BİRNƏFƏSƏ
YAŞANMIŞ ÖMÜR
Onun atası kasıb adamdı və çörəyi
dənizdən çıxırdı.Zənginlərin gəmilərində
muzdurluq edən və həyatdan da erkən gedən Məhəmməddən
oğlu Hüseynə qalan mal-mülk yox, adının əvvəlindəki
ləqəbi oldu. Yelkən gəmilərinin komandirlərinə
o vaxtlar "pişgah" deyərmişlər və Məhəmməd
də ömrünün son illərində bu işdə
olduğundan həmin kəlmə yapışmışdı
adına, tanıyanlar ona "Pişgah Məhəmməd"
deyərdi.
Bu sözün"ön", "qabaq",
"yuxarı baş" mənaları var. Yəqin, elə
komandir adətən gəminin irəli tərəfində
olduğundan belə deyiblərmiş. Ancaq "pişgah"
kəlməsinin "padşah", "möhtəşəm
şəxs", "taxt" anlamları da var.
Hüseyn Ərəblinski yelkənlərini gen-gen
açaraq ömrü boyu Sənət Dənizində
üzdü, Milli Teatr Gəmimizin kapitanı oldu, həmişə
öndə, yuxarı başda qərar tutdu, Azərbaycan
teatrı tarixindəki ən möhtəşəm şəxs
mərtəbəsinə ucaldı, həm məcazi, həm
gerçək anlamda hökmdarlıq və taca sahiblik dəbəxtinə
düşdü - səhnədə həqiqətən zəhmli
Nadir şah oldu, Ağaməhəmməd şah oldu, Şah
Abbas oldu (nədən dilin hansı daxili hökmüylə"şah"
kəlməsi bütün başqa hökmdarların
adından sonra gəldiyi halda Şah İsmayılla Şah
Abbasda addan qabağa keçib?) gerçəkdən
başında tac da gəzdirdi, amma həm də
dolayısı ilə Azərbaycan teatrının şahı,
taclısıadlanmaq şərəfi də ona nəsib oldu.
Ancaq atadan qalan kasıblıq da ondan heç əl
çəkmədi, ömrü uzunu onu qarabaqara güddü,
dəfələrlə sındırdı, sarsıtdı,
dünyadan çiyrindirdi.
Üstündə gəzdirdiyi iki qiymətli əşya
vardı - brilyant qaşlı üzüyü və qol
saatı. Yaşadığı miyana evi vardı. Ancaq
heç vaxt nə cibində gəzdirdiyi o saat, nə
barmağındakı o üzük, nə içində
yaşadığı evi axıracan onunku idi. Bunların
üçü də həmişə girovda idi. Şəxsi
işlərinə görə deyil, teatrdan ötrü.
Bunlarıgirova qoyub tamaşa vermək üçün yer kirələyirdi,
xüsusi adamlardan səhnə geyimi, lazım olan
dekorasiyaları müvəqqəti alırdı. Bilet
satılıb pul yığılanda borcları
qaytarırdı, o əşyalar girovluqdan müvəqqəti
çıxırdı, çox keçmirdi ki, hər şey
yenə təkrarlanırdı.
Xalq artisti Hacağa Abbasov Ərəblinski ilə
bağlı xatirələrini yazıb da, danışıb
da. Səsini dinləyirəm və söylədikləri səsinə
qarışmış kədər dalğası ilə mənə
yazıda olduğundan daha çox təsir edir. O xatirə bizi
1918-ci ilə aparır. Bir-birlərinə yaxın
yaşayırmışlar. Hüseynin anası Pəri
xanım Hacağagilə gələrək anasına
deyibmiş ki, oğlum oğlunu çağırır, evdə
gözləyir. Hacağa gəlir və Hüseyni çox pərişan
görür. Dilxorçuluğunun səbəbini soruşur.
Ərəblinski qayıdır ki, keçən gün
"Şəms" restoranına gedib nahar etmək istədim.
Restoranın sahibi Hacı Aslan Məcidov
kababçılıqdan bir az pul qazanandan sonra keçib oturub
kassada, işləri idarə etməyi tapşırıb
oğlu Əliheydərə. Hacı Aslan gəldiyimi
görüncə oğluna dedi ki, Əliheydər, dünəndən
qalan tavakababıdan qızdırıb bu artistə ver. Bu
söz ovqatımı tamam pozdu, çıxdım oradan, evə
ac gəldim. Qəmli olmağımın səbəbi budur.
Və o gün Ərəblinskinin dərdli-dərdli
dediklərini də Hacağa Abbasov unutmamışdı, bizə
də çatdırıb: "Hacağa, əgər bir vaxt "Qiyamət
günü" deyilən əhvalat baş versə nə
olacaq? Dünyada ömür keçirib gedən peyğəmbərlər
gələcəklər məhşərə. Qeybdən səs
gələcək: "Ya Musa, sənə inanan kəsləri
çək qabağa". Bu vaxt məhşər əhli
görəcək ki, Edison öz ixtiraları ilə, məşhur
musiqi ustadı Rubinşteyn öz musiqi aləti ilə,
professor Akinşeviçöz cərrah bıçağı
iləgəlib bir yanda dayanacaq; sonra da əmr olunacaq: "Ya
İsa, çək gəlsin sənə inananları! Bu vaxt
görəcəklər ki, Puşkin, Qoqol, Lev Tolstoy öz
kitabları ilə, Belinski öz əsərləri ilə gəldilər.Əlbəttə,
bu təklif Məhəmmədə də ediləcəkdir. Bu
zaman məhşər əhli görəcək ki,
qovurmaçı Əbdüləli, onun dalınca
kababçı Hacı Aslan Məcidov gəlib Məhəmmədin
hüzurunda dayanacaqlar. Məhşər əhli qəhqəhə
çəkib gülüşəcək, Məhəmmədin
ümmətinə "Afərin!" deyəcək...Görəsən,
Hacağa, dünyaya elə bir dövr gələcəkmi ki,
bizim bu yazıq xalqın istedadına, onun incəsənətinə
qiymət verilsin?"
Yandığından belə deyirdi və bütün
çəkdiklərinə də ona görə
dözürdü və dözə bilirdi ki, millətinin o
cür qalmasını istəmirdi.
Hacı Aslanın köhnə tavakababını təxminən
"at qabağına qoy yesin" deyərək Ərəblinskini
(fərqi nədir ki! Onun yerində Azərbaycanın mahir bir rəssamı,
üstün bir şairi, misilsiz bir musiqiçisi, kamil bir alimi
də ola bilərdi) xar etməsi qəziyyəsini Hacağa
Abbasovun bu xatirəsindən bildik, amma Ərəblinski
Hacağa ilə söhbətində qovurmaçı
Əbdüləlinin də adını çəkir axı!
Allah bilir hələ o pəzəvəng böyük aktyorun qəlbinə
necə dəyibmiş.
Mən intiqam hissindən uzaq adamam. Mənə pisliklər
etmiş adamlardan heyif çıxmaq heç vaxt
ağlımdan keçməz, ürəyimə gəlməz.
Amma edilmiş pislikləri də qətiyyən unutmaq olmaz.
Ərəblinski kimi millət əzizlərinə qarşı
həyat boyu törədilmiş belə və bundan da betər
qansızlıqlara əfv düşmür, lənət
müddətsizdir, millət çıraqlarının həyatına
azacıq belə ağu qatmışları
bağışlayıb-bağışlamamaq məsələsini
Allah Özü həll etsin.Nə qədər mərhəmətlidirsə
də, Adil olduğu üçün hər halda Allah, yəqin
ki, bağışlamaz!
...Hüseyn Ərəblinski ilk dəfə 1897-ci ildə
Mirzə Fətəlinin "Vəzir-i Xan-i Lənkəran"ında
ilk ifa etdiyi Kərimdən tutmuş1919-cu ildə
ölümündən az öncə rus aktyorları ilə
birgə oynadığı "Trilbi"
tamaşasındakı Svenqali surətinədək (rus aktyoru və
dramaturqu Qe Qriqiorinin(1868-1942) həcmcə çox da
böyük olmayan və süjeti ingilis
yazıçısı Corc du Moryenin XIX yüzilin
sonlarında ədəbi sensasiya kimi qavranılmış
romanından götürülmüş bu pyes ilk dəfə
1901-ci ildə Sankt-Peterburqda ayrıca kitabda nəşr
edilmişdi)51 tamaşada və 1 filmdə 58 rol oynayıb (Bəzi
pyeslərdə o, səhnəyə müxtəlif vaxtlarda fərqli
rollarda çıxıb. "Müfəttiş"də
1906-da Dobçinski idi, 1908-də Xlestakov oldu; 1906-cı ilin
sentyabrında"Nadir şah"da Məmməd xan idi, həmin
ilin noyabrında Gürcübəy, 1907-də isə
Nadir;"Gave-yi ahəngər"də 1908-də Gavə idi,
1909-da Pərviz).
Köhnə mətbuat, dövrün teatr biliciləri
bu ifaların heç birinə münasibət bildirmədən
yan keçməyib və bir qaydaymış kimi, bu qiymətvermələr
çox yüksək olub.1907-ci il noyabrın 7-də
"Kaspi" qəzeti Şillerin
"Qaçaqlar"ının nümayişindən sonra
yazırdı: "Frans fon Moora çevrilmiş Ərəblinskinin
adı artıq özü hər şeyi deyir. O, rolu çox
gözəl ifa etdi"; 1908-ci il noyabrın 9-da "Tərəqqi"
yazırdı ki, "nəql edirlər,ədib-i mahir Qoqol cənabları
özü öz təsnifinə birinci dəfə Peterburq
Aleksandrinsk teatrında tamaşa edib(qəzetdə səhvən
Peterburq əvəzinə Moskva gedib - R.H.)Xlestakov rolunu oynayan
bazandədən (oyunçu - R.H.) narazı
qalmışdır.Lakinmən zənn edirəm ki, Qoqol cənabları
sağ olubgəlibcüməgünübu"Revizor"a
tamaşa etsəydi, Xlestakov rolunu oynayan Ərəblinski cənablarından
çox razı qalardı"; 1909-cu il iyulun 1-də
"Batumskiye novosti" yazırdı ki, "Ərəblinskinin
timsalında dərhal fövqəladə aktyor nəzərə
çarpır və məlum olur ki, onun Şekspir
repertuarındakı əsas rollarının gözəl
ifaçısı kimi şöhrət tapması boşuna
deyilmiş"; 1910-cu il martın 22-də "Həqiqət"
qəzeti "Nicat" cəmiyyəti aktyorlarının
oynadığı "Pulsuzluq" tamaşası haqqında
yazırdı ki, "Cəmil bəy rolunu hər kəscə
(yəni hamının fikrincə -R.H.) iqtidar və məharəti
məlum və müsəlləm (şübhəsiz,
danılmaz -R.H.) olan cənab-i Hüseyn Ərəblinski tərəfindən
böyük bir şövq və məharətlə icra
olundu"; 1911-ci il avqustun 26-da "Zakavkazye" qəzeti
yazırdı ki, "Nadir şah Ərəblinskinin
ifasında hətta ən xırda cizgilərdə belə
parlaq, həddən ziadə cazibəli idi, Nadirin dəyişən
xarakteri öz sənətinin zirvəsində dayanan artist tərəfindən
heyrətamiz məharətlə ifadə edildi və
tamaşaçılarda çox dərin təəssürat
oyatdı"; 1912-ci il sentyabrın 18-də "İqbal"
qəzeti "Bəxtsiz cavan" tamaşasından sonra
yazırdı ki, "Fərhadbəy rolunu Ərəblinski cənabları
oynarkən göstərdiyi nazik işarələri ilə,
ibraz etdiyi (üzə çıxardığı, göstərdiyi
-R.H.) mənalı hərəkətləri ilə, yerli-yerində
olan tərpənişləri ilə və həddən ziyadə
qışqırmaması ilə məharətini bildirməkdə
idi"; 1913-cü il iyulun 26-da "Səda-yi həqq" qəzeti
Salyanda göstərilmiş "Müsibət-i Fəxrəddin"də
Ərəblinskinin ifası ilə bağlı yazırdı
ki, "Axırıncı pərdədə Fəxrəddin
rolunu oynayan Fəxrəddinrolunu elə məharətlə
göstərdi ki,cəmaət ayağa qalxıbonun güllələnmiş
adam kimi ürəyinin atılmağına tamaşa edib
ağlayırdı"; 1914-cü il yanvarın 30-da
"Zakavkazskaya reç" qəzeti "Gave-yi ahəngər"
tamaşası ilə əlaqədar yazırdı ki, Ərəblinski
oynadığı dəmirçi surətini "elə
yaxşı dərk edib pyesin məzmununun da tələb etdiyi
elə pafosla canlandırırdı ki, pərdə
arxasında bir neçə dəfə halı
xarablaşdı"; 1915-ci il noyabrın 23-də
"Açıq söz" "Səfa"Maarif Cəmiyyəti
tərəfindən tamaşaya qoyulmuş "Dövlət-i
bisəmər" faciəsində Ərəblinskinin ifası
ilə bağlı vurğulayırdı ki, "müvəffəqiyyətli
surətdə ifa-yi vəzifə edirdi"; 1916-cı il
fevralın 15-də "Açıq söz" də
"Dursunəli və ballıbadı" tamaşasında
Dursunəlini oynamış Cahangir Zeynalovu da, Ağacəfəri
ifa etmiş Ərəblinskini də çox tərifləyir,
"qoca artistin" - Zeynalovun camaatı lazımi dərəcədə
güldürdüyünü və faciə aktyoru Ərəblinskinin
də "yoldaşından geri qalmadığını"
qeyd edirdi; 1917-ci il yanvarın 28-də "Bəsirət"
"Zülmün səmərəsi" tamaşasına belə
qiymət verirdi ki, "pyesin qəhrəmanı olan Səid bəy
rolunu müqtədir artistlərimizdən Ərəblinski cənabları
ifa edirdi. Ərəblinski cənabları "Otello",
"Hamlet" və sair bu kimi rollarda bərabər olan Səidbəy
rolunu oynamaqda özünün artistlik istedad və məharətini
bir daha isbat elədi";1918-ci il dekabrın 14-də
"Şeypur" jurnalı Ərəblinskini "İslam səhnəsinin
ən məşhur və müqtədir aktyoru" kimi dəyərləndirirdi;
1919-cu il yanvarın 27-sində, Ərəblinskinin gözlərinin
əbədi yumulmasına vur-tut 36 gün qalarkən"Azərbaycan"
qəzetində Üzeyir bəy ümumən zəif
keçmiş "Qəzavat" tamaşası haqqında
yazırdı ki, "əgər bu cümə günü -
yanvarın 24-dəhökumət teatrında oynanılan bu pyesin
baş rolu Əhməd bəyi oynamaq əzabını
Hüseyn Ərəblinski kimi mahir və müqtədir bir dram
artisti üzərinə götürməmiş olsaydı, əminəm
ki, camaat durub teatrdan qaçardı. Onları yerində
saxlayan məhz Hüseyn Ərəblinskinin oyunu idi".
Ərəblinskiyə mətbuatın diqqətinin
artmağa və elə əslində mətbuatın
özünün də gərəyincə ayağa durmağa
başladığı 1907-ci ildən ta aktyorun son faciəli
saatınadək qəzet-jurnalların onu daimi diqqətdə
saxlayaraq fasiləsiz olaraq bütün illərdə ən
yaxşı, ən sevimli kimi təqdim və təsvir etməsi
ilə bağlı iqtibasları çox yertutsa da, gətirməyi
uyğun saydım. Çünki bu istinadlar o mənzərəni
aydınlığı ilə göstərir ki, illər
ötdükcə Ərəblinski soyumur, heysizləşmir,
yorulmur, əksinə, vaxt irəlilədikcədaha mükəmməl
ifa göstərir və ona olan rəğbət,
haqqındakı öygülü sözlərin də hərarətiildən-ilə
daha da artır. Ancaq bu da unudulmasın ki, Ərəblinskininəlinin-ayağının
yanına düşməsi, onun həvəssizləşməsi,
bezməsi üçün - bir qismi yalnız onun özünə
görünən, bir çoxu isə hamıya aşkar olan -
yetərincə səbəblər də ard-arda
düzülmüşdü.
Elə həmin yaxşını yazan mətbuata
qıraqdan müdaxilə də vardı, qələm killerləri
və möhtəkirlərini Ərəblinskinin üstünə
qısqırtmaq səyləri də dayanmadan davam edirdi.
O çağların Azərbaycan mədəniyyəti
və ziyalılığında ikincisi yoxdur ki, haqqında
Ərəblinski qədər karikaturalar çəkilmiş
olsun.
Bunları edənlər göynərtili
sancmağın məkrli fəndlərinə bələd
olanlardı. Ərəblinski göz qabağında olan
adamdı, səhnədəydi və mətbuatın da elə
çağları idi ki, dərc edilən bir tənqidi
yazının, məsxərəyə qoyan bir karikaturanın əks-sədası
tezcə dil-dil yayılırdı. Aktyorun özünün
bunları oxuyub-görüb qanının qaralması bir yana,
küçədə söz də atırdılar, səhnədə
oynadığı əsnada elə həmin mərdümazarlıqları
edənlərin təşkilatçılığı ilə
o yazı və rəsmlərə oxşar replika atanlar da ola
bilərdi, olurmuş da. Ərəblinski də hiss adamı, həm
də xatirələrin yekdil təqdiminə görə, kifayət
qədər emosional. Müvazinətini qoruyub saxlamaq, bənd
olmamaq, eşitməzliyə, görməzliyə vurmaq
mümkünsüzdü.
"Zənbur" dərgisi 1909-cu il sentyabrın 18-də
"Vladiqafqazda artistlər sərgüzəşti" qeydi
ilə bir səhifə dolusu 4 karikatura dərc edib və mərkəzi
hədəf Ərəblinskidir. Qəzetlərdə Ərəblinskiyə
qarşı başladılmış, guya onun suflyoru döyməsi,
truppanın pulunu mənimsəməsi, aktyor
yoldaşlarını dar macalda atıb getməsi haqda şər-böhtana
indi burada şəkillər vasitəsilə rəvac verilir.
1909-cu il noyabrın 20-də çıxan 37-ci
sayında "Zənbur" Ərəblinskiyə yenə
ilişir.
İş ondadır ki, noyabrın 11-də
"Kaspi" qəzeti Azərbaycan səhnəsində iki
gün əvvəl Ərəblinskinin quruluşunda və
özünün də baş rolda çıxış etdiyi
"Əlmənsur" tamaşası haqda təəssürat
dərc etmişdi. Təqdirlə yazırdı ki, "Avropa səhnəsinin
bu əsəri təqdim etməkdə çətinlik çəkdiyi
haldaHenrix Heyne təsəvvür edərdimi onun lirik faciəsi
80 ildən də artıq vaxt keçəndən sonra müsəlman
artistləri tərəfindən belə nümayiş etdiriləcək?"
Bütün faciənin üzərində qurulduğu mərkəzi
fiqurun - Əlmənsur surətini yaratmağın "Ərəblinskininaktyor
imkanları çərçivəsində olduğunu" təsdiqləyən
qəzet yazırdı ki, o, "xaçpərəst qıza ən
dərin məhəbbətlə vurulmuş müsəlmanın
tamam daxili sarsıntılarını
çatdırmağı necə də gözəl
bacarır!" Həsən surətini yaratmış
Əbülfət Vəlini də məqalə müəllifi
yüksək qiymətləndirir, bir az da qabağa gedərək
Ərəblinskini də üstələdiyini göstərir,
onun qrimi, maneraları, hərəkətlərinə "hətta
ən qabil avropalı artistin həsəd apara biləcəyini"
bəyan edir.
İndi baxın noyabrın 20-də "Zənbur"un
37-ci sayında"Dəmdəməki" imzalı müəllif
bu faciədə Ərəblinski və Əbülfət Vəlinin
gözəl ifalarını dəmdəməkicəsinə nə
sayaq lağa qoyur: "Hərçənd artistlərbarəsində
bir söz yazmaq istəmirəm, ancaq bunu deyə bilərəm
ki,Həsən (Vəli cənabları) ziyafətdən
Züleyxanı Əlmənsur aparan zaman yaralandı, hələ
qorxdum ki, belə ki, bu məharətləözünü yerə
sürtür, doğrudan da, ölüb. Əlmənsur (Ərəblinski
cənabları) bir parça Əlmənsur olub
qalmışdı, ancaq qaragün Züleyxanı məhəbbətin
izdiyadından (çoxluğundan - R.H.) belə bərk yerə
vurdu ki, biçarənin başından parik tullandı".
Belə məzələnir, üstəlik də,
bütöv bir səhifə karikatura da verir: Benonun çəkdiyi
rəsmdə yenə Ərəblinski ilə Əbülfət
Vəli- Əlmənsurla Həsən üzbəüzdür.
Həmin rəssam Benoya, Ərəblinskinin
karikaturalarını iştahla çəkə bildiyini "nəzərə
alaraq",yeni sifariş verilir. "Kəlniyət" dərgisinin
1912-ci il mayın 24-də bütövbir səhifəsinə
"Müsəlmanların teatro işlərində tərəqqiləri"
adı qoyulur və "Bakıda iki "Əsli və Kərəm"
adlı karikatura verilir: əlləri nizəli-qalxanlı
Hüseyn Ərəblinski ilə Hüseynqulu Sarabski bir-birinə
həmlə edirlər.
Jurnal bu karikatura ilə nəyə eyham vurur, niyə
iki dostu və həmkarı düşmənlər kimi
qarşı-qarşıya qoyur?Məsələnin qəmbərqulusu
bundadır ki, 1912-ci ilin may günlərində Bakının
mədəni həyatında bir höcətləşmə
müşahidə edilmişdi. Üzeyir bəyin
"Əsli-Kərəm"indən savayı, Ağaəli
Ağayev adlı başqa müəllifin də "Əsli-Kərəm"i
ortaya çıxmışdı. 1908-ci ilin yanvarından -
"Leyli və Məcnun"dan başlayaraq Üzeyir bəyin
əksər əsərlərinin quruluşçusu Ərəblinski
olmuşdu. Fəqət 1912-ci il mayın 15-də "Səda-yi
həqq" qəzetində "artist-rejissor Hüseyn Ərəblinski"
imzası ilə "İzah" dərc edilir: "Cümə
günü, may ayının 18-də oynanılmalı
"Əsli və Kərəm"nam (adlı - R.H.) Üzeyir
bəyin operasında mən rejissor deyiləm. Mən cümə
axşamı, may ayının 17-də oynanılacaq
"Əsli və Kərəm" operasında rejissoram".
Ərəblinski peşəkar rejissor idi və ona yeni
tamaşalara quruluş verməkçün ən müxtəlif
sifarişlərin olması da, onun bu sifarişləri qəbul
etməsi də təbii idi. Bütün başqa səbəblərdən
əlavə, bu, Ərəblinski üçün həm də
əlavə dolanışıq mənbəyi idi. Ancaq
qaşınmayan yerdən qan çıxarmağa can
atanalarƏrəblinskinin Üzeyir bəyin deyil, bir
başqasının əsərinə quruluş verməsini xəbisliklə
mənalandırmağa, bundan ara vurmaq, inciklik
salmaqçün girəvə kimiyararlanmağa növbəti
dəfə cəhd etmişdilər.
1915-ci il oktyabrın 15-də Əzim Əzimzadənin
çəkdiyi və adını dəyişib indi "Məzəli"
olmuş sabiq "Zənbur"un bir səhifəsini tutan
karikaturasının "qəhrəmanı"yenə Ərəblinskidir:
pərdə açılıb, dekorasiyaları qurulmuş,
ancaq aktyorlar gözə dəyməyən səhnə vətamaşaçı
zalı təsvir olunur. Bu karikaturada Ərəblinskinin surəti
yoxdur. Ancaq şəkilaltı yazı aydınladır ki,
"ifşa olunan" elə Ərəblinskidir. Jurnal o
karikaturaya belə yozum verir ki, səhnənin boşluğuna səbəb
tamaşanın başlanmasına guya Ərəblinskinin kaprizlərinin
mane olmasıdır: "Teatrda pərdə qalxandan sonra məşhur
artist Ərəblinski küsmüşdü".
Və tamaşaçılar öz aralarında
söhbət edir: "Bir dayanın görək Ərəblinskini
yola gətirmək olarmı?"
Ərəblinskini daimi karikatura surətinə
çevirmək elə bəd şakərə
dönübmüş ki, hətta o, ölüm
ayağında olanda, 1912-ci ilin yayında vərəm məngənəsində
çırpınarkən, bahalı müalicədən
ötrü lazımi vəsait tapılmayan əsnada,
ayrı-ayrı qəzetlərin, ziyalıların böyük
aktyoru xilas etməkçün çağırışlar
etdiyi nigaran günlərdə də hikkəlilərin dinc
durmağa səbri çatmamışdı. Rusca
çıxan "Baraban" jurnalı 1912-ci ildə
buraxılmış 36-cı sayında bir dəstə adama əl
açmış Ərəblinskinin karikaturasını
vermişdi. Dilində də bu sözlər: "Ah, nə
olardı müsəlman ziyalıları mənə də
müalicəmdən ötrü xidmətçilərə
çaypulu verdikləri miqdarda ianə verəydilər".
Guya bu jurnal ziyalıları qınayırdı, guya
bunu nəcibliklə edən başqaları kimi, Ərəblinskiyə
kömək göstərməyə, arxa durmağa səsləyirdi,
ancaq hərəkətini riya ilə, "üzrü
günahından betər" zərbülməsəlində
olduğu kimi,sözünü zəhərə batıraraq,
Ərəblinskini dilənən kimi qələmə verərəkedirdi.
...Paxıllar, gözügötürməyənlər,
qısqananlar, rəqiblər, buqələmunlar və daha
neçə löyün-löyün kölgəqılınclayanlar
öz yerində, amma Hüseyn Ərəblinski şöhrətlənəndən,
cəmiyyətdə nüfuz sahibi kimi tanınandan sonra daim
gizli polisin də mütəmadi müşahidəsi və
pusqusu altında idi. Çar dönəmində də, Azərbaycan
Xalq Cümhuriyyəti zamanında da. Və bu, tamamilə
anlaşılandır. Üzdə olan, təbiətcə azad,
idarə edilməsi çətin, cəmiyyətə təsir
imkanlı şəxsiyyətləri xüsusi xidmətlərin
nəzarətdə saxlaması dünyanın hər yerində,
bütün tarix boyu olub, indi var, dövlət olduqca gələcəkdə
də davam edəcək. Çünki bu, dövlət təhlükəsizlik
şəbəkəsi ilə bağlı vacib məqamlardan
biridir. Vaxtında fikir verməsən, sonra fəsadlarını
sağaltmaq müşkülləşər.
1916-cı ilin yanvarında Bakı mühafizə
şöbəsi rəisi Bakı quberniya jandarm idarəsinə
yazdığı məktubda Ərəblinskinin siyasi cəhətdən
etimada layiq olub-olmadığı haqda məlumat istəyirdi.
1918-ci il Həştərxan səfərindən sonra
eyni nigaranlıq Cümhuriyyət hökumətinin təhlükəsizlik
idarəsində yaranmışdı.Ərəblinskinin qətlinin
səbəbləri ilə bağlıvaxtında mümkün
versiyaların hamısını araşdırmış aktyor
yoldaşı Əlabbas Rzayev yazırdı ki, "Hüseyn
1918-ci ildə Həştərxana gedib orada -Sovetlərdə
teatr tamaşası verdiyi üçün Bakıya gələndən
sonra Müsavat hökumətinin daxili nəzarəti onu
şübhə altına alır və Həştərxanda
tamaşa verməsindən çox narazı qalır".
Sabit Rəhman o ədiblərimizdəndir ki, həm
Ərəblinskinin həyat və
yaradıcılığını bir tədqiqatçı
kimi öyrənmiş, həm də onun haqqında bədii əsər
yazmışdı. Sabit Rəhmanın ikişəkilli
"Hüseyn Ərəblinski" pyesində Bığ Salam
(Ərəblinskinin kiçik dayısı olmuş şəxs)
Xalıqa (Ərəblinskinin böyük dayısının
oğluna) müraciətlə deyir: "Elə dünən
ministirlərin böyüyü Nəsib bəy məni
çağırtdırıbdeyir ki, bacın oğlu Həştərxana
gedib-gələndən sonra hətərən-pətərən
danışmağa başlayıb. Deyir, yəqin, bolşeviklər
onu orda özlərinə tərəf çəkiblər.
Özü də, canınçün, deyirdi ki, əgər
siz onun başını yeməsəniz, Müsavat hökuməti
sizin başınızı yeyəcək".
Bu parçadakı son cümlənin ədəbi mətnə
sovet ənənəsi ilə Xalq Cümhuriyyətinə
düşmən münasibətinin nəticəsi kimi əlavə
edildiyiniayrıca işarələməyivacib saysam da, bir daha
Ərəblinski və Cümhuriyyət hökuməti
münasibətlərinə dönmək istəyirəm.
Çünki qəbul etmədiyim o və ona bənzər
cümlələrvə fikirlər sovet dövründə
çap olunmuş ayrı-ayrı xatirələrdə də
yer alırsa, onları da məhz həmin dövrün siyasi
süzgəcindən keçərək ortaya
çıxdığından doğru hesab etmir,
hamısını boyaları tündləşdirmək kimi dəyərləndirirəm(Sabit
Rəhman 1949-cu ildə aktyor haqda yazdığı
oçerkində birmənalı təsdiqləyirdi:
"Ərəblinski... müsavat quldurlarının əlində
həlak oldu. Hüseyn Ərəblinski Müsavat hökumətinin
əleyhinə və kapitalistlərə qarşı
açıqdan-açığa çıxış
edirdi"; Mirzağa Əliyev də yenə 1949-cu ilə aid
xatirəsində yazırdı: "O böyük sənətkar...müsavat
cəlladları tərəfindən alçaqcasına qətl
edildi"; Hacağa Abbasov isə birbaşa deyil,
dolayısı ilə hakimiyyəti təqsirləndirir, belə
deyir, belə yazırdı (səsi də qalır, çap
olunmuş xatirəsi də): "Onun mənalı həyatı,
səhnə fəaliyyəti qatilin bir gülləsi ilə əbədi
susdu. Müsavat hökuməti caniyə cəza tələb edən
yüzlərlə şikayət ərizəsini cavabsız
qoydu. Qatilə ağdan-qaraya söz demədi".Əməkdar
İncəsənət Xadimi, köhnə aktyor Əlabbas
Rzayev (1890-1958)kimisə günahlandırmırdı, Ərəblinskinin
son mənzilə yola salınması zamanıgördüklərini
yazırdı, amma bu müşahidədə artıqhökumətə
qarşı ittiham vardı: "Dəfn mərasimində
böyük bir izdiham olduğu halda milli bir hökumətin
nümayəndəsi kimi kiçicik bir məmur da olsun yox
idi").
Arada sərinlik olmağına olub. İstisna etmirəm
ki, Bakıda tez-tez müxtəlif sıxıntılarla
qarşı-qarşıya olduğu halda Həştərxana
1917 və 1918-ci illərdəki iki səfəri ərzində
ona göstərilən hədsiz diqqət və nəvaziş
Ərəblinskiyə ciddi təsir də edib, olsun ki,
bolşeviklər orada aktyorla sıcaq münasibətlər
qurmağa da çalışıblar. Oradakı bolşeviklərin
Azərbaycandakı bolşeviklərlə əlaqəsi də
vardı və öz nüfuz dairələrini genişləndirməkçün
əlləşən bolşeviklərə güclü milli
kadrları öz tərəflərinə çəkmək də
sabit yürüdülən siyasət idi. Ərəblinskiyə
başgicəlləndirici perspektivlər də vəd edə
bilərdilər ki, hakimiyyətimiz yeni sərhədlər
qazanacaq, onsuz da oralaragələcəyik, səninçün
bütün qapılar açılacaq vəişıltılı
ümidlər. Nəsib bəy Yusifbəylinin
başçılıq etdiyi kabinetdə, yəqin ki, siyasi
çalarlı kəşfiyyat məlumatları da
varmış. Yoxsa Ərəblinskiyə yalnız sovet Həştərxanında
teatr tamaşalarıtəşkil etdiyinə görə
köntöy münasibət bəslənməzdi. Ancaqbir daha
təkidlə təkrarlamağın yeri var ki,
bütövlükdə Cümhuriyyət iqtidarının
Ərəblinskiyə əks münasibəti iddiaları
doğru deyil, sovet əyyamlarının
uydurmalarındandır. Məclis-i məbusandan olan neçə
millət vəkili ayrılıq günündə, əslində
elə daha əvvəlki müddətdə də axıracan
Ərəblinski ilə idi. İqtidar qəzeti "Azərbaycan"
da öz yerində. Amma hökumətlə soyuqluğuna da
göz yumulmamalıdır. Həqiqətən,Ərəblinskinin
yasına hökumətdən heç kim qatılmayıb. Bu dəfnsə
ümummilli əhəmiyyətli bir insanla ayrılıq idi. Məntiqlə
gərək kimlərsə hökmən olaydı.Bu məqamda
daha umu-küsüyə yer qalmırdı...
...Tale elə gətirmişdi ki, Ərəblinski ilə
hökumət arasında narazılığa bais olan Həştərxan
qastrolunun ilkinəHüseyn Quliyev onunla birgə getmişdi.O, səfərin
nə təhər baş tutması və nə sayaq keçməsini,Həştərxanla
münasibətlərin necə istiləşməsini təfsilatı
ilə qələmə alıb. Yazır ki, 1917-ci ilin iyul
ayı idi. Hüseyn yenə ağır vəziyyətdə
idi. Bir axşam söhbət əsnasında dedi: "Əgər
bir qədər pul düzəldə bilsəydim, Həştərxana
gedərdim. Orada mənim dostlarım var. Xüsusən Baykinlər.
Onlar Bakıya gələndə mənim qonağım olublar,
yol xərci olsaydı, Həştərxana gedərdik. Əvvəlcə
Məmmədəli Qayıbovu göndərmək olar, o gedib hər
şeyi hazırlayar, amma nə edəsən ki, pul yoxdur".
Hüseyn Quliyev 80 manat pul tapır, Ərəblinski əvvəlcə,
öncədən də düşündüyü kimi, 25
manat yolpulu verərək Məmmədəlini işlərin təşkilindən
ötrü Həştərxana göndərir, 10-12 gün
ötəndə isə, yəqin ki, müəyyən cavab
alandan sonra "teleqramla gəldiyi günü xəbər verərək"
özü, həyat yoldaşı Asiya və Hüseyn Quliyev də
gəmi ilə yola düzəlirlər. Hüseyn Quliyev orada
Ərəblinskini şəhərdə yaşayan azərbaycanlıların,
tatar artistlərin, ümumən ziyalıların
qarşılamaqçün körpüyə gəldiklərini,
hər birinin görkəmli aktyorun məhz onun evində qonaq
qalması üçün əldən-ayaqdan getdiklərini
xatırlayır. Ərəblinskinin "səfiri" Məmmədəli
Qayıbov tədbirləri öncədən
tökübmüş, yerli həvəskar aktyorları cəmləyibmiş.
Baykinlər ailəsi -ər də, arvad da azərbaycancanı
yaxşı bilirmişlər. Ərəblinski qısa müddətdə
yerli həvəskar aktyorlarla "Akifbəy"i göstərir.
Hüseyn Quliyev dəqiqləşdirir: "Bu oyunda Akif bəy
rolunu Hüseyn özü, Əsəd bəyi Məmmədəli
Qayıbov, Dilruba xanımı Sara Baykina, Süleyman
paşanı isə Məmmədqulu Əlixanov oynadı.
Tamaşa müvəffəqiyyətlə keçdi. "Akif bəy"
Həştərxanda bir neçə dəfə oynandı və
hər dəfə teatr ağzına kimi dolu oldu".
Hüseyn Quliyev orada Ərəblinskinin quruluşunda və
iştirakı ilə gedən tamaşaları sadalayır,
yerli aktyorların adlarını çəkir. Yazır ki, Həştərxanda
olduğu zaman orada yaşayan azərbaycanlılar və tatarlar
Hüseynə çox hörmət edirdilər, elə gün
olmazdı ki, onu bir ailəyə qonaq
çağırmasınlar.
1917-ci ilin sentyabrında Hüseyn Quliyev evdən məktub
alır və Bakıya qayıdır, Ərəblinski isə
zövcəsi ilə hələ bir müddət də
qalır, lakin oralara qastrola yenə gedəsi olur: "Vaxtı
xatirimdə deyil, ancaq yaxşı yadımdadır ki, onlar bir
də Həştərxana getdilər".
Bilmirəm teatrşünaslar haçansa izinə
düşübmü və edilməyibsə mütləq bunu
etmək lazımdır. Axı Həştərxana qısa da
olmayan iki səfəri gedişində günlər boyu Ərəblinski
yerli aktyorlarla işləyib, söz yox ki, oradakı həvəskarlar
da sonralar illərcə həmin ustad dərslərini
unutmayıblar, TiflisdəkiAzərbaycan aktyorları kimi,Ərəblinskini
daim əziz müəllimtək sayğı ilə anıblar.
Onlardan sonradan teatr yolunu davam etdirənlər də
olmamış olmaz, bəlkə xatirələrini yazanlar da
olub. Ərəblinski ömrünün bu parçası ilə
bağlı oranın arxivlərində axtarış aparmaq,
sevindirə biləcək tapıntılar ola biləcəyi
gümanlarını oyadır. Elə Ərəblinskinin siyasi
çöhrəsi ilə də bağlı oradakı arxivləri
araşdıranda mətləbə daha çox işıq
sala biləcək sənədlərlə rastlaşmaq istisna
deyil.
...Teatr tariximizi yaxşı araşdırmış,
Ərəblinskini də həyatda olan müasirlərinin xatirələrindən
başqalarından daha aydın görməyi bacaran Cəfər
Cəfərov aktyor haqqında, Teatr muzeyimizin arixivində qorunan
və 1957-ci ildə qələmə alınmış qeydlərində
göstərirdi ki, Ərəblinskini görməyib onun
haqqında təsəvvür əldə etmək istəyənlər
qoy Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesini
xatırlasınlar. Doğrudur, bu əsəri Cabbarlı səhnəmizin
yeni bir Ərəblinskisiolan Abbas Mirzə Şərifzadə
üçün yazmış və Oqtayı Abbas Mirzəyə
oxşatmışdır. Bu haqda Cabbarlının hətta
xüsusi qeydi vardır. 1928-ci ildə Abbas Mirzəninsəhnə
fəaliyyətinin 20 illik yubileyi qeyd edilərkən
Cabbarlı ona "Oqtay" kitabının üzərində
bu sözləri yazmışdır: "Qardaşım Abbas!
Sənə təqdim etdiyim bu kitabın qəhrəmanı ilə
sənin aranda fərq o qədərdir ki, onun adı
Oqtaydır, sənin adın Abbas. Bu, bəlkə bir təsadüfdür.
Ancaq belədir. Ona görə bu hədiyyəciyimiqəbul etməni
rica edirəm. Sənin üçün arzum gələcəkdə
də bu yol ilə doğru irəliləmək və yüksəlməkdir".
Ancaq bu təfərrüatları bilə-bilə mənə
elə gəlir ki, Oqtay Eloğlunun prototipi olaraq
Cabbarlının məhz Ərəblinskini
düşünmüş olduğunu iddia edən Cəfər
Cəfərov haqlıdır: "Lakin Cabbarlı Oqtayı
Abbas Mirzəyə oxşatmaqda haqlı olsa da, səhnəmizin
birinci Oqtayı Ərəblinskidir və Cabbarlı öz əsərini
yazarkən, şübhəsiz ki, onun gözləri
önündə Ərəblinski gəlib durmuşdur".
Nə acı ki, hər ikisinin aqibəti təxminən
eyni oldu. Ərəblinskini 1919-daqətlə yetirmişdilər,
düz 19 il sonra - 1938-ci il noyabrın 16-da 45 yaşında ikən
qatil şura hökumətinin açdığı atəş
Abbas Mirzənin ömrünə son qoydu.
Cavid ocağının son yanan çırağı
Turan xanım atasının Dram teatrının səhnəsində
Şərifzadənin baş rollardakı coşqun ifalarına
ailəlikcə birgə tamaşa etdiklərini, Cavidin Abbas Mirzəyə
necə dərin rəğbət bəslədiyini, onun
ifasını necə ürəkdən sevdiyini söyləyirdi
və anası Mişkinaz xanıma Cavidin bir vaxtlar dediyi bu
sözləri də xatırlayırdı ki, gör Ərəblinski
sağ olsaydı, İblisi, Şeyx Sənanı, Knyazı, Səyavuşu
necə şahanə yaradardı!
Hüseyn Cavidin Ərəblinskiyə məxsusi rəğbətlərinin
şahidi Əziz Şərif olub. Gündəliklərindən
nəşr etdiyi parçalarda Hüseyn Cavidin 1914-cü ilin
yanvar, fevral, mart aylarında Tiflisdə Ərəblinskinin
yalnız verdiyi tamaşalara deyil, hər məşqinə də
gedib diqqətlə seyr etdiyini günbəgün dəqiqliyiylə
yazır.
Dünyanın, həyatın özünü də
teatra oxşadan müdrik Cavid: "İştə dünya
qoca bir səhnə demək", - söyləmişdi.
Bu qiymətli millət yavrularının
hamısını o səhnədən erkən və zülmlə
ayırdılar...
...Hüseyn Ərəblinski bir parça işıq
idi, gedirdi Dərbənddə, Tiflisdə, Petrovskda,
Temirxanşurada, Nijni Novqorodda, İrəvanda, Batumda,
Vladiqafqazda, Krasnovodskda, Aşqabadda, Moskvada
çıxış edirdi - bu nur bütün gurluğuyla
yayılırdı, o işıqdan hər kəsə pay
düşürdü. Gəlirdi Lənkəranda, Gəncədə,
Naxçıvanda, Şuşada, Salyanda tamaşalar verirdi - həmin
parlaqlığıhər kəs duyurdu, səhnənin iriliyindən-xırdalığından
asılı olmayaraq, o şəfəq bütün əzəməti
ilə yenə hamının gözünün qabağında
idi.
Hüseyn Ərəblinski işığı elə
gur idi ki, bu nuru görməmək və onu sevməmək, lap
heç onu istəməsən də, biganə qalmaq
mümkünsüz idi.
...1979-cu il idi, o vaxtlar xeyli cəhətdən
unudulmuş olan, radionun səs xəzinəsində ifaları
qalmayan, amma 1930-cu illərin tanınmış qadın
müğənnilərindən sayılmış, vaxtilə
Azərbaycandan Orta Asiyaya sürgün edilmiş Cahan
Talışinskaya haqqında axtarışlar aparır,
verilişlər hazırlayırdım. Bu gedişatda onun səsinin
vaxtilətez-tez eşidilmiş olduğu Özbəkistan
Dövlət Radiosunun fonotekasında lentlərinin olduğunu
öyrəndim, ora məktub yazıb həmin ifaları istədim.
Özbəkistanda keçirilən Azərbaycan günləri
zamanı Daşkəndə səfər edən nümayəndə
heyətimizin tərkibində olan, həmin çağlarda
bizim radioda xalq musiqisi şöbəsində
çalışan (və heyiflər ki, respublikamızda
1990-cı illərin əvvəllərindəki dərəbəylik
gedişində rəsmiləşmiş reket dəstələrindən
birinin əliylə faciəli şəkildə aradan
götürülən) Kamal Rəhimlidən xahiş etdim ki,
arada imkan tapıb özbək radiosuna baş çəksin, mənim
üçün hazırlanmış lentləri
götürsün. Ruhu şad olsun, Kamal oxuları gətirdi,
Cahan Talışinskayanın məlahətlə ifa etdiyi həmin
mahnılar ilk dəfə mənim "Nəğməli
ömürlər" verilişimdə səsləndi, sonra da
fonotekamıza daxil edildi, beləcə, o çağlardan Cahan
avazı illər ayrılığından sonra Azərbaycan
efirindən mütəmadi eşidilməyə başlandı.
O dövrdə Cahan Talışinskaya haqda
hazırladığım verilişlərə müğənnini
tanımış, oununla bağlı xatirələri olan bir
sıra sənətkarları dəvət edib
danışdırmışdım və zahirən
bumüğənniyə, ümumən musiqiçilərə
aidiyyətiolmayan kimi təsəvvür edilə biləcək
bir şəxs də vardı - dram aktyoru, Əməkdar artist
Hacıməmməd (Quliyev) Qafqazlı (1898-1982). Onun Cahan
xanıma hər hansı aidiyyətinin olması mənim də
ağlıma gəlməzdi, özü məni axtarmasaydı.
O dövrdə radiomuz tək idi - elə televiziyamız da.
Əksəriyyət həm radionu dinlər, həm
televiziyanı davamlı izlər, bu ünvanlara xüsusi
sayğı ilə yanaşardı. Cahan xanım haqqında
hazırladığım ilk verilişə qulaq asandan sonra
Hacıməmməd müəllim radionun musiqi redaksiyasına
zəng vuraraq mənim telefonumu istəyibmiş, ancaq kirayənişin
yaşadığımı, telefonumun olmadığını
öyrənincə öz nömrəsini qoyubmuş ki,
özüm onu axtarım. Zəng vurdum, məlum oldu ki, o da əslən
lənkəranlıdır, hətta Cahan Talışinskayaya
qohumluğu da çatır, söyləyəsi vacib sözləri
var. Bilirdim ki, yaşı artıq səksəni keçir, ona
görə də əziyyət verməməkçün
dedim ki, səsyazan götürüm, gəlim evinizə.
Güldü: "Qocalmamışam ki! Özüm gələrəm".
Ertəsi gün gəldi, Cahan xanım haqqında dəyərli
xatirələr də söylədi, amma səsyazma
otağına girməzdən əvvəl növbəmizi
gözləyərkən söhbətləşəndə nədirsə,
ilk sözü Cahan Talışinskaya haqqında deyil,
Hüseyn Ərəblinski barədə olmuşdu. Axşam onun
söylədiklərini gündəliyimdə də qeyd
etmişdim. Görüşüncə bunu demişdim ki,
maşallah, elə söylədiyiniz kimi, cavansınız,
gümrah görünürsünüz.
Qayıtmışdı ki, zarafat deyil ha, mən Ərəblinski
ilə oynamışam, indidə teatrdayam. O, bu sözləri
deyəndə Ərəblinskinin ölümündən 60 il
keçirdi, bir qədər təəccüblə
baxdığımı görüncə dillənmişdi ki,
mən yolumu tez başlamışam, 14 yaşından Orucov
qardaşlarının mətbəəsində işləyirdim,
iş yoldaşlarımızdan neçəsi həvəskar
aktyor idi, mən də qoşuldum onlara. Fəxr eləyirdik ki,
bizə kiçik də olsa rol verirlər, bu cür məşhur
artistlərlə bir səhnədə çıxış
edirik.
Qafqazlıgilin evi Ərəblinskinin məhəlləsindən
uzaq deyilmiş. Yada salırdı ki, Ərəblinski Vidadi
küçəsində yaşayırdı, mən indiki Sovet
küçəsində (hazırkı Nərimanov prospekti), səhərlər
onunla tez-tez rastlaşardıq, ədəblə salam verərdim,
salama cavabı heç vaxt ağızucu, astadan deyil, ucadan verərdi.
Qocaman aktyor Hacıməmməd Qafqazlının
Ərəblinski ilə əlaqədar bir müşahidəsi
də heç yadımdan çıxmır, bunu ayrıca
yazıb da. Xatırlayırdı ki, Ərəblinski həmişə
çalışardı cümləni birnəfəsə
desin - həyatda da, rol oynayanda da.
...Heç kim ona hansı ömürpayının
yazıldığını bilmir. Amma yaşanıb bitmiş
ömürləri sonradan araşdıranda onu sezirsən ki,
sanki ilahi nizam adamın özündən fərqli olaraq,
ayrılmış möhlətdən agah olduğundan taleyi elə
qurur ki, hər kəsin edə və çəkə biləcəklərinin
hamısı elə öncədən müəyyən
edilmiş hüduda sığır.
Ərəblinskinin bütöv həyatı da birnəfəsə
söylənmiş cümlə kimi yeyin ötdü, qısa
oldu. Elə bil izahsız fəhmlə həyatının
yarımçıq qırılacağını sezirmiş,
həmin mübhəm fəhmin gücüylə də can
atırmış ki, barı cümləsi
yarımçıq olmasın, bir nəfəs dəriminə
sığışsın. Qədər beləymiş ki, onu
öldürən də atəşi vücudunun ayrı bir
yerinə yox, düz boğazına açdı, gülləni
Ərəblinskinin nəfəsinə vurdu.
4 iyun 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 12 iyun,№103.-S.12-13;16.