Səssiz oxu ürəyimi..."
Rəfail İncəyurdun
yubileyinə
Aramızda çay var - adda,
Közüm qaldı, üfür, odda.
Ya ahıma can ver udda,
Ya havalan bu sazda gəl.
Nolar, çəkmə dara vaxtı,
Qoyma üzə dura vaxtı.
Dur, indi gəl - ura vaxtı,
Nə qış gözlə, nə yazda gəl...
"Nə qış gözlə, nə yazda gəl..."
- deyə, bizi səsləyən bu misraların
doğulduğu cənnət məkana - Qazax mahalının
İncə dərəsinə yol aldıq. Səfərimizin
reallaşması üçün bütün
ağırlıq ixtisasca maliyyəçi, auditor olsa da,
şeiri-sənətə, sazı-sözə, Azərbaycan ədəbiyyatına,
folkloruna dərindən bələd olan, sənətkarları
daim diqqətində saxlayan "Tovuz Xeyriyyə Cəmiyyəti"nin
sədr müavini, "Tərəqqi" medallı auditor
Çingiz Abbasovun üzərinə
düşmüşdü. Fəsil nə
qışıydı, nə də yaz, isti bir yay
günüydü. Hava bürküyə bürünsə də,
İncə dərəsi bizi sərin qoynunda
ağırlamağa çalışırdı. Zarafat deyil,
ağır yerişli, batman gərdişli, sözü qayalar
kimi möhkəm, dağlar kimi uca, bulaqlar kimi duru kişilərin
- Ağamalı Sadiq Əfəndinin, Məmməd Dəmirçioğlunun,
Akif Səmədin, Eldar Nəsiblinin, Osman Sarıvəllinin,
Babək Qurbanovun, Aslan Kəmərlinin və bir çox
dünyasını dəyişmiş söz sənətkarlarının,
söz azmanlarının görüşünə
sözün qədrini bilənlər - Çingiz Abbasov, Avdı Qoşqar,
Ramiz Hümmətov (ruhu şad olsun!), İradə Aytel, Kamal
Qurbanov, Bəhlul Ataxallı, Qiyas Nazarlı, bacarıqlı
operator Gündüz Şahvələdov... təşrif
buyurmuşdu. İncə dərəsinə ayaq basar-basmaz
gözüm bu incəliklərin, gözəlliklərin
tanınmış, istedadlı şair oğlu Rəfail
İncəyurdu gəzdi. Üzümü Çingizə tutub:
"Ay Çingiz, bəs Rəfail niyə gəlməyib?"
- deyə, sual etdim. Dostum dedi:
"Rəfailin Bakıda çox vacib işi
çıxdı, gələsi olmadı". Bu müqəddəs
gündə, müqəddəs ziyarətdə Rəfailin
bizimlə olmayacağına təəssüfləndim.
Üzümü ruhu, nəfəsi Rəfailin ruhunda, nəfəsində,
misralarında yaşayan, şeir dünyasının, söz
dünyasının, saflıq, bəkarət
dünyasının özü olan Ağamalı Sadiq Əfəndiyə
tutub:
Bundan anrı ucalım yox,
Dayanmağa macalım yox,
Yüz dəfə öldüm, dirildim,
Mənən adəməm, acalım yox
Əyil səndən keçim, dünya!
(Ağamalı Sadiq Əfəndi)
- dedim, Rəfailin misraları cavab verdi mənə:
Dönənlərdən dön də, doy da,
Yuvasızlar hoydu-hoyda.
Axı, sənin dünya boyda
Öyün var, Rəhim Yiyəsi!
Dünya boyda şeir öyümə, içimdəki
dünya quran, dünya yaradan söz adamlarının
misralarına şükür edərək, gözlərimdə
gilələnən yaşı dostlarımdan gizlətməyə
çalışdım və gəlişimizdən xəbər
tutan, baş daşından dost yollarına boylanan rəssam-şairin
- Məmməd Dəmirçioğlunun sözlərini
pıçıldadım:
Perikdi yuvalardan
Qərib quşlar hürkərək.
Perikirəm içimdən,
İçimə sığınan tək.
Bu dəfə də Rəfail misralarıyla:
Tanrı haqdı, - ya bulma da, ya bul da,
Güzgü birdi ya sultanda, ya qulda.
Boylanmağın yeri yoxdu o yolda,
Gedənlərə, gələnlərə inandım.
- cavab verdi...
Gözüm Akif Səmədi gəzdi. Akif Səməd
bizi Aslanbəyli kəndində - düz yolun kənarında
gözləyirdi. Gözləməkdən daş olan adama:
Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam, hardasan?
(Akif Səməd)
- dedim. Gənclik dostum, həmişə gəncim,
hardasan? - dedim. Gəncliyimi məndən alan, şeirlərimdəki
ilham pərilərini perikdirən zamandan şikayət etmək
istədim. Bu dəfə də Rəfail misralarıyla "o
yaralara toxunma" - dedi:
Dağ könlümə qış yeriyib, çən
gəlib,
O çiskində itən karvan çəmlənib.
Sən ki bildin onda nələr cəmlənib -
Gözlərimin damlasına toxunma.
Elə bu məqamda Eldar Nəsibli Sibirelin səsi gəldi
qulağımıza.
Uzaqda dayanma, bir yaxına gəl,
Gəl, qorxma, sirrini yayan deyiləm.
Onsuz da o qədər aldanmışam ki,
Mən daha hər sözə uyan deyiləm.
İkinci Şıxlıdan bizi səsləyən
şair gecikdiyimizə görə qınayırdı bəlkə
də bizi. Onunla da görüşdük, ona da dərdimizi,
acımızı söylədik. Sonra Babək Qurbanovun elm
dünyasının dərinliyindən çəkinərək,
Osman Sarıvəllinin məzarı başında
sözü-sözə caladıq, nəfəsimiz təngiyəndə
qocalıqdan şikayət etmək istədik, bizi diqqətlə
dinləyən ədib, qaşlarını çatıb dedi:
Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.
Osman qağaya da Rəfailin misraları cavab verdi:
Döyünə-döyünə,
deyinə-deyinə,
söyünə-söyünə
üyünür ömrümüz
dənvarı.
Bəli, bütün səfərimiz boyunca bir səs
bizimlə addımladı. Əbədiyyətdən boylanan bu
səs Nəsiminin, Mövlanənin,
Ağamalı Sadiq Əfəndinin, Akif Səmədin... səsi,
nəfəsiydi sanki - səmazənlərə qoşulub
göylərə ucalır, irfanlara qoşulub ərşlə-gurşu
birləşdirirdi. Bu səs fani dünyanın "gəl-gəl"inə
uymayan, faniləri hərf-hərf, sətir-sətir, misra-misra
göylərə, əbədiyyətə, ən uca, ən
ali məqamlara səsləyən İncə dərəsinin
incə ruhlu oğlu Rəfail İncəyurdun səsiydi.
Rəfaili ötən əsrin 80-ci illərindən
tanıyıram. Onda mən "Gənclik" nəşriyyatında
böyük redaktor işləyirdim və ədəbi almanax tərtib
etmişdim. Bir gün şair dostlardan biri mənə zəng
etdi, "Bir tanışım var, ixtisasca
riyaziyyatçıdır, ancaq çox gözəl şeirlər
yazır, imkanın olsa, onun şeirlərindən də
almanaxa daxil elə" dedi. Dedim, "Əlbəttə,
göndərsin, ancaq bir neçə yox, çox şeir
göndərsin ki, mən onlardan seçə bilim". Elə
həmin günün səhərisi Rəfail qapımı
döydü, əlində də şeirləri. Üzündən-gözündən
təvazökarlıq, saflıq, səmimiyyət yağan Rəfailin
bir şeirini oxudum, sonra ikincini, üçüncünü...
gördüm ki, bu şeirlərin heç biri kənarda
qalınası deyil. Dedim, "Dostum, sənin şeirlərinin
hamısı bir-birindən gözəldir. Əlim gəlməz
hansınısa kəsib çıxarmağa. Bu şeirlərin
hamısını almanaxda oxuyarsan". Elə də etdim, Rəfailin
gətirdiyi şeirlərin hamısını almanaxa daxil
etdim.
Elə həmin gündən bu günə qədər
Rəfail İncəyurdla ünsiyyətimiz davam edir. Rəfail
mənə "abi", "ustad" deyə xitab edir. Mən
də almanaxda şeirlərini verdiyim şairlə, dostumla fəxr
etmişəm, harada rastlaşsaq, onun
yaradıcılığı ilə maraqlanmışam, yeni
şeirlərini böyük şövqlə dinləmişəm.
Mətbuatda, sosial şəbəkədə Rəfaili daim izləyirəm.
Şair ömrünün yetkin yaşını
yaşadığı kimi yaradıcılığının
da yetkin dönəmindədir. Şeirləri bitkin,
könül oxşayan, məntiqə söykənən, ən
əsası, ürəklə yazılan şeirlərdir. Onun
hər bir misrasında ürəyinin
çırpıntılarını eşidirik. Etiraf edim ki, Rəfailin
yaradıcılığında nəyinsə, kiminsə, hətta
qafiyələrin xatirinə yazılan sözə rast gəlməmişəm.
Mən əziz dostumu, qələm yoldaşımı
70 yaşının tamam olması münasibətilə ürəkdən
təbrik edirəm. Onunla bağlı arzularımı
şeirimin dili ilə söyləməyə
çalışmışam:
Sən bahara kökləmisən özünü,
Saya salma qışı, qarı, İncəyurd!
Könüllərə çiləyirsən
sözünü
İncə-incə, narın-narın, İncəyurd!
Söz söz olsa, qafiyəsi tapılır,
Kündə təndir közərəndə
yapılır,
Daş külçəli qayalardan
çapılır,
Zər mayalı misraların, İncəyurd!
Yaş 70-dir, sən babasan, sən ata,
Arzulusan neçə toya, büsata.
Elə vurul, elə bağlan həyata
Dil-dil ötsün könül tarın, İncəyurd!
Küyə gedib, yerli-yersiz dinməyək,
Şax dayanaq, zirvəmizdən enməyək,
Nə şairik, yağmuruna dönməyək
Doluxsunan ruzigarın, İncəyurd!
Dostun Musa günü-ayı ov sanır,
Əsil ovçu ovdan çətin ovsanır,
Ətəkləsin qoy səksəni, doxsanı,
Tükənməyən arzuların, İncəyurd.
Musa ƏLƏKBƏRLİ
525-ci qəzet.- 2024.- 13 iyun,№104.-S.15.