Qağanın "aman evi"

 Hüseyn Arif-100

 

 

Sözümə çoxumuzun özünə Qağa bildiyi Xalq şairi Hüseyn Arifin Xalq yazıçısı İsmayıl Şıxlıyla qoşa çəkilmiş bir şəklindən başlamaq istəyirəm. Qağamız qocaman yazıçımıza "Qoca", ölməz yazıçımızsa ona zarafatla "Kafir" deyərmiş. Şair özünün də, dostunun da qüdrətini bir şeirində belə mənalandırıb:

...Yanaşı dayanmışıq,

Biz yanaşı qovrulub,

Yanaşı da yanmışıq.

...Babaları düşünüb,

Babaları anmışıq!

 

H.Arif hər babanı anmazdı, ondan danışmazdı. O, babalardan danışardı ki, atının nalından qığılcım səpələnərdi; "Ceyranı piyada qovub tutardı", "Kürü ir nəfəsə üzüb keçərdi". Bu azman kişilər Kürdən 30 km aralıda olan Ceyrançölündəki bir yerdən bir ayağını "Sac dağı"na, digərini "Çoban dağı"na qoyub əyilərək Kürdən su içərdilər...

Bu yazını yaza-yaza hiss edirəm ki, mən də yaxşı nə öyrənmişəmsə, həmişə ruhən yanlarında olduğum, dizlərinin dibini kəsdirdiyim belə kişilərdən, atalardan, babalardan öyrənmişəm, görüb-götürmüşəm

 

Günlərin birində yenə yoldayıq, səfərdəyik, Babadağa çıxmaqdayıq. Axşam üstü olsa da, harda gecələmək sarıdan narahatlığımız yoxdur. Amandayıq, əminlikdəyik. Qarşımızda Qağanın şəninə şeir yazdığı "Aman evi"nin taybatay, Haqdan açılmış qapıları görünür və bizi də "Gəlin, siz də qonağım olun!" - deyə içəri çağırır: Şair bu təklifi əvəzsiz qoymur. O, evə həsr etdiyi şeirdən misralar deməyə başlayır:

Sığınır qoynuna azmış yolçular,

Qüdrətdən yaranmış çıraqdır bu ev.

Qartal da, maral da, özünü salır,

Hamıya həyandır, dayaqdır bu ev!

Burada bir bəndini sitat gətirdiyim bu şeirdən bəlli olur ki, şair bir dəfə bir meşəçi dostu və oğlu Ariflə orda gecələyib. Meşəbəyi Qaybalı kişidən soruşub ki: "Bu evin qapısı niyə açıqdı belə?" Meşəçi "Bura elə müqəddəs yerdi ki, - deyib, - burda qapıları örtməzlər". Bu müdrik cavab şairi çox təsirləndiribmiş.

Özü mənə deyərdi ki, çalış, şeiri bitirəndə "kansofka"ya fikir ver!

Özünün həmin şeirdə vurduğu möhtəşəm "kansofka"ya baxın, siz Allah!:

Bir "Aman evi" var, Babadağda, tək,

Bir "Aman evi" də dünyaya gərək!

lll

Məşhur "İstiqlal marşı"nın müəllifi M.Akifin etdiyi bir dua beləymiş:

"Allahım, mən sənə öz qurtuluşum üçün yox, millətimin qurtuluşu üçün dua edirəm!"

Səməd Vurğun da vaxtilə həmin ruhda bir dua eyləyibmiş: "Dünyanın son adı qurtuluş olsun!"

Hüseyn Arifsə o dualara bənzər bir dua edirmiş kimi yazırdı:

Haqdan dönən deyiləm,

Yersiz dinən deyiləm.

Mən sevinən deyiləm,

Yer üzü yasdan çıxıb,

Dünya sevinməyincə!

 

Eyni ruhlu şairlər bax, belə olurlar. Babadağındakı "Aman evi"nə sığınaraq oğullaşırlar, atalaşırlar, babalaşırlar!...

lll

Şair Qağamız yaxşı bilirdi ki, "Başın ucalığı kökün dərinliyi ilə bağlıdır. Kökünü axtaran dərinə gedir".

Başımız nə qədər yüksəklərdəsə,

Kökümüz o qədər dərinlərdədir.

O, nəinki öz əslini, nəslini tədqiq edir, öyrənirdi, həmçinin başqalarına da öyrədirdi. Təkcə insanın deyil, qayanın da, daşın da fikrini çəkirdi, ölümsüzlüyünü istəyirdi. Tövsiyə edirdi:

Qayanı da əriməyə qoymayın,

Neçə qartal məskən salıb qayada!

...Üşütsə də, ayağımı, əlimi,

Əriyəndə acımışam qara da!

- deyərək kimlərinsə, nələrinsə vaxtsız yox olmasını istəmirdi.

"Kərəm dağı" adlı şeirində ilahi eşq uğrunda yalnız Yanıq Kərəmin yox, bütöv bir xalqın sinəsinə dağ çəkildiyini yada salır, demək istəyirdi ki, Kərəmin başına gələn iş bizi hələ də bitməz işə (işlərə!) salmaqda davam edir?!

lll

Daş abidələr də mövcuddur, saz və söz abidələri də!

H.Arifin yaratdığı əsərlər, yazdığı şeirlər də saz və söz abidələridir!

Hüseyn qağa söz yazmaq xətrinə söz yazan, saz çalmaq xətrinə saz çalan şairlərdən deyildi. Onu hər zaman milli və ümumbəşəri suallar düşündürürdü:

Hərə qalır öz qaydına,

Qaş qaydına, göz qaydına.

Söz qaydına, saz qaydına

Qalan oldumu, oldumu?

- deyəndə böyük şairimiz necə də haqlıydı!

H.Arif yaradıcı adamları yatmamağa, ayıq olmağa çağırırdı. "Gəlin, Koroğluya qayıdaq" devizini ortaya boş yerə atmamışdı, İnanmışdı ki, gücümüz kökümüzə, soyumuza bağlılıqdadır, milli sözümüzün, sazımızın qədrini bilməyimizlə əlaqədardır. Öz uğurları üçün minnətdarlığını belə şərh edirdi:

"Cəngi"yə, "Qaraçı"ya,

"Müxəmməs"ə borcluyam.

Babalar dünyasından

Gələn səsə borcluyam!

Bu müqəddəs borcdan yazıb-pozduğu üçün biz də ona borcluyuq!

Özündən əvvəlki ucaları, ustadları, ehtiramla yad etməsəydi, onu kim Qağa çağırardı? Kim onu "Azərbaycan Qağası" sayardı? Əgər bu qağa hər sözündə, misrasında, ən əsası, bağrının başında babaları, obaları, elləri ehtiram hissiylə yaşatmasaydı, bu qədər ümumxalq məhəbbəti qazana bilərdimi, deyə bilərdimi:

Əyilməz başımı hazıram, əyim,

Dədələr önündə sənət eşqinə.

Saz dedim, söz dedim, Azərbaycana,

Əbədi ehtiram, hörmət eşqinə!

lll

"Ey Füzuli, sil gözünün yaşını, sən ağladın, indi növbə mənimdir" misralarının müəllifi də bizim Qağamızdır. Onun da çəkmədiyi birdərdmi, azarmı olub? Görmədiyi bəlamı olub? Almadığı yaramı olub? Baharda baharsız qalmadığı vaxtmı olub, demədiyi günmü olub:

Açıb novruzgülü, görə bilmirəm,

Hüseyn Arifin baharına bax!

O qədər həssasıydı (o qədər dərdliydi ki!), yazmaya bilərdimi: "Mən necə nigaran olmaya billəm, nədən nigarandı dağlar, bilməsəm!"

Hüseyn Arif qədər təbiət vurğunu, yollar yorğunu, çox güman ki, az olub. Ömründə dinclik nə olduğunu bilməyib. Evindən çox, dağda-daşda qalıb, gecələyibdi. Dincələndə özü yazdığı kimi, səfərdə olanda "Bənövşənin halını soranda, yazıb yaradanda, quranda" dincəlibdi.

lll

Hüseyn Arifin ən nisgilli şeirlərindən biri "Xəbəri yoxdu ki..." şeiridir.

Anası yuxusunda ondan Arifi soruşur, "Arif yaxşıdımı?" deyir. Şair bilmir ki, nə cavab versin. Ariflə xəyali söhbətində bildirir: "Səni soruşmağa gəlmişdi anam, xəbəri yoxdu ki, sən yanındasan..."

Bu nisgili başqa bir şeirində belə tamamlanır:

Hüseyinəm, üfüqlərlə tən gedəm,

Saçlarımda qırov gedəm, çən gedəm.

Mən istərdim Arif qala, mən gedəm,

Yatan dura, duran yata yerində!

lll

H.Arif əsl gələcəyimizin keçmişimiz olduğunu şeirlərində, poemalarında ("Dağ kəndi", "Örənqala") unudulmağa qoymurdu. O kəndlərdən birinin "Palıdlı", digərinin "Yarpızlı", başqa birinin "Çiskinli", "Çörəkli" adının itməyinə dözmürdü. Qıratın da, Düratın da doğma Ağstafa şəhərində adına küçə olmasını arzulayırdı. İstəyirdi ki, "Dağ kəndləri dağılmasın, şəhərlərə yığılmasın!"

Böyük vətəndaş şair mövqeyini, məramını, məqsədini belə açıqlayırdı:

Mən Qazağın bir daşını,

Yüz "Ağ ev"ə dəyişmərəm.

Bu misralar öz mayasını hardan almışdı? Əlbəttə ki, "Sevirəm Tiflisi, sevirəm, ancaq, öləndə Qazaxda götürün məni" misralarından!

Diqqətli oxucular bilirlər ki, şair Qazaxda (Qazax mahalında) doğulmuşdu.

1992-ci ildə Ağstafa rayonu yaradılanda hələ orada məscid olmadığından həmin ilin sentyabrında Qağamız vəfat edəndə onun nəşini Qazaxdakı məsciddən yuyub götürdülər. Elədiyi arzu çin oldu, şair səsi Allaha çatdı, Qazaxdan götürüldü Hüseyn Arif!

lll

İndiki dövrdə halallığa, saflığa nə qədər ehtiyac var. Məhz belə bir saflığın, halallığın daşıyıcısı olduğu üçün bu gün də, sabah da Hüseyn Arifə, Hüseyn Arif kimi şairlərə böyük ehtiyac var. Bu özü də, sözü də saf insanın təbiətlə bağlı heyrət doğuran silsilə şeirlərini oxuyursan və düşünürsən: Hüseyn Arifmi təbiətdədir, təbiətmi Hüseyn Arifdədir!? Uçulan, dağılan dağlar, daşlar, yollar, yoxuşlarmı, yoxsa şair qəlbidirmi, şair dünyasıdırmı?!

Təbiətə (şairə!) insanların tutduğu divana baxırsan, az qala özünün də insan olduğuna peşman olursan, yana-yana qalırsan, çünki görürsən:

Balalar açıb ağzını,

Yuvalar anasız qalıb.

...Təbiətin harayına

Haray çəkən kişi gərək!

Hüseyn Arif haman kişiydi, haman haraydı. Amma təəssüf ki, onun da səsinə səs verən, haray çəkən çox deyildi, azıydı təbiətin sabahını düşünən Hüseyn Arif kimi şairlər, təbiətin dilini bilənlər, rəsmini çəkənlər. Azdı onun kimi dədə-baba izlərinin qədir-qiymətini anlayıb deyənlər:

İzlər dərin, izlər qədim,

Babaları fikr eylədim.

Dizimi daşa söykədim,

Dizim doymadı, doymadı!

...Bir səyyah Ceyrançöldə görür ki, yaşı yüzü çoxdan keçmiş bir ağsaqqal çılpaq bir atın belinə sıçramağıyla bir ceyranı yaxalayıb qılıncıyla onu necə iki şaqqaya böldü. Tərəzidə hər iki şaqqanı çəkəndə gördülər ki, hər ikisi eyni gəldi. Bir qram da biri o birindən artıq, əskik gəlmədi.

Səyyah hara getsə, o əhvalatı heyranlıqla danışarmış.

Sözümün canı nədir?

Budur ki, Hüseyn Arif o kişinin nəslindəndir!

Sərrast misralarıyla!

Alıcı qırğı gözləriylə, sözləriylə!

lll

H.Arifi sazsız, sazı Hüseyn Arifsiz təsəvvür etmək olmaz. Birmənalı şəkildə deyə bilərik: H.Arifin yaratdığı əsərlər, yazdığı şeirlər, poemalar, pyeslər saz və söz abidələridir.

O, İkinci Dünya müharibəsində iştirak etmişdi. Cəbhəyə sazıyla getmişdi. Rus komandiri ondan soruşanda ki: "Bu nədi?"

- Necə nədi? Bu da silahdı! - demişdi.

lll

Ağstafa qəbiristanlığındadı Hüseyn Arifin qəbri... Qəbrin bir yanında anası, ömür-gün yoldaşı, oğlu Arif, bir yanında qızları Səhər və Zöhrə.

Hamısı sükuta dalıb.

Bircə Qağa danışır, "Ölməmişəm!" deyir. Bir az yorulub yəqin. Bir az yatıb dincəlmək istəyir və demək istəyir ki:

Ömrü boyu Vətən deyən, xalq deyən,

Sənətkarın yuxusunu pozmayın!

lll

Ona hamı "Qağa" deyirdi:

Öz uşaqları da!

Dəfələrlə eşitmişəm: qızı Zöhrə xanım "Atam" yox, "Hüseyn Qağam" belə dedi, elə dedi" deyəndə. Onun şair qağasının doqquzcildliyinə yazdığı ön sözdə deyilir: "Bunu oxuculara görəmi etmişəm, yox! Bunu Hüseyn Qağamın, özümün ağrı-acılarımı azaltmaq, həyatdan, ölümdən intiqam almaq üçün edirəm".

P.S. Ad var, kimlik əvəzidir. Hüseyn Qağanın adı kimi!

Ev var, Babadağın başındakı ev kimidir, hamının evidir - "Aman evi" kimi!

Bütövlükdə Hüseyn Arifin həyatı və yaradıcılığı da haman evdir, haman qaladır. Sanki o, bütün yazdıqlarını "Aman evi"ndə yazıb.

Axırda özü də (elə sözü də!) haman evə dönüb!

 

Barat VÜSAL

525-ci qəzet.- 2024.- 11 iyun,№102.-S.13.