Hürriyyət
aşiqi mücahidin həmişəyaşar irsi
"MİRZƏ BALA MƏHƏMMƏDZADƏ.
SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA
QEYDLƏR
Sovet rejimi və kommunist ideologiyasına qarşı
ideoloji mücadilənin bayraqdarlarından biri, istiqlal hərəkatının
lideri Məhəmməd Əmin Rəsulzadənin ən
yaxın silahdaşı Mirzə Bala Məhəmmədzadənin
(1898, Bakı- 1959, İstanbul) zəngin, çoxşaxəli ədəbi,
publisistik və elmi-nəzəri irsi ideya gücü və
istiqaməti, mövzusu, dili, üslubu, sənətkarlıq
xüsusiyyətləri ilə həmişəyaşarlılıq
haqqı qazanmış milli sərvətimizdir. İstiqlal
uğrunda mücadilə yolu vətarixini M.B.Məhəmmədzadənin
əsərləri olmadan tam mənzərəsi ilə izləmək
və dəyərləndirmək mümkünsüzdür.
M.B.Məhəmmədzadə Azərbaycan Xalq Cümhuriyyəti
süquta uğradıqdan sonra bir müddət - 1920-24-cü
illərdə Bakıda bolşevik rejiminə qarşı gizli
fəaliyyət göstərmiş, sonra İrana, 1927-ci ildə
Türkiyəyə keçməyə müvəffəq
olmuş və İstanbulda məskunlaşmışdı.
Milli ideallar uğrunda mübarizəsinə mühacirətdən
əvvəlki kimi, qürbətdə də ara verməyən
Mirzə Bala Məhəmmədzadənin
yaradıcılığı məramı, missiyası, məhsuldarlığı,
mübarizliyi, mahirliyi baxımından seçilir. Təsadüfi
deyil ki, Azərbaycan Milli Elmlər Akademiyasının bu
günlərdə işıq üzü görən "Mirzə
Bala Məhəmmədzadə. Seçilmiş əsərləri"
kitabı (Bakı,"Elm və təhsil", 2023, 612 səh.)
məzmunu, mündəricəsi, sanbalı ilə
yanaşı, həcmi ilə də diqqəti çəkir.
Yeri gəlmişkən qeyd edək ki, bu kitab akademik İsa Həbibbəylinin
baş redaktor olduğu "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası.
Seçilmiş əsərləri"
seriyasının VII cildidir. Bundan əvvəl isə həmin
seriyadan 6 kitab (I cild Məhəmməd Əmin Rəsulzadə.
Mühacirət dövrü ədəbi-elmi irsindən
seçmələr. Bakı: Elm, 2016, 356 s; II. Ceyhun Hacıbəyli.
Seçilmiş əsərləri. Bakı: Elm, 2017, 368 s; III
cild. Səlim Rəfiq Rəfioğlu.
Füzuli. Bakı: Elm və təhsil, 2019, 440 s; IV
cild. Teymur Atəşli. Seçilmiş əsərləri.
Bakı: Elm və təhsil, 2020, 336 s; V cild. Alazan Baycan. Əsərləri.
Bakı: Elm və təhsil, 2021, 204 s; VI cild. Süleyman Təkinər.
Seçilmiş əsərləri. Bakı: Elm və təhsil,
2022, 280 s) nəşr edilmişdi.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 8
fevral 2023-cü il tarixli (protokol ¹1) qərarı ilə
çap olunan kitabın ilk mənbələr əsasında tərtibçisi,
ön söz və qeydlərin müəllifi filologiya elmləri
doktoru, Nikpur Cabbarlı, cildin məsul redaktoru, filologiya üzrə
fəlsəfə doktoru Arif Acaloğlu, redaktorları Aysel
Əfəndiyeva, Hülya Cəfərovadır.
Mirzə Bala Məhəmmədzadə, demək olar ki,
qələmini ədəbi yaradıcılığın
bütün növ və janrlarında sınayıb. Kitabda
seçilmiş əsərlər müvafiq qaydada təsnif
edilərək aşağıdakı başlıqlarla təqdim
olunur: "Şeirlər", "Hekayələr",
"Xatirələr", "Publisistika", "Klassik Azərbaycan
ədəbiyyatı", "Ədəbi proses",
"Ədəbiyyat və siyasət", "Milli hars",
"Azərbaycan mühacirəti", "İncəsənət",
"Türk dünyası", "Fars ədəbiyyatı",
"Ensiklopedik oçerklər".
Toxunulan problemlərin genişliyi və rəngarəngliyi
ilə diqqəti çəkən M.B.Məhəmmədzadə
irsinin ana xəttini istiqlal mövzusu təşkil edir. Onun
yaradıcılığında poeziya nümunələri say
etibarı ilə az olsa da, "Qardaşım Baykaraya"
adlı şeirindəki kimi güclü milli ruhu, hürriyyət
təşnəsi və ictimai məzmunu ilə yadda qalır:
"Fikrim zindan gibi bir qəfəsdədir,
Hürriyyət eşqiylə sızlaram hər
gün".
Bütövlükdə Azərbaycan ədəbiyyatının,
nəsrinin ən kamil nümunələri sırasında diqqətəlayiq
yer tutan "Vətən qaldı" hekayəsi M.B.Məhəmmədzadənin
bədii yaradıcılığının zirvəsidir.
Əsər 1926-cı ildə "Yeni Qafqasya" məcmuəsində
(İstanbul), 1952-ci ildə "Azərbaycan" dərgisində
(Ankara) dərc olunmuşdu. Xalq Cümhuriyyətinin devrilməsindən
sonra özü ilə ölkəmizə fəlakət gətirən
sovet rejiminin qəddarlığını, bolşevizmin milli və
tarixi şəxsiyyətlərimizə qarşı
amansızlığını ifşa edən, mühacir həyatına
məhkum olan soydaşlarımızın acı, ağır həyatını
göz önündə canlandıran, eyni zamanda bir gün
işğalın sona çatacağına, istiqlalın zəfər
çalacağına dərin inam, böyük ümid yaradan
bu hekayə zəngin, unudulmaz təəssürat yaradır.
"Mühacirətin ilk ayları idi. Mənfur istilanın
müdhiş dalğası ilə Rəstə
atılmısdım" - cümlələri ilə başlayan
hekayədə müəllif dostu ilə "istila hökuməti
tərəfindən zorla İrana sövq edilən və
bu-rada aclıqdan, xəstəlikdən və bilxassə
sıtmadan ölən milli Azərbaycan nəfərlərinin
bir torpaq yığınından ibarət mə-zarlarını"
ziyarət etdiklərini, sonra "siqara və afyon
tüstüsündən qararmış, qoxmuş bir qəhvəxananın
qa-ranlıq bir köşəsində kirli bir yorğana
bürünmüş", "ağlar, titrək, tutqun və
qırıq bir səs-lə türkcə (azəri türkcəsiylə)
bir şərqi" söyləyən mühacir
soydaşımızla rastlaşdığını təsirli
cümlələrlə təsvir edir. Onların
arasındakı dialoqu həyəcansız, sakit və
soyuqqanlı oxumaq mümkün deyil:
"- Şimdi söylə bakalım, və-təndə
nə var? Kimlər sağdır, kimlər ölmüş?
- Ölən ölmüş, qalan qal-mısdır, ?
dedim.
- General Səlimov sağmıdır?
- Öldürdülər...
- Ah... Qatillər!.. Pəki, general İbrahim ağa?
- Onu da..
- Qaydabaşı?
- Onu da öldürdülər...
- General Haşim bəy nerədə?
- Onu da qətl etdilər.
- General Tlexas?
- Onu da..
- Süleyman paşa?
- Onu da... Onu da...
Bir az susdu. Dərin-dərin nə-fəs alıyordu.
Sonra yenə müra-ciət etdi:
- Nəsib bəy nerədə?
- Bəlli deyil...
- Həsən bəy, Fətəli xan?...
- Öldürmüslər.
O qızdı:
- Həp öldürmüslər.. Nə var
öldürmüslər.. O halda kim qal-dı!!
Üzünə
baxdım. Sıtmadan sol-muş yanaqlarında göz
yaşı vardı.
- Sağ qalan, - dedim, - çoxdur...
- Bütün rəisləri məhv et-mislər, bir
kimsə qalmamış!
- Xeyr, qalmısdır...
- Kim?..
- Onları yetisdirən millət... Milləti
yaşadan Vətən!"
İdeya, məzmun cəhətdən dəyərli,
maraqlı, sənətkarlıq baxımından mükəmməl
"Vətən qaldı" hekayəsi milli istiqlal sevgisindən
yaranan, aktuallığını itirməyən parlaq sənət
nümunəsidir. Əsər kədərli notlarla başlasa
da, istiqlalın qələbə çalacağından,
istiqbalın işıqlı olacağından xəbər
verir: "Əvət, yalnız Vətən qal-dı!...
İstila bu bulud gibi mü-vəqqəti və keçicidir.
Madam ki, Vətən qalmısdır, istiqlal ümidi də
qalmısdır!... ? deyə mənə döndü. Gözlərində
həzin bir təbəssüm bəliriyordu".
M.B.Məhəmmədzadənin "Seçilmiş əsərləri"ndə
verilmiş "İldırım", "On dəfə
öldürülən" hekayələri də istiqlal
uğrunda mücadilə tarixinin güzgüsü, milli məfkurəsinin
daşıyıcısı, təbliğatçısı,
klassik söz sənətimizin nadir incilərindəndir.
Publisistika M.B.Məhəmmədzadə
yaradıcılığının mühüm istiqamətlərindən
birini təşkil edir. "Azərbaycanın Ergenekondan
çıxdığı gün", "İran xatirələri",
"Muğan xan", "Promete-Boromete", "Moskva ortaq ədəbi
türkcədən niyə qorxur", "Sıra əlifbayamı
gəlir", "Sovetlər Birliyində türkoloji,
"türk dilləri" və "türk millətləri",
"Azərbaycan Misaqi-Millisi. 28 Mayıs İstiqlal Bəyannamə-sinin
təhlili", "Milli hars və milli hakimiyyət" və
sair kimi nümunələr mühacirət irsinin dəyərli
örnəklərindəndir. Ədəbiyyat tarixində iz
qoyan şöhrətli sənətkarların - Nizami, Qazi
Bürhanəddin, Abbasqulu ağa Bakıxanov, Molla Pənah
Vaqif, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi,
Mirzə Ələkbər Sabir, Əhməd bəy
Ağaoğlu, Abbas Səhhət, Cəfər Cabbarlı, Məhəmməd
Əmin Rəsulzadə və başqalarının həyat və
yaradıcılığndan bəhs edən portret oçerklər
özünəməxsus yanaşma, təhlil və qənaətlərlə
maraq doğurur.
Azərbaycan mətbuat tarixinə redaktor, publisist kimi əbədi
imza atan M.B.Məhəmmədzadə, həm də
dövrü nəşrlərin, onun yaradıcılarının
ilk peşəkar tədqiqatçılarından biridir. Hələ
mühacirətdən əvvəl - 1922-ci ildə onun "Azərbaycan
türk mətbuatı" adlı kitabı nəşr
olunmuş, böyük maraq oyatmışdı. Mətbuatın
cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirən
Mirzə Balanın "Azərbaycanlı ilk türk qəzetçisi
Zərdablı Həsən bəy.
Ölümünün 35-ci yıldönümü
münasibətilə", "Molla Nəsrəddin" əlli
il əvvəl intişar etmişdi", "Kəlniyyət"in
ölümü (Qasımzadə Hacı İbrahimin vəfatı
münasibətilə)", "Tərcüman", "Azərbaycan
mühacirlik mətbuatının otuz illiyi" adlı
yazılarında M.B.Məhəmmədzadə dövrü nəşrlərin
proqramları, problemləri, dili, üslubu, sənətkarlıq
məsələləri, mühərrirləri barədə
mövqeyini bildirir, fikirlərini bölüşür. O,
1938-ci ildə Berlində "Qurtu-luş" jurnalının
mətbəəsində nəşr etdirdiyi məşhur
"Milli Azərbaycan hərəkatı" adlı
kitabında mətbu orqanlardan da bəhs edir.
M.B.Məhəmmədzadə milli mətbuat haqqında
məhəbbətlə söz açır, bolşevik nəşrlərini
cəsarətlə tənqid və ifşa edirdi. M.B.Məhəmmədzadə
"Azəri türk ədəbiyyatının dünəni və
bu günü" adlı məqaləsində yazırdı:
"Bolşevik həqayiqi basdan-başa bir səfalətdən
ibarət ikən, matəm günləri bayrama, bayram günləri
matə-mə təbəddül etmiş ikən irz, namus,
şərəfi-milli kirli soldat çizmələri
altında çey-nənməkdə, milli müqəddəsat
yerlərdə süründürülməkdə ikən mətbuat;
gülmək, şən gö-rünmək, bolşevizmə
qəsidələr yazmaq vəzifəsiylə müvəzzəf-dir".
Bir məsələyə də toxunmağı lazım
bilirik. M.B.Məhəmmədzadə bolşevik nəşrlərini
kəskin tənqid etdiyi kimi, o dövr Türkiyə mətbuatının
ölkəmizə laqeyd münasibətini, Azərbaycanla
bağlı məsuliyyətsiz yazılarını da ciddi
qınamışdı.
Ədəbiyyatşünaslıq sahəsindəki
yaradıcılığı M.B.Məhəmmədzadənin fəaliyyətinin
mühüm qismini təşkil edir. Milli ədəbiyyatşünaslığın
örnək nümunələrini yaradan tənqidçinin
"Seçilmiş əsərləri"ndə toplanan
elmi-nəzəri məqalələri dərin təhlili, cəsarətli
mühakimələri, sanballı mülahizələri,
dolğun qənaətləri ilə yadda qalır. Onun klassik
Azərbaycan ədəbiyyatı mövzsunda qələmə
aldığı "Dədə Qorqud", "Nzami",
"Molla Pənah Vaqif", "M.Fətəli Axundov",
"Mirzə Fətəli Axundzadə", "Mirzə
Ələkbər Sabir", "Abbas Səhhət",
"Əhməd bəy Ağaoğlu", "Cəfər
Cabbarlı", ədəbi proses və ədəbi siyasətlə
bağlı "Müasir azəri şairləri",
"Ədəbiyyatda istiqlal və demokratizm", "Ədəbi
hakimiyyət qovğası", "Proletar ədəbiyyatı
milliyyətçi ədəbiyyatın vahid cəbhəsi
qarşısında", "Ədəbiyyatda hegemoni
qovğası", "Bolşevik "ədiblərinin"
"Hücum"u", "Bolşevik ədəbiyyatı",
"Yamaqlı ədəbiyyat",
"Cığırdaşlar", "Sabir
yaşasaydı", "Ədəbiyyat və kommunizm",
"Dədə Qorqud və kommunizm","Dostoyevski və
kommunizm", "Tolstoy və kommunizm", "Bazarovun
oğulları", "Kommunist şairlər" və sair
kimi çoxsaylı məqalələri saxta, qondarma sosrealizm
prinsiplərinin inkarı, milli ədəbiyyatşünaslıq
konsepsiyasının təsdiqi kimi bu gün də
aktuallığını saxlayır.
(Ardı var)
Abid TAHİRLİ
525-ci qəzet.- 2024.- 11 iyun,¹102.-S.12.