, El Roman
***
Qismət Rüstəmov: “Vaxtilə Bakı Slavyan
Universitetində Kamal Abdullanın təşəbbüsü
ilə “Filoloqun kitabxanası - 100” adlı bir seriya başlamışdı,
bu sırada ədəbiyyatşünaslığın,
dilçiliyin fundamental əsərləri orijinaldan tərcümə
olunurdu. Yeni mövsümdən Azərbaycan Dillər
Universitetinin Xarici Ölkələr Ədəbiyyatı
kafedrasının peşəkar heyəti bu nəcib və
faydalı işi davam etdirəcək. Orijinal dillərdən
çağdaş filologiyanın boşluğu hiss edilən
qiymətli əsərləri (şərhlərlə) ana
dilimizə tərcümə olunacaq.
Vətənə-millətə xeyirli olsun!”
***
Ulucay Akif yazıçılara sual ünvanlayıb:
“Hələ də feyk profillərlə şərhlərdə
özünüzü tərifləyib, özünüzə
sual-zad verirsiniz?”
Belə də olur?..
***
“Do və başlanır hər şey”...
Xanım İsmayılqızının 111 nəğmədən
ibarət yeni şeirlər kitabı Azərbaycan Dövlət
Tərcümə Mərkəzinin təşəbbüsü
ilə çap olunub.
***
Günel Natiq yazır: “Ustad İlham Qəhrəmanın
Sarı Aşıq haqqında kitabı var. Üstündə
yazılıb: “Sarı Aşıq”. Sərgidə bir nəfər
yaxınlaşıb, əvvəl kitaba, sonra İlham müəllimə
baxıb soruşub ki, Sarı Aşıq sizsiz?”
Belə görünür, bəlli bir nəsilin
gözündə İlham Qəhrəman həm də bizim
neosarı aşıqımızdı...
Hazırladı: Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.13.