Aktrisanın şirin-acı
həyat hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Mən ancaq öz düşüncələrimi və
arzularımı ifadə edirəm, heç də Danko deyiləm
ki, yol göstərmək üçün ürəyimi sinəmdən
çıxarıb, başımın üstündə məşəl
kimi yandırım. Ancaq teatrın və kinonun inkişafı
xatirinə mənim yanan və sürətli ritmlə
döyünən ürəyim vardır, bunun
sağlamlığıma ziyan vurduğunu da bilirəm. Bəxtimizə
yazılan sənət sahələrinin inkişafı
üçün biz sadəcə
çalışmamalıyıq, fədakarlıq göstərməliyik,
mənim harayım da, çağırışım da
yalnız buna xidmət edir. Heç kəs buna görə məni
avantürizmə yuvarlanmaqda ittiham edə bilməz, axı
bunda mənim heç bir təmənnam yoxdur.
Biz qədim yunanların dünyaya bəxş etdiyi
müqəddəs məbədi qoruyuruq. Artistlər ən
sülhsevər insanlardır, sarsılmaz humanistlərdir, əsl
filantroplardır. Biz ölümə səbəb olan
silahın nə olduğunu bilmirik, səhnədə istifadə
etdiyimiz silahlar taxtadandır. Taxta qılınc adamı
öldürmür, bəzi xalqların istifadə etdiyi
ağac dəyənəkdən olan məşq silahına bənzəyir,
yalnız süni vuruş effekti yaradır. Biz səhnə
yaradıcılığımızla insanları dostluğa, bəşəri
dəyərləri lazımınca qiymətləndirməyə
çağırırıq, həm də bəd əməlləri
bacardığımız qədər ifşa etməyə
çalışırıq.
Bizim yeganə qayəmiz budur, gəlin buna xilaf
çıxmayaq. Adamlar şəxsi həyatımızla
tanış olmasalar da, oyun qüsurlarımıza nüfuz etməsələr
də, bizim tamaşalara inanırlar. Ona görə də
Esxil, Sofokl, Şekspir, Kornel, Hüqo və onların dram əsərləri
minillər, yüzillər keçsə də, nail
olduqları böyüklüyü, hündürlüyü səhnə
möcüzəsi hesabına itirmirlər. Bu müqəddəs
məbədin kahinliyi indi bizə
tapşırılmışdır, biz ləyaqətli
davamçılar olduğumuzu sübut etmək
üçün bütün gücümüzü,
istedadımızı sərf etməliyik.
Mən, Doqquz Muzadan birinin, ilahə Melpomenanın himayə
etdiyi teatrı, Orta əsrlərdə Qərbi Avropada
yaranmış, geniş yayılmış və böyük
iqtisadi gücə yiylənmiş monastırlarla müqayisə
etmək istərdim. Qoy bu qatı dindarları heç də
qorxutmasın. Monastırlar həm də əsl kollektiv zəhmət
simvolları sayıla bilərdi. VI əsrdə İtaliyada,
Roma ilə Neapol arasındakı ərazidə Müqəddəs
Benedikt məşhur Monte-Kassino monastırını yaratmışdı.
O, həm də Qərbi Avropada indiyədək öz əhəmiyyətini
itirməyən monastır Əsasnaməsini
yazmışdı. Bu nizamnamə rahiblərin həyatına
işıq salan 73 maddədən ibarət idi. Bu Əsasnamənin
başlıca göstərişi "Ora et labora!" -
"Dua et və işlə" şüarı idi. O, rahibləri
bəkarət, mülkiyyətdən imtina, bir dəfə
seçilmiş monastıra ölənə qədər sədaqət
ruhunda tərbiyə edirdi. Əqli zəhmət də
Əsasnamədə xüsusi əhəmiyyət kəsb
edirdi. Ona görə də Benedikt monastırları sonralar Qərbi
Avropanın başlıca mədəni mərkəzlərinə
çevrildi.
Benediktin Əsasnaməsi bəzi istisnalarla
yanaşı, bütünlüklə teatrın fəaliyyətinə
də aiddir. İstisna yalnız bəkarətə aiddir,
teatrda işləyənləri heç kəs cismani hissiyatdan
məhrum etmir, onlar sərbəst ailə qurmaq hüququna
malikdirlər. Monastırlardan fərqli olaraq, teatrların həm
də elə bir sərvəti, mülkiyyəti yoxdur. Əsasnamədə dua Allaha
ünvanlanmışdır, dindarlar bu gün də onu icra
edirlər və buna heç bir maneə yoxdur. Mən duanı
həm də teatrın müqəddəsliyinə yönəltmək
istərdim, qoy teatr sənəti dünya durduqca yaşasın
və inkişaf etsın, ən azı
tamaşaçının tələbini ödəmək
gücündə olsun. İşləmək, zəhmət
çəkmək isə bizim alnımıza
yazılmışdır. Öz üzərində işləməyən
aktyor və aktrisa məhvə məhkumdur, ən çoxu
teatrların qapısında dilənçi həyatı
sürəcəkdir. Yaradıcılıqla məşğul
olmayıb, köhnə zəif repertuarla gününü
keçirən teatrlar da uzun müddət yaşaya bilməz.
Ona görə də bizim hər birimiz teatr barədə dua
etməli, daha dəqiq deyilsə, onun inkişafına
çalışmalı, daim bizi qocalmağa qoymayan bu
qeyri-adi, yaradıcı zəhmətlə məşğul
olmalıyıq. Kim bununla razılaşmırsa, yuxarıdan
göstərişi gözləmədən teatrla
vidalaşmalıdır ki, ona gənc, istedadlı, enerjili yeni
qüvvələr gəlsin. Yalnız inkişafa yönəlmiş
təkamül prosesində İntibah teatrın
sağlamlığını qoruyub saxlaya bilər. Bunu həyata
keçirməyi bacarsaq, gələcək nəsillər də
bizdən razı qalacaqdır.
Biz Sahara səhrasının şimalındakı
Saxeldə yaşayan, berber xalqı olan tuareqlər deyilik ki, fəaliyyətimizlə
deyil, ətalətimizlə öyünək. Onlar susuzluqdan əziyyət
çəksələr də, su olmadığından daim
qumla yuyunsalar da, özlərini heç kəsdən
asılı olmayan, müstəqil hesab edirlər. Lakin onlar əsrlər
ərzində öz həyat tərzlərini dəyişə,
heç bir inkişafa nail ola bilməmişlər, yalnız
mülkiyyətlərində olan dəvələrinin sayı
ilə öyünürlər. Biz isə öz çiyinlərimzdə
vətəndaşlıq borcunun məsuliyyətini
daşıyırıq. Biz dövlətçiliyimizlə
sıx bağlıyıq, doğma Azərbaycanımızın
inkişafı, yeni nailiyyətləri naminə öz fərqli
sahəmizdə daha möhkəm
çalışmalıyıq. Biz dövlətin
qayğısına da möhtacıq, lakin biz uşaq
bağçası deyilik ki, hər şeyi ondan umaq. Yolu
keçərkən dövlət, bağça müəlliməsi
kimi bizim əlimizdən tutmamalıdır. Lakin dövlət
xalqın mənəvi tərbiyəsinə - təhsillə
yanaşı, mədəniyyətin - teatrın, kinonun,
musiqinin inkişafına daha artıq investitsiya yönəltməlidir,
bu kapital həm də səmərəli istifadə
olunmalıdır, həqiqi nəticə göstərməlidir.
Bizim özümüz isə
teatrın inkişafı adlanan dağa da istedadımızla, zəhmətimizlə
dırmaşmalı, nəyə qadir olduğumuzu göstərməliyik.
Axı biz iradəli yaşlı insanlarıq. Başqa sahələrdə
qazanılanlarla yanaşı, sırf özümüzə aid
olan nailiyyətlərimizlə də öyünməliyik,
aşağı zövqlərin əsirliyindən
uzaqlaşmalıyıq. Yaşadığımız XXI əsr
də bizim qarşımızda yeni vəzifələr qoyur,
bunlar inkişafa nail olmaq, başqa irəli getmiş xalqlardan
geri qalmamaqdır. Bəzi xalqlar ötən əsrlərdə
iqtisadi cəhətdən geri qalanda da, mədəniyyətin
inkişafı onlar üçün lokomotiv rolunu
oynayırdı. Çin imperiyasından başlayaraq müasir
respublikaya qədər dövlətin böyük əraziyə
sahib olması və nəhəng sayda xalqı birləşdirməsi
birinci növbədə mədəniyyətlə
bağlıdır. Doğma Azərbaycanımız qədim və
zəngin mədəniyyətə, ədəbiyyata
malikdir. Xoşbəxtlikdən
indi bizim iqtisadi yüksəlişimizə də köks
ötürənlər çoxdur. Ölkəmiz ilbəil
iqtisadiyyatında böyük irəliləyişlər edir,
xalqın sosial vəziyyəti yaxşılaşır.
Bütün bunlar regionun aparıcı dövlətinə
çevrilmiş doğma vətənimiz üçün
iftixar hissləri yaratmaya bilməz. Son onilliklərdə
ardıcıl davam edən belə müsbət dəyişiklikləri
nəzərə aldıqda, bizim teatrın, kinonun geridə
qalmağa, sürünməyə heç cür haqqı
yoxdur. Belə geriliyə görə biz mədəniyyət
xadimləri məsuliyyət daşıyırıq. Əslində
isə biz ona nail olmalıyıq ki, öz
gücümüzü göstərək. Kaliforniyadakı
pırkal ağacı meşəsi - Hollivud öz meyvələri
(filmləri) ilə bütün dünyanı fəth
etmişdirsə, Bollivud Pakistan, Əfqanıstan, Şri-Lanka və
Nepal bazarını da zəbt etmişdisə, biz də kino sahəsində
Qafqazda və Mərkəzi Asiya regionunda dominantlıq edə
bilərik. Bunun üçün iri formatlı və yüksək
bədii səviyyəsi ilə seçilən filmlərin istehsalına
keçməliyik.
Mən çalışdım ki, səhnə həmkarlarımla
səmimi olum, ona görə də hər kəs tərəfindən
müraciətimin tam müvafiq qaydada eşidiləcəyinə
və onlara əməl ediləcəyinə şübhə
etmirəm. Çünki mən sənət dostlarımın
həmrəyliyinə, zamanın
çağırışlarına cavab vermək qabiliyyətlərinə
bələdəm və buna tam əminəm.
Arzuladıqlarımın həyata keçəcəyinə
heç bir şübhə etməməyim də, mənim
ümid üfüqlərimi daha da genişləndirir və
oradan çıxacaq parlaq işığın bizim xoşbəxt
gələcəyimizin əsl rəmzi olduğuna da inamım
artır".
Mənim həyat hekayətim, başıma gələn
əhvalatlar, keçdiyim sınaqlar və
qazandığım şərəf mükafatı
bunlardır. Mən nə Fernan Magellan kimi ilk dəfə
dünya ətrafına səyahətə
çıxmışam, nə də Neyl Armstronq kimi ilk dəfə
Ayın səthinə ayaq basmışam. Kasıb ailədə
böyümüş, yaxşı təhsil almış və
səhnə həyatına daxil olmuşam. Xalqa istedadımla
xidmət gəstərmiş və onun sevgisini
qazanmışam. Bununla fəxr etməklə yanaşı,
xalqıma dərin məhəbbət bəsləyirəm. Qədirbilən
xalqımız mənim permanent iftixar mənbəyimdir.
Biz keçmişimizlə, onun ləyaqətli
nümayəndələri ilə daim
öyünmüşük. Lakin zamanın irəliyə
doğru hərəkəti, bir mərhələdən
başqasına keçməsi dayanmamalıdır.
Əcdadlarımız bizi başqa xalqlar arasında
tanıtmışlar. Müasirlərimiz və gələcək
nəsillərimiz bu estafeti davam etdirməlidir. Biz iqtisadi
qüdrətimiz üçün təbii sərvətlərimizin
bolluğuna və ondan ağıllı istifadə etmək
bacarığımıza borcluyuq. Lakin ən böyük sərvətimiz
xalqımız və onun tükənməyən
potensialıdır. Təbii sərvətlər tükənə
bilər, xalqın enerjisi isə arzularının
böyüklüyü naminə və mədəniyyətinin
inkişafı ilə, həm də mənəviyyatının
zənginliyi hesabına getdikcə artacaqdır. Ona görə
dövlətimiz insan
kapitalının inkişafına ciddi fikir verir. Bizim borcumuz isə
bu qayğıya layiqincə
cavab vermək, həqiqi vətənpərvər olduğumuzu
öz gündəlik uğurlu fəaliyyətimizlə göstərməkdir.
Ümdə vəzifəmiz bundan ibarət olmalıdır.
Çox da böyük dövrü əhatə etməyən
həyat hekayətimlə yekun vurmaq üçün
Petrarkanın soneti üslubunda nəzmə müraciət
etdim. Axı şeir az sözlərlə geniş fikri ifadə
etmək gücündədir.
Öyrətdi çox şeyi mənə,
şirin-acı günlərim,
Keçdi gözlər önündən
səhifələri ömrün.
Xoşbəxtlik mənbəyidir indi,
ailəmlə şöhrətim,
Şirindir mənə hətta,
öz acı xatirələrim.
Vaxtınızı sərf
edib, ömrümə həsr etdiyim yazını oxuduğunuza
görə minnətdarlıq hissi ilə, həm də səmimiyyətlə
Sizin
İzolda Pünhanova".
SON
15.11.2023
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 12 iyun,№103.-S.14.