Ədalət Muradov:
"4-cü Sənaye İnqilabı təhsili kökündən
dəyişir"
"4-cü Sənaye İnqilabı dünyanı və
cəmiyyəti tamamilə dəyişir və dəyişəcək
də. Bu, hər zaman belə olub. Sənaye texnologiyaları cəmiyyəti
dəyişib. Amma bu dəyişmə prosesində ortaya
çıxan neqativləri aradan qaldırmaq üçün
cəmiyyət çalışıb və həmin neqativləri
də aradan qaldırıb. Bütövlükdə bu,
kapitalizmin uydurduğu bir sey deyil, cəmiyyətin
inkişafının məntiqi nəticəsidir. Artıq insan
potensialı mövcud informasiyanı təhlil, həzm etmək
gücündə deyil və burada cəmiyyət
texnologiyanın köməyinə ümid bəsləyir.
Buradan da süni intellektin zəruriliyi ortaya
çıxır".
Bu fikirləri Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.
"4-cü SƏNAYE İNQİLABI ƏVVƏLKİ
DÖVRLƏRDƏ İNSANLIĞIN YAŞAMADIĞI
DƏYİŞİKLİKLƏR GƏTİRİR"Rektorun
sözlərinə görə, bütövlükdə
4-cü Sənaye İnqilabı adından
göründüyü kimi, dördüncüdür. Bu o deməkdir
ki, birinci, ikinci, üçüncü də olub.
İnqilabdır ona görə ki, bu, özündən əvvəlkini
inkar edib: "4-cü Sənaye İnqilabı əvvəlki
dövrlərdə insanlığın
yaşamadığı dəyişikliklər gətirir. 1-ci
Sənaye İnqilabı buxar maşını və toxuculuq dəzgahının
kəşfi ilə məhsuldarlığı əhəmiyyətli
dərəcədə qaldırdı. Kəndli artıq fabrik
fəhləsinə çevrildi. Aqrar iqtisadiyyatdan sənaye
istehsalına bir keçid baş verdi. 2-ci Sənaye
İnqilabı 19-cu əsrin sonunda başladı. Bu, elektrik
enerjisinin kəşfi ilə bağlı oldu. Elektrik enerjisinin
kəşfi artıq istehsal prosesində məhsuldarlığın
artırılması üçün böyük bir təkan
oldu. O dövrdə cəmiyyətdə baş verən ən
böyük dəyişiklik o oldu ki, industrial cəmiyyətin
əsası qoyuldu. 3-cü Sənaye İnqilabı internetin kəşfi
ilə başladı. İnternetin kəşfi ilə baş
vermiş yeniliklər son nəticədə 4-cü Sənaye
İnqilabına gətirib çıxardı. 4-cü Sənaye
İnqilabının özəlliyi ondan ibarətdir ki, burada
bizi süni intellekt, genlərin modifikasiya olunması, bulud
texnologiyalarının tətbiqi və s. O texnologiyalar ki,
artıq insanın prosesə müdaxiləsini
qaçılmaz etmir. Yəni insan olmadan onun görə biləcəyi
işləri süni intellekt vasitəsilə həyata
keçirilə bilir".
"İNSAN DAVAMLI ÖZ ÜZƏRİNDƏ
İŞLƏMƏLİDİR"
İnsan faktorunun zəifləməsi əmək
bazarında kütləvi işsizliyə səbəb ola bilər?
Ədalət Muradov bildirib ki, kütləvi işsizlik
problemi yoxdur, olmayacaq da: "Ümumiyyətlə iş
anlayışı insan cəmiyyətinin özünün
düşündüyü bir anlayışdır. Hələ
100 min illər əvvəl insanlar ovçuluqla məşğul
olanda 9-da işə gedim, 6-da işdən çıxım
kimi bir iş rejimi anlayışı olmayıb. Bu,
insanlığın sonradan düşündüyü bir kəşfdir.
Bütövlükdə işsizlik problemindən, peşələrin
sıradan çıxmasından daha çox məşğulluq
fəlsəfəsinin özünün böhranı var ki, o məşğulluq
necə olmalıdır? 4-cü Sənaye İnqilabında biz əvvəlki
kimi iş yerində işləmiriksə, deməli, biz məşğul
deyilik. Düşünürəm ki, burada ən böyük
problem o deyil. Ən böyük problem ondan ibarətdir ki,
texnologiyalar çox sürətlə dəyişir və
insan tez-tez dəyişən o texnologiyalara uyğun olaraq
özünü dəyişmək bacarığına malik
olmalıdır. İnsan davamlı öz üzərində
işləməlidir".
"BU DƏYİŞİKLİK BÜTÜN
DÜNYADA EYNİ VAXTDA BAŞ VERMİR"
Rektorun dediyinə görə, dünənə qədər
sosial şəbəkələr real dünyanın əksi
idi. Bu gün o virtuallıq real həyatdır. Yəni burada
fiziki və real, bioloji həyat artıq birləşib. Ona
görə də burada hər şeyin dəyişməsi
ehtimalı çox yüksəkdir. Amma burada bir məqam var
ki, bu dəyişiklik bütün dünyada eyni vaxtda baş
vermir: "Elə ölkələr var ki, hələ ki, 2-ci Sənaye
İnqilabı dövründədir. Eləsi var ki, 3-cü və
bəziləri də 4-cü Sənaye İnqilabı
dövrünə başlayıb. Burada ölkənin
kiçik və böyük olması önəmli deyil. Bu
gün həmin ölkənin zəngin və ya yoxsul olması
da önəm daşımır. Düşünürəm
ki, bu rəqəmsallaşma, 4-cü Sənaye
İnqilabının bizə verdiyi üstünlüklər, hər
bir ölkə hər bir cəmiyyət üçün real
tarixi bir şans yaradır. Azərbaycan da bu tarixi şansdan bəhrələnmək
üçün ciddi addımlar atır".
"TƏHSİLDƏ DƏ "AĞILLI
TƏHSİL" KONSEPSİYASINA KEÇİD TƏMİN
EDİLMƏLİDİR"
Ədalət Muradov vurğulayıb ki, 4-cü Səneyi
İnqilabı təhsili kökündən dəyişir.
Artıq dünənki universitet 4-cü Səneye
İnqilabında fayda verməkdə acizdir. Universitetlər
1-ci Sənaye İnqilabı dövründə
formalaşıb. Bü günədək 1-ci Sənaye
İnqilabə dövründə formalaşmış
universitet fəaliyyətini davam etdirir. Amma artıq 4-cü Səneye
İnqilabıdır. Bu, belə ola bilməz. Təhsil dəyişməlidir:
"Qarabağ işğaldan azad olunduqdan sonra Prezident
İlham Əliyev "Ağıllı şəhər",
"Ağıllı kənd", "Yaşıl enerji"
konsepsiyasını irəli sürdü. Təhsildə də
"Ağıllı təhsil" konsepsiyasına keçid
təmin edilməlidir. "Ağıllı təhsil"
konsepsiyası nədir? Çeviklik, inklüzivlik və
ömürboyu təhsil. Bu, elə təhsildir ki, artıq bu təhsilin
mərkəzində duran ideya təhsilalanın
özünün təhsil almasına imkan yaratmaqdır. Burada
müəllimin auditoriyanın ortasında durub tələbəyə
nəyisə izah etməsi doğru deyil. İnternet harada varsa,
orada da təhsil var. Ağıllı təhsilə keçid
bu standartlarla mümkün deyil. Çünki bu, o qədər
sürətlə dəyişir ki, standarta, çərçivəyə
salmaq təhsili inkişafdan saxlamaq deməkdir. 4-cü Sənaye
İnqilabının üstünlüyü odur ki, o, hər
bir şəxsin bacarığına uyğun təhsil verir. Fərdiləşmiş
təhsil konsepsiyasını önə çəkir: "Mən
əminəm ki, rəqəmsal təhsillə bağlı rəqəmsal
Harvard, Kembric, Oksford bunlar hələ yoxdur, hələ
formalaşmayıb. Hələ formalaşmaq prosesindədir. Azərbaycanında
rəqəmsal Harvard, Kembric və s. formalaşmaq
potensiyalı var. Məsələn, mənim rektor işlədiyim
UNEC-də biz rəqəm universitet modelini
reallaşdırmışıq. Rəqəmsal UNEC-in
qurulmasına təqribən 10 il vaxt sərf etdik. Bu gün
bunun bəhrəsini biz görürük. Amma bu, bir universitetdə
yox, bütövlükdə sistemin rəqəmsallaşdırılmasına
ehtiyac var. Sovetlər dönəmindən qalmış və
bu günün tələblərinə cavab verməyən o tərəfləri
aradan qaldırmağın yeganə yolu da məhz rəqəmsallaşmaqdır.
Bu gün UNEC 20 min tələbəyə distant təhsil vermək
gücündədir. Düşünürəm ki, distant təhsilin
alternativi yoxdur. Kütləvi ali təhsildən danışılan
zaman distant təhsil əvəzsizdir. Ali təhsilin bir pilləsi
digərindən fərqləndirilməlidir. Distant təhsil
üzrə hələ də "Harvardlar" yoxdur və
hazırda onların formalaşması prosesi gedir. Azərbaycanın
bu istiqamətdə şansını yüksək qiymətləndirir
və bu proseslərə qoşulmasını ölkəmizdə
xüsusilə ali təhsilin gələcəyi
üçün zəruri hesab edirik".
"TƏHSİL ARTIQ İQTİSADİ
İNKİŞAFDAN ÖNƏ ÇIXMALIDIR"
UNEC rektoru vurğulayıb ki, sürətlə dəyişən
dünyada yeni texnoloji bilik və bacarığa malik olan
mütəxəssislərin yetişdirilməsi əsas məsələlərdən
biridir: "İnkişaf etmiş iqtisadiyyat o səviyyəyə
uyğun mütəxəssisləri tələb edir. Bu
olmadığı halda o təşəbbüs artıq təhsilin
üzərinə keçir. Təhsil artıq iqtisadi
inkişafdan önə çıxmalıdır, o mütərəqqi
ideyaları iqtisadiyyata ötürməlidir. Artıq burada
ölkənin inkişafının lokomotivi təhsil olur. Məsələn,
Amerika kimi ölkələrdə iqtisadiyyat təhsili
formalaşdırır. Bizim kimi ölkələrdə isə
təhsil iqtisadiyyatı formalaşdırır. Ona görə
də burada təhsilə baxış dəyişməlidir".
"4-cü SƏNAYE İNQİLABI
ÖYRƏNMƏK İLƏ BACARIQLAR ARASINDA
ƏLAQƏSİZLİYİ
ARADAN GÖTÜRÜR"
Ədalət Muradovun sözlərinə əsasən,
sovet dönəmində diplom tələb olunurdu. Ona görə
də valideynlər çalışırdı ki,
övladları alitəhsilli, diplomlu olsun. Artıq cəmiyyətdə
dəyişiklik baş verir. Məsələn, əgər bir
şəxs mühasib ixtisası üzrə hər hansı
universiteti bitirib. Artıq o diplom mütləq olaraq həmin
şəxsin mühasib kimi qəbul olunmasını təmin
etmir. İşəgötürən öncə həmin
şəxsin mühasib kimi bacarıqlarını yoxlayır.
Onun üçün önəmli olan diplom yox, həmin şəxsin
bacarığıdır. Deməli, artıq diplom insanın
bilik və bacarığının göstəricisi kimi qəbul
edilmir: "Bacarıqlar önə çıxmalıdır.
Diplom üstünlük göstəricisi olmamalıdır. Nəzəri
biliklər cəmiyyət yüksək sürətlə dəyişdiyi
üçün öz əhəmiyyətini itirir. Amma
bacarıqlar dəyişməz qalır. 4-cü Sənaye
İnqilabı öyrənmək ilə bacarıqlar
arasında əlaqəsizliyi aradan götürür".
Rektor qeyd edib ki, süni intellekt tətbiqi ilə kənd
təsərrüfatı istehsalı həyata keçirildiyi
zaman tələb olunan işçi qüvvəsi əhəmiyyətli
dərəcədə azalacaq. Bu, faciə deyil. Əsas odur ki,
insan daim yenilənməlidir. Yeni peşələr ortaya
çıxacaq. O yeni sahələrə uyğun fəaliyyət
göstərmək üçün insan daim öz üzərində
işləməlidir və o bacarığı ona
aşılayan təhsil sistemi qaçılmaz
görünür.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 13 iyun,№104.-S.7.