Çaparaq notlar
Ömürdən uzun sevgi
Tatyana Yakovleva və Vladimir Mayakovskinin həyatının
bir roman kimi, bir film kimi maraqlı parçası
Tatyana Yakovleva Parisdə
yaşayan rus emiqrantı idi. Vladimir Mayakovski ilə onu 15
oktyabr 1928-ci il tarixdə məşhur Liliya Brikin kiçik
bacısı Elza Treule tanış etmişdi. Elza da həmin
dövrdə Fransada yaşayırdı. Məlumunuz olduğu
kimi, Liliya Brik ərli idi. O, həm ərini, həm də məşhur
şairi sevirdi və onların heç birini əldən
buraxmaq istəmirdi. Bir müddət Volodya ilə aralarından
soyuq küləklər əsməyə başladı. Amma
Mayakovskinin Tatyanaya bənd olması onun qısqanclıq hissini
alovlandırmışdı. Liliya istəyirdi ki, Volodya
çox da "uzağa" getməsin, elə onun öz
bacısı Elza ilə yaxınlaşsın. Amma necə deyərlər,
sən saydığını say...
Sözün qısası, günlərin bir
günü şair öz eşqini bənd olduğu xanıma
izhar etdi, onunla ailə qurmaq istədiyini bildirdi. Tatyana onun təklifini
qətiyyətlə rədd etdi. Fransız mədəniyyəti
üzərində formalaşan bu aristokrat qadın, Rusiyadan gəlmiş
şairi - "yonulmamış", "kor-kobud"
Mayakovskini - ər kimi təsəvvür etmirdi. Mayakovski hiddətlənib
demişdi: "Onsuz da mən sənə və Parisə sahib
olacağam..."
Parisdəki çıxışlarına görə
Mayakovski əməlli-başlı qonorar almışdı.
Yeri gəlmişkən onu da deyim ki, Mayakovski öz həmkarları
arasında ən çox qonorar alan qələm adamı idi. Təsəvvür
edin ki, təkcə uşaqlar üçün
yazdığı "Yaxşı nədir, pis nədir"
adlı kiçik həcmli poemasına görə 10.000 dollar
(350.000 rubl) qələmhaqqı
(qonorar) almışdı. 20-ci illərin bu kəmiyyətdəki
pulunun nə qədər böyük məbləğ
olduğunu indinin özündə belə, təsəvvürə
gətirmək çətin deyil. Şairin Parisdə
aldığı qonorarın nə qədər olduğu barədə
ziddiyyətli informasiyalar var. Fakt budur ki, şair Parisdə əldə
etdiyi halal vəsaitlə "Renault NN" markalı
maşın almışdı. 1929-cu ildə həmin
maşın Rusiyaya gətirildi...
Hə, yaxşı, bəs Tatyana Yakovleva ilə
Vladimir Mayakovskinin münasibətlərinin sonrakı mərhələsi
necə oldu?.. Məsələ belədir ki, Mayakovski Paris
banklarından birinə yatırım etdi. Sonra məşhur
gül mağazalarından birisinə gedib həmin banka məxsus,
indiki anlamda desək, "sertifikatları" təqdim etdi,
onlarla müqavilə bağladı. Əldə olunan
anlaşmaya görə, qonorar qurtarıb başa çatana qədər,
hər həftənin bir günü mağaza əməkdaşları
nəhəng gül buketini Tatyanaya təqdim etməli idi.
İlk gül dəstələri "ünvana"
çatdırılan zaman Mayakovski hələ Parisdə idi. Hətta,
sevdiyi xanımla bir-iki dəfə
görüşmüşdü də. Tatyana bu cür
"yüngül xidmət növünün" faydasız
olduğunu işarə etmiş, yenə "yox"
demişdi.
Sonra şair vətəninə döndü...
Bağlanmış müqavilənin şərtlərinə
uyğun olaraq gül dükanının əməkdaşları
hər həftə gülləri "sahibinə"
çatdırırdı. Adətən onun üstündə
yazılırdı: "Mayakovskidən".
Mayakovski 30-cu ildə intihar etdi. Bunu Tatyana bir neçə
ildən sonra bilmişdi. Güllər isə gəlməkdə
davam edirdi. Xanıma elə gəlirdi ki, Volodya hələ
Parisdədir və ona mağazadan özünün
aldığı gülləri göndərir və onu
"izləyir"...
Dediyim kimi, müqavilə əsasında verilmiş
pulun kəmiyyəti böyük, xərclənməsi isə
müddətsiz idi.
40-cı illərin əvvəllərində müharibə
başladı...
"Mayakovskinin gülləri" gəlməkdə
davam edirdi... Yazı da öz yerində: "Mayakovskidən". Parisdə aclıq idi. Güllər
Tatyanın köməyinə gəldi: o, buketləri
imkanlı adamlara satıb çörək və zəruri ərzaqlar
alırdı. Fransızlar gül-çiçək sevən
olurlar...
50-ci illərdə güllər yenə öz
ünvanına çatdırılırdı... "Mayakovskidən".
60-cı illərdə, Mayakovskinin ölümündən
onillər keçəndən sonra da çiçək buketləri
hər həftə Tatyana Yakovlevanın Parisdəki mənzilinin
qapısını "döyürdü"...
Bu əhvalat zamanında rus mədəni mühitində
bir nağıl kimi dolaşmaqda idi...
1970-ci illərin sonunda sovet mühəndisi Arkadi
Rıvlit Parisdə olarkən yaşı yetmişi
keçmiş Tatyana Yakovlevanın mənzilinə gedir. Öz
anasından eşitdiyi əhvalatı danışır...
Qadın susur. Cavab verməyir.
Bu əsnada qapı döyülür. Nəhəng
çiçək dəstəsi görünür. Buketin
üstündəki lentdə məşhur yazı:
"Mayakovskidən"...
Mayakovskinin gülləri, Tatyana ölənəcən
onu "təqib etmədə", onun mənzilinə gəlməkdə
idi. Görənlər söyləyirmiş ki, vaxtilə
şairə "yox" demiş bu aristokrat xanımın evi
gül salonuna bənzəyirmiş...
Həyatın ir roman kimi,
bir film kimi, lap elə bir nağıl kimi maraqlı
parçası...
O, Azərbaycan və azərbaycanlılar haqqında
xüsusi ehtiram və rəğbətlə söhbət
açırdı...
Oleq Volkov... Mən onu
konkret neçənci ildə gördüyümü indi dəqiq
xatırlaya bilmirəm. Düzü, heç onu da xatırlaya
bilmirəm ki, Volkovu konkret harada görmüşəm:
kitabxanada, ЦДЛ-də, yoxsa hansısa ədəbi məclisdə?..
Təkcə onu xatırlayıram ki, Moskvanın zəhlətökən
yağışlı günləri idi. Yanımdakı
tanışım əlinin işarəsi ilə saqqallı,
tökmə bədənli, üz-gözündən
sağlamlıq yağan kişini göstərərək dedi
ki, bu, Oleq Volkovdur, yazıçıdır. Doğrusu,
mütaliəmdən heç vaxt şikayətçi olmasam
da, o vaxtacan belə bir yazıçının mövcudluğundan
xəbərsiz idim...
Sonralar, Bakıya gələndən sonra onun Moskva
(Rusiya) mətbuatında çıxan yazıları,
müsahibələri ilə tanış oldum. Sən demə,
belə bir yazıçını tanımamaqda heç də
"günah sahibi" deyiləm. Belə ki, o zaman
yaşı 85-i keçən Oleq Volkov qısa fasilələrlə
ömrünün 35 ilini sürgün və həbslərdə
keçiribmiş. Onun həbsə atılmağı
bütün hallarda "siyasi motivlərlə"
bağlı olub. Yazıçı hətta, bir müddət
Gəncə şəhərində də (o zaman Kirovabad
adlanırdı), sürgündə olubmuş...
Sovetlər dağılandan sonra da Volkovun bədii və
sənədli yazıları rastıma
çıxırdı. O da yadımdadır ki, bir dəfə
Elmlər Akademiyasında söhbətimiz əsnasında mərhum
türkoloq-tənqidçi Aydın Məmmədov soruşdu
ki, Oleq Volkov adı yazıçı eşitmisən? Dedim ki,
hətta görmüşəm də. Gülüb dedi ki, mən
də görmüşəm.
Sonra əlavə etdi:
- Çox maraqlı adamdır, orijinal
yazıçıdır...
Oleq Volkov 9 yanvar 1900-cü il tarixdə Sankt-Peterburqda
doğulub. 1996-cı il fevral ayının 10-da, 96
yaşında Moskvada vəfat edib. Orasını da deyim ki,
yazıçı sağlam olub, xəstəlikdən-filandan əziyyət
çəkməyib. Ölümünə səbəb bir
acı təsadüf səbəb olub: o, günlərin bir
günü öz iti ilə axşam gəzintisinə
çıxarkən inşaatçıların laqeydliyi
ucbatından qapağı açıq qalmış dərin
lükə yıxılaraq ağır xəsarət
alıb...
Bəs yazıçı haqqında belə müfəssəl
söhbət açmağımın səbəbi nədir?
İş burasındadır ki, Oleq Volkov uzun müddət
üzərində işlədiyi "Zülmətə qərq
olmuş" (orijinalda əsərin adı belədir “Погружение
во тьму”, mən təxmini tərcümə etdim) adlı
memuarında azərbaycanlılar, lap dəqiq desəm,
müsavatçılar, onların yüksək mədəniyyəti,
etibarlılığı haqda heyranlıqla söhbət
açır. Orasını da vurğulayım ki, həmin əsər
60-cı illərdə yazılsa da, SSRİ-də nəşrinə
qadağa qoyulub və ilk dəfə 1987-ci ildə Parisdə
(Fransada) çap olunub...
Bəli, yazıçı adı çəkilən
memuarında yazır ki, Solovkiyə (Solovetski adalarına) 300 nəfərə
yaxın müsavatçı sürgün edilmişdi. Onlar
türk millətinin (yazıçı elə bu cür də
yazır: "türklər", "türk millətinin
nümayəndələri") müdrik, barışmaz, əyilməz
adamları idi və onların hər biri oradakı
bütün millətlərin məhbuslarına nümunə
idi. Çünki oradakı bir çox adamlara xas olan
satqınlıq (başqa sözlə, "işverənlik"),
qorxaqlıq, riyakarlıq kimi xüsusiyyətlər türklərə
(azərbaycanlılara - F.M.) yad idi.
Əsərdə oxuyuruq:
“В то время в Бутырке их было около трехсот, ссылаемых на Соловки
членов партии мусаватистов. Цвет тюркской – по позднейшему, азербайджанской –
интеллигенции... Мне открылся мир неведомый и своеобразный. Мир народа,
отчаянно отстаивающего свою самостоятельность. Свои традиционные воззрения и
обычаи дедов.
Когда потом пришлось жить
бок о бок с мусаватистами на Соловках, я видел, каким сыновним уважением
окружены у них седоголовые, как заботливо следят старшие, чтобы никто не был
обделен за братской трапезой, как внимательны к тем, кто ищет уединения для
молитвы... По ним я мог судить, насколько далеко зашло за минувшее десятилетие
одичание русского общества. Как ожесточились характеры по сравнению с окраинным
народом, куда позднее проникли и где на первых порах осторожнее внедрялись
заповеди новой морали...”
Əsərdə QULAQ, eləcə də sovet rəhbərlərinə
qarşı müsavatçıların etdiyi qiyam, aclıq və
mübarizə təsvir olunur. Yazıçı, Azərbaycan
rayonlarından birində müəllim işləmiş Mahmud
Məmmədov haqqında isə xüsusilə ətraflı
söhbət açır...
... Və nəhayət. Bu qiymətli sənədli əsərin
tərcümə olunub nəşriyyatlarımız tərəfindən
nəşr edilməsi şərəfli tariximizi öyrənmək
baxımından hər kəs üçün qiymətli bir
töhfə olardı.
Vida sözü əvəzi
Səbuhi Məmmədlinin vəfat etdiyini gecə
yarısı sosial şəbəkələrdən bildim...
Xatırladım ki, mən onu ilk gənclik illərindən
tanıyıram...
Xatırladım ki, hələ tələbə ikən
populyar müstəqil qəzetlərdən birinin redaktoru idi...
Xatırladım ki, onu aradabir nəşriyyatın yeməkxanasında
həmkarlarının əhatəsində, qaynar yemək-içmək
məclislərində görürdüm...
Xatırladım ki, hamıya səmimiyyət və
ehtiramla yanaşardı...
Xatırladım ki, çox gözəl qələmi
vardı, orijinal yazıların müəllifi idi...
Hə, onu da xatırladım ki, təxminən iki ay
öncə Respublika xəstəxanasının cərrahiyyə
şöbəsinin dəhlizində qarşılaşdıq.
Düz bir il əvvəl, 2013-cü ilin yanvarında mən
burada əməliyyat olunmuşdum və xəstəxanaya
hansısa bir arayışı almaq üçün
getmişdim. Səbuhi "kolyaskada" əyləşmişdi.
Ayağının biri amputasiya olunmuşdu. Mən bunu əvvəldən
bilirdim, çünki bu yaxınlarda yazmışdı ki,
"ayağımın birinin yoxluğunu sübut edə bilmirəm
ki, pensiya alım".
Yanında bir qadın vardı, həyat yoldaşı
olduğunu təxmin etdim. Əyilib alnından öpdüm. Adətən,
belə hallarda bizim mentalitet üzrə "necəsən?"
- sualı verilir. Onsuz da onun necəliyi göz qabağında
idi. Sonra bizdəki ənənəvi "qulluğundayam, sənə
necə kömək edim?" - sualının üstündən
də sükutla keçdim. Mən ona necə kömək edə
bilərdim?.. Ayrılanda "Həcər müəlliməyə
salam deyin" -dedi...
Bir müddət sonra mətbuatda oxudum ki, ikinci
ayağı da amputasiya olunub... Sonra, səhv etmirəmsə,
öz şəbəkə səhifəsində bir kadr
gördüm: Səbuhi gülümsəyərək əl
çalır, onun ayaqlarının... yox, dizinin ucunda isə
balaca bir qız rəqs edirdi. Bəli, Səbuhi gülümsəyirdi...
...və, artıq dediyim kimi, 17.01.2024-cü il tarixdə
Səbuhinin vəfat etdiyini gecə yarısı eşidib
bildim...
O, bir müddət Biləcəridə,
üçyüz saylı orta məktəbdə həyat
yoldaşımla biryerdə işləmişdi. Səbuhi hər
dəfə görüşəndə öz keçmiş həmkarına
salam göndərirdi.
Səbuhinin yoxluğu xəbəri Həcər müəlliməni
də sarsıtdı.
Mən dedim ki, o, çox istedadlı jurnalist idi.
Yoldaşım dedi:
- O, həm də gözəl müəllim idi. Bilirsən
uşaqlar onun xətrini necə istəyirdi? Bu, öz yerində...
Amma onun çox qeyri-adi istedadlı bir oğlu vardı,
hamı onu məktəbimizin gözü hesab edirdi... Adı
Ramal idi deyəsən. Görəsən, o uşaq indi
haradadır?..
Qəribə taleli bir adamı vaxtsız-vədəsiz
itirdik. Bir az özündə günah vardı, bir az da bizim
hamımızda...
Son qəmimiz olsun.
17.01.2024
Firuz MUSTAFA
525-ci qəzet.- 2024.- 13 iyun,№104.-S.12.