Müzəffər
liderin "And və əməl"i jurnalist gözüylə
Müasir Azərbaycan tarixinin bütün səhifələri,
xüsusən, 44 günlük İkinci Qarabağ müharibəsinin
yaratdığı yeni reallıqlar yaradıcı
soydaşlarımızın hamısı tərəfindən
alqışlanır, təqdir və təbliğ edilir. Elə
bir qələm sahibi yoxdur ki, gənc müstəqil dövlətimizin
uğurları barədə öz düşüncələrini
geniş oxucu kütləsinə təqdim etməsin. Ancaq elə
soydaşlarımız da var ki, son otuz-qırx ildəki
ictimai-siyasi proseslərin demək olar ki,
hamısının mərkəzində
olmuş, 1990-cı ildən bu günədək baş
vermiş hadisələr haqqında az qala hər gün nə
isə yazmışdır.
Elə qələm sahiblərindən biri də qocaman
jurnalist, müasir siyasi publisistikaya özünəməxsus
töhfələr vermiş, otuz ilə yaxın "Xalq qəzeti"nin
siyasət şöbəsində çalışmış
Əməkdar jurnalist İttifaq Mirzəbəylidir.
"Mütərcim" nəşriyyatı bu günlərdə
onun siyasi məzmunlu məqalələri toplanmış
"And və əməl" adlı kitabını oxuculara təqdim
etmişdir.
Kitabın annotasiyasında qeyd edilir ki, Azərbaycan
Prezidenti İlham Əliyevin son iyirmi ildə
yürütdüyü qətiyyətli və ardıcıl
siyasət nəticəsində yaranmış yeni reallıqlar
təkcə müasir günlərimizin deyil, ümumiyyətlə,
son əsrlərdəki tariximizin ən şərəfli səhifələridir: "Xüsusilə
vurğulanmalıdır ki, müstəqilliyimizin bərpasından
keçən otuz ildən bir az çox müddətdəki
uğur, nailiyyət və nəhayət, möhtəşəm
Zəfər salnaməmizin qələmə alınmasında
bu il 105 yaşı tamam olan "Xalq qəzeti" kollektivinin
də özünəməxsus rolu olmuşdur. Oxuculara təqdim
edilən bu kitab da həmin xidmətin bir parçasından
ibarədir. Belə ki, "And və əməl"
kitabında toplanmış materiallar məxsusi olaraq kitab tərtib
etmək üçün yazılmamış, qəzetin
gündəlik fəaliyyəti prosesində qələmə
alınmışdır".
Kitab müasir tariximizin ən aktual məsələləri,
keçmiş Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həll edilməsi üçün
aparılan danışıqların nəticələri və
Azərbaycan Ordusunun qazandığı Zəfərə gedən
yol, İkinci Qarabağ müharibəsi, eləcə də, Zəfərdən sonrakı proseslərlə
maraqlananlar üçün dəyərli vəsait kimi qiymətləndirilir.
"And və əməl" kitabının məsləhətçisi,
"Xalq qəzeti"nin baş redaktoru, Əməkdar jurnalist
Əflatun Amaşovun "Ön söz əvəzi"
adlı qeydlərində vurğulanır ki, burada
toplanmış təxminən yüzə qədər yazı
kollektivimizin dövlətçiliyə xidmətinin bariz
nümunələrindən biridir:
"Xatırladım ki, bu kitabın tərtibçisi həm
də müəllifdir. Belə ki, o, məxsusi olaraq kitab
yazmamış, bilavasitə "Xalq qəzeti"ndə
verilmiş çoxsaylı ictimai-siyasi məzmunlu
yazılarının bəzilərinin kitab kimi ərsəyə
gəlməsini istəmişdir".
Qeyd edilir ki, müəllif bu kitabı "44 gündə
qələmə aldığım 46 yazı" adıyla nəşrə
göndərmək istəyirdi. Redaksiya rəhbərliyi isə
məsləhət gördü ki, kitaba İkinci Qarabağ
müharibəsinə aparan yollar haqqında qələmə
alınmış bəzi məqalələr də əlavə
edilsin, işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa-quruculuq işlərini əks etdirən
materiallar da, Azərbaycanla Türkiyə Cümhuriyyəti
arasındakı sarsılmaz dostluq və qardaşlıq
münasibətləri əks etdirən sətirlər də:
"Müəllif bu təklifimizlə ona görə dərhal
razılaşdı ki, yada saldığımız istiqamətlərdə
onun sayını bilmədiyi qədər yazıları
var".
Kitabdakı bəzi məqalələrin təkcə sərlövhəsi,
adı onların hansı məram və mətləblərdən
söz açdığını göstərir. "And və
əməl" (44 günlük müharibədən əvvəl
qələmə alınmış yazıardandır), "Azərbaycan
Ordusu işğala son qoyacaqdır", "Bu, Azərbaycan
xalqının azadlıq müharibəsidir", "Salam
Bayraq, salam Torpaq", "Haqqın sözü və
haqqın özü", "Bayraqların paradı" və
digər yazılar müəllifin sözə inamından,
orduya, dövlətə və Ali Baş Komandana sədaqətindən
xəbər verir.
"Biz bu zəfərə inanırdıq",
"44 gündə yazdıqlarım" və "Zəfərdən
sonra şahid olduq ki..." adlı üç bölməyə
ayrılmış bu yeni kitabın redaktoru Əməkdar mədəniyyət
işçisi Hacı Qüdrət Piriyev, nəşriyyat
redaktoru filologiya elmləri doktoru, professor Telman Cəfərov,
korrektoru Aida Şükürlü, dizayneri isə Rövşən
Toğruldur.
Nərgiz QULAMOVA
525-ci qəzet.- 2024.- 13 iyun,№104.-S.14.