“Gürcü mediasında azərbaycanlı jurnalistlərin sayı azdır

 

Müsahibimiz Tbilisidə fəaliyyət göstərən araşdırmaçı-jurnalist, Aziz.ge saytının müəllifi Cəmilə Babayevadır.

- Necəsiniz, Cəmilə xanım?

- Bakıda olanda yaxşı oluram. Üç-dörd ay davamlı olaraq Tbilisidə qalanda hiss edirəm ki, nəsə çatışmır. Yeməklər dadsız gəlir, hava günəşli olsa belə, hər şey gözümə boz görünür. Artıq bilirəm ki, diaqnozum bəllidir, Bakım çatışmır. Bakıda aeroporta enən kimi əhvalım dəyişir.

- Qürbətdə darıxan adam kimi, çox güman, sizin üçün ikiqat çətindir.

- Gürcüstana magistr təhsili ilə bağlı getmişdim. Tbilisiyə çatdığım və evə yerləşdiyim ilk saatlarda düzgün qərar vermədiyimi düşündüm. Ailəmdən uzaq bir yerdə sıxılacağımı, Bakısız və dost-tanışlarsız bərk darıxacağımı zənn etdim. Bu düşüncələrimlə evdən çıxdım ki, bir az gəzim fikrim dağılsın. Küçədə təsadüfən bir nəfərin bərkdən azərbaycanca danışdığını eşitdim. Bu, sanki məni ayıltdı. Xatırladım ki, uzaqda deyiləm və burda qala bilərəm. Bəlkə də o danışığı eşitməsəydim, Bakıya qayıtmaq fikri məni izləyəcəkdi, sonda da təslim olacaqdım. Həmişə o kişiyə minnətdaram ki, nə yaxşı məhz həmin gün və həmin an ordda olub. Gürcüstana ikinci vətən deməyəcəyəm, çünki vətən bir olur. Tbilisi isə mənə çox doğmadır. Bu doğmalığı yaradan isə şəhərdəki çoxsaylı Azərbaycan izləridir.

- Gürcüstan mətbuatına baxdığımız zaman orada yaşayan soydaşlarımızla bağlı əsasən neqativ xarakterli xəbərlər görürük. Bir jurnalist kimi bu haqda nə düşünürsünüz?

- Təəssüf ki, orada yaşayan soydaşlarımız mətbuatın diqqətini ancaq problemli məsələlər olanda cəlb edirlər. Qız qaçırma, narkotik alveri kimi xəbərlərlə soydaşlarımız gürcü mətbuatında manşetə çıxarılır. Bu tendensiya son illər çox müşahidə olunur və kifayət qədər narahatedici məsələdir. Sanki gürcü mediası yerli azərbaycanlıları öz vətəndaşı kimi qəbul etmir. Bir nümunə deyim, bir neçə il bundan öncə Tbilsidə tikinti ərazisində güclü avtoqəza olmuşdu. Həmin ərazidə işləyən bir neçə fəhlə həyatını itirmişdi. Gürcü mediası o hadisə haqqında ilk xəbərləri yayanda qeyd edildi ki, qəzada ölənlər Azərbaycan vətəndaşlarıdır. Xəbəri görəndə şübhələndim. Çünki bizim vətəndaşın Tbilsidə tikintidə fəhlə işləməyi daha az ehtimaldır, nəinki yerli azərbaycanlı vətəndaşın. Ümumiyyətlə, Tbilisidə yaşayan soydaşlarımızın əksəriyyəti inşaat sahəsində çalışır. Hətta gürcülər özləri deyirlər ki, azərbaycanlılar tikintini çox yaxşı bilirlər. Əlqərəz, bizim səfirlik də bu məsələni diqqətə götürdü. Məlum oldu ki, ölənlərin ad-soyadlarına görə jurnalistlər onların Azərbaycan vətəndaşı olduğunu düşünüb. Bədbəxt hadisənin qurbanları Gürcüstanın azərbaycanlı vətəndaşları idi. Düzü, gürcü mediasını çox da tənqid etmək istəməzdim, çünki bu, bir dalğadır, bəzən artır, bəzən azalır. Amma istənilən halda adama yer edir.

- Sizcə, problemin kökündə dayanan əsas səbəblər nələrdir?

- Gürcü mediasında azərbaycanlı jurnalistlərin sayı azdır. Neçə ildir eşidirəm ki, Gürcüstandakı soydaşlarımızın başlıca problemi gürcü dilini bilməmələridir. Ancaq görün neçə nəsil yetişib. Bəs dili mükəmməl bilib işsiz qalanlarla niyə maraqlanan yoxdur? Ümumiyyətlə, işsizlik Gürcüstanın əsas problemlərindən biridir. Gürcülər özləri də bundan əziyyət çəkirlər. Bizim millət torpağa bağlıdır, ona görə də kənd təsərrüfatı ilə daha çox məşğul olmağa meyillidir. Bəzi kəndlərdə baxırsan ki, elə qəşəng evlər var. Ancaq gedib maraqlananda məlum olur ki, evin sahibi ya Rusiyada, ya Belarusda işləyib pul göndərir. Müharibəyə görə Rusiyanı Polşa əvəzləyib. İndi Marneulidə dörd nəfərdən üçü Polşaya gedir. Ümumilikdə götürəndə təhsilə önəm verənlərin sayı artıb, ancaq yenə də orada mentalitet elə formalaşıb ki, məktəbi bitirən kimi qızları ərə verirlər. Hətta doqquzuncu sinfi başa vuranda qəribə baxırlar ki, bu yaşa qədər evlənməyib. Deyim ki, qız qaçırma yalnız bizim problemimiz deyil. Gürcüstan ombudsmanın hesabatlarını həmişə oxuyuram. İnsan haqları ilə bağlı 2019-cu ilə aid hesabatda qeyd olunmuşdu ki, Gürcüstanda erkən nikahla bağlı problem yalnız etnik azlıqların məskunlaşdığı bölgələrdə yayılmayıb, erkən nikahla bağlı ən yüksək göstərici İmereti bölgəsində qeydə alınıb.

- Dil probleminə toxundunuz. Hazırda Gürcüstanda Azərbaycan dili ilə bağlı vəziyyət necədir?

- Azərbaycandilli məktəblər üçün müəllim yetişdirmək çox böyük problemdir. Əvvəllər A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakültəsi vardı. Neçə illərdir ki, o fakültə yoxdur. Hazırda ADA Universitetinin Qazax mərkəzi var. 2022-2023-cü tədris ilindən etibarən müəllim işləyən soydaşlarımız orada magistr təhsili almağa başlayıblar. Təhsillərini başa vurandan sonra onlar Gürcüstanda fəaliyyətlərini davam etdirəcəklər. Nə yaxşı ki, bu təhsil proqramı həyata keçirilir. İstənilən halda Gürcüstanın özündə də belə mərkəzlər olmalıdır.

- Gürcüstandakı  soydaşlarımızla bağlı məni maraqlandıran sualların bir qisminə cavab tapdım. İndi isə istəyirəm sizin ordakı fəaliyyətinizdən danışaq. Bu yaxınlarda saytınız Aziz.ge fəaliyyətə başladı. Sizə uğurlar arzulayırıq.

- Təşəkkür edirəm. Bu il aprelin 7-də saytı ictimailəşdirdim. Bu tarixi təsadüfi seçməmişəm. “Molla Nəsrəddin” jurnalının da ilk nömrəsi Tbilisidə aprelin 7-si işıq üzü görüb. Həm jurnalla, həm də Mirzə Cəlillə bağlı çox araşdırma etmişəm. Düşünürəm ki, əcdadlarımızın yolunu davam etdirməliyik. Əslində, çox məsuliyyətli işdir. Ətrafımda olan insanlar saytın yaradılmasına məni çox həvəsləndirirdi. Sağ olsun dostlar, mənə çox dəstək oldular.

- Sizin fəaliyyətinizdə ən çox diqqətimi çəkən istiqamət unudulmuş sənət adamları ilə bağlı araşdırmalarınızdır.

- Bu istiqamətdəki yazılarda kinoman olmağımın böyük rolu var. Azərbaycan kinosunda çəkilən gürcü aktyor və aktrisalarını tapıb onlarla müsahibələr etmək mənə çox maraqlı gəlir. Həmin müsahiblərdən biri “Uşaqlığın son gecəsi”nin Elyası Megi Kejeradzedir. Onun izinə düşəndə birinci Gürcüstan Mədəniyyət Nazirliyinə müraciət elədim. Bildirdilər ki, hər hansı məlumatları yoxdur. Çox güman ki, rəhmətə gedib. Sonra təsadüfən Gürcüstan Texniki Universitetində müəllim olduğunu öyrəndim. O, ingilis dili müəllimidir, Gürcüstanda da məşhur aktrisa deyil. O vaxt “Gəlinciklər gülümsəyir” adlı bir filmdə çəkilib. Rejissor Arif Babayev Megi xanımı həmin filmdə görüb dəvət eləyib. Megi Kejeradze ilə görüşmək, ondan Azərbaycan mediası üçün ilk müsahibəni almaq məndə unudulmaz xoş təəssüratlar yaratmışdı.

Həmçinin “Əhməd haradadır?” filmində ən parlaq obrazlardan biri olan Ceyran rolunu yaradan Gürcüstanın Xalq artisti Nana Paçuaşvilidən də müsahibə götürmüşdüm. Hətta o xanımın 80 illik yubileyində də iştirak eləmişəm. Təklifim əsasında “Azərbaycanfilm” kinostudiyasının adından Nana xanıma Fəxri fərman və hədiyyə də təqdim etmişəm.

- Maraqla qarşılanan müsahibələrinizdən biri də “Yol əhvalatı” filminin Mustafası Vaxtanq Pançulidze ilə olmuşdu.

- O, tez yanıb, tez sönən kino ulduzu olub. Mustafa onun ilk azərbaycanlı rolu deyil. Bundan əvvəl “İlk baxışdan məhəbbət” adlı gürcü filmində çəkilib. Nəsibə Zeynalova da həmin gürcü filmində oynayıb. Deməli, bir dəfə gürcü kanallarından birində təsadüfən onun bir parkda müsahibə verdiyini gördüm. Siması tanış gəldi. Sonra axtarıb-tapdım. O, indi parkda uşaq atraksionlarının nəzarətçisi işləyir. Ancaq həyatından məmnundur. Deyir, təmiz havada uşaqlarla işləyirəm, onlardan enerji alıram.

V.Pançulidze ilə tez-tez görüşürəm. Sonuncu dəfə ötən ilin noyabrında ondan xahiş etdim ki,  “Yol əhvalatı” filmindəki tərəf müqabili, sevimli aktrisamız Həmidə Ömərovanın yaradıcılıq axşamına ürək sözlərini çatdırsın. Tbilsidə olduğumdan həmin tədbirdə iştirakım mümkün deyildi, qərara aldım ki, sənətinə və şəxsiyyətinə hörmət etdiyim aktrisaya xoş təəssürat bəxş edim. “Mustafa”nı videoya çəkdim və onun təbriki yaradıcılıq gecəsində “Zümrüd”ə təqdim olundu. Bu, Həmidə xanım üçün çox xoş bir sürpriz olmuşdu.

- Araşdırmalarınız zamanı sizi ən çox təəccübləndirən nə olub?

- İndi ikisi yadıma düşür. Öyrənəndə ki, gürcü kinosunun əsası Azərbaycanda qoyulub, xeyli təəccüblənmişdim. Deməli, Bakıda kinomexanik işləyən Vasil Amaşukeli 14 sənədli film çəkib. Onun lentə aldığı sənədli kadrlardan ibarət materialın Bakıda ilk nümayiş tarixi - 15 may 1908-ci il Gürcüstan kinosunun yaranma tarixi hesab olunur. Digəri isə tanınmış teatr xadimi, aktyor və rejissor, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı ilə bağlıdır. Əksər mənbələrdə onun Botanika bağı ərazisindəki müsəlman qəbiristanlığında dəfn edildiyi göstərilir. Lakin bu məlumat həqiqətə uyğun deyil. Ümumiyyətlə, Nəbatat bağında müsəlman qəbiristanlığı 1947-ci ilədək mövcud olub, bağ genişləndiriləndə orada dəfn olunmuş görkəmli azərbaycanlıların qəbirlərinin çoxu itib. Mövzunu araşdıranda İsfahanlının nəvəsi Vidadi müəllimlə danışdım. O bildirdi ki, babası Tbilisinin Ortçala qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub. Vidadi müəllimlə birgə böyük aktyorumuzun məzarını ziyarət etdim. Bu barədə məqalə hazırlayıram və tezliklə Aziz.ge saytında oxuculara təqdim edəcəyəm.

- Sonuncu sual elə axırıncı araşdırmanız - Tbilisidəki Şuşa küçəsi ilə bağlı olacaq. Necə oldu ki, bu küçənin tarixi haqqında yazmağa qərar verdiniz?

- 2020-ci ilə qədər Tbilsidə bir vaxtlar Şuşa küçəsinin olduğunu bilmirdim. Bu küçənin izinə tanınmış muğam tədqiqatçısı, mərhum alimimiz Gülhüseyn Kazımlının verdiyi ipucu ilə düşdüm. Allah Gülhüseyn müəllimə rəhmət eləsin. Onun “Sən hazır tədqiqatçısan”, “Səndə tədqiqatçı damarı var” sözləri mənim üçün ən böyük tərifdir, həm də yeni araşdırmalara həvəsləndirən çağırışlardır. Gülhüseyn müəllim 2019-cu ildə Gürcüstanda səfərdə olarkən bir görüşdə söhbət əsnasında Tbilsidə Şuşinski küçəsinin olduğunu qeyd etdi və məndən belə bir küçə barədə məlumatlı olub-olmadığımı maraqlandı. Bu adın görkəmli muğam ifaçımız Seyid Şuşinskinin şərəfinə verildiyi barədə ehtimallar var idi. Məlumdur ki, xanəndənin yaradıcılıq həyatının bir hissəsi məhz Tbilisidə keçib. Apardığım araşdırmalar zamanı həmin küçənin yerini öyrəndim, küçənin adının isə Şuşinski deyil, Şuşa olduğu üzə çıxdı. Küçə Tbilisinin köhnə hissəsi, indiki Krtsanisi rayonunda yerləşir. Sonralar küçənin adı dəyişdirilib, indu köhnə adı bildirən yalnız bir - üzərində gürcücə “Şuşinis küç.” yazısı olan 9 saylı köhnəlmiş lövhə qalıb. Küçədə yaşayanların əksəriyyəti azərbaycanlılardır. Bu küçənin adının tarixi barədə bir neçə gürcü mənbələrində söz açılır.

Sonda onu vurğulamaq istərdim ki, Tbilisidə Azərbaycan izlərini üzə çıxarmaqla yanaşı, bəzi izlərimizin yenilənməsi istiqamətində də müsbət nəticəli səylərim olub. Məsələn, Tbilisidə 2011-ci ildən istiqlal şairimiz Əhməd Cavadın adını daşıyan küçə var. Həmin ildə küçəyə vurulmuş ad bildirən lövhələrdə Ə.Cavadın ingilis dilində yazılmış soyadında səhvə yol verilmişdi. Şairin ingiliscə soyadı “Djavadan” kimi qeyd olunmuşdu. Gürcü dilində isə şairin ad və soyadı düzgün yazılmışdı. 2020-ci ildə Tbilisi şəhər şurası ilə məsələ ilə bağlı yazışmalarım oldu. 2022-ci ildə Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin şuraya müraciətindən sonra lövhələr görkəmli şairin 130 illiyi münasibətilə yeniləri ilə əvəzləndi. Əhməd Cavad küçəsi ilə yanaşı, Bakı, Mirzə Fətəli Axundov küçələrindəki köhnəlmiş lövhələrin də yenilənməsinə nail olduq.

Digər nümunə Botanika bağında Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin məzarlarının olduğu görkəmli azərbaycanlıların panteonu ilə bağlıdır. 2021-ci ilədək ziyarətçilər panteonun yerləşdiyi məkanın istiqamətini müəyyən etməkdə çətinlik çəkirdilər. Çünki Nəbatat bağı ərazisində panteona istiqamət göstərən nişanlar yox idi. Bu məsələni səfirliyimizin diqqətinə çatdırdım. Səfirliyimizin Tbilisi meriyasına müraciətindən sonra Botanika bağında üç nöqtədə məlumatlandırıcı-göstərici nişanların dirəklərinə panteona istiqamət göstərən lövhələr əlavə edildi. Lövhələrin quraşdırılmasından sonra ziyarətçilərin panteonun yerləşdiyi məkanı asanlıqla tapması mümkün olub. Qeyd etmək istərdim ki, səfirliyimizin diqqətinə elə həmin ildə çatdırdığım digər məsələ Bakı və Tbilisinin qardaşlaşması idi. Bununla bağlı araşdırmam olmuşdu və məlum olmuşdu ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir. Mənim təklifimlə məsələ gündəmə gətirildi və 2021-ci ilin iyulun 13-də şəhərlər arasında qardaşlaşma haqqında memorandum imzalandı.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.10;11.