Böyük ədib və alim haqqında dəyərli arxiv sənədləri

 Abbasqulu ağa Bakıxanov - 230

 

 

Azərbaycan Dövlət Tarix Arxivində qorunan sənədlər içindəki dörd saxlama vahidində Abbasqulu ağa Bakıxanovun adı xatırlanır.

Böyük mütəfəkkir, maarifpərvər alim, şair Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə dünyaya gəlmişdi. Atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Abbasqulu ağa səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlıq çağlarını Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdi. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda əmisi oğlu Hüseynqulu xana məğlub olması səbəbindən məcbur qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçür. Abbasqulu ağa ömrünün on altı ildən çoxunu, iyirmi beş yaşına qədər - 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, təhsilini burada davam etdirərək, ərəb və fars dillərini yetərincə öyrənmiş, bu dillərdə yazılmış xeyli kitablar oxumuşdu. 1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general A.Yermolovun çağırışı ilə Tiflisə gedib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunur və 26 il bu vəzifədə xidmət edir. Abbasqulu ağa Bakıxanov Tiflisdə A.S.Qriboyedov, A.S.Puşkin, A.A.Bestujev (Marlinski), V.K.Küxelbeker, A.Çavçavadze, Q.Orbeliani, N.Barataşvili, F.Bodenştedt, Fazilxan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq edib. 1833-1834-cü illərdə isə Varşavada və Peterburqda yaşayıb, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olub.

835-ci ildə yenidən Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı, Qubada "Gülüstan" adlı ədəbi məclisi yaratmışdı.

A.Bakıxanov "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb, fars dillərində müxtəlif bədii əsərlər yaradıb, ədəbiyyatımızda maarifçilik ideyalarının ilk carçılarından biri olub. Onun bədii yaradıcılıq irsi şeirlər külliyyatı, poemalar, avtobiorafik şeirlər, mənzum hekayələr, qəsidə, qitə, qəzəl, rübai, məsnəvi kimi əsərləri əhatə edir. "Riyazül-qüds", "Kitabi-Əsgəriyyə" əsərləri ilə bədii nəsrin hekayə janrının ilk nümunələrini yaradıb. Həcmcə ən böyük əsərləri "Mişkatül-ənvar" və "Miratül-cəmal" məsnəviləridir. "Miratül-cəmal" avtobioqrafik məzmun daşıyır. Burada şairin Polşada, xüsusilə Varşavada keçirdiyi həyat, iştirak etdiyi məclislər və vətəninə olan məhəbbəti tərənnüm olunur. "Mişkatül-ənvar" məsnəvisi insan və cəmiyyətə, dövlətin idarə olunmasına, hökmdar və xalq münasibətlərinə həsr edilib.

A.Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm", "Kəşfül-qəraib", "Ümumi coğrafiya" kimi əsərləri ilə böyük ehtiram qazanıb. Bakıxanova qədər Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair yazılı sənədlərdə təsadüf olunurdu. O, ilk dəfə bu pərakəndə materialları toplayıb və onlara əsasən "Gülüstani-İrəm" adlı əsərini yazıb. Bu əsərlə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyduğu üçün Azərbaycanın ilk peşəkar tarixçi alimi hesab edilir. Onun dil, coğrafiya, tarix, arxelogiya, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir. Birinci elmi əsəri 1828-ci ildə fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir.

Ömrünün axırlarında A.Bakıxanov Yaxın Şərqi səyahətə çıxıb. 31 may 1847-ci ildə, Məkkədən Mədinəyə gedərkən, Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutularaq vəfat edib və həmin yerdə də dəfn olunub.

Azərbaycan Dövlət Tarix Arxivində A.Bakıxanov ilə bağlı nümunələrdən ən qiymətlisi "Süvarilərdə polkovnik-leytenant A.Bakıxanovun xidməti və ləyaqətinin rəsmi siyahısı" sənədinin 25 sentyabr 1835-ci ildə tərtib edilmiş surətidir. Sənəddə Rusiya imperatorundan və İran şahından verilən təltiflər, qulluq dövründə tarixləri göstərilməklə hərbi rütbələri, xidməti nailiyyətləri haqqında ətraflı məlumatlar qeyd olunub (f.979, siy.1, sax.vah.1, vər.1-6).

Digər maraqlı sənəd "Kaspi vilayəti rəisinin dəftərxanası" fondundakı, 16 oktyabr 1843-cü il tarixli Quba qəzası üzrə hökumətdən Rusiya dövlətçiliyinə etdiyi xidmətlərdən ötrü pensiya və digər müavinətlər alanların siyahısıdır. Burada Abbasqulu ağanın adı birinci qeyd olunub. Göstərilir ki, ona, Rusiya hökumətinə sədaqətinə görə 1600 rubl gümüş pul pensiya təyin edilib (f.31, siy1, sax.vah.34, vər.8).

1847-ci ilin avqust ayına aid pensiya ilə bağlı daha bir sənəd "Kaspi quberniyası vergi idarəsi" fondunda aşkarlanıb (f.29, siy.1, sax.vah.135, vər.59-60). 

Arxivimizdə Abbasqulu ağanın adı çəkilən sonuncu sənəd "Bakı-Dağıstan xalq məktəblərinin rəhbərliyi" fondundakı, 15.01.1864-cü ildə Quba ibtidai məktəbinin nəzarətçisinin general-mayor  Cəfərqulu ağa Bakıxanovdan qardaşı Abbasqulu ağa Bakıxanova aid 12 nüsxəlik fars dilinin qısa qrammatikası əsərinin məktəbə hədiyyə alınmasına dair raportdur (f.309, siy.1, sax.vah.130, səh.1)

Adı bir sıra məkanlara verilməklə əbədiləşdirilmiş A.Bakıxanovun xidmətlərini yüksək qiymətləndirən Azərbaycan xalqı onun xatirəsini hər zaman əziz tutur.

 

Rövşən YERFİ

525-ci qəzet.- 2024.- 13 iyun,№104.-S.9.