Xəyalımdan nələr keçər...

 

İnsan bu dünyaya gəlişi-gedişiylə sanki bir mehmandır. Köçəri quş kimi gəlir və bir gün uçub o dünya adlı "məmləkətə" təxti-rəvan olur. Bəs bu fani dünyada, bu ani dünyada nə əməlin sahibi oldu, nə xidmətlər göstərdi? Göstərə bildimi, göstərməyə imkan tapa bildimi görəsən? Haqq dərgahına varid olandan sonra təmənnasız xidmətləri və savab əməlləri ilə görəsən, xatirələrdə qalaraq anıldımı və ya unuduldumu?

Tanıdığım pak əməlli, bəşəri amallı insanlar arasında Babək Osman oğlu Qurbanov haqda əminliklə deyə bilərəm ki, xoşməramlı, xeyirxah niyyəti ilə xatirələrində bu gün də yaşamaqdadır. Çünki o, ömür boyu təmənnasız xidmətləri ilə elmin nurunu akademik cameəyə saçdı. Tələbələrinə doğru yolda irəliləməsi üçün sərrast istiqamət verdi, onları yönləndirdi, elm adlı zirvədəki məkana yüksəltdi.

Ürəklərdə taxt-tac qurdu insanlıq aləmində. Həyatda ikən hörmət-ehtiram sahibi oldu, zəhməti, çalışqanlığı ilə nümunəvi, hər kəsə örnək oldu. Əsl insanlıq nümunəsi kimi simvol oldu.

5 ildir aramızdan ayrılsa da, ülvi xatirəsi onu yaxından tanıyanların qəlbində, ruhunda, könül xanimanında yaşamaqdadır. Onlardan biri də bu sətirlərin müəllifidir. Neçə il Qaziantep Konservatoriyası adlı ali musiqi qurumda bərabər, səmərəli çalışdıq. Nə bəxtəvər günlər idi o günlər. Bir otaqdaca baş-başa verib xoş məramlarımızı, elmi düşüncələrimizi paylaşırdıq, elm aləminin dünyasında məsləhət-məşvərətlər edirdik. İnsanlıq naminə vicdanla ana Vətənimiz Azərbaycan adına layiq ülvi xidmətlərlə elmi nailiyyətlərimizi bəxş etməyə çalışırdıq təmənnasız... Heyif o günlərdən.

Heyif o günlər, dəyərli-qiymətli günlərə həsrət qaldıq nə yazıq ki. Yeri görünür hər zaman, hər gün, hər saat, hər an. Çarəsiz qalmış birisinin imdadına kim yetər görəsən? Keçmişdə qalan ülvi xatirələri kim geri döndərə bilər əli uzanıqlı həsrətdə, intizarda qalmış birisinə. Heyhat, əfsus deməklə, heyifsilənməklə əlimizdən nə gəlir ki? Sadəcə çıxış yolu, xatirələri anmaqla vərəqələrə köçürüb olan-qalan hadisələri yada salıb insanlara çatdırmaqdır. Yeganə təsəlli budur yəqin ki.

Bu yazımızda Osmanoğlu Babək Qurbanovla bağlı, nəhəng ustadımıza aid xatirələrimizə yer verməyə çalışdıq.

Professor Babək Qurbanovla söhbətimiz əsnasında bəzən bədahətən yeni fikirlər ortaya çıxırdı. Tövsiyəsi bu idi ki, "bu orijinal fikirləri tez qeyd elə, sonra unudula bilər. Qismət olsa, kitab yazarıq". Hərdən də söhbətimiz əsnasında gülməcələr yaranırdı. Mən də kiçik dəftərçəmə qeyd edirdim ki, bu lətifələr ikimizə aiddir. İnşallah münasib bir vaxtda çap etdirərik. Arxivimdə saxladığım bir neçə gülməcəni oxucularımıza ərmağan edirəm.

lll

Hər zaman İlqar müəllimlə birgə marketə gedən Babək müəllim bəzən hövsələsi çatmadığı üçün ona lazım olan əsas ərzaqların siyahısını verib belə deyir: "Xahiş edirəm aldığın ərzaqların son kullanma tarixinə diqqət yetir".

"Son kullanma tarixi" sözü İlqar müəllimin ürəyinə möhkəm həkk olmuşdu. Hər zaman da Babək müəllim üçün alış-veriş edərkən ərzağın "son kullanma tarixi"nə xüsusi diqqət yetirirdi.

Novruz bayramı günlərində Babək müəllim şair Zəlimxan Yaqubun Osman Sarıvəlli haqda olan xatirə məqaləsini İlqar müəllimin internet adresinə göndərir. Bu günlərdə İlqarın digər yazı-pozuya başı qarışdığı üçün məqaləni oxumağa vaxt tapa bilmir. Aradan 10 gün keçir. Martın 31-də İlqar müəllim interneti açdıqda Babək müəllimin onun adresinə ünvanladığı məqalə diqqətini çəkir və tezcə açıb oxuyur. Məqalə çox xoşuna gəldiyi üçün telefonla zəng edib Babək müəllimə fikrini və xoş təəssüratını bildirir. Bu zaman Babək müəllim kinayə ilə deyir ki, "bu məqaləni 10 gündür sənə göndərmişəm, indi açıb oxuyursan?" Bu sözün müqabilində vəziyyətdən çıxmaq üçün Babək müəllimə belə cavab verir: "Məqalənin "son kullanma tarixi" martın 31-nə qədərdir. Əgər aprelin birinə qalsaydı, onda vaxtı keçərdi, köhnələrdi".

lll

Qaziantepin Sanko xəstəxanasının doktoru ilə görüşmək üçün bir ay olar, Babək müəllimlə İlqar müəllim məşvərət edirlərmiş. Lakin ora getmək üçün münasib vaxt tapa bilmirlər. Bu minvalla aprelin birində bu barədə ortaq bir qərara gəlmək məqsədi ilə İlqar müəllim zəng edir. Telefonu qaldırdıqda İlqar müəllim Babək müəllimin yadına salır ki, dünən qərara gəlmişik, bu gün günortadan sonra xəstəxanaya gedək. Babək müəllim getməmək üçün bu dəfə də yeni bir bəhanə tapıb İlqar müəllimə belə cavab verir: "Bu gün aprelin biridir, adam aldadılan gündür. İnşallah sabah gedərik". İlqar müəllim bu sözün müqabilində belə deyir: "Ay dayı, aprel ayının hər günü mənim üçün 1 apreldir". Babək müəllim həmin anda İlqara: "Düz deyirsən, ay dayı, onsuz da hamı bizi ilboyu asanca aldadır" - deyə cavab verir.

lll

Ərdahan Universitetinin professoru Rövşən Xasayoğlu günlərin birində İlqar müəllimə zəng edib soruşur: "Nə edirsən?" İlqar müəllim belə cavab verir: "Dayımla söhbət edirəm". Rövşən müəlllim: "Xoşbəxt adamsan ki, sənin Babək Osmanoğlu kimi dayın var". Bu sözün müqabilində  İlqar müəllim Rövşən Xasyaoğluna belə cavab verir: "Telefonu verirəm sən də danış, dayınla".

 

lll

Balıkəsir Bələdiyyə Konservatoriyasının şöbə müdiri Atik Sahilin bir neçə gün öncə Babək Osmanoğlu Qurbanovun 85 illik yubileyi münasibəti ilə internet adresimə göndərdiyi düşüncələrini də oxuculara çatdırmağı özümə mənəvi borc bilirəm. Bundan əlavə, Babək Qurbanovla birgə çalışmış Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının bir neçə nəfər əməkdaşının fikirlərini də də təqdim edirəm.

Atik Sahil, Balıkəsir Bələdiyyə Konservatoriyasının şöbə müdiri: "Babək Qurbanovun həyatı və əldə etdiyi nailiyyətlər həqiqətən də heyranedicidir. Onun sənət sahəsində bu qədər geniş istedada və biliyə malik olması təqdirəlayiqdir. Bundan əlavə, onun tələbələri maarifləndirmək və düzgün elmi məsləhətləri ilə gələcək nəsillərə zəngin töhfələr verməsi çox təqdirəlayiqdir. O, Azərbaycan musiqisini, ədəbiyyatını, təsviri sənətini dünyaya tanıdan əsl alim idi. Belə nümunəvi insanların olması sənət aləminə, cəmiyyətə böyük zənginlik qatır. Tərifləməkdən əl çəkə bilmədiyim dəyərli müəllimimi tanıdığım üçün çox şadam. Babək müəllimlə ilk tanış olanda onun ləyaqətli və məğrur mövqeyi məni heyran etmişdi. Şirin təbiətli, həlim xasiyyətli, səmimi insan kimi qəlbimə əbədi həkk olunub. Onun əllidən artıq kitabı, yeddi yüzə yaxın elmi məqaləsi var. Bu elmi xəzinə gələcək nəsil tələbələr üçün elmi biblioqrafiya kimi istifadə olunacaq. Sağlığında mənə bir söz vermişdi: "Mən sizin namizədlik  müdafiənizdə iştirak edəcəyəm". Təəssüf ki, ömrü vəfa qılmadı, o, bizi əbədi tərk etdi.

Xəstəliyi zamanı Bakıda nəhəng ustadımın ziyarətinə gemişdim. Bizi çox yaxşı qarşıladı. Mehriban və səmimi münasibətini ülvi xatirə kimi hər zaman anmaqdayam. Nur içində uyu, xocam. Nə yaxşı ki Babək Qurbanov adlı bir əfsanəvi insan elm xadimi kimi bizlərə örnək olaraq ülvi xatirələrimlə bu dünyadan gəlib keçdi. Onun kimi nümunəvi insanlar cəmiyyətə böyük irs qoyur və daim xatırlanırlar".

Savaş Ekici, sənətşünaslıq namizədi, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının bağlama müəllimi: "Prof.dr. Babək Qurbanovla 2009-cu ilin əvvəlində tanış olduq. Babək hocanın bizimlə çalışdığı dönəmdə konservatoriyada göstərdiyi səylər, təqdirəşayan xidmətlər, bir çox müəllimlərlə olduğu kimi, mənimlə də dostluğu, səmimiyyəti, elmi biliklərini bölüşməsi, atalıq münasibəti heç vaxt unudulmayacaq. Doktorluq dissertasiyam zamanı onun məsləhəti və rəhbərliyi də mənim üçün çox önəmli idi. Unudulmaz alim Babək Osmanoğlu Qurbanovu rəhmətlə yad edirəm. Ruhu şad olsun".

Hasan Tipi, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası: "Prof.dr. Babək Qurbanov həyatımda tanıdığım ən qiymətli insanlardan biri idi. Onu dəyərli edən əxlaqi və elmi keyfiyyətləri idi. Onun həqiqətən də yetkin insan olduğunu ilk dəfə 2009-cu ildə anam Həsən qızı Fikrətin vəfatı ilə bağlı başsağlığı vermək üçün kabinetimə gələndə anladım. Onunla ziyarətə gələnlərdən biri məndən soruşdu ki, sənin anan qoca idi? Soruşanda Babək müəllim bu suala cavab vermək məqsədi ilə söhbətə müdaxilə edib həmişəki kimi təmkinlə dedi: "Yaşından asılı olmayaraq, analar müqəddəsdir". Bu məntiqli cavab mənim üçün onun nə qədər müdrik bir insan olduğunun kiçik göstərgəsi idi. Bu dünyada yaxşı işlər gördü. Qəlbimizdə ülvi hisslərlə unudulmaz insanlıq izi saldı və getdi. Bütün gözəlliklərin axirətdə onunla olmasını diləyirəm. Qəbri nurla dolsun, məkanı cənnət olsun".

Yaşar Seçkin, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası Təməl Bilimlər Bölümü: "Mən fəxr edirəm ki, əziz Babək müəllimimizi tanımışam və onunla bir qurumda çalışmışam. O, konservatoriyamız üçün bir şans idi. Biz onu belə erkən itirməyin kədərini dərindən hiss etdik. O, sevgi dolu, müdrik və bir ata rəftarı, ustad nəvazişi ilə müəllimlərimizin idealına çevrildi.

Babək müəllimimizin həm də güclü yumor hissi də var idi və adam darıxmadan onunla saatlarla söhbət edə bilirdi. Onunla hər söhbətdən sonra özümü sanki dərin mənalı bir kitab oxumuş kimi hiss edirdim. O, musiqi istedadı, biliyi, müdrik fikirləri və zəngin həyat təcrübəsi ilə həqiqətən əvəzsiz bir insan, müdrik şəxsiyyət idi. Allahdan ona rəhmət diləyirəm, məkanı cənnət olsun".

Meltem Öner Gaün, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi: "Prof.dr. Babək Qurbanov təkcə musiqi sahəsi üçün deyil, bütün bəşəriyyət üçün böyük itki olan alim idi. Onunla işləmək təkcə musiqiyə olan dərin sevgisinə və biliyinə görə deyil, həm də musiqi təhsilinə və tədqiqatlarına innovativ yanaşmalarına görə böyük şərəf idi. Beynəlxalq miqyasda tanınan musiqiçi kimi onun əsərləri təkcə türk musiqisi haqqında deyil, həm də şəxsən ünsiyyət qurmaq və öyrənmək üçün əla fürsət idi".

Eh... "Xəyalımdan nələr keçər dərdin alem". Ruhun şad, uyuduğun müqəddəs məkan cənnət olsun, böyük mütəfəkkir, musiqiçi, filosof, bəstəkar, musiqişünas alimim! 85 illik yubileyin mübarək olsun, Osmanoğlu Sarıvəlli Babəkim!

 

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV

Sənətşünaslıq elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi

525-ci qəzet.- 2024.- 13 iyun,№104.-S.11.