Tbilisidə
Şuşa küçəsi - itirilmiş toponim
1903-1995-ci illərdə Tbilisidə mədəniyyət
paytaxtımız Şuşa şəhərinin adını
daşıyan küçə olub. Şəhərin köhnə
hissəsində, Krtsanisi rayonunda yerləşən həmin
küçəyə 1995-ci ildə Gürcüstanın Oni
şəhərində anadan olmuş yəhudiəsilli
şair-tərcüməçi, repressiya qurbanı Gertsel
Baazovun (1904-1938) adı verilib. Şuşa küçəsinin
aşkarlanmasının maraqlı tarixçəsi var. Bu
tarixçə haqqında ilk araşdırma yazım 2020-ci
ilin sentyabrın 4-də vaxtilə əməkdaşlıq
etdiyim "Report" informasiya agentliyinin saytında dərc
olunub. Yazı bu cümlə ilə bitirdi: "Əzəli
torpağımız olan Şuşaya mütləq
qayıdacağımız kimi Tbilisidəki
"Şuşa"nın adını da
yaşatmalıyıq".
Cümlənin birinci hissəsindəki gözlənti
elə həmin il doğruldu, ikinci hissədə ifadə
olunan istək isə hələ istək olaraq qalmaqdadır.
Muğam tədqiqatçısının verdiyi ipucuKüçə
ilə bağlı ipucunu mənə tanınmış
muğam tədqiqatçısı, alim Gülhüseyn
Kazımlı vermişdi. Mərhum ziyalımız 2019-cu ilin
oktyabrında Gürcüstanda səfərdə olarkən bir
görüşdə söhbət əsnasında Tbilisidə
Şuşinski küçəsinin olduğunu qeyd etmiş, məndən
belə bir küçə barədə məlumatlı
olub-olmadığımı maraqlanmışdı. Bu adın
görkəmli muğam ifaçımız Seyid
Şuşinskinin şərəfinə verildiyi barədə
ehtimallar var idi. Məlumdur ki, xanəndənin
yaradıcılıq həyatının bir hissəsi məhz
Tiflisdə keçib.
Apardığım araşdırmalar zamanı həmin
küçənin yerini öyrəndim, adının isə
vaxtilə Şuşinski deyil, Şuşa olduğu üzə
çıxdı. Küçənin köhnə
adını bildirən yalnız bir - üzərində
gürcücə "Şuşinis küç."
yazısı olan 9 saylı köhnəlmiş lövhə
qalıb.
Gürcü mənbələri toponimin mənşəyini
necə izah edir?
İlk araşdırmamda küçənin adı ilə
bağlı məlumata 2008-ci ildə nəşr edilən
İrakli Abaşidzenin müəllifi olduğu "Tbilisi -
Küçələr, prospektlər və meydanlar"
adlı ensiklopediyada rast gəldim.
Kitabda indiki Gertsel Baazov küçəsi haqqında məlumatda
yazılıb:
"Gertsel Baazov küçəsi - Tbilisinin köhnə
rayonunda (Xarpux), İoseb Qrişaşvili küçəsindən
dağın yamacınadək uzanır. Küçə XIX əsrdə
salınıb. 1903-cü ildə Tbilisi Şurası tərəfindən
küçələrin siyahısına Şuşi
küçəsi kimi daxil edilib, bu adla küçələrin
1922 və 1934-cü illərdəki planlarında da qeyd olunub.
1960-cı ilin küçələrin soraq
kitabçasında Şuşina küçəsi kimi
göstərilib. 1995-ci ildə Baazov küçəsi
adlandırılıb.
Şuşa Azərbaycanda şəhərdir. Qədim
feodal dövründə Şuşa, yəni Qarabağ
xanlığı mövcud olub. 1813-cü ilin Gülüstan
müqaviləsinə əsasən İran xanlığı
Rusiyaya verib".
Keçmiş Şuşa küçəsi ilə
bağlı araşdırmalarımı davam etdirdim və yeni
bir mənbədə bu küçə haqqında daha ətraflı
məlumat aşkarladım. Həmin mənbə müəllifi
Otar Tkeşelaşvili olan 1986-cı ildə nəşr olunan
"Tbilisi küçələri (qısa tarix)"
kitabıdır. Müəllif küçə haqqında məlumatda
onun hansı səbəbdən gürcücə
"Şuşas" deyil, "Şuşinis" kimi
adlandırıldığına da aydınlıq gətirib:
"Şuşini" - rusca "Şuşinskaya"
adının gürcücəyə tərcüməsidir.
Tbilisi şəhərinin gürcü dilində olan
planlarında (1922-1924) bu küçənin adı tam ədalətli
olaraq "Şuşa küçəsi" kimi təqdim
olunub. Şuşa - Azərbaycanda şəhərdir. Qədim
feodalizm dövründə Şuşa, yəni Qarabağ
xanlığı mövcud olub. Xanlıq 1805-ci ilin mayında
Şəki xanlığı ilə birgə Rusiya
imperiyasının tərkibinə daxil olub. 1813-cü ildə
Gülüstan sülh müqaviləsinə əsasən,
İran Şuşanı, yəni Qarabağ
xanlığını Azərbaycanın digər
xanlıqları ilə birgə Rusiyaya verib. Tbilisinin bu
küçəsinin adı məhz bu Şuşa ilə əlaqəlidir.
Buna görə də küçə "Şuşinis"
(rusca, əbəttə ki, "Şuşinskaya" olacaq)
deyil, Şuşas kimi adlandırılmalıdır".
Digər mənbə 1940-cı ildə işıq
üzü görmüş Tbilisi şəhəri üzrə
sorğu kitabçasıdır. Burada "ş" hərfi
ilə başlayan küçə adlarının
siyahısında rusca "Şuşinskaə uliüa" -
"Şuşinskaya küçəsi"nə rast gəlinir.
Qarabağlıların küçəsi
Küçənin adı tbilisili tərcüməçi-jurnalist,
tədqiqatçı Mirzə Məmmədoğlunun 2009-cu ildə
işıq üzü görən "Qədim Tiflis"
kitabında da keçir: "Xıdır Nəbi məbədi
Xarpux məhəlləsinə yaxın, Sup Sarkis küçəsində,
indiki Qrişaşvili küçəsinin
başlanğıcında, Şuşa küçəsinin kəsişdiyi
yerdə yerləşirdi".
Tədqiqatçının sözlərinə görə,
küçəyə Şuşa adının verilməsi təsadüfi
olmayıb, belə ki, orada vaxtilə Qarabağ və
Şuşadan köçənlər yaşayıb.
Şuşa küçəsinin adına tarix üzrə
elmlər doktoru Fəxri Valehoğlunun 2013-cü ildə nəşr
olunan "Tiflis quberniyasinda azərbaycanlılara qarşı
1905-ci il kütləvi qırğınları" adlı
monoqrafik tədqiqatında da bir neçə dəfə
toxunulub: "Şuşa küçəsində
(Şeytanbazar məhəlləsi) Xarazovun evi xuliqanlar tərəfindən
qarət olunur".
Monoqrafiyanın "Tiflisin bəzi küçə,
prospekt və meydanlarının XX əsrin əvvəllərindəki
və indiki adları" hissəsində "Şuşa
küç. - Gertsel Baazov küç." sözləri yer
alıb.
Sakinlər küçənin adının dəyişdirilməsini
necə xatırlayır?
Gertsel Baazov küçəsində yaşayan
Novruzovlar və Məmmədovlar deyir ki, küçənin
adı sakinlərin xəbəri olmadan dəyişdirilib.
Onların sözlərinə görə, küçəyə
G.Baazovun adının verilməsi Tbilisidə yaşayan yəhudilərin
təşəbbüsü ilə həyata keçirilib.
Küçədə hətta şairə həsr olunan xatirə
lövhəsi də vurulub, lakin sonradan
götürülüb. Sakinlərdən biri həmin lövhəni
şəxsi istifadəsi üçün divardan söküb.
Maraqlısı odur ki, soydaşlarımız
küçənin adını mahir muğam
ifaçımız Xan Şuşinskinin adı ilə əlaqələndirirlər.
Onlara bu tarixçəni nənə-babaları nəql edib.
"Küçələrin köhnə adlarına
hörmətlə yanaşılmalıdır"
Küçənin keçmiş adı ilə
bağlı 2021-ci ildə həmsöhbət olduğum Tbilisi
üzrə araşdırmaçı, Gürcüstanın
Milli Parlament Kitabxanasının baş direktorunun müavini
Mirian Xositaşvili bildirib ki, Tbilisi tarixi və çoxmədəniyyətli
şəhər kimi həm orta əsrlərdə, həm də
müasir dövrdə seçilib: "Tbilisidə müxtəlif
şəhərlərin və məşhur insanların şərəfinə
adlandırılan çoxlu küçə var. Buna bənzər
fakt ondan ibarətdir ki, şəhərdə Şuşa
küçəsi də olub. Bu küçə barədə
məlumatlar XX əsrin əvvəllərinə aiddir.
Küçənin adı Şuşa şəhərinin
adı ilə bağlıdır. Tbilisi və Şuşa tarixən
bir-biri ilə əlaqəli olub. Məhz bu əlaqələrin
şərəfinə Tbilisinin köhnə hissəsindəki
küçəyə Şuşa adı verilib".
M.Xositaşvilinin sözlərinə görə,
Tbilisi və Şuşanı, həmçinin iki şəhərin
sakinlərini uzun əsrlər ərzində əlaqələr,
ilk növbədə, iqtisadi münasibətlər
bağlayıb: "Küçənin adı bir neçə
dəfə dəyişib. Hazırda bu küçə Gertsel
Baazovun adını daşıyır. Tarixi mənbələrdə
küçə ilə bağlı məlumatlara az rast gəlinir.
Həmin mənbələrdən biri İrakli Abaşidzenin
müəllifi olduğu "Tbilisi - Küçələr,
prospektlər və meydanlar" adlı kitabdır".
Tədqiqatçı küçənin adı ilə
bağlı araşdırmaları davam etdirməyi vacib hesab
edir: "Araşdırmaları davam etdirmək çox
yaxşı olardı. Küçəyə Şuşa
adının verilməsi təşəbbüsünün kimə
məxsus olması və adın dəyişdirilməsi ilə
bağlı tarix də böyük maraq doğurur. Hesab edirəm
ki, küçələrin köhnə adlarına hörmətlə
yanaşılmalıdır. Belə ki, bu tarixdir və tarixə
xüsusi diqqət göstərilməlidir. Biz Tbilisinin tarixi
küçələri ilə bağlı
araşdırmaları davam etdiririk və müxtəlif fikirləri
öyrənməkdə maraqlıyıq".
"Küçənin vaxtilə Şuşa
adlandırılması təsadüfi deyil"
Tarix elmləri doktoru, professor Otar Canelidze də hesab
edir ki, küçənin vaxtilə Şuşa
adlandırılması təsadüfi deyil: "Tbilisinin
qeyri-gürcü əhalisi arasında tarixən azərbaycanlı
icma çoxluq təşkil edib. Buna görə də şəhərdə
bəzi küçələrin azərbaycanlıların və
ya Azərbaycanla bağlı şəhərlərin
adlarını daşıması təsadüfi deyil. Tbilisidə
bu cür adları daşıyan 10-a yaxın küçə
var ki, onlardan da biri keçmişdə Şuşa
adlandırılmış küçədir. Şuşa Azərbaycanın
əsas mərkəzlərindən biridir. Daha dəqiq desək,
Şuşa Azərbaycanın Qarabağ bölgəsində
yerləşən mədəniyyət mərkəzidir".
Tarixçinin sözlərinə görə,
Qarabağın Gürcüstanla, xüsusən də XVIII əsrin
II yarısında - çar İraklinin
hökmranlığı dövründə tarixi əlaqələri
olub: "Həmin dövrdə Qarabağ xanlığı
çar İraklinin müdafiəsi altında idi. Buna görə də bu
küçənin vaxtilə Şuşa
adlandırılması təsadüfi deyil. Lakin nədənsə
sonradan küçənin adı dəyişdirilib və
hazırda küçə yəhudiəsilli şair və tərcüməçi
Gertsel Baazovun adını daşıyır. Tbilisi şəhər
şurasının bu küçəyə hansı əsasla
Gertsel Baazovun adını verməsi səbəbini bilmirəm".
O.Canelidze keçmiş Şuşa küçəsindən
qalmış 9 saylı ünvan lövhəsində
küçənin adının "Şuşinis" kimi
göstərilməsini belə izah edib: "Tarixi mənbələrdən
məlum olur ki, küçənin adı ruscaya səhv tərcümə
edilib. "Şuşini" gürcü dilində
düzgün səslənmir. Gürcücəyə tərcümədə
ad "Şuşis küçəsi" kimi yazılmalı
idi".
Küçənin keçmiş adının bərpası
məsəsələsinə münasibət bildirən
O.Canelidze bunu mümkün hesab etdiyini söyləyib. Onun
sözlərinə görə, ya keçmiş Şuşa
küçəsinin adı özünə qaytarıla bilər,
ya da başqa küçəyə Şuşa adını
vermək olar.
Tarixə qovuşmuş "Şuşa"dan
nişanə və ümid işarəsi
Tbilisidəki "Şuşa"dan qalan bir nişanə
- bu adı bildirən paslanmış lövhənin üzərindəki
9 rəqəminin simvolik mənasına bir daha toxunmaq istəyirəm.
Klassik numeralogiyada bu rəqəmin ifadə etdiyi mənalardan
biri ölüm və yenidən doğuluşdur.
Gürcüstan paytaxtındakı "Şuşa"
"ölsə" də, "yenidən doğulmaq"
şansı var. 9 nömrəli köhnə lövhəcik də
sanki məhz buna işarə etmək üçün bu
günədək asılı qalıb.
Tarixə qovuşmuş küçənin köhnə
adını yaşatmaq məqsədilə 9 saylı
paslanmış lövhəciyi xatirə lövhəsi
halına gətirərək üzərində gürcü və
ingilis dillərində bu sözlər yazıla bilər:
"Bu küçə 1903-1995-ci illərdə Azərbaycanın
mədəniyyət paytaxtı Şuşa şəhərinin
adını daşıyıb".
Xatirə lövhəsinin əksər sakinlərini
soydaşlarımız təşkil edən küçəyə
quraşdırılmasına şahidlik etmək, "Tbilisidə
keçmiş Şuşa küçəsinə xatirə
lövhəsi vurulub" başlıqlı xəbər vermək
arzusu ilə.
P.S. Gülhüseyn Kazımlı ötən ilin
noyabrında Tbilisidə olarkən onunla təsadüfən
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti
Muzeyində qarşılaşdım. Verdiyi ipucu əsasında
aşkarladığım küçə və onun
tarixçəsi barədə ona danışdım.
Gülhüseyn müəllim həmin küçədə
olmaq və xatirə şəkli çəkdirmək istədiyini
bildirdi. Keçmiş Şuşa küçəsinə birgə
yollandıq və Gülhüseyn müəllimin 9 saylı
lövhənin qarşısında fotosunu çəkdim.
Cəmilə BABAYEVA
Araşdırmaçı-jurnalist, Aziz.ge
saytının müəllifi
525-ci qəzet.- 2024.- 12 iyun,№103.-S.8;9.