TALE KÖHLƏNİ

 

(Xalq şairi Musa Yaquba)

 

Daha o zirvələr gümüşü tacdı,

Çiçəyi çəkildi, durnası qaçdı...

 

(M.Yaqub)

 

Meşəli yamacda əlik mələdi,

Bir misra uzandı o səs boyunda.

Kəklik qaqqıltısı şirin halədi;

Boynuna dolanıb otun, suyun da.

 

Yerdən bənövşənin dikəlt başını,

Nərgizi, reyhanı talasına qoy.

Dünyanın "göyərməz qara daş"ını

Qaldırıb Cavanşir qalasına qoy.

 

Sözdə fəsilləri yarışdıranda

Qışın sərtliyini yayına danış.

Bakıda yuxunu qarışdıranda

Gəl, onu Girdiman çayına danış.

 

Mehrin bar ağaca, bəhrəyə üst ad,

Odunu qayalı daşlara yaxdın.

Sən şair adını ödültək, ustad,

Ana təbiətin döşünə taxdın.

 

 

 

Kükrəyən təbinin qurtarmaz işi,

Atlaz yəhərinin gül quşqunu var.

Nurlu ürəyinin Günəş atəşi,

Soyuq baxışının qar uçqunu var...

 

"Süfahi daşları" itirməsən də,

"Asma tərəzinin" bir gözü boşdu...

"Bu daşı götürüb-götür"məsən də,

Qopub daş qəzəbin qayadan uçdu.

 

Bəxti zər atan var "şeşi-beş" kimi,

Özgədən nə umaq, bizə biz qənim?!.

Haqqını sormayan əzabkeş kimi

"Bir günah sənindir, bir günah mənim"...

 

Yarpaq vərəqlərin önündə dayan;

Yaşıl yazılardı gözə dəyəsi.

Fidan qələmələr tumurcuqlayan,

Ucunda yüz fikir çiçəkləyəsi...

 

 

Bəzən bu dağlardan qopub gedirsən,

Vələs koğuşunda qəm yuvalanır...

Hər nəfəs çəkəndə hicran udursan,

O zirvə deyilən baş havalanır...

 

Getsən də, ruh Musa burda qalacaq

Palıdlar Buynuzda qaldığı kimi.

Dağlar inadını yerə salacaq

Yemşan təzyiqini saldığı kimi.

 

Xəyal dumanında yol azmısansa,

Söz, səmti qəlblərə ötürəcəkdir.

Tale köhlənidir nə yazmısansa:

Çap, səni mənzilə yetirəcəkdir!..

 

 

HƏSRƏT NAMİNƏ

(Əhval rapsodiyası)

 

Məni tapşırdın həsrətə,

Odur evim-eşiyim də.

Arxayın ol o xilqətə -

Möhkəm durub keşiyimdə...

 

Bu mətahı alma məndən,

Günlərim qərib, nisgilli...

Dolanım tənhalara tən,

Yaşayım tutqun, sisgilli.

 

Ayrılıqlar bizim üçün

Qoymayaq dönə vərdişə.

Daha bu xəsislik neçin?! -

Çox görmə dərdi dərdişə!..

 

Dəm yatır qəm döşəyində,

Ayıq gecəm nalan qalır...

Ömrüm həsrət beşiyində,

Laylasını güman çalır...

 

Kənarlıq rahat yerindir;

Əlim ətəyinə yetməz...

Həsrətin elə şirindir,

Dadı damağımdan getməz!..

 

Ağrımdır ağır ahu-zar -

Gərək bu yükü daşıyam...

Səndən yaxın həsrətim var -

O dostumla baş-başayam!..

 

 

Həsrət ömür-gün həddidir;

Bitib, puçur-puçur olmur.

Sanki Böyük Çin səddidir,

Min illərdir uçurulmur...

 

 

 

Ölçük həsrət arşını da

Çəkməz təkəbbürlə qürur.

Vaxtla bəxt barışını da

Həsrət saat kimi qurur.

 

Çox da incidir, ağrıdır,

Bir sifəti iki olmaz!..

Bu həsrət elə ağırdır,

Vüsalda o çəki olmaz!..

 

Sanma çox sitəm, ah olub,

Hər yanım kədərbələnlik...

Həsrətin xeyirxah olub,

Son sözü qədirbilənlik...

 

Adı inciyin haqq üzü,

Addımı tək iz tayıdır.

Sevgili həsrətin özü

Ümidin əkiz tayıdır...

 

...Xoş gəlmisən, həsrət, mənə!

Gəl keç sinəmin üstünə.

Mənlə qal, qayıtma yenə

O şux sənəmim üstünə!..

 

 

...ONU BİLMİRƏM...

 

Getkin sorağımı gəlməz bilmə sən;

Bitkin fərağını gülməz bilmə sən...

Məni o qədər də bilməz bilmə sən...

Sevgi nə? - yöndəmi, yönü bilmirəm -

 

Mən niyə sevirəm - onu bilmirəm.

Uçub meylim quşu, tuşunda qalıb,

Əyilib Ay, əyri qaşında qalıb...

Neçə xatirəmiz huşunda qalıb?..

 

Açılsın yaddaşım donu, bilmirəm,

Mən niyə sevirəm - onu bilmirəm.

Hissim, duyğum bəlli kövrək bəyandan,

Bir söz də tapmadım şənə şayandan...

 

Bu sevda müjdəsi gəldi hayandan? -

Necə vurulduğum anı bilmirəm -

Mən niyə sevirəm-onu bilmirəm.

Nəyini sevirəm - göz-qaşınımı?!

 

Ləziz qovurmanı, ya aşınımı?!

Quru bir söz üstə "savaş"ınımı,

Yoxsa o təmiz ad-sanı, bilmirəm?!

Mən niyə sevirəm - onu bilmirəm.

 

Nə xurafat əhli, nə təriqətəm,

Nə vəslin xəstəsi, nə də firqətəm...

Özüm öz naləmə elə sirr-qətəm,

Bu, necə avazdır - tonu bilmirəm?!.

 

Mən niyə sevirəm - onu bilmirəm.

Bu tale payımız bir ah eşqidir...

Mövladır, nə sultan, nə şah eşqidir.

Sevgi dediyimiz Allah eşqidir -

 

Əvvəli bilmədim, sonu bilmirəm,

Mən niyə sevirəm - onu bilmirəm.

Qəlbinə gedən yol daşmı dalandı?!

Dünyanın gözündə yaşmı bulandı?!.

 

 

Payızmı saraldı, qışmı qalandı?!

Bahar şans verərmi? - bunu bilmirəm,

Mən niyə sevirəm - onu bilmirəm.

Həyat başqa aləm gözümdə sənlə!..

 

Həsrət də bacarmaz dözümdə sənlə!..

Ömrü başa vursam, yüzümdə sənlə,

Məntək kim zikr edər HUNU, bilmirəm?!.

Mən niyə sevirəm-  onu bilmirəm!..

Bilməm niyəsini niyə bilmirəm;

"Niyə"m sevgidir ki, deyə bilmirəm!..

 

 

ÜNVANSIZ DUYĞULAR...

 

Ömrə ağı demə hey zülüm-zülüm

O qalaq dərdlərin qalalarından.

Əl uzat, əlinə yetsin ki, əlim,

Biraz da mən çəkim bəlalarından...

 

 

Aləmin qayğısı başından aşır...

Səslə, bir qayğım da elə sən olsun.

Madam kürlüyündə vicdan dolaşır,

O vicdan səsinə qoy halal olsun!

 

Belə kövrək nazı hardan tapmısan -

Biləsən beləsən, bəlasan, neynim?!

Quruca ruhuma elə hopmusan,

Gözü nəm müşk ənbər-əlasan, neynim?!

 

Çox da gəzdiyimiz səki daşlıdır,

Dalan döngədə sən, tin qaşında mən.

Biz çəkən bir bəla ikibaşlıdır -

Bir başında sənsən, bir başında mən...

 

 

Can ipdən asılan tanış-biliş çox,

Asılqan ağrıya kimlə tən olum?!

İpin tarımını qoru, eybi yox,

Kəndiri kəsilən olsa, mən olum...

 

Sənə bəyan etsin qoy bəsirətim:

Yaxın bəlalar da səndən uzaqdır.

Tənha gecələrdə mənim həsrətim

Sənin pəncərəni döyən sazaqdır...

 

Baxıb eyvanından, sussam cavabçün

Nə sözlə dinərsən bə "lal"ım, onda?!

Acıyıb halıma, yəqin savabçün

Bəlamı qovarsan, bəlalım, onda...

 

Həsrət zülmətinə düşmək-qəhər, qan,

Sarmasın qəlbini qara qəm, al ah.

Bizi də qoparar nəhs girdabından

Yusifi quyudan çıxaran Allah!..

 

SANDAL AĞACININ ELEGİYASI

 

Ürəklərin quru səhrasına

ağac-ağac əkilmişdi ümidlər;

Qanq çayının dalğalı sükutuna

dikilmişdi ümidlər...

Cənubi Afrikanın göylərdən

enmiş müqəddəs suyu

Qanqın acısımı toz udumu?!.

Yandırılmış cəsədlərin

Küllərilə küllənən su

Günahları yudumu?!.

Eh, yudu-yumadı,

Bu qanlı su özünü təmizləyə-təmizləyə aramsız axır, axır,

Axır ki, axır və ilaxır...

Əsəbimə əl vurub,

Səbrimin üst qatını

oda müntəzir yonqarla

Yonur Sandal ağacı;

Üstündə al-qırmızı meyvələri qızara-qızara

yanır Sandal ağacı...

Hər yananda Yerləri, Göyləri,

ənginləri yandırır.

Seçilən insanları -

Zənginləri yandırır...

Baş bəlası,

Axın-axın seyrçinin ah-nalası

bürünən çayın sahilində hər gün

Neçə-neçə insan yası;

Nəfəssiz cəsədlərin kremasiyası -

yandırılması...

Bahalı Sandal ağaclarının

alovuna bürülü nəşlər -

Nə qadınlar, nə kişilər, nə eşlər!..

Ətirli Sandalın tonqalında

adlı-sanlı zənginlər,

Çıl-çırpıların tüstü boğan odunda

kasıblar yandırılır...

Bu fərqli alovların mənfur görüntüsündə

insanlara fani dünyanın ayrı-seçkilik

"qanun"u qandırılır...

Donub qaldım o qərib ölkədə bir kənarda,

Duydum ki,

Heyrətin də qəlbi

Yanar da, donar da...

Məşum mənzərədən bərələn gözlərimə

göstərə bilmədim

o zavallı mərasimin yerini.

Düşündüm ki, ölkə var

orda ölünü yandırırlar,

Ölkə var dirini...

O səbəbin

Yazmaq üçün şeirini

Görəsən, bir sübh çağı çağırsaq

Allah açarmı ölümlərin sirrini?!.

 

 

 

MƏNİ BÖLÜN

 

Dərdim məni əzizlər,

Əziz olun dərdimə.

Təki, ey dərdbilməzlər,

Dərdsiz gülün dərdimə!

 

Göz yaşlarımı çöllər

içirkən açmış güllər...

Əl aparmayın, əllər

çatmaz, bilin, dərdimə.

 

Tapılmaz, dünyanı gəz;

Birdi, iki bölünməz.

Kənardan ki bilinməz,

Yaxın gəlin dərdimə.

 

 

Zaman düsturlar qurub;Məlum-məchulu sorub...

Məni şeirimə vurub,

Sonra bölün dərdimə.

 

EHTİYAC

 

Ehtiyac, qoymursan dillənə sazım,

Cəzasan, ya qəfil qəza, bilmirəm.

Ehtiyac, imkan ver, bir əsər yazım,

Eh, sən də olmasan, yaza bilmirəm!..

 

 

GERÇƏK GÖRƏN...

 

Nədəndir, aləmə bahar gələndə

Zimistan yerini vermək istəmir?!

Göydə ulduz axır insan öləndə,

Ay da buludlara girmək istəmir?!

 

Həsrətdən çırpınır ürək qan içrə,

Zaman həm hüdudsuz, həm bir an içrə...

Bülbül "dustaq" olur gülüstan içrə,

Uçub, qanadını gərmək istəmir.

 

Gəzdim oymaq-oymaq eşq adlı yurdu,

Önündən ötdüyüm arxamda durdu...

İpəkdə gizlənib barama qurdu,

Sirrini aşkara sərmək istəmir.

 

Sevgim-könüllərdə açan gül-çiçək,

Sinəm od; üstünə Araz, ya Kür çək...

Bəs niyə bu dünya dünyanı gerçək

görən Nəğməkarı görmək istəmir?!.

 

Yusif NƏĞMƏKAR

525-ci qəzet.- 2024.- 14 iyun,¹105.-S.15.