Gündəlikdən səhifələr
1 dekabr 1970-ci il
Sənətkar gərək özünü itirməsin,
öz müvazinətini gərək saxlasın,
yaratdığı hər hansı bir əsərlə
işini bitmiş hesab etməsin, həmişə gərək
mübarizədə olsun, yeni-yeni əsərlər işləməklə,
yeni kəşflər etsin.
Odur ki, sənətkar özünü həmişə
mübarizə meydanında hiss eləməli, yeni fikirləri
yeni bədii vasitələrlə verməlidir. Yeni fikirlərsə
yeni-yeni bədii vasitələr tələb edir. Sənət əsərini
bir vasitəsilə vermək olmaz, ən yüksək rəng
ahəngi ilə fikri asimana qaldırmaq lazımdır.
Bizim sənətkarlarımızın bir parasının
əsərlərinin zəif olması onun fikircə deyil, bədii
vasitəcə zəifliyindən irəli gəlir. Odur ki,
çoxusu elə bilir ki, kompozisiyanı qurdumu, bununla da əsər
tamamlandı. Nə qədər bədii fikir vacibdirsə, o qədər
də bədii vasitə onun yaranması üçün
lazımdır.
Əgər fikir bədii vasitə ilə yüksəklərə
qaldırılmayıbsa, o əsər həmişə zəif
olacaq.
lll
1 dekabr 1970-ci il
Həmişə mənə deyirlər ki, gənclərimizə
nə deyə bilərsiniz! Birincisi budur ki, çox işləmək,
özüdə kor-koranə deyil, ağılla, kamalla
çalışmaq lazımdır, hər hansı bir sənətkarı
yamsılamaq lazım deyil, bir də görürsən ki,
yaşın keçib, düz yola yox, əyri yollara
düşmüsən. Vaxt keçib, heç bir şey əldə
etməmisən!
Odur ki, axtarışlar aparmaq yaxşı işdir,
ancaq bu axtarışlar düzgün olmalıdır,
özü də ki, mən elə hiss edirəm, belə deməklə
yaxa qurtarmaq olmaz. Bu, yanlış məntiqdir.
Bu özünü təmizliyə çıxarmaq deməkdir.
Məktəb illərini qiymətləndirmək
lazımdır. Bu illərdə sənətlə bağlı
çox şey öyrənmək lazımdır. Bu illərdə
öyrənməli şeyləri sonralar vaxt tapıb öyrənmək
olmur.
lll
21 oktyabr 1972-ci il
Mən indi "Anam" əsəri üzərində
işləyirəm, bu əsərdən sonra bir böyük əsər
üzərində də düşünürəm, onu da
böyük həcmdə işləyəcəm, özü də
üç-dörd metr olsun, bunu meyvələr səltənətinə
həsr edəcəyəm, özü də fiqurlar ilə,
Şahdağla, Quba və Göyçay bağları ilə.
Çoxdan Süleyman Rəhimovla söhbət etdiyim zaman o mənə
demişdi ki, sən indi böyük ölçüdə
"Azərbaycan" işlə, qaldı ki, onun
ölçüsünə, o ya bir
xolstda (kətanda), ya bir neçə xolstda olsun, onu
özün düşünərsən.
Bu axır illərdə o məni görəndə həmişə
bunu soruşur ki, mən dediyim barədə
düşünürsənmi! Mən doğrudan da,
düşünürəm və ona belə də cavab verirəm.
Bundan başqa, daha bir əsər də mənim
başımdadır, bu əsəri istəyirəm ki, atama həsr
edəm, özü də Abşeron bağlarında, qumluqlar,
Mərdəkan qalası, dəniz... Bundan başqa, ayrı
fikrim də vardır, o da yenə Abşeron bağlarında
bütün ailə ilə, çay içilən zamanı təsvir
edəcəyəm.
Hələlik bu fikirlər başımda
dağınıq haldadır, vaxt gələr hamısı cəmləşər
və həyata keçər. Hələ bunlardan başqa, bu
saat emalatxanada bir böyük əsərin kartonu və
kalkası vardır ki, onu çəkirəm, "Anam" əsərim
başımda fırlandı. Mən "Anam" əsərimi
haman əsərdən əvvəl işləməyə
başladım.
Əsər işləmək üçün, əsər
yaratmaq üçün, heç kəsdən imdad gözləmə,
heç kəsdən sənə kömək olmayacaqdır,
imdadı ancaq özün-özündən gözləyə
bilərsən, odur ki, həmişə möhkəm ol və
heç vaxt özünü itirmə, lap ağır vaxtlarda
olanda belə möhkəm dur və sənət yolunu
çaşdırma, necə işləyirsənsə, elə
də işlə və elə də əsərləri
yüksəklərə qaldır. Bu olar sənin imdadın,
heç vaxt ümidsizlik dəryasına düşmə, ondan
pis şey yoxdur, onun altından çıxa bilməzsən, həmişə
cəsarətli ol və həmişə də irəli bax, irəlini
gör, ümidini irəliyə bağla, ümidsiz adam
heç bir şey edə bilməz.
Ümidimiz böyük dəryadır ki, biz onu həmişə
fikrimizdə tutub yüksəlirik, onsuz heç bir şey ola
bilməz, ümid fikir deməkdir, ümid arzu deməkdir, odur
bütün arzularını həyata keçirmək
üçün ümidini möhkəm tut saxla!
Mən də ümid edirəm ki, fikrimdə olan
arzularımı həyata keçirəm, onları yaradam,
xalqa göstərəm, həm xalqı, həm də
özümü şadlandıram! Odur ki, yuxarıdakı əsərlərdən
alayı daha başqa əsərlər də işləyəcəyəm!
İllər ötəcək, amma ümidlər,
arzular həyata keçəcək, onlar həyatda olacaqlar,
onlar sənət əsərlərində dönüb muzeylərdə,
sərgilərdə xalqı şadlandıracaqlar, onlar gələcəkdə
başqalarını ümidləndirib onların
arzularını həyata keçirəcəklər. Odur ki,
yaratmaq və onunla yaşamaq, qəlbdən işləmək,
daxildən yanmaq hər adamın işi deyil, hər sənətkarın
işi deyil və işi də ola bilməz!
Bundan ötrü əvvəlcə yaratmaq
lazımdır, tərbiyələnmək və
özünü tərbiyə etmək lazımdır!
Odur ki, bəzi cavanlar bir tərəfdən
vaxtlarını boş keçirdirlər, bir tərəfdən
də axtarışları düz olmur, dərindən, qəlbdən,
daxildən işləmək əvəzinə ora-bura atlanırlar...
lll
23 noyabr 1971-ci il
...Pul dalınca qaçmaq, həyatı pulda görmək
nə qədər alçaq bir işdir, pul yaşamaq
üçün, ancaq yaşayıb-yaratmaq
üçündür. Pula həris olan rəssamlarımızın
əsərləri Moskva sərgisində zəif fonda
göründü, onlar gərək özlərinə dərs
götürsünlər, papaqlarını qabaqlarına qoyub
fikirləşsinlər ki, daha belə iş görmək
olmaz!
Mən inana bilmirəm ki, bu adamlar öz işlərinin
səviyyəsini necə olur ki, görmürlər, necə
olur ki, öz işinin qeyrisinin işlərinin yanında nə
səviyyədə olduğunu dərk etmirlər?! Necə sənətkarsan
ki, bilməyəsən, sən özün kimsən, nəsən
və necəsən! Dostlarına məqalə yazdırıb
özünü tərif etdirməklə adam rəssam ola bilməz,
olsa da, üç gün davam edər. Odur ki, elə əsər
yaratmaq lazımdır ki, o, xalqa layiq əsər olsun, xalqın
qəlbinə yol tapsın, onun hisslərinə gözəl təsir
etsin. Bu dediklərim bu adamların əsərlərində qəti
yoxdur, onda daha rəssamlıqdan, sənətdən
danışmayın! Birdəfəlik öz çirkin işlərinizi
yerə qoyun, qruppabazlığı, dostbazlığı
buraxın, sənət ilə məşğul olun, onda
hamı sizə hörmət bəsləyər.
lll
23 noyabr 1971-ci il
Mənim yanıma bu gün Füzuli rayonundan, məşhur
mağara açan Məmmədəli müəllim gəlmişdi,
xoş xasiyyətli olan bu cavan alim savadlı bir adamdır,
onunla çox söhbət etdik, həm incəsənət, həm
də musiqi və ədəbiyyatdan, onun, görünür ki,
yaxşı savaddan başqa, sənət və ədəbiyyat
fikirləri inkişaf etmişdir. Burada Səməd Vurğun,
Üzeyir bəy və başqaları haqqında söhbət
etdik.
Üzeyir bəyin aşıq və xalq musiqisi barədə
fikirləri, bundan başqa, Molla Pənah Vaqif haqqında
söhbət getdi.
Üzeyir bəy deyirmiş ki, aşıq musiqisi elə
dəryadır ki, mən onun içində üzürəm,
onda elə bir dərya vardır ki, biz ondan nə qədər
istifadə etsək,yenə də dərya qalar və biz bu
musiqidən istifadə etməliyik.
Üzeyir bəy "Koroğlu" operasında
gör nə ustalıqla xalq musiqisindən istifadə
etmişdir. Hələ Səməd Vurğunun özü
gör xalq yaradıcılığından necə
ustalıqla istifadə etmişdir və həmişə
öyrənmişdir.
Məmmədəli mənə dedi ki, sən
gördüyünü olduğu kimi işləmirsən, mən
də cavab verdim ki, axı elə vaxt olur ki, Şahdağa
baxırsan, sənə elə gəlir guya dağ kiçik
görünür, elə ki, ayağa qalxırsan, onda nəhəng
görünür, odur ki, elə vaxt olur, mən
ayrı-ayrı dağları bir yerə yığıram, bu
mənə lazımdır, bu mənim yaratdığım
obraza lazımdır.
Bundan sonra Məmmədəli müəllim Azərbaycanda
olan qalalar haqqında söhbət elədi və Cəbrayıl
rayonunda olan dağ yeri haqqında və oralarda olan mağaralar
haqqında söhbət elədi, çox maraqlı
danışırdı.
Məmmədəli müəllim mənə deyirdi ki,
gərək o yerləri tərənnüm edəsiz ki, o
gözəl qalaları bizim xalqımız görsün.
lll
23 noyabr 1971-ci il, cümə axşamı
Bu gün mənim yanıma Asif gəldi. O, Musiqili
Komediya Teatrında Zülfüqar bəyin "Əlli
yaşında cavan" əsərinə tərtibat verir, ona
Şuşa şəhəri haqqında, Şuşa ətrafında
görünən mənzərə, yəni əsasən
dağları göstərdim və təsvir etdim. Sonra Şuşa
mənzərələrinin etüdlərini, 1954-cü ildə
işlədiklərim əsərləri ona göstərdim,
sonra isə Murov dağını göstərdim və
yaxşı-yaxşı çəkdim və rəngdə necə
olduğunu və bütün günü həmişə
günəşlə işıqlandığını
danışdım: səhər necə açılır, rənglər
necə olur, hamısını tərənnüm etdim. O
axırda dedi ki, Səttar, hər şey mənə aydın
oldu, indi bu rəsmləri mən aparıb Şərifova
göstərəcəyəm. Və deyəcəyəm ki, Səttarın
mənzərələrindən götürmüşəm və
Səttar mənimlə yaxşı söhbət elədi, indi
bütün hər şeyi bilirəm və bunları Şəmsi
Bədəlbəyliyə də deyəcəyəm.
lll
12 mart 1973-cü il
Elə istəyirəm ki, tempera ilə böyük həcmli
işlər yaradam. Özü də divarda olsun, yaş malada mənim
quru malanın üstünə tempera ilə xoşuma gəlmir,
yaş malada olan mənzərələrdən yoxdur, odur ki,
belə texnikada işləmək elə bilirsən ki, lap əfsanədir.
Bizim monumentalçı rəssamlarımız gərək bu
texnikada işləsinlər, onda gör əsərlər
divarda necə olardı və necə görünərdi! Bu elə
texnikadır ki, söz ilə izah etmək
qeyri-mümkündür, onlar asan yolla, asan texnika ilə gedirlər,
özlərini çətinliyə salmaq istəmirlər.
Bizim monumental sənətimiz, yəni divar rəngkarlığı
hələ indi yavaş-yavaş inkişaf edir, əlbəttə,
bu, hələlik başlanğıcdır. Vaxt gələr,
bu sahəmiz inkişaf mərhələsinə qalxar, bu sahədə
rəssamlarımız çox işləyə bilərlər.
Və layiqli əsərlər yaratmağa müvəffəq
olarlar.
lll
15 mart 1972-ci il
Salam Salamzadənin evində söhbət... Qəmər
xanım öz atasının - Əliqulu Qəmküsarın
şəklini göstərdi və dedi ki, Səttar müəllim
siz bu şəkli görmüş olarsınız, mən də
onun sözünü təsdiq etdim, sonra bir neçə şəkillər
göstərdi və hansıların ki, mən birinci dəfə
görürdüm, orada yaxşı maraqlı bir şəkil
vardı, özü də şəkildəkiləri
tanıyırdım. Məmməd Səid Ordubadinin
çayxanasının qabağında çəkilmiş
fotoşəkil idi. Məmməd Səid çayçı
paltarında durmuş, qalanları isə əyləşmiş
və birinci planda Məmmədəli Sidqi, Əliqulu Qəmküsar
da yuxarıda oturmuşdu, bunlardan başqa xeyli adam var idi ki,
onların hamısını mən tanımıram. Bu şəkillər
Əliqulu Qəmküsarın haqqında yazılmış
monoqrafiyada gedəcəkdir. Monoqrafiyanı Qəmər
xanıma Tələt verib ki, onlar oxusunlar və öz fikirlərini
desinlər ki, o, əsəri tamamlasın. Mən onlardan
monoqrafiyanın necə yazıldığını
soruşmadım, çünki hələ onu oxuyub
tamamlamamışlar.
Salamın dediyinə görə bir çox
adamların Əliqulu Qəmküsar haqqında çoxlu xatirələri
olmaqla, o cümlədən, Məmmədəli Sidqinin də
gözəl xatirələri vardır. Ona görə də
Salam mənə dedi ki, gələcəkdə sənin də
rəssamlar haqqında olan xatirələrinin Azərbaycan mədəniyyəti
üçün böyük xeyri olacaqdır. Odur ki, sən
yaxşı edirsən ki, yazırsan. Mən də Salama
söylədim ki, o gün sən mənə dedin ki, mən əvvəllər
yazırdım, indi daha gecdir. Ancaq mən evdə fikirləşdim
ki, heç də gec deyil, hər gün yarım saat məşğul
olsan, bəsdir. Bütün xatirələrində qalanları
yavaş-yavaş qeydə alarsan, olar xatirələr.
Mən 1931-ci ildə rəssamlıq məktəbinin
son sinfində oxuyurdum. Onda böyük rəssamımız
Əzim Əzimzadə məktəbə müdir gəldi. Məni
"Kommunist" qəzetində öz yanına işləməyə
apardı. Mən o zamandan Mirzə Məmmədəlini
tanıyırdım. Onda Məmmədəli Sidqi
"Kommunist" qəzetinin nəşriyyat müdiri, qəzetin
redaktoru isə Əli Kərimov idi...
Oraya həmişə Əbdürrəhim bəy
Haqverdiyev və Mirzə Cəlil Məmmədquluzadə gəlirdi.
Biri hündür boylu, biri isə balaca boylu idi. Onlar "Molla
Nəsrəddin" jurnalının nəşrində tarix
boyu olan gözəl xatirələrdən söhbət edirdilər,
mən də qulaq asırdım. Bundan başqa, işdən
gedəndə onların hər ikisini Sabir bağında oturan
görərdim.
Onda "Kommunist" qəzetinə gündə də
olmasa, hər iki gündən bir gələnlərdən Cəfər
Cabbarlı, Əfrasiyab və Şəmsi Bədəlbəylilər,
Niyazi, orada işləyənlərdən Mikayıl Rəfili,
Qubad Qasımov, Məmmədəli Qayıbov, Əsəd
Tahirov, Ramazan Quliyev, Məmməd Əkbər, hərdən
Əliağa Vahid gəlib felyeton yazardı, sonra Ağabala
Ramazanlı (ona "soldat Ağabala" deyərdilər).
Bundan başqa, o zamanlar Süleyman Rüstəmi tanıyırdım.
O, "Gənc işçi" qəzetində işləyirdi.
Əli Aslanov isə "Yeni yol" qəzetinin redaktoru idi,
bundan başqa İsrafil Nəzərli orada işləyirdi.
Salam Salamzadə əlavə etdi ki, mən Səttarı
1932-ci ildən tanıyıram. Mən o zaman Moskvada oxuyurdum, Azərbaycan
rəssamlarını tanımaq, öyrənmək istəyirdim.
Mənə dedilər ki, "Kommunist" qəzetində Səttar
Bəhlulzadə işləyir. Mən də gəldim Səttarla
tanış oldum. Mən də əlavə elədim ki, Salam
müəllimlə tanış olmağım bugünkü
kimi lap gözümün qabağındadır.
Salam Salamzadə ilə bir çox sənətkarımızın
əsərlər üzərində az işləmələri
və ciddi olaraq obraz üzərində işləməməsi
haqqında söhbət getdi. Elələri var ki, sərgidən-sərgiyə
işləyirlər. Elələri də vardır ki, sərgiyə
bir az qalmış başlayırlar işləməyə.
Odur ki, bir çox əsərlərdə dərin obrazlar
üzərində çalışmaq lazımdır. Gərək
əsər elə olsun ki, obraz texnika və koloritlə bərabər
yüksək mərhələyə qaldırılsın,
onlar bir-birini tamamlasınlar...
lll
15 mart 1972-ci il
Sənət əsəri ilk növbədə
obrazlı və sənətkarlıq baxımından yüksək
olmalıdır. Onda bu iki şey bir-birini tamamlayır. Əsər
birinci növbədə ideyalı olmalıdır. İdeya
obrazlı və bədii vasitələrlə yüksəklərə
qaldırılmalıdır. Bunlarsız əsər olmaz.
Əsərlər bədii cəhətdən zəif
olanda onun təsiri də zəif olur. Ona görə də sərgilərdə
tamaşaçılar belə əsərlərin yanından
göz yumub keçirlər. Əsər
tamaşaçını tutub saxlamalıdır, əfsunlayıb
yerindəcə dondurmalıdır. Sənətkar bu barədə
ciddi düşünməlidir ki, onun əsəri nə
üçün sərgidə tamaşaçı tərəfindən
bəyənilmir. Əgər tamaşaçı əsərdə
bir şey tapmayıb, onun qarşısında durub
düşünməyibsə, baxmadan keçibsə, onda sənətkar
bu barədə narahat olmalı və düşünməlidir.
lll
23 yanvar 1972-ci il. Bazar günü, səhər
...Ən gözəl dağlar bizim dağlardır. Bu
dağlar elə formadadır ki, görmədən
ömründə onları heç təsəvvürə gətirmək
olmur. Sırayla yan-yana düzüldüyünə görə
onlara silsilə dağlar deyilir. Ancaq formaca, qurluş və rənginə
görə bir-birinə bənzəmir. Ona görə də
bizim dağlar ən gözəl dağlardır.
...Bu yerlər çox gözəl yerlərdir. Burada
Qoşqardan çıxırsan, bir tərəfdən
Qusarçay, bir tərəfdən bağlar
qarşısında böyük Qafqazın Azərbaycandan
keçən Şahdağ silsilə dağları gözəl
forması və gözəl rəngləri ilə bir əfsanəyə
oxşayır. Təbiət qoynunda yerləşən kəndlər
bu mənzərəni daha da gözəlləşdirir,
canlandırır. Bu kəndlər Qusarçay boyunca dağ ətəyi
ilə otuz-otuz beş kilometr uzanıb gedir. Burada uca
başı qarlı dağlar, sıldırımlı qayalar,
gözəl çəmənlər, şəlalələr
bir-birini əvəz edir. Hələ ucu-bucağı
görünməyən güllü çəmənlər,
qoyun quzu sürüləri, tüstüsü göyə
ucalan yurdlar bu çölləri bəzəyir.
(Ardı var)
Səttar Bəhlulzadə
525-ci qəzet.- 2024.- 13 iyun,№104.-S.8;9.