Mətndə
qızıl ortanı tapmaq...
Esse
Bir gün masa arxasına keçib nədən
yazacağınızı düşünəndə, əlbəttə,
bu yazının həyatınıza nə qədər təsir
edib-etməyəcəyi həmin an ağlınıza gəlmir.
Daha doğrusu, bu, intuisiya hadisəsidir.
Şüuraltı məlumatların oyanması, təxəyyülümüzün
metafizik qatları, məntiqimizin İQ səviyyəsi və
sairlər. Yazı nə qədər həyatdan gəlməlidir?
Nə qədər yaşadıqlarımızın içindən
olmalıdır? Hər kəs öz taleyinin mətnini
yazır. Bu dövr üçün ən çox söylənmiş
fikir olsa da, yazının tarixinə baxanda, əslində,
başqa bir mənzərə ilə qarşılaşırıq.
Bütün mətnlərin dayandığı ilk
nöqtə, ilk mərkəz mifologiyadır. Mifologiya deyəndə,
istəyərdim ki, hətta Şərqin dastanlarını da
o siyahıya əlavə edəsiniz. Niyəsi başqa bir
yazının mövzusudur. Mifoloji struktur metafizik situasiya ilə
bağlıdır. İrrasionaldır. Bu mətnlərin həyatdan
gəlməsi nə qədər ağlasığmaz olsa da,
sonrakı dövrlərdə daha rasional inancların - dinlərin
məhz miflər üzərində qurulduğunu, təməl
kitab dediyimiz dini mətnlərin də bu və ya başqa səbəbdən
yenə özündən uzaq coğrafiyanın miflərinə
əsaslandığının şahidi olacaqdıq. Xülasə,
ilk mətnlər həyatın içindən olmasa da,
onların bütün feillərinə insanların
yaşantılarında rast gəlirdik. Bu günün unikal mətnləri
kimi. Bu cür nüansların səbəbi həm də tarixlə
bağlıdır. İnsan nə yaşamışdı ki, nə
yazsın, hə? Qətiyyən ritorik sual deyil. Bir az tarixi
ştrixlərlə baxsaq mövzuya, görərik ki, qəbilələrin
formalaşdığı, dillərin ilkin detallarının
yarandığı, savaşların başladığı
dövrlərdən etibarən mətnlər daha real faktlara,
daha inandırıcı rənglərə büründü.
Cəngavərlik hekayələrindən tutmuş,
qızıl balıq tutmaq arzusunda olan məişət
nağıllarına, sevgi dastanlarına qədər
hamısı. Yazı sistemi reallıqla harmoniya qurduqca dəyərlər
sistemi də formalaşırdı. Bu dəyərlər sistemi
yenidən mətnlərə xüsusi atmosfer qazandırsa da, hər
halda öz əvvəlki nağılvari təhkiyəsindən
uzaq idi. Sonra bu dəyərlər sistemi dediyimiz konturlar özləri
də cərəyanları və bədii düşüncənin
stiuativ şəklini yaratdı.
Belə olan halda yazının həm də texniki tərəfləri
ortaya çıxdı və günümüzdə təsadüfi
deyil ki, ədəbiyyat həm də qurğu məsələsinə
çevrilib. Eksperimental ədəbiyyat yazının məhz
bu yönünə xidmət edir. Ədəbiyyatın əsas
meyar daşıyıcısı olan dil faktı da bu halda geridə
qalır. Şillerin şeir, Orhan Pamukun roman haqqında işlətdiyi
ifadənin məğzindən danışaq. Saf və
düşüncəli olmaq nədir?
Müasir dövrün sənət estetikasının
tərifini Borxes verib:
“Sənət, bu günün reallıqlarını
simvolikləşdirib, kodlaşdırıb gələcəyə
ötürməkdir, yeni nəslə çatdırmaqdır”.
Bu ifadə çox düşünməyimizə imkan
vermir ki, cavabı tapırıq. Deməli,
yazdıqlarımız bu günün reallıqlarıdır.
Yəni həyatımızdan, şəhərin qələbəliyindən,
kitabxana rəflərindən, pablardan, restoranlardan, siyasətdən,
mədəni hadisələrdən, ölkə gündəmindən,
tarixindən gəlməlidir. Ancaq bu kodlar şəklində,
bir növ, başqa qabıq altında yazılmalıdır. Həmin
o başqa qabıq təxəyyülümüzün
imkanlarıdır. Mətni nə qədər qura bilirik, ona
hansı atmosferi verə bilirik, nələri ifadə edə
bilir və sair kimi bütün şeylər sonsuz təxəyyül
gücünün hesabına olur.
Əslində, diqqətlə analiz edəndə
görürük ki, cərəyan dediyimiz müxtəlif qəliblər
elə təxəyyülün ifadə vasitələrinə
görə yaranıb. Məsələn, absurd situasiyada
düşünən beyin absurd hadisələr yazacaq.
Sürreal ab-havada olan təxəyyül Dali kimi
düşünəcək. Bütün cərəyanlar
situasiya hadisəsidir, ancaq bütün situasiyalar cərəyan
deyil (məsələn, postmodernizm). Bu da başqa bir
mövzudu. Qayıdaq yazdıqlarımızın içində
nə qədər biz varıq, nə qədər yoxuq, onu
danışaq. Bütün gördüyümüz hadisələri
yazmaq, bizə təsir edən sentimental zaman fasilələrindən
yola çıxıb onu bədii mətn konteksinə gətirmək
bu gün (və mənə elə gəlir həmişə)
yersizdir. Bu yazıçılıq yox, hekayəçilik yox,
əhvalatçılıq olar. Yazıçı
bütün baş verənlərə tanrı kimi -
üçüncü gözlə baxsa da, hətta bəzən
özünü belə obraza çevirsə də, yəni
öz yaşanmışlıqlarını yazsa da, bu hadisələrin
klassik qəliblərini qırmalı, texniki tərəfi
düşünməli, zamanın nəbzini tuta biləcək,
həm də zamanın nəbzi ola biləcək əsərə
çevirməlidir. Əks halda gecikmiş müəllif kimi ədəbiyyatın
rəflərinə yol tapa, yol tapsa da, yer tapa bilməyəcək.
Bütün böyük əsərlərə diqqət edəndə
görürük ki, məllif öz keçmişinə
qayıdıb, özünün aid olduğu yeri tapıb,
xatırlayıb, şüuraltı bütün
informasiyaları mumiya bədənindən çıxarıb
və onu bu gün yaşayırmış kimi sehrli (bədii
mətn kimi) əhvalata çevirib. Məlum-məşhur məsələlərdi
hamısı. Yazıçı həmişə mətnin
içində olur. O, haradasa oralardadı. Oxuduğunuz
hansısa hadisəni o yaşayıb. Bəzilərini təhrif
edəcək, bəziləri, ümumiyyətlə, olmayıb,
bəziləri də necə varsa, elədir. Roman oxuyanda bu
romanın mütləq real hadisələrə söykənməsini
düşünmək sənət anlayışını tam
qavramamaqdan irəli gəlir. Sənət xilas etmək
üçün var. Sizin gözlərinizi qırpmadan gözlədiyiniz
o reallıqdan xilas yoludur sənət. Obyektivliyimi pozub digər
“izm”lərdən daha çox absurdizmi bu missiyanın ən fərqli
və ən maraqlı missioneri seçmək istəyirəm,
ən azı bu yazılıq.
Bizə doğma olan kədər, bizim olan xoşbəxtliklər
haqqında nə qədər dolğun
danışırıqsa, o qədər də təmiz yaza bilərik.
Hekayəni kənarda axtarmaq lazım olmur. Hər şey, hər
kəs, bütün obrazlar, hadisələr sistemi
yanınızdadır. Mütləq bu olanları bir qəlibə
yığıb, muncuqdan təsbeh düzəldən kimi səliqə
ilə işləmək şərtdir. Səliqəsiz və
monoton mətn oxucunu yorur. Eyni zamanda, sizin olmayan hekayəni də
oxucu duyur. İçinizdəki sünilik tez gözə
çarpır. Ənənəvi mətnlə sizin olmayan
avanqard üslub eyni dərəcədə yorucudur.
Yazının saf tərəfi haqqında hamı
başqa cür danışacaq, çünki hamı başqa
cür yaşayıb. Bütün final səhnələrinin
iki həlli, bütün hadisələrin dörd yozumu
olmağına baxmayaraq, məşhur “hər kəsin
danışmağa öz hekayəsi var” ifadəsi
bütün zamanlarda aktualdır. Bəs düşüncəli
tərəflərdə nələr var? Ümumiyyətlə,
mətni qurmaq, onu qəlibə salmaq vacibdirmi?
Son dövrlərin məşhur ədəbi hadisələrindən
biri yeni cərəyanın - metamodernizmin ortaya
çıxması bizim cameədə də ciddi müzakirələr
yaradacaq və bəlkə də yaradıb. Yeni bir konstruksiya
qurulur. Mətnin düşüncəli tərəfini
“yığmaq” üçün çeşidlər hər
gün çoxalır. Məsələn, modernizm nə qədər
həyəcanlı, nə qədər çılğın
bir atmosfer yaratmışdısa, postmodernizm daha böyük
düşüncə ilə, daha yetkin baxışlarla
seçilirdi. Hisslərdən arınmış, daha rasional,
intellektual, real detalların üslubçuluğa
çevrildiyi mükəmməl əsərlər ədəbiyyatçıları
sevindirirdi. Bu böyüklüyün arxasında isə
açıq-aşkar uşaq ərköyünlüyü də
vardı. Yeni mətnlərin yaranmayacağını proqnoz verənlər,
hər şeyin yazılıb bitdiyini gülə-gülə,
təntənəli şəkildə bəyan edənlər
postmodernizmi ədəbiyyatın qələbəsi kimi qiymətləndirirdilər.
Zamanla bu ərköyün hisslər böyüdü və
xaos yaradacaq qədər əldətutulmaz oldu. İroniya,
şübhə, absurd yaradıcılıq, dekonstruktiv mətnlər
- bütün xüsusiyyətləri ilə özündən
öncəki dəyərlər sisteminə gülən,
onları qeyri-ciddi hesab edən postmodern düşüncə zaman
keçdikcə yaratdığı xaosun içində məhv
olmağa başladı. Sirkə öz qabını
çatlatdı. Ekonun Pelevin haqqında dediyi “gecikmiş
postmodernistlər” ifadəsi bu cərəyanın kompüter
erasına keçə bilmədiyinin etirafı idi. Niyə
bunları vurğuladım? Çünki hər cərəyanın
aktual olduğu dövrlər həmin zamanın baxış
bucağına uyğun hərəkətdədir. Bu gün
metamodernizm niyə aktualdır? Çünki süni
yaddaşın ixtirası bütün informasiyaları
olduğu kimi xatırlamağımıza, təhrifə yol
verməyəcəyimizə və ən əsası xaotik
prosesdən uzaqlaşacağımıza səbəb olacaq.
Postmodernizmin dəyərlərdən tufan yaratdığı
bir dönəmin sonunda metamodernizm o dəyərləri yenidən
yerbəyer etməyin bayraqdarıdır. Bu yazının
özü qədər qarışıq bir durumdan xilas yolu
metamodernist mətnlərdədir. Qayıdaq öz mövzumuza.
Mətnin düşüncəli tərəfi saf tərəfin
tələbi ilə formalaşır. Məzmun-forma mütənasibliyinin
ortaya çıxardığı ən yaxşı nümunə
elə budur. Əgər sizin saf tərəfiniz modern deyilsə,
şablon və klassik bir əhvalatdırsa, ona avanqard bir
şey düşünüb mətnin real atmosferini
dağıda bilirik. Bunun alınıb-alınmaması
yazıçının ustalığıdır.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.11.