“Ömrün Xanım fəsli”ndə “bomba həyəcanı”!  

 

 

Belə olacağını əvvəlcədən bilirdim. Təhlükədən öncə onun xəfif havası gəlir. Bunu əvvəlcədən hiss etmək həddən ziyadə çətindir. Əgər belə olmasaydı, yəqin, bütün fəlakətlərdən yan keçərdik. Azərbaycan poeziyasının xanım-xatını, son 30 ilin ən sevilən nəğmələrinin müəlliflərindən biri, bəstəkar, şair Xanım İsmayılqızının “Ömrün Xanım fəsli” adlı yaradıcılıq gecəsindən öncə hiss etmişdim ki, nəsə olacaq; elə bir şey ki, biz bu baş verəcək hadisədən yaxa qurtara bilməyəcəyik.

“Oldu deyilənlər, oldu!..”

Həmin hadisəyə qədər baş verənləri nəql etməliyəm ki, hər şey oxuculara gün işığı kimi aydın olsun.

Heydər Əliyev sarayının qarşısında Aytac Sahədi gözləyərkən gördüyüm tanış simalarla ehtiramla salamlaşıb saata diqqət kəsildim. Sonuncu dəfə nə vaxt bir xanımı gözlədiyim barədə düşündüm; deyəsən, xeyli vaxt olub... Aytacın təbəssümü və ünsiyyəti konsertdən öncə ürəyimə daman hadisədən fikrimi yayındırdı. Onun bəxş etdiyi xoş ovqatla konsert zalına daxil olduq.

Pərdələr açıldı və Əməkdar artist Nərgiz Əliyevanın rəhbərlik etdiyi kamera-estrada orkestri göründü, dirijor isə Mustafa Aşurov idi. Sübhan Abışovun bədii rəhbəri olduğu “Şuşa” rəqs qrupunun solistləri konsert boyu səslənən mahnıları, sözün əsl mənasında, kompozisiyaya çevirdi.

Aytac inciməsin, Xanım İsmayılqızı gecənin ən gözəli, ən füsunkarı, ən diqqətçəkəni idi. Onun daxili təlatümünün nəticəsi kimi illərdir yaratdığı onca dillər əzbəri olan nəğmələrin sehri simasına sirayət etmişdi. Ağ göyərçinə bənzər libası ilə bərq vuran sənətkar səhnəyə qalxıb qonaqları salamlayanda həyəcanı səsindən hiss olunurdu. Gərgin məşq prosesini geridə qoyub hər şeyin necə olacağı intizarı Xanım İsmayılqızını nigaranlıqdan azad olmağa imkan vermirdi.

Axı nə biləydi ki, konsertin gedişatında onu hansı hadisə gözləyir?

Unudulmaz İlhamə Quliyevanın səsində Xanım İsmayılqızının sözü və bəstəsi tamam ayrı cür səslənirdi. İlhamə xanım mahnılara elə möhür vurub ki, kimsə oxumağa cəhd edəndə tənqid hədəfinə tuş gəlir. Çinarə Məlikzadə isə bacardı, könül oxşadı, düşündürdü, ilk ifaya layiq “Unut məni” oxudu. Demək, “ürəyində ürəyim döyünür hələ”.

Xanım İsmayılqızının Şərqiyyə Seyidbəylinin sözlərinə bəstələdiyi “Gözlərimiz dərdləşir” mahnısı Əməkdar artistlər Lalə Məmmədova və Rəşad İlyasovun duetində konsert zalını lirik ovqata köklədi. Gözümüz bu gecənin gözlərində alışdı-yandı...

Elçin Cəlilovu xatırlayırsınızmı?.. Elə ifaçılar olub ki, onlar müasir mahnı ifaçılığımızın, böyük mənada, Azərbaycan musiqisinin şanına şan qatıb, Elçin Cəlilov kimi... Nakam taleyin də gücü çatmadı o səsi unutdurmağa. Əməkdar artist Abbas Bağırov “Ayrılıq beləmi olur”u oxumamışdan əvvəl Elçin Cəlilovun adını ehtiramla yad etdi; sədaqət, etibar nümunəsi... İfası isə həmişəki kimi gözəl... Abbas Bağırov sanballı və sənətinə hörmət edən müğənnidir. Xanım İsmayılqızı nəğməsi ancaq belə təqdimatda ifa oluna bilərdi... Möhtəşəmlik beləmi olur, Xanım əfəndi?.. Abbas Bağırov qədər Samir Piriyev də sayqını, hörməti qoruyan simalardandır. Tamara Vəliyevanın sözlərinə bəstələnmiş “Ağ göyərçin” isə Samir Piriyevin ifasında səsləndi. İfaya balerinanın performansı bir az da rəng qatdı.

Xanım İsmayılqızı içindəki ağ göyərçini nota köçürdə bilib. Elə onu buna görə sevmirikmi?

Növbəti ifa təəccübləndirdi. Çünki heç eşitməmişdim. Xalq artisti Nəzakət Teymurova şaqraq səsi ilə İlqar Fəhminin sözlərinə bəstələnmiş “Yuxum” mahnısını ifa etdi. Gözümüzün qabağında sevilən səs sahibləri yaşa dolub özlərindən əvvəlki qocamanların taxtında əyləşirlər. Nəzakət xanım dəyərlidir...

Əməkdar artist Fərqanə Qasımovanın ifasında Cavid Məlikovun sözlərinə yazılmış “Mən səni görməyəndə”, Elnarə Xəlilovanın ifasında “Bir də gəl”, Əməkdar artist Bəyimxanım Vəliyevanın ifasında sözləri Xuraman Vəfaya aid olan “Yıxma könlüm evini”, Ayşən Mehdiyevanın ifasında “Səndəmi ölmək istədin”, Zabitə Alıyevanın ifasında Sevinc Çılğının sözlərinə bəstələnmiş “Səndən ibarət” mahnıları adı çəkilən xanım müğənnilərin ifasında Xanıma layiq səsləndirildi. Bu mahnıların hər birinin bəstəsi Xanım İsmayılqızınındır, bəzilərinin sözlərini də özü yazıb. Musiqiləri dinlədikcə Xanımın həm şair, həm də bəstəkar kimi təkcə təxəyyülünün, musiqi duyumunun gücünə heyran qalmırsan, həm də melodiyanın və sözü ruhunu, rəngini intuisiyası, ürəyi ilə necə vəhdətləşdirdiyinə təəccüblənirsən. Bu təəccübdən isə sevgi və sevinc doğur.

Davud Aslanın sözlərinə bəstələnmiş “Naz et” Rasim Səfərin ifasında bizi lirikadan uzaqlaşdırıb əhvali-ruhiyyəmizi yüksəltdi. Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş “Ey dost” Ağabala Sadıxzadənin, Fərid Hüseynin sözlərinə bəstələnmiş “Harda qaldı gəlməyənlər” Orxan Bağırovun, “Qəm qalası” Pərviz Abdullayevin, Xuraman Vəfanın sözlərinə yazılmış “İndi sənsiz” isə Elnur Hüseynovun ifasında alqışlarla qarşılandı. Gənc müğənnilərin rəngarəng ifa tərzləri konserti əlvanlaşdırırdı. Burda çox incə məqam var; Xanım İsmayılqızı istəsəydi, konsertdə yalnız ölkənin ən populyar müğənniləri çıxış edə bilərdi. Gənclər arasında efirdə nadir hallarda görünən, hətta ilk dəfə eşitdiyimiz şəxslərin olması sevindirici idi. Yeni avazda Xanım İsmayılqızı yaradıcılığını dinləmək Xanım fəslinin özünəməxsusluğunun, həm də müəllifin qəlbigenişliyinin carçısıdır.

Gecənin kəşfi... Bu duet tamaşaçıları riqqətə gətirdi. Həmin ifaçılar müəyyən kütlə tərəfindən tanınırdılar. Amma bu duet sanki iki gənci Azərbaycan tamaşaçısına yenidən təqdim etdi, yenidən onların böyük səs imkanlarını xatırlatdı. İlkin Dövlətzadə və Leyla Rəhimovanın ifasında sözləri və musiqisi Xanım İsmayılqızıya məxsus “Ağla” mahnısı... Bunu yalnız dinləmək lazım idi. Səsi sözlə ifadə etmək yazının əsasıdır. Amma melodiyanı hansısa işarə ilə yox, məhz hərflə ifadə etmək çətin məsələdir. Gurultulu və uzun alqışlar hər şeyi deyirdi...

Ötən illərin nəğmələri... Nazpəri Dostəliyeva və Mətanət İsgəndərli yaradıcılıq gecəsinə şahidlik edənlərə nostalji hisslər yaşatdılar. Tamara Vəliyevanın sözlərinə yazılmış “Xatirəndə qala bilsəm” mahnısı Xalq artisti Nazpəri Dostəliyevanın ifasında, “Gecələr” yeni aranjemanda Əməkdar artist Mətanət İsgəndərlinin ifasında səsləndirildi. İnsanlarım simasındakı təbəssüm, gözlərindəki parlaqlıq 20-30 il əvvəlki nəğmələrin bu gün də sevildiyinin bariz nümunəsi idi. Səviyəli musiqiyə tamarzıyıq... Mətanət xanım istedadlı xanəndə Rəvan Qaçayevlə “Dünya quraq” mahnısını oxuyandan sonra dedi: “Bu gecə Xanım İsmayılqızının növbəti şah əsəridir”.

Son illərin ən sevilənlərindən olan Xalq artisti Röya səhnəyə gəlişi ilə auditoriyanı ələ aldı, “Onun xəstəsiyəm” mahnısını oxudu, həmişəki kimi sevgi ilə qarşılandı. Röya bütün tövrü, ifası ilə bu xalqın sevgisini qazanıb və bunun “əmma”sı yoxdu...

Dilarə Kazımova gecənin hərarətini artırdı. Qırmızı libasla alov effekti yaratdı. “Ay”ı ifa edəndə, elə bildik, bu dəqiqə zal od tutub yanacaq...

Aytacla gecənin aparıcısı Leyla Quliyevanın nitqini diqqətlə dinləyirdik. İllərdən bəri bu xanım səhnələrin yaraşığıdır. Aytac dedi ki, Tanrı Leylanı könlü xoş olanda yaradıb; səs, gözəllik, diksiya, söz balansı... Xanım İsmayılqızının rəvan ardıcıllıq keçməsinin böyük səbəbkarı Leyla Quliyeva idi. Qiraətçi-aktyor Kamran Ağabalayevlə birgə müəllifin “Salam, qadın” şeirini şövqlə söylədilər. “Təsəvvür elə ki...” şeirini isə qiraətçi-aktyor, eyni zamanda, gözəl diktor Kamal Yaşarın ifasında dinlədik.

Xalq artisti Faiq Ağayev “Heyif” nəğməsini oxuyandan sonra “Sən Qalibsən”lə final çıxışı etdi. Səsi, səviyyəsi, dünyagörüşü düz mütənasib olan Faiq Ağayev Xanım İsmayılqızının möhür vurduğu gecənin imzasını çəkdi və major notlarla gecəni yekunlaşdırdı.

Nəhayət, o məşum hadisə...

Bomba necə partladı?

Xanım İsmayılqızı mənə dəvətnamə göndərəndən bir neçə gün sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kurs tələbələri “525-ci qəzet”in redaksiyasına ekskursiyaya gəlmişdilər. Onları köhnə “525” səhifələri ilə tanış edəndə 1999-cu il cildini tən ortadan açdım və qarşımıza belə başlıqlı bir yazı çıxdı: “Şairə-bəstəkarın tədbiri bomba kimi partladı”. Xanım İsmayılqızının 1999-cu ildəki yaradıcılıq gecəsində tədbiri pozmaq məqsədilə konsert binasında bomba olduğunu deyiblər. Hər kəs binanı tərk edib. Bunun provokasiya olduğunu başa düşəndən sonra yenidən hamı geri qayıdıb və konsert baş tutub. Həmin yazının sonunda belə bir abzas var: “Yarızarafat-yarıciddi qeyd edirik ki, qoy bəstəkar “bomba əhvalatından” çox pəjmürdəhal olmasın. Əvəzində isə, gələcək bəstələrinin musiqimizdə bomba kimi partlamasını arzu edirik”.

O yazının, o başlığın konsertdən iki həftə əvvəl qarşıma çıxmağı mistika idi.

Ürəklə deyə bilərik ki, o bomba “Ömrün Xanım fəsli” adlı konsertdə partladı. Xanım əfəndi, siz bəstələrinizlə, şeirlərinizlə musiqimizdə, poeziyamızda “bomba partlada” bildiniz. Xoşbəxtlik başqa nə cür olur ki?!

Gecənin rejissoru Nail Naiboğluya və bütün zəhməti keçənlərə minnətdarlıq düşür.

Növbəti konsertdə görüşərik, poeziyamızın, musiqimizin Xanım fəsli - Xanım İsmayılqızı!

 

Nadir YALÇIN

525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.12.