Fəzlullah Nəiminin şəxsiyyəti
və mənəvi irsi haqqında qeydlər
Yaxın və Orta Şərq ölkələrində
alim, şair, mütəfəkkir və ən əsası
hürufilik təriqətinin banisi kimi tanınan Şeyx Fəzlullah
Nəiminin anadan olmasından 685 (1339-1394), ölümündən
isə 630 il ötür. Ancaq onun qələmə
aldığı "Cavidannamə", "Ərşnamə",
"Növmnamə" (yuxu haqqında kitab), "Məhəbbətnamə"
və "Vəsiyyətnamə" kimi əsərləri
dillərdə, könüllərdə hələ də
yaşamaqdadır. Bu kimi məşhur əsərlərin
"təhlillərindən görünür ki, o, həssas
bir nəzəri düşüncəyə və idrak qabiliyyətinə
malik olmuşdur" (Rəhim Əliyev. "Nəsimi və
klassik dini üslubun təşəkkülü").
Hürufizmin banisi və rəhbəri Fəzlullah Nəiminin
öldürülməsi tarixi və
öldürüldüyü yer barədə hələ də
mübahisəli və ziddiyyətli mülahizələr
mövcuddur. Bunun əsas səbəbi əldə olan və
istifadə edilən mənbələrdə Nəimi
haqqında geniş və dəqiq məlumatın verilməməsidir.
Daha doğrusu, Nəiminin doğulduğu yer və
öldürülməsi tarixi yerli mənbələrdə
aydın, ətraflı təsvir olunmayıb və bəzən
də biri digərinə zidd məlumatlar verilib. Ziddiyyətlərin
meydana çıxmasında ilk mənbələrin
üzünü köçürən xəttatların da
müəyyən günahı olub desək, yanılmarıq.
Belə ki, on-lar düzgün oxuya bilmədikləri hər
hansı bir sözü, rəqəmi səhv yazmış,
yaxud sadəcə olaraq səhv köçürmüşlər.
Bu və ya digər səbəblərə görə alimlər
Nəiminin əslinin haralı olması, təvəllüdü,
vəfatı və sair haqqında müxtəlif və biri digərinə
uyğun gəlməyən məlumat vermişlər.
Qulamhüseyn Beqdeli, Yaqub Babayev, Rəhim Əliyev və
başqa alimlər Fəzlullah Nəiminin Təbrizdən
olduğunu, keçmiş sovet tədqiqatçılarından
İ.P.Petruşevski onun 1393-1394-cü illərdə
Şirvanda, Məhəmmədli Tərbiyət 1394-cü ildə
Naxçıvanda, akademik Həmid Araslı 1394-cü ildə
Naxçıvanda, Mirzağa Quluzadə 1394-cü və ya
1396-cı ildə Şirvanda, Lətif Hüseynzadə
1393-cü ildə Naxçıvanda, Tağı Musəvi
1394-cü ildə Əlincədə, Əliəjdər Səidzadə
1394-cü ildə Naxçıvanda öldürüldüyünü
yazıblar. "Azərbaycan tarixi" kitabında bu qətlin
1402-ci ildə Şirvanda, "Azərbaycan fəlsəfəsinin
tarixinə dair oçerklər" kitabında isə hicri 804
(1401-1402)-cü ildə Naxçıvanda baş verdiyi göstərilir.
İranlı tarixçi Səid Nəfisiyə görə, Nəimi
hicri 796-cı il zülqədə ayının 6-da (1394-cü
il sentyabrın 2-də) öldürülüb və qəbri
Naxçıvanın Əlincə adlanan yerindədir. Cəfər
İbrahimovun əsərində Nəiminin 1402-ci ildə
Naxçıvanda, nəhayət, mötəbər ədəbiyyat
və mənbə sayılan ASE-nin VII cildində Fəzlullahın
1394-cü ildə Naxçıvanda
öldürüldüyü göstərilir.
Şərq şairləri, o cümlədən də,
Azərbaycanın söz ustaları öz dövrlərində
baş vermiş müxtəlif hadisələri - şahın
taxta çıxmasını, ölümünü, görkəmli
bir alim və şairin vəfatını və sair təsvir
edib, həmin hadisənin nə vaxt baş verdiyini əbcəd
hesabı ilə veriblər. Belə şeirlər ədəbiyyatda
maddeyi-tarix adlanır. Görkəmli bir hürufi kimi İmadəddin
Nəsiminin öz mürşidi Nəiminin ölümünə
maddeyi-tarix yazdığını güman etmək olar. Odur
ki, Nəsimi divanlarının əldə olan müxtəlif əlyazma,
çap nüsxələrini nəzərdən keçirir və
Nəiminin öldürülməsinə həsr olunmuş
maddeyi-tarixi axtarırıq. Nəsimi divanının Tehran
universitetinin mərkəzi kitabxanasında saxlanılan bir əlyazmasında
onun Nəiminin öldürülməsi barədə olan
maddeyi-tarixinə rast gəlirik. Hicri 1087 (1666-1667)-ci ildə
üzü köçürülmüş 203 səhifəlik
bu əlyazmasında üç şairin - Nəsimi-nin, Seyid
Nemətullahın və Əsirinin şeirləri toplanıb.
Təəssüf ki, əlyazmasının son vərəqləri
itib.
Nəiminin ölümü haqqında olan maddeyi-tarix
bu əlyazmasının 163-cü səhifəsində
yazılıb. Farsca olan bu şeirdə göstərilir ki,
Miranşahın tələbi ilə Nəimi Şirvan
mülkündən getdi. "Maranşah" (Teymurun oğlu
Miranşah Nəimini öldürdüyü üçün
hürufilər onu "Maranşah", yəni
"İlanşah" adlandırıblar - K.C.) onu
öldürdü. Bu zaman hicrətdən 796 il
keçmişdi... Fəqirlərin bayramı olan cümə
günü, zülqədə ayının 6-sı idi (1394, 2
sentyabr).
Əbu Məhəmməd oğlu Fəzlullah
özünə Nəimi təxəllüsünü təsadüfən
seçməmişdi. "Nəimi" ərəb mənşəli
söz olub, nemət, bolluq, rifah içində yaşama mənasını
verir. Biz nəim ifadəsinə müqəddəs
kitabımız Quranda da rast gəlirik. Buradan belə ehtimal
çıxara bilərik ki, Fəzlullah öz təxəllüsünü
Qurandan götürmüşdü. Həmçinin nəim -
xoşbəxt yaşamaq, firavan yaşamaq, aydınlıq
anlamını da ifadə etməkdədir. Bununla o, tərəfdarlarının
nəzərinə çatdırır ki, əsl firavanlıq,
xoşbəxtlik xurafatçı axund və mollaların vəd
etdiyi cənnətdə deyildir, onu bu dünyada həqqə
tapınmaqla tapa bilərsiniz.
Fəzlullah ilk əvvəl elmi biliyini özü
öz üzərində müstəqil çalışmaqla,
necə deyərlər, ən gözəl təhsil
özünü təhsildir konsepsiyasını əsas tutaraq
öyrənmişdi. Bundan sonra elmi
dünyagörüşünü daha da artırmaq
üçün 1369-cu ildə İsfahana, 1373-cü ildə
isə Məkkəyə səfər etmiş, bilik əldə
etmiş və mürşidlik, kamillik zirvəsinə
ucalmışdı. 1386-cı ildən isə öz
ideyasını, hürufilik təriqətini yaymağa
başlamış və yüzlərlə müridi əqidə
birliyi ilə ətrafına toplamısdı.
Qoca Şərqdə onlarla təriqət yaranıb.
Ədəbi-mədəni həyatın daha geniş sahələrinə
nüfuz etmiş və uzunömürlü olmuş təriqətlərdən
biri də əsası Fəzlullah Nəimi tərəfindən
qoyulan hürufizm təriqətidir. Əgər sufizm təriqətinin
yaradıcı Hüseyn Həllac Mənsur (848-922) ilahi eşq
fəlsəfəsinə üstünlük verirdisə, Fəzlullah
Nəimi hürufilikdə ağıl, təfəkkür və
kamilliyi üstün tutmuşdu. Nəimiyə görə,
kainat insanın varlığındadır. İnsan
özünü öyrənsə, dərk etsə,
dünyanın sirlərini öyrənə bilər. Həyatın,
kainatın sirləri hərflərdədir. Hərflər insan
sifətində olan xətlərdədir. Hürufilikdə
Allah eyni zamanda söz-kəlam şəklində təcəlli
edir. Hərflər isə sözlərin ifadə vasitəsidir.
Demək, Allah sözlərdə təcəssüm etdiyi
üçün eyni zamanda hərflərdə əyan olur, hərflər
isə kamala çatmış insanın üzündə əks
olunur. Məhəmməd Peyğəmbərin kəlamları
28 hərfdə öz ifadəsini tapıb. Dərin istedad və
biliyə malik olan Fəzlullah Nəimi fars dilində işlənən
32 hərfi əsas götürmüşdü. Onun
"Cavidannamə"si "sivu do"dan, yəni 32 hərfdən
ibarətdir. İnsanın üzündə anadangəlmə
yeddi xətt vardır: iki qaş, dörd kiprik, bir saç.
Bunlar dörd ünsürdən - su, hava, od, torpaqdan əmələ
gəldiyi üçün hər biri dörd hesab edilir,
hamısının sayı isə 28 olur. Saç ortadan ikiyə
ayrıldıqda yeddi xətt səkkiz olur; səkkizi dörd
ünsürə vurduqda isə otuz iki alınır.
"Hürufilik kodeksində insan təkcə mənəvi
keyfiyyət, qüdrət və əzəmətinə görə
deyil, zahiri görünüş, camal gözəlliyi, hüsn
və surəti etibarilə də Haqqın təcəlli nuru,
Tanrı vəchinin təcəllisi hesab olunurdu" (Salman
Mümtaz. "Azərbaycan ədəbiyyatının
qaynaqları"). Belə ki, insan surətcə də
çox gözəl yaradılıb və Nəimiyə
görə, onun hüsnündə ilahinin camal gözəlliyinin
nişanələri vardır. Başqa sözlə, Haqqa aid bəzi
nişanələr bir dəlil kimi, bəşər
övladının üzündə öz əksini tapır.
Yaradıcılıq yolu zəngin olan, həm nəzm
və həm də nəsrlə əsərlər qələmə
alan Nəiminin fikrincə, insanları ədalətə
qovuşdurmaq üçün hökmdar kamil insan
olmalıdır, insanların hamısı kamilləşməlidir.
İnsanın ən qəddar düşməni cəhalət,
nadanlıqdır.
Kamil insan surətini Allahla eyniləsdirən Fəzlullah
Nəiminin təsəvvürünə əsasən, islamiyyət
və xaçpərəstlik arasında ixtilaf salmaq, məscidlə
kilsə arasında fərq qoymaq insanları bir-birinə
düşmən edir. Dinindən, məzhəbindən
asılı olmayaraq Allahdan lütf və mərhəmət
umanlar özləri mərhəmətli və ədalətli
olmalıdırlar. Həqiqi etiqad insandan ədalət və sədaqət
tələb edir. İnsanın etiqadı ilə əməli
arasında uçurum olmamalıdır. Alimi-biəməl
olanlar, sözdə həqiqət və insafdan dəm vuranlar,
xalqa zülm edənlər riyakardırlar.
Nəiminin sonuncu əsəri "qara
buludlar"ın başının üzərini
aldığı zaman həyəcan dolu vəziyyətdə
(fikirlərini bir neçə dəfə təkrar etdiyinə
görə bunu söyləyə bilərik) qələmə
aldığı və gizli şəkildə öz
yaxınlarına göndərdiyi "Vəsiyyətnamə"dir.
Əmir Teymurun əmri ilə amansız şəkildə təqibə
məruz qalan Nəimini daha çox qızları Fatimə,
Aişə, İsmət və müridlərinin, məsləkdaşlarının
hər an faciə ilə bitəcək sabahları narahat edir.
Yaxın dostları və məsləkdaşları olan Dərviş
Hacıya, Seyid Məhəmmədə, Xacə Fəxrəddinə,
Seyid Əliyə (İmadəddin Nəsimiyə) və
başqalarına təkrar-təkrar tapşırıqlar verərək
yazır: "Allahın, Allahın, Allahın xatirinə
övladlarımın qorunmasında qüsura yol verilməsin.
Dünyanı saxlayan ilahi namusdur... Ola bilsin ki, təskil
olunmuş dəstədən adam gələr (Əmir Teymurun
göndərə biləcəyi qoşuna işarədir -
K.C.), bütün müridlər tələf ola bilərlər,
hamıya qəsd edilə bilər. Harada olsalar, elə etsinlər
ki, mənim müridim olmalarını bir kimsə bilməsin"
(Fəzlullah Nəimi. Vəsiyyətnamə. Azərbaycan, №5,
1970, səh.195).
Nəimi ağır, təlatümlü günlərin
yaxında olduğunu əvvəlcədən hiss etdiyindən
həmin əsərində ya-zır ki, "öz geyiminizi və
xarici görüşünüzü dəyişin,
şirvanlı və dağlı camaatının şəklinə
salın. Möhkəm və əlçatmaz ucqarlara gedin. Bu
işi olduqca tez edin ki, hələ ordudan arxanızca heç
kim gəlməmiş və tələfata uğramamış
getmiş olasınız. Əlbəttə, əlbəttə,
əlbəttə getməkdə tələsin. Uzaq
dağlıq yerlərə çəkilin.
Adlarınızı dəyişin. Dərvişlik mərasimini
üzərinizdən götürün".
Yekunda belə nəticəyə gələ bilərik
ki, Fəzlullah Nəiminin "Cavidannamə",
"Ərşnamə", "Növmnamə" (yuxu
haqqında kitab), "Məhəbbətnamə" və
"Vəsiyyətnamə" kimi əsərlərindəki
ideyalar bu gün də öz aktuallığını qoruyub
saxlamaqdadır. Azad fikir və sərbəst düşüncə
sahibi olan Nəimi "yaradılmışların ən şərəflisi
olan kamil insanı mədh edib, təhsili kamil insanlar
yetişdirmək üçün vacib sayıb, əxlaqi-etik
normaları, ədəb-ərkan qaydalarını əsas
götürüb.
Haqqında müxtəlif, ziddiyyətli fikirlərə
baxmayaraq, Fəzlullah Nəimi şəxsiyyətinə bu
gün də əsasən ehtiramla yanaşılır və
onun mənəvi irsi öz dəyərini saxlamaqdadır.
Kamal CAMALOV Pedaqogika elmləri doktoru, Əməkdar
müəllim
525-ci qəzet.- 2024.- 14 iyun,№105.-S.14.