Qarşılama
novella
Avtobus qəsəbəyə dönən yola
yaxınlaşanda Sevda ömür-gün yoldaşının
üzü qəsəbəyə duran maşınını
uzaqdan tanıdı. Sürücüyə - dayanacaqda
saxlayarsan - deyib, qapıya tərəf gəldi.
Srürcü avtobusu yana verib saxladı. Sevda
düşüb üzündə xoş təbəssüm
maşına tərəf tələsdi.
Avtobus yenidən geniş şoseyə düzəlib
yoluna davam etdi.
Onların ilk tanışlığı da burdan
başlamışdı. Onda da Sevda avtobusdan düşüb qəsəbəyə
tərəf yönələndə gördü, yolun kənarında
furqonlu bir maşın durub. Qız maşının
yanından keçmək istəyəndə, qapı
açıldı və içindən cod saçlı gənc
oğlan düşdü. Oğlan cəld hərəkətlə
maşının digər tərəfinə keçib
qapını düz Sevdanın burnunun önündə
açdı.
- Əyləş, xanım, - dedi, - mən də qəsəbəyə
tərəf gedirəm.
- Sən kimsən, mən sənin maşınında
oturum!? - Qız üzündə sərt ifadə soruşdu.
- Mən Fəridəm. Səhv etmirəmsə, sənin
adın Sevdadır.
- Hə, nolsun?
- Mən də bu qəsəbədə
yaşayıram, Otur, yolumuz birdir.
Sevda maşında oturmadı, oğlanın
üzünə tərs-tərs baxıb yoluna davam etdi.
Fəridi qəsəbədə
görmüşdü. Sevdagil bura köçəndən
sonra bir-iki dəfə dükana gedəndə həmin
maşın dükanın qabağında gözünə
sataşmışdı. Sözsüz ki, gənc xanım buna əhəmiyyət
verməmiş, dükandan aldığını alıb evə
qayıtmışdı.
Qızın ailəsi bura köçənə qədər
də Sevda şəhərdə işləyirdi. Əvvəl
də səhərlər işə gedəndə şəhərdaxili
işləyən marşrut avtobusdan istifadə etməli
olurdu. Bu qəsəbə şəhərdən bir az aralı
idi, ancaq sevda üçün çox şey dəyişmədi,
yenə marşrut avtobusla gedib-gəlməli olurdu.
Görünür, Fərid də, gözü qızı
tutandan sonra, bunu başa düşmüşdü.
Növbəti axşam Sevda işdən qayıdanda
avtobus qəsəbənin döngəsinə
çata-çatda qız qeyri-ixtiyari pəncərədən
boylandı. Gördü, furqonlu maşın həmin yerdə
durur. İçini qəribə həyəcan hissi
bürüsə də, avtobusdan düşüb qəsəbəyə
gedən yola tərəf yönəldi. Maşından bir az
aralı keçmək istəyəndə, oğlan yenə cəld
hərəkətlə maşının qapısını
açıb qızın yolunu kəsdi.
- Əyləşin aparım.
- Yoldan çəkil!
- Qəsəbəyə qədər xeyli yol var, niyə
əziyyət çəkirsən, onsuz da o tərəfə
gedirəm, gəl, əyləş, səni də aparım.
- Lazım deyil, özüm gedirəm!
Sevda bunu deyərək Fəridi yana itələyib
yoluna sərt addımlarla davam etdi.
Üçüncü axşam avtobus həmin yerə
yaxınlaşaraq aradakı məsafə azaldıqca işdən
qayıdan qızın narahatçılığı da
artırdı. Uzaqda döngə görünəndə
qız qəribə təşvişlə pəncərədən
qənşərə boylandı.
Furqunlu maşın həmin yerdə durmuşdu.
Sevda bir istədi bu dayanacaqda deyil, sonrakı dayanacaqda
düşsün, lakin tədricən qaş
qaraldığını nəzərə alıb xeyli yolu
piyada geri qayıtmaqdan xoflandı. Həm də içində
baş qaldıran qəribə bir inad - o kimdir, ondan qorxursan! -
deyə, sanki onu irəli itələdi. Odur ki, acıqlı tərzdə
- saxla! - dedi.
Ayağını yerə basıb furqonlu maşına
tərəf gedəndə həyəcandan dizlərinin bir az əsdiyini
hiss elədi. Özünü ələ alıb yoluna davam etdi
Fərid bu dəfə maşını elə
saxlamışdı, demək olar ki, qızın keçib
getməyinə yer qalmamışdı.
O, maşının sağ yanında qalan darısqal
yerdən keçmək istəyəndə, hər şey
olduğu kimi təkrarlandı. Sevda yenə maşına minməkdən
inadcasına imtina edəndə, Fərid:
- Neçə gündür burda durub sənin yolunu
gözləyirəm, gəl min, aparım da! - dedi.
- Mən sənə gözlə deməmişəm.
- Sən deməmisəm, amma ürəyim deyib.
- Ürəyinə de, məni burda gözləməsin,
yaxşı deyil, görən-bilən nə deyər!
- Bəs harda gözləsin?
- Evdə.
- Evdə? Yəni deyirsən, elçimi göndərim?
Sevda Fəridin bu sualına cavab vermədi, yanından
bir təhər keçib getdi.
Bir neçə gündən sonra oğlan qıza
elçi göndərdi. Evləndilər.
Bundan sonra Fərid Sevdanı hər səhər
furqonlu maşınında dayanacağa gətirib avtobusa
mindirib şəhərə yola salırdı. Amma axşamlar
yolunu yol qırağında gözləmirdi. Sevda buna razı
olmurdu, deyirdi, avtobusun gecikməyi də var. Niyə işindən-gücündən
olub orada durub məni gözləyəsən. Sən mənə
görə işini buraxma, iki addımlıq yoldur,
özüm gəlirəm də.
Bu minvalla, nağıllarda deyildiyi kimi qırx il
keçdi. Bu zaman ərzində üç övladları
oldu, qız köçürdülər, oğul evləndirdilər.
Nə bir-birinə münasibətləri dəyişdi, nə
də yaşam qaydaları.
Amma bu dəfə xanımını adəti üzrə
səhər yola salan Fərid qaydanı pozmuşdu, qırx il
öncə ilk tanışlıq günlərində
olduğu kimi gəlib onun yolunu gözləyirdi.
Avtobusdan düşən Sevda gənclik illərində
olduğu kimi qəribə həyəcan hissi keçirərək
maşına yaxınlaşdı, qapını açıb Fəridin
yanında oturdu. Əl çantasında nəsə axtararaq
onun üzünə baxmadan:
- Deyəsən, köhnə xasiyyətinə
qayıdırsan, - dedi.
Fəriddən səs çıxmadı. Sanki yuxuya
getmişdi.
Sevda sumkadan dəri pulqabı çıxardı:
- Fərid, gör sənə nə aldım! Sən bəyəndiyindəndir.
Fərid başını aşağı salıb
oturmuşdu.
- Fərid, yatmısan? - qadın onun çiyininə
toxundu, Fərid o tərəfə əyilib, sol çiyini ilə
maşının şüşəsinə söykəndi. -
Fərid, eşitmirsən? - Sevda onu silkələdi, Fəriddən
yenə səs çıxmadı, başı
yırğalanıb sinəsinə tərəf əyildi. - Fərid!
- Sevda onu bir də silkələdi, Fəridin cansız bədəni
qabağa getdi, başı sükanın dirəndi,
maşın siqnal verməyə başladı. Sevda
qeyri-ixtiyari geri atıldı və bərəlmiş gözlərini
uzaq boşluqlara zilləyərək deyəcəyi sözləri,
hayqıracaq səsini sanki uddu. Bir müddət beləcə
qaldı. Sonra uzaqlara baxa-baxa ətürpədici bir tərzdə
pıçıldadı:
- Sənə dedim, gözləmə!
Sevdanın bu sözləri də içindən yara
qaysağı kimi qopan bu səsi də maşının
qulaqbatırıcı siqnalına qarışıb itdi. Sevda
susdu, daha heç nə demədi.
Həndəvərdə olan qəsəbə sakinləri
nəhayət maşının aramsız siqnalına fikir
verdilər. Gəlib maşındakıları gördülər.
Görənlər görməyənlərə də xəbər
verdilər. Camaat yığıldı. Fəridin cəsədini
öz maşınının arxa oturacağına
uzatdılar, kimsə sükan arxasına keçdi... Nə bu
vaxt ərzində, nə hüzrdə Sevda dinib
danışmadı, lal-kar kimi oturub gözlərini uzaq
boşluqlara zilləmişdi. Yalnız cənazəni
qaldıranda o da ayağa durdu, ömürlük gedən
ömür-gün yoldaşının arxasınca baxıb:
- Sənə dedim, gözləmə! Bu kəlməni
həmin səslə pıçıldayaraq əlləri
qoynunda yenidən uzaq boşluqlara zillndi.
Həkimlər dedilər, tromb qopub.
Qəsəbə camaatı - Səhər tezdən
arvadı qəsəbənin ətəyindəki dayanacaqda
avtobusa mindirib yola salandan sonra maşını fırlayıb
evə qayıdanda ordaca ürəyi yatıb, - dedi.
İmir MƏMMƏDLİ
525-ci qəzet.- 2024.- 13 iyun,№104.-S.14.