"Molla Nəsrəddin"in "Poçt qutusu"ndakı Naxçıvan yazıları

 

 

 

Mollanəsrəddinçilər Azərbaycanda, bütövlükdə Şərq aləmində cərəyan edən hadisələri göstərmək üçün bir sıra yeni ədəbi forma və janrlardan istifadə edirdilər ki, həmin janrların da hər biri özünəməxsusluğu ilə seçilirdi. Bu janrlar içərisində yığcam, qısa və aydın fikirləri əhatə edən, istər ideya və məzmun cəhətdən, istərsə də əyləncəli, məzhəkəli yazıları ilə seçilən "Poçt qutusu" rubrikasının özünəxas yeri və rolu var idi.

"Poçt qutusu" jurnalın daimi müxbir və yazarları arasında bir növ məktub əlaqəsi rolunu oynayırdı. Redaktor "Poçt qutusu" vasitəsilə müxbirləri ilə sıx əlaqə saxlayır, redaksiyaya göndərilən yazıların daha dolğun, məzmunlu, yığcam və oxuculara təsir edəcək tərzdə yazmaları haqqında müntəzəm olaraq məsləhət və tövsiyələr verirdi.

"Molla Nəsrəddin" jurnalında Naxçıvanla bağlı dərc olunan "Poçt qutusu" yazılarına nəzər yetirdikdə görürük ki, idarəyə daxil olan bu yazılar konkret ünvana uyğun olaraq ya dərhal dərc edilmiş, yaxud növbəti nömrədə dərc ediləcəyi məqalə müəllifinə bildirilmişdi.

Məsələn, "Ordubadda məxsusi səyyahımız Məşədi mozalan bəyə: "Məktubunuz 17-ci nömrədə çap olunacaq" ("Molla Nəsrəddin", 1909, ¹16). 17-ci nömrədə isə oxuyuruq: "Ordubadda Məşədi mozalan bəyə: "Məktubunuz 18-ci nömrəyə qaldı" ("Molla Nəsrəddin", 1909, ¹17). İzləyib şahidi oluruq ki, redaktor müəyyən səbəblərdən məqalənin dərcini gecikdirmiş olsa da, "Mozalan bəyin səyahətnaməsi" 18-ci nömrədə işıq üzü görür və oxucuların ixtiyarına verilir.

"Poçt qutusu" içərisində diqqətimizi çəkən əsas cəhətlərdən biri isə "məqalənizi çap eləmək mümkün olmadı", "yazınızı çap etmək məsləhət olmadı", yaxud da "elanınız çap olunmayacaq", "şeirlər çap olunmayacaq" kimi qəti şəkildə məqalə sahibinə bildirilən cavablardır.

Sual yaranır "nə üçün", "nəyə görə" bəzi məktublar dərc edilməyərək "poçt qutusu" səbətində tövqif olunmuşdur? Əvvəlcə "tövqif" sözünün mənasına aydınlıq gətirək. Tövqif bir sıra elmi mənbələrdə "təxirə salma", "tutub saxlama", "yubatma" mənalarını ifadə edən, bəzi ədəbiyyatlarda isə "hökmə qədər ittiham edərək həbsxanada saxlama", "həbs etmə", "tutma" kimi məfhumları özündə ehtiva edən ərəb mənşəli sözdür.

"Poçt qutusu" məktublarını təhlil edərkən aydın olur ki, redaktorun redaksiyaya göndərilən bəzi məktubları dərc etməməsinin, poçt qutusu səbətində saxlamasının, tövqif etməsinin bir sıra əsaslı səbəbləri olmuşdu.

Ana dilinə xüsusi diqqət ayıran Mirzə Cəlil jurnalın ilk saylarından oxucularına "Məni gərək bağışlayasınız, ey mənin türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram..." xitabı ilə öz məqsəd və məramını bildirmişdi. Ən ümdə vəzifəsi "açıq ana dilində" yazıb yaratmaq olan jurnalın məktubların dərc olunmamasındakı başlıca səbəblərindən biri onların ana dilində yazılmaması olub. C.Məmmədquluzadə müəlliflərdənana dilində yazmalarını qətiyyətlə tələb etmiş və jurnalın 31 nömrəsini "İdarəyə göndərilən məktub və məqalələr açıq türk ana dilində yazılmış olmasalar, çap olunmayacaqlar" ("Molla Nəsrəddin", 1906, ¹12-1907, ¹2) başlıqlı elan dərc etdirmişdi. Ana dilində yazılmayan heç bir məktub jurnal səhifələrində özünə yer ala bilməyib.

Mirzə Cəlilin müxbirlərindən növbəti tələbi jurnalın məqsəd və məramına uyğun, təsir qüvvəsi böyük, oxucunun başa düşəcəyi, eyni zamanda qəlbinə və zehninə nüfuz edəcək tərzdə məqalələr yazmaları idi. O, yığcam şəkildə və yaradıcı üslubda yazmağın vacibliyini "Poçt qutusu" yazılarında tez-tez vurğulayırdı. Bu tələbləri ödəməyən məqalə müəlliflərinə isə redaksiya tərəfindən məktubların çap olunmayacağına dair jurnalın satirik üslubuna uyğun "Poçt qutusu"nda cavab verilirdi: "İdarəmizə gələn kağızların çoxunu çap etmirik. Etməməyimizin səbəbi budur ki, kağızların çoxundan bir məna çıxmır" ("Molla Nəsrəddin", 1906, ¹31). Məsələn, "Naxçıvanda "Müridə": Markaya heyfiniz gəlsin" ("Molla Nəsrəddin", 1908, ¹14). "Naxçıvanda "Nəssac"a: "Budəfəki şeirlərin dərci məsləhət olmadı, gələcəkdə sadə və mənalı yazsanız, çap olunar" ("Molla Nəsrəddin", 1913, ¹4). "Əylis kəndində Tövfiqə: - dörd vərəqdən ibarət məktubunuz səbətdə tövqif olunmuşdur. Heyif ki, rəhmətlikdən bir kəlmə də olsun anlamaq olmadı" ("Molla Nəsrəddin", 1925, ¹16).

Redaktor təkcə təcrübəsiz qələm əhlinə deyil, həm də jurnalın ilk müxbirlərindən olan Ə.Qəmküsar, Ə.R.Şamçızadə kimi məslək yoldaşlarına da tövsiyələrini sərbəst surətdə bildirir, cəmiyyətdə baş verən hadisələrə mollanəsrəddinsayağı münasibət bildirməyin vacibliyini xatırladırdı.

C.Məmmədquluzadənin "məxsusi qələm yoldaşı" Əliqulu Qəmküsara verdiyi nəsihət də həmin tələbkar münasibətin ifadəsidir: "Culfada Qəmküsar" cənablarına: Yazdığınız şeirlər çox gözəl, lakin heyif ki, mollanəsrəddinsayağı yazmayıbsınız çox ciddidir. Ümidvarıq ki, bundan sonra şeirlərinizi mollanəsrəddinsayağı yazarsınız. Özgə şeirlərinizi gözlüyürük" ("Molla Nəsrəddin", 1909, ¹46). Bu irad və tələblər təkcə Ə.Qəmküsar yaradıcılığına deyil, digər müəlliflərin də qələminin formalaşıb inkişaf etməsinə kömək etmişdi.

Mirzə Cəlil müxbirlərindən, daimi oxucularından şəhər və kəndlərdə baş verən əhəmiyyətli hadisələri yazıb göndərmələrini xahiş edirdi. Göndərilən yazılar az əhəmiyyətli olduğundan dərc edilməyərək səbətdə tövqif olunur və yazara "Poçt qutusu" sərlövhəsində belə cavab verilirdi: "Oxucularımızdan təvəqqe edirik ki, idarəmizə qoluzorbalıqda hünər göstərən şəxslərin fotoqrafiyalarını, şəhər və kəndlərdə üz verən əhəmiyyətli vüquatı yazıb bizə bildirsinlər" ("Molla Nəsrəddin", 1907, ¹9).

Mirzə Cəlil jurnalın yazarlarından məzhəkəli və tənqidi ruhda yazmağı tələb edərkən ədəb, mərifət, etik qaydalarını da pozmamağı əsas tuturdu: "Culfada "Müxbirimiz"ə: -"Molla Əhmədin hərəkətini yazmaq olmaz, ayıbdır" ("Molla Nəsrəddin", 1910, ¹18). "Naxçıvanda Dinsizə:-Molla Palanduz söhbəti küçə və çayxana söhbətidir ("Molla Nəsrəddin", 1929, ¹18).

Tənqid və iradlarını qərəzsiz və obyektiv şəkildə bildirən redaktorun verdiyi cavablardan məlum olur ki, redaksiyaya göndərilən məktubların tərbiyə ölçüsündə yazılması "Molla Nəsrəddin"in xüsusi tələblərindən idi.

 

Məlum olduğu üzrə "Molla Nəsrəddin" nəşrə başladığı gündən hədə və təqiblərə, məruz qalmışdır. Müxtəlif nömrələrdə gedən yazı və karikaturalara görə xəbərdarlıq almış, zaman-zaman nəşri dayandırılmışdı. Mürtəce qüvvələr tərəfindən təqib olunduğundan, ictimai dairələrdə qızğın fikir mübadiləsinə, böyük əks-sədaya, çaxnaşmalara səbəb olan bəzi yazıların indiki vaxtda dərc edilməsinin mümkün olmadığını redaktor "Poçt qutusu"nda özünəməxsus tərzdə cavablandırırdı: "Culfada "O taylı" imzası ilə yazana: "Elə şeyləri indiki vaxtda yaza bilmərik" ("Molla Nəsrəddin", 1909, ¹13), Naxçıvanda "Qorxağ"a: tanımadığımız şəxsdən gələn kağızları çap etmirik" ("Molla Nəsrəddin", 1924, ¹4). Naxçıvanda "dəmir yol fəhləsi və ibadətçiyə"-Mustafa Həsən oğlunun nadincliyindən və dız Ələsgərin bizdən küsməyindən qorxaraq o barədə bir şey yaza bilmədik" ("Molla Nəsrəddin", 1929, ¹26). Bu nümunələrdən də görünür ki, redaktor həm müəlliflərini, həm də jurnalı hakim dairələrin, senzuranın təqiblərindən qorumağa çalışmışdı.

Məktubların səbətdə tövqif olunması səbəblərindən biri də müəlliflərin gizli imzaları ilə bağlı idi. Çünki açıq imza ilə çıxış etməyin bir sıra təhlükəli tərəfləri olduğundan (şəxsi qərəzlik, müəlliflərin məxfiliyi, onların təhlükəsizliyi, senzuradan qorunmaq və s. - G.Ə.) müəlliflər özünümüdaifə məqsədilə dövrün ciddi, ictimai xarakterli yazılarında müxtəlif gizli imzalara müraciət etməli olurdular. Redaktor müəlliflərin məxfiliyi, təhlükəsizliyi baxımından yazıların gizli imzalarla dərcinə üstünlük versə də, redaksiyaya gizli imza ilə daxil olan məktubların heç də hər biri jurnal səhifələrində özünə yer ala bilməmişdi. "Poçt qutusu"nda verilən cavablardan da bunu görmək olar: Məsələn, Culfadan "M.B." imzası ilə məqalə göndərənə: "Bir səhifə kağızda on yeddi adama toxunursunuz, amma adınızı da bizdən gizləyirsiniz. İndi bir fikir eləyin görək bizim təklifimiz nədi? ("Molla Nəsrəddin", 1908, ¹1). Naxçıvanda "Qorxağ"a - tanımadığımız şəxsdən gələn kağızları çap etmirik" ("Molla Nəsrəddin", 1924, ¹4). Ordubadda "Qızdırmalı"ya - Əvvəla budur, qızdırma! İkinci də məktubun imzasızdır. İmza yazdığın məqalənin altında olmalıdır ("Molla Nəsrəddin", 1924, ¹23). Naxçıvanda "Ədibə" familiyanızı yazmış olsaydınız bilərdik ki, sənin özün də bu dərdə mübtəlasan ("Molla Nəsrəddin", 1924, ¹27).

Nəzər yetirdiyimiz tövqif məktublarından da aydın olduğu kimi "Molla Nəsrəddin"in "Poçt qutusu" janrı jurnalın redaktoru, abunəçiləri, yazar və oxucuları arasında rabitə əlaqəsinin saxlanılmasında, jurnalın məqsəd, amal və əfkarının həyata keçirilməsində xüsusi əhəmiyyətə malik əlverişli janrlardan biri olub. Jurnalın təsisçisi və baş redaktoru C.Məmmədquluzadənin prinsipallığı, yazarlarından ciddi tələbkarlığı, tənqidi qeydləri, məsləhət və məlumatları nəticəsində müəlliflərin publisistik yazılarında vahid qayda prinsipi formalaşıb, "Molla Nəsrəddin" publisistika məktəbi təşəkkül edib.

 

Günel ƏSGƏROVA

AMEA Naxçıvan Bölməsinin elmi işçisi

525-ci qəzet.- 2024.- 12 iyun,¹103.-S.15.