"Dante və Vergili cəhənnəmdə"  

 

Bir rəsmin dedikləri rubrikasının budəfəki qonağı sənətşünas Sevda Rüstəmlidir. Onunla məşhur fransız rəssamı Adolf Vilyam Buqronun "Dante və Vergili cəhənnəmdə" əsəri haqqında danışmışıq.

Adolf Vilyam Buqro 30 noyabr 1825-ci ildə Fransanın liman şəhəri olan La Roşeldə doğulub. Adolf dünya rəssamlıq tarixinin ən görkəmli akademist realist simalarından hesab olunur. O, əsərlərinin əsas mövzusunu mifologiyadan və klassik ədəbiyyatdan götürmüş və bu mövzuları realist üslubda işləmişdi. Adolf 19 avqust 1905-ci ildə doğulduğu şəhərdə vəfat edib.

- Sevda xanım, Buqro bu əsəri yaradarkən hansı mənbələrdən faydalanıb?

- Adolf Vilyam Buqro bu rəsmi çəkərkən Dante Aligyerinin "İlahi komediya" əsərindən ilhamlanıb. O, kitabdakı "təmizlik, cənnət və cəhənnəm" təsvirlərindən cəhənnəmi seçərək rəsmin ümumi kompozisiyasını yaradıb. Əsərin qəhrəmanları kitabda qeyd olunan doqquz mərtəbədən cəhənnəmin səkkizinci mərtəbəsindədirlər. Bu mərtəbədə fırıldaqçılar, şarlatanlar, rüşvətxorlar və dini istismarçılar var. Əsərin həmin hissəsində deyilir ki, cəhənnəm yerin bağırsaqları daxilində doqquz konsentrik dairədən ibarətdir. Dairələrin hər birində müəyyən günahlar törətmiş insanlar yerləşir. Buqronun tablosuda cəhənnəmin səkkizinci dairəsinə gələn iki səyyah təsvir edilir. Bura ölü saxtakarların yerləşdiyi dairədir. Malebolge (pis kisələr) ləqəbli bu dairə digər dairələrdən fərqlidir, onun ətrafı tutqun dəmir rəngli daş divarla əhatə olunub.

- Əsərin rəng həlli necədir?

- Burada döyüşən insanların dərisinin ağımtıl rəngi xüsusi olaraq seçilir. Həmçinin şeytanın qanadları ilə solda küncə sıxılmış bir adamın saçında qırmızı rəngin kəskinliyi var. Arxa planda, sağ küncdəki bükülmüş bədənlər oxşar rəng tonlarına malikdir və solğun görünür. Diqqətlə baxdıqda cəhənnəm ətrafındakı gərginliyi ifadə edən əyilmiş əzələlər nəzərə çarpır. Göz bəbəklərində və kişi fiqurlarının tüklərində yaşıl və qara çalarları var. Rəsm yüksək parlaqlığa malikdir. Üstəlik, işıq kölgələrin incə istifadəsi ziddiyyət yaradır. Tünd rənglər və mənzərə rəssamın bədbəxtliyi çatdırmaq üsuludur.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Döyüşən iki insandan qırmızı saçlı Şiççi, digəri isə 1293-cü ilin avqustunda dirəkdə yandırılaraq öldürülən kimyagər və bidətçi Kapokkiodur. Əsərdə başqasının mirasına iddia etmək üçün fırıldağa əl atan Şicci Kapokkionun qolundan möhkəm tutur, dizi ilə təpikləyir, dırnaqlarını Kapokkionun qabırğalarına batırır və boynunu dişləyir. Zavallı Kapokkio belindən aldığı zərbənin ağrısından Şiccinin qırmızı saçlarını dartmağa çalışır

Qırmızı papağı və qırmızı jileti ilə diqqət çəkən şəxs Dante, başında dəfnə yarpağı olan, plaş geyinən isə Vergilidir. Hər ikisi hadisədən çox qorxmuş, heyrətlənmiş görünür.  Vergili təəccübünü gizlətmək üçün paltarı ilə ağzını bağlayır. O, ətrafdakı yeganə xoşbəxt iblisdir. Rəsmdə gərginlik və qeyri-sabitlik mesajı verən diaqonal xətlərdən intensiv istifadə olunur. Dante və Vergili isə kompozisiyada sabitliyi ifadə edən şaquli xətlərin mövcudluğunu göstərir.

- Tablo hazırda harada saxlanılır?

- Əsər Parisdəki Orsay muzeyində sərgilənir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Buqro bu əsərdə böyük cəsarət nümayiş etdirir: o, əzələ quruluşunu şişirdərək və təhrif edərək, estetik sərhədləri aşır. Tabloda hər şey qorxu və dəhşət hisslərini vurğulamaq üçün nəzərdə tutulub. Bu rəsm əzələ quruluşunun təsvirinə xüsusi diqqət yetirən klassik sənətin bariz nümunəsidir.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2024.- 12 iyun,№103.-S.9.