Nazlı xanım Kəngərli:
məsum sima və məşum tale
MİRZƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN
HƏYAT YOLDAŞI OLMUŞ NAZLI - ZEYNƏBAĞA XANIM HAQQINDA
QEYDLƏR
Heydər ağa Hacı Vəli ağa oğlu
Şahtaxtinskinin həyat yoldaşı Nazlı xanım (sənədlərdə
adı Zeynəbağa xanımdır) Naxçıvanın
tanınmış mənsəb sahiblərindən biri, istefada
olan hərbçi, mayor Şəfi (Şəfaulla, Şəfiəli
kimi də yazılıb sənədlərdə - müəllif)
ağanın qızıdır. Məşhur ziyalı,
maarifçi və hərbçi Məmmədqulu bəy Kəngərlinin
bacısıdır. Şəfi ağa Naxçıvan
xanlığının hərb naziri Lütfəli Sultanın
oğlu Məmmədqulu Sultanın övladıdır.
Lütfəli Sultan isə məşhur sərkərdə və
Kəngərli elinin vəkili olmuşdu. Kəngərli
sülaləsinin nəsil şəcərəsində sonralar
kəngərlilər Kərim Sultan adını
övladlarına vermişlər. Kəngərli tarixini dərindən
bilməyənlər yazdıqları yazılarda ciddi səhvlərə
yol verirlər.
Kəngərli tarixində iki məşhur hərbçi
var: I Kərim Sultan və II Kərim Sultan. Lütfəli Sultan
II Kərim Sultanın oğludur. Onlar Kəngərli
tayfasının Bilici qoluna mənsubdurlar. Bu səbəbdən
sonralar varislərin çoxu familiyalarını Kərimsultanov
yazdırmışlar.
Qeyd edək ki, axtarışlar nəticəsində
Zeynəbağa xanımla bağlı xeyli yeni məlumatlar və
sənədlər tapdıq. O, Naxçıvan şəhər
qəza məktəbində təhsil almışdı.
Böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadənin
həyat yoldaşı Həmidə xanım Cavanşirin rusca
yazdığı xatirələrində Nazlı xanımla
bağlı qeydlər ilkin məlumatlardır. Yəni arxivlərin
bəzi fondları sovet illərində qapalı olduğundan
Nazlı xanımla bağlı ətraflı məlumatlar
tapmayan tədqiqatçılar Həmidə xanımın
yazdığı "Mirzə Cəlil haqqında xatirələrim"ə
əsaslanmışlar.
Həmidə xanım öz xatirələrində
yazır: "Mirzə Cəlil 1900-cü il iyun ayının
13-də ikinci dəfə evlənərək, Məmmədqulu
bəy Kəngərlinin bacısı Nazlı xanımı
(onun əsl adı Zeynəbağa xanımdır)
almışdır. Nazlı xanım əvvəllər
Əliqulu Şahtaxtinskinın arvadı olmuş və ondan
Heydər adlı on yaşlı bir oğlu var imiş..."
Burada yazılan məlumata münasibət bildirməzdən
əvvəlcə qeyd edək ki, Həmidə xanım
Nazlı xanımın qardaşı Məmmədqulu bəylə,
həmçinin Nazlı xanımın həyat yoldaşı
Mirzə Cəlillə bağlı saf sevgisindən də ətraflı
söz açıb.
Araşdırmalar nəticəsində tapılan
maraqlı sənədlərdən biri də
"Naxçıvan şəhər sakini Zeynəbağa
xanım Şəfi ağa qızı Kəngərlinskayanın
nikah şəhadətnaməsinin verilməsi haqqında" sənəd"dir.
Bu sənəddə yazılanlardan məlum olur ki,
Nazlı xanım (Zeynəbağa xanım) ilk dəfə Heydər
ağa Hacı Vəli ağa oğlu ilə ailə qurub. Lakin
1889-cu ildə Heydər ağa faciəli surətdə həlak
olub. Bu faciə haqqında sənədlərdə məlumat
olmadığından biz də heç nə deyə bilmirik.
Heydər ağanın faciəli ölümündən sonra
oğlu dünyaya gəlir və atasının şərəfinə
Heydər ağa adını verirlər.
Tapılan arxiv sənədindən aydın olur ki,
Nazlı xanımın ikinci nikah mərasimi 1894-cü il aprelin
4-də (hicri 1311-ci il şəvval ayının 4-də)
Naxçıvan şəhərində olub. İkinci dəfə
o, general İsmayıl xan Naxçıvanskinin oğlu Həbibulla
(Həbib xan) xanla ailə qurub. Həmin nikah sənədində
qeyd edilib ki, bu Nazlı xanımın ikinci, Həbib xanın
isə 3-cü nikahıdır.1897-ci il noyabrın 17-də bu
haqda olan nikah şəhadətnaməsini (№1999) almaq
üçün İrəvan şiə Ruhani İdarəsinə
müraciət edən Məmmədqulu bəy Kəngərli
rus dilində öz dəsti-xətti ilə yazıb:
"1897-ci il 17 noyabr, İrəvan şəhəri.
Aşağıda imza edən mən - artilleriya poruçiki Məmmədqulu
bəy Kərim Sultan İrəvan şiə Ruhani İdarəsinə
bacım Zeynəbağaxanım Naxçıvanskayanın vəkili
kimi bildirirəm ki, Zaqafqaziya şiə Ruhani İdarəsi tərəfindən
Zeynəbağa xanımla general-leytenant İsmayıl xanın
oğlu Həbibulla xan Naxçıvanskinin nikah şəhadətnaməsini
aldım. İmza edirəm: Məmmədqulu bəy Kərim
Sultan".
İndi bir az əvvələ qayıdaq. Həmidə
xanım yazır ki, Nazlı xanım əvvəllər
Əliqulu Şahtaxtinskinin arvadı olub və ondan on
yaşlı bir oğlu varmış. Qeyd edək ki, Nazlı
xanım 1894-cü ildə ikinci dəfə ailə qurarkən
hələ Əliqulu ağa sağ idi. Orta əsrlərdə
və XIX əsrin sonlarında da Şərq dinastiyalarında
olduğu kimi Kəngərlilərdə xoşagəlməz adət
yaşamaqdaydı. Yəni qardaş vəfat edərkən gəlinin
o biri qardaşla məcburən yaşaması adəti.
Görünür ki, Heydər ağanın dul qalmış gənc
xanımı məcburən böyük qardaşı
Əliqulu ağa ilə dini qaydada nikahlanmışdı.
Çünki ortalıqda rəsmi nikah kağızı yoxdur.
Olsaydı, hökmən Nazlı xanımın ikinci evliliyində
qeyd edilərdi. Belə fikir söyləmək olar ki, Nazlı
xanım xoşagəlməyən o adəti qəbul etmədiyindən
uşağı ilə birlikdə atası evinə
qayıdıb. Yəni tayfaların o sərt rejiminə
qarşı mücadilə edib. Onun qardaşı Məmmədqulu
bəy Kəngərli dövrünün açıq fikirli
ziyalılarından biri olduğundan, bacısının
seçiminə hörmətlə yanaşıb. Bütün
olanlardan görünür ki, Heydər ağa Əliqulu
ağanın oğlu deyil. Yəqin Nazlı xanımın ailəsi
bu evliliyi gizli saxladığından Tiflisdə
yaşayanların məlumatı olmayıb. Hətta sonralar
yazıçı Mirzə Cəlil də Həmidə
xanıma bu haqda heç nə deməyib ki, o da Heydər
ağanın atasının Əliqulu ağa olduğunu
yazıb.
Deməli, Nazlı xanımın
üçüncü nikahı yazıçı Mirzə Cəlillə
1900-cü il iyunun 13-də olub. Bu məqam və Nazlı
xanımın sonrakı taleyi Həmidə xanım tərəfindən
qələmə alınıb.
Yeri gəlmişkən deyək ki, Mirzə Cəlilin
atasıgil Nazlı xanımın ata evləri ilə
qonşuluqda yaşayıblar. Nazlı xanımın anası
Telli xanım Hacı Xudaverdi qızı Kəngərlinin 25
iyun 1909-cu ildə Naxçıvan qəza Polis İdarəsinə
yazdığı məktubda onların ünvanları göstərilib:
Naxçıvan şəhəri, Puşkin küçəsi,
ev №73.
Telli xanım yazdığı ərizədə
oğlu Məmmədqulu bəyin Batumda faciəli
ölümündən sonra, oğlu Qəzənfərin və
nəvəsi Heydər ağanın onunla birgə
yaşamaları haqqında da məlumat verir. Heydər ağa
Heydər ağa oğlu Şahtaxtinski 1 iyul 1889-cu ildə
Naxçıvan şəhərində doğulub. Anası
Zeynəbağa xanımın kədərli taleyi onun ata, ana
babalarının və nənələrinin yanında yaşamasına
səbəb olub. Tapılan sənədlərdə ata
babası Hacı Vəli ağanın nəvəsinə
böyük miras ayırdığının da şahidi
oluruq.
Aparılan axtarışlar göstərir ki, Heydər
ağanın anası Nazlı xanım (Zeynəbağa
xanım) Mirzə Cəlillə ailə qurandan sonra Heydər
ağa əsasən atalığı Mirzə Cəlilin və
dayısı Məmmədqulu bəy Kəngərlinin himayəsində
yaşamışdı.
Həmidə xanım hələ Mirzə Cəlillə
ailə qurmamışdan əvvəlki illərdə yeniyetmə
Heydər ağa ilə tanışlığını belə
qələmə alıb: "1906-cı il avqustun
axırında qızımı instituta aparırdım. Azəri
qızlarının yenə də ana dili müəllimi yox
idi. Sofya xanımgilə düşmüşdüm (Sofya (Səkinə)
xanım Ağalarova İsa Sultan Şahtaxtinskinin həyat
yoldaşı - müəllif). Orada Mirzə Cəlilin
oğulluğu Heydər Şahtaxtinski ilə tanış
oldum. O, mənə institutda qızlara ana dili dərsi deməyi
Mirzə Cəlildən xahiş etməyi məsləhət
gördü.
Mən oradan Heydərlə birlikdə Mirzə Cəlilin
yanına getdim (H.Məmmədquluzadə "Mirzə Cəlil
haqqında xatirələrim" Bakı 1967, s. 25-26).
Heydər ağanın orta təhsil almasında
dayısı, alitəhsilli hərbçi,
hüquqşünas, görkəmli maarifçi, İrəvanda
ilk müsəlman qız məktəbinin banisi Məmmədqulu
bəyin çox böyük xidmətləri olub. Lakin 1905-ci
ildə dayısının faciəli ölümündən
sonra Heydər ağa ata qohumlarının və ana nənəsinin
himayəsində yaşamalı olur. O vaxtlar Bakıda çap
edilən "Həyat" qəzeti (№ 71) həmin hadisəni
belə təsvir edib: "Məmmədqulu bəy 25 avqustda
İrəvandan çıxıb Tiflisə getdi. Orada bir
neçə gün qalaraq 29 avqustda bacısı Nazlı
xanımın oğlu Heydər ağa Əliqulu ağa
oğlu Şahtaxtlı (qəzet də onun atasının
adını səhv yazıb - müəllif) ilə Batuma getdi
ki, gəmiyə minib Parisə yollansın. Bilet də
almışdı. Gəminin yola düşməsinə bir
saat qalmış "dostlarına açıq məktub yazmaq
istədi". Bu məqsədlə poçta gedərkən
"erməni komitəti tərəfindən göndərilən
3 məlun erməni gizləndikləri divarın küncündən
qəflətən çıxıb o fədakari-milləti xəncər
ilə parça-parça doğrayıb
qaçdılar" (Ə.Tahirzadə, Məmmədqulu bəy
Şəfi ağa oğlu Kəngərli, "525-ci qəzet".
27.11.2004). O vaxtlar və sonralar yazılanlardan
görünür ki, Mirzə Cəlil həmin təlatümlü
günlərdə Batuma gedib və cənazənin, həmçinin
Heydər ağanın Tiflisə gətirilməsində
yaxından iştirak edib. O, Məmmədqulu bəyi
bacısı Nazlı xanımın yanında dəfn etdirib,
Heydər ağanı oğulluğa götürüb.
Köhnə Tiflisin tarixini yaxşı bilən
İlyas kişinin vaxtı ilə müəllifə söylədiyi
xatirələrdən məlum olur ki, Mirzə Cəlil uzun illər
hər həftənin cümə axşamı o qoşa məzarı
ziyarətə gedirmiş.
Musa QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru
kuliyevm@yandex.ru
525-ci qəzet.- 2024.- 13 iyun,№104.-S.13.