Azərbaycan milli hərəkat
tarixinin ilk tədqiqatçı alimi
Azərbaycan xalqının tarixinə daxil olmuş
görkəmli tədqiqatçı alimlərin elmi-pedaqoji fəaliyyətini,
yaradıcılığını və ictimai-siyasi fəaliyyətinin
ayrı-ayrı sahələrini öyrənmək, onların
mənalı həyat yolunu, zəhmətsevərliyini və vətəndaş
mövqeyini, vətənpərvərliyini və yüksək insani keyfiyyətlərini
gənc nəslə çatdırmaq çağdaş
dövrümüzdə də mühüm əhəmiyyətə
malikdir. Xalqımızın tarixinə, milli-mənəvi dəyərlərimizə
kökündən bağlı olan belə tədqiqatçı
alimlərin qələmindən çıxan tarixi kitablar
geniş elmi ictimaiyyət və tələbələr tərəfindən
sevilə-sevilə oxunan əsərlər sırasına
daxildir. Belə alimlərdən biri ömrünün
müdrik çağını yaşayan tarix elmləri
doktoru, professor Xəqani Məmmədovdur.
Azərbaycan xalqının yaradıcı təfəkkür
və düşüncə tərzinin, milli istiqlal mübarizəsi
və azadlıq hərəkatının ən böyük
nailiyyəti özünün müstəqil milli dövlətini
bərpa etmək, qüdrətli dövlətçilik ənənələrini
davam etdirmək və həyata keçirmək
bacarığıdır. Azərbaycan xalqının milli
azadlıq mübarizəsi-nin məntiqi nəticəsi kimi,
dövlət müstəqilliyinin bərpasının
böyük əhəmiyyəti həm də o oldu ki, qədim
və zəngin dövlətçilik tariximizin obyektiv
yazılmasına əlverişli şərait yarandı.
Bu baxımdan tarix elmləri doktoru, professor Xəqani Məmmədovun
elmi yaradıcılığı diqqəti cəlb edir. X.Məmmədov
Azərbaycan tarix elmində yenilik yaradan tədqiqatçı
alimlərdən biridir. Bu dəyərli alim gecə-gündüz
tədqiqatlar aparır, müxtəlif arxiv materiallarını
araşdıraraq xalqımızın şərəfli tarixində
mühüm problemlərdən biri və vacibi olan milli hərəkat
tarixini, onun mərhələlərini, mahiyyət və məzmununu
müəyyən etdi və tariximizin açılmamış
səhifələrinə aydınlıq gətirdi və
bununla da Azərbaycan milli hərəkat tarixinin müəllifi
statusunu qazandı.
X.Məmmədovun Azərbaycan tarix elminə gətirdiyi
bu yenilik bu gün bütün ali məktəblərdə tədris
edilir və on minlərlə tələbə gənclərimiz
mili hərəkat tariximizi öyrənirlər.
X.Məmmədov özünün elmi fəaliyyəti
ilə milli tariximizdə adı çəkilən problemin tədqiqi
ilə ilk çığır açan alimlərdən
biridir. O, ilk dəfə olaraq XIX-XX əsrlərin
qovşağında dahi milli öndərlərimiz olan H.Zərdabinin,
M.Ə.Rəsulzadənin, Ə.Hüseynzadənin,
Ə.Topçubaşovun, M.B.Məmmədzadənin,
H.Baykaranın və başqalarının bizə məlum olmayan
əsər və çıxışlarından maksimum
faydalanaraq məntiqi nəticə çıxarmış və
çağdaş tariximizə daxil edilən yeni
konsepsiyanın müəllifi olmuşdur. Bu konsepsiya isə
respublika tarixçiləri tərəfində yüksək
qiymətləndirilmiş və dərsliklərə daxil
edilmişdir.
Xəqani Məmmədov 1954-cü il iyun ayının
18-də Ağcabədi şəhərində dünyaya gəlmişdir.
1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini
bitirən Xəqani Məmmədov elə həmin ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə
daxil olur. Cəmi 16 yaşı yenicə tamam olan gənc Xəqani
tələbə yoldaşları içərisində ən
gənci idi.
Hələ tələbə ikən gecə-gündüz
tarix kitablarını yorulmaq bilmədən kitabxanalarda fasiləsiz
öyrənən Xəqani özünün zəhməti və
elmi biliyi hesabına 1975-ci ildə fakültəni fərqlənmə
diplomu ilə bitirir. Təhsil Nazirliyinin göndərişi ilə
doğma məktəbində tarix müəllimi işləyir
və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin
aspiranturasına daxil olur. Onun istedadı və savadı nəzərə
alınaraq 1982-ci ildə tarix fakültəsində müəllim
vəzifəsinə təyin edilir.
Sənətini və milli tariximizi canı qədər
sevən Xəqani müəllimə zaman keçdikcə bu
peşə şöhrət gətirdi. 1985-ci ildə namizədlik,
1998-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə
edir və tarix elmləri doktoru alimlik dərəcəsini
alır. 2000-ci ildə professor vəzifəsini tutur. Sürətlə
keçən bu illər ərzində Xəqani Məmmədov
zəngin və çoxsahəli bir elmi-pedaqoji
yaradıcılıq məktəbi keçir. Bu illər ərzində
ciddi elmi tədqiqatlar apararaq dəyərli əsərlər
yazır.
Bu gün respublika elmi ictimaiyyətinin görkəmli
alimlərindən biri, Azərbaycanda və türk
dünyasında tanınmış dəyərli tarixçi
alim, yüzlərlə insanın qəlbində özünə
əbədi heykəl ucaldan, sevgi və istək dolu mənalı
ömür yaşayan Xəqani Məmməd oğlu Məmmədovun
anadan olmasının 70 və elmi-pedaqoji fəaliyyətinin 49
ili tamam olur. Qəlbinin hərarətini, zəngin elmi biliyini
istəkli tələbələrinə öyrətmək,
bütün insanlara əlindən gələn köməyi
etmək, onlara mənəvi dayaq olmaq Xəqani müəllimin
elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin başlıca
amalına çevrilmişdir.
Xəqani Məmmədov müdrik alim, dəyərli
ziyalı, gözəl təşkilatçı, əvəzsiz
dost, minlərlə insanın və tələbə
dünyasının sevdiyi istəkli müəllim, təcrübəli
pedaqoq, xalqını və Vətənini canı qədər
sevən insandır. Yaxşılıq və xeyirxahlıq onun
qanında və canında, bütün elmi və pedaqoji
yaradıcılığında, praktik əməllərində
və mənalı ömür bioqrafiyasındadır.
X.Məmmədov Azərbaycan tarix elmində öz
sözünü deyən yaradıcı və məhsuldar tədqiqatçı
alimdir. Xəqani müəllim Bakı Dövlət
Universitetinin aspiranturasına daxil olduğu ilk günlərdən
elmi tədqiqatlara böyük həvəs və istəklə
yanaşırdı. Məhz həmin istək arzusu ilə Xəqani
müəllim respublikanın, o zamankı İttifaq dövlətinin
mərkəzi şəhərlərinin kitabxanalarında,
arxivlərində yorulmaq bilmədən axtarışlar
aparır, yeni-yeni arxiv materiallarını elmi dövriyyəyə
cəlb edirdi. Həmin ciddi elmi axtarışların məntiqi
nəticəsidir ki, onun qələminin məhsulu kimi Azərbaycanın
XIX əsrin sonu - XX əsrin əvvəllərini əhatə
edən milli hərəkat tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin
təhsil, elm və mədəniyyət sahələrində fəaliyyəti,
Türkiyədə və Azərbaycanda erməni quldurları
tərəfindən törədilən soyqırımlar və
b. kimi sanballı tədqiqat əsərləri yazıldı və
geniş elmi ictimaiyyətin istifadəsinə verildi. Xəqani
müəllim doktorluq dissertasiyasını müdafiə etməklə
kifayətlənmədi. Müdafiədən sonra onun ali məktəblər
üçün dəyərli dərs vəsaiti və
monoqrafiyası, bir çox elmi əsər və məqalələri
işıq üzü gördü. Onun Azərbaycan tarixi
elminin müxtəlif sahələrinə dair çoxlu elmi əsərləri,
dərslikləri və monoqrafiyaları, ali məktəblərimizdə
tədris edilən və sevilərək oxunan kitabları
vardır.
Xəqani Məmmədovun elmi-tədqiqat sahəsi
çox genişdir. Zəhmətkeşlərin əmək tərbiyəsi
ilə elmi yaradıcılığa və araşdırmalara
başlayan və elmlər namizədi alimlik dərəcəsi
alan (1985-ci il) X.Məmmədov, sonradan daha aktual problemləri tədqiq
etməyə və Azərbaycan tarixinin sovet dövründə
yasaq edilmiş problemlərini araşdırmağa
başladı. Azərbaycan xalqının milli azadlıq
mübarizəsinin məntiqi nəticəsi kimi dövlət
müstəqilliyinin bərpasının böyük əhəmiyyəti
həm də o oldu ki, qədim və zəngin dövlətçilik
tariximizin obyektiv yazılmasına əlverişli şərait
yarandı. Azərbaycan tarixinin yeni təfəkkür tərzində,
doğru-düzgün yazılmasına xüsusi diqqət və
qayğı göstərən Ümummilli lider Heydər
Əliyev 1993-cü il sentyabrın 21-də və 1997-ci il
yanvarın 31-də ziyalılarla, AMEA-nın rəhbərliyi
ilə görüşündəki nitqində Azərbaycanın
XIX-XX əsrlər tarixinin yenidən yazılmasının
vacibliyini qeyd etmiş və bu istiqamətdə elmi-tədqiqat
işlərinin genişləndirilməsinin zəruri
olduğunu bildirmiş, tarixçilərə dəyərli məsləhətlərini,
tapşırıqlarını və tövsiyələrini
vermisdir. Azərbaycan tarixi elminin gələcək inkişaf
strategiyasını müəyyənləsdirmək,
tarixçilər ordusunu səfərbər etmək və istiqamətləndirmək
baxımından Heydər Əliyev bu tarixi görüşləri
ilə Azərbaycan tarixçilərinə hər hansı bir
problemin dərindən və obyektiv araşdırılması
üçün dövlət səviyyəsində hərtərəfli
şərait yaratdı. Heydər Əliyev demişdir:
"...Tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri
də var. Tariximizin hər bir səhifəsinə hörmətlə,
ehtiramla yanaşaq... Biz qısa vaxtda heç olmasa XX əsrin
tarixini yazmalıyıq".
Ümummilli lider Heydər
Əliyevin xalqımızın tarixinin yeni təfəkkür
tərzində araşdırılmasına dair tapşırıqları
və göstərişləri tarixçi alimlərin
qarşısında bir proqram sənədi oldu. Tarixçi
alimlər yeni-yeni aktual mövzularla araşdırmalara
başladılar.
Geniş araşdırmalara başlayan X.Məmmədov
1998-ci ildə "Azərbaycanda maarifçilik və milli hərəkat
(XIX yüzilliyin sonları - XX yüzilliyin əvvəlləri)"
mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri
doktoru alimlik dərəcəsi aldı. Onu da qeyd etməliyik
ki, iki il əvvəl, yəni 1996-cı ildə onun tərəfindən "Azərbaycan milli hərəkatı
(1875-1918-ci illər)" adlı monoqrafiyanın nəşr
olunub geniş ictimaiyyətə çatdırılması
respublika tarix elmində böyük marağa səbəb oldu
və görkəmli tarixçi alimlər həmin kitaba
yüksək qiymət verdilər. Arxiv sənədləri və
milli-azadlıq hərəkatının görkəmli xadimlərinin,
qabaqcıl ziyalılarının əsərləri,
dövrü mətbuat materialları əsasında, geniş
araşdırmalar nəticəsində yazılan həmin
monoqrafiyada ilk dəfə idi ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycan milli hərəkatının sosial-iqtisadi və
siyasi təməli, maarifçilik hərəkatı və
milli-mədəni inkişaf, milli-demokratik ideyalar, erməni-azərbaycanlı
münaqişələrinin milli-azadlıq hərəkatına
təsiri, qabaqcıl
ziyalıların türkçülük və demokratik dəyərlərə
söykənən istiqlal mübarizəsinin ümummilli xalq hərəkatına
çevrilməsi nəticəsində Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması və s. məsələlər
ətraflı tədqiq edilmişdir.
X.Məmmədov həmin kitabda ilk dəfə olaraq Azərbaycan
milli hərəkatının mərhələlərini müəyyənləşdirmiş,
həmin hərəkatın təkamül tarixini izləmiş,
hər bir mərhələnin də özünəməxsus
xüsusiyyətlərini səciyyələndirmiş, milli hərəkatın
daxili və xarici amillərini faktlar və sənədlər əsasında
müəyyənləşdirmişdir. Azərbaycan milli hərəkatı
probleminin tədqiqi ilə bağlı arxiv
materiallarının, habelə xarici sovetoloqların və azərbaycanşünas
alimlərin bir çox tədqiqatlarının ilk dəfə
elmi dövriyyəyə cəlb edilməsi kitaba elmi
marağı daha çox artırmış, onun elmi-nəzəri
və əməli əhəmiyyətini daha da yüksəltmişdir.
X.Məmmədovun ömür kitabının və
elmi araşdırmalarının hər hansı bir səhifəsinə
diqqət yetirərkən, onun sözun əsl mənasında
dəyərli və istedadlı bir alim olması dərhal təsdiqlənir.
Ona görə ki, X.Məmmədov tədqiqatçı alim
kimi Azərbaycan tarixinin bir çox məsələlərini
araşdırmış və yorulmaq bilmədən yeni-yeni əsərlər
və elmi məqalələr yazmışdır. "Azərbaycanda
maarifçilik və milli hərəkat" (Bakı, 1998,
doktorluq dissertasiyası),
"Aydınlarımızın istiqlal mücadiləsi"
(Bakı, 1999), "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil,
elm və mədəniyyət sahəsində fəaliyyəti"
(Bakı, 1999), "Azərbaycan xalqının milli istiqlal
mübarizəsi" (Bakı, 2005, dərs vəsaiti),
"Türkiyədə və Azərbaycanda erməni millətçilərinin
cinayətləri" (Bakı, 2007, monoqrafiya), "Erməni iddiaları və Azərbaycanlıların
soyqırımı" (Bakı, 2008, dərs vəsaiti) və
digər elmi əsərlər X.Məmmədovun qələminin
məhsuludur. Bunlardan başqa X.Məmmədov "Azərbaycan
tarixi" XI sinif, "XX əsrin siyasi tarixi" (mühzirə kursu), "Siyasi
tarix" (I və II hissələr), "Azərbaycan
tarixi" (Ali məktəblər üçün dərslik,
Bakı, "Bakı Universiteti Nəşriyyatı", 2014, 2015 və 2017, 2019-cu illər)
və başqa dərsliklərin həmmüəllifidir.
X.Məmmədov yaradıcı alimdir. Bu vaxta qədər
onun 15 adda monoqrafiyası, dərsliyi, dərs vəsaiti,
elmi-metodik kitabçaları, proqramları, 130-dan artıq elmi
əsərləri və məqalələri çap
olunmuşdur. Onun əsərləri Polşa, İsveç,
Türkiyə və başqa
xarici ölkələrdə nəşr edilmişdir.
X.Məmmədov həm də respublikamızda
bacarıqlı ali təhsil və elmi təşkilatçılarından
biridir. O, 1995-2003-cü illərdə Bakı Biznes Universitetində
beynəlxalq əlaqələr üzrə prorektor və
"Humanitar fənlər" kafedrasının müdiri vəzifələrində
işləmiş, 2005-2007-ci illərdə Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilk
Akademiyasında "Rəhbər kadrların ixtisasının
artırılması" fakültəsinin dekanı vəzifələrində
çalışmış, 2007-ci ildə təhsil nazirinin əmrinə
əsasən Azərbaycan Müəllimlər İnstitutunun
Ağcabədi filialının direktoru vəzifəsinə təyin
edilmiş və 2013-cü ilə kimi həmin vəzifədə
fəaliyyət göstərmişdir.
Filialın direktoru vəzifəsində işlədiyi
dövr ərzində o, əsas fəaliyyətini tədris
intizamının gücləndirilməsinə, tələbələrin
dərsə dəvamiyyətinin yüksəkdilməsinə, təhsilin
keyfiyyətinin artırılmasına, filialın maddi-texniki
bazasının möhkəmləndirilməsinə, xüsusən
də tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi
zamanı obyektivlik və şəffaflığın təmin
edilməsinə yönəltmişdir. Nəticədə
2007-2012-ci illərdə əvvəlki illərdən fərqli
olaraq filial əməkdaşlarından 4 nəfər dosent elmi
adını almış, 2 nəfər fəlsəfə
doktoru elmi dərəcəsinə yüksəlmiş,
filialın 8 məzunu Respublikanın müxtəlif ali məktəblərinin
magistratura pilləsinə daxil olmuşlar. Filialın yerləşdiyi
tədris inzibati korpusu əsaslı təmir edilmişdir.
O, 2009-cu ilin mart ayının 18-də keçirilən
Referendum ərəfəsində rəsmi vəkil olaraq
Ağcabədi, Ağdam, Laçın, Goranboy, Beyləqan və
Xocavənd rayonlarında keçirilən tədbirlərdə
fəal iştirak etmişdir.
2013-cü ilin may ayında Azərbaycan
Respublikasının BMT-dəki Daimi nümayəndəliyinin rəhbərliyi
tərəfindən Heydər Əliyevin anadan olmasının
90 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak
etmək üçün ABŞ-ın Nyu-York şəhərinə
dəvət olunmuş professor X.Məmmədov həmin
konfransda "Heydər Əliyev müstəqil Azərbaycan
Respublikasının memarıdır" mövzusunda
maraqlı məruzə ilə çıxış
etmişdir. Professor Nyu-York şəhərində fəaliyyət
göstərən Azərbaycan Diaspor Təşkilatının
üzvləri ilə görüşmüş və orada
"Erməni iddiaları və azərbaycanlıların
soyqırımı" mövzusunda məruzə ilə
çıxış etmiş və diaspor təşkilatı
tərəfindən xatirə medalı ilə təltif
edilmişdir.
Xəqani müəllimin mənalı ömür yolu,
geniş həyat təcrübəsi var. Onun fəaliyyəti
xalqına, dövlətinə sədaqət nümunəsi, vətənpərvərliyi
isə gənclərə örnəkdir. O, bir azərbaycanlı
kimi öz köklərinə, milli dəyərlərinə
bağlı bir vətəndaşdır. Xəqani müəllimin
daxili aləmində və
xarakterində təmkinli bir müdriklik var, böyük
səbir sahibidir, dostlarını və opponentlərini
axıradək dinləmək, öz fikir və mülahizələrini
söyləmək, dəyərli tövsiyələrini vermək,
onlara kömək əlini uzatmaq bacarığına malikdir.
O, 2016-cı ildən özünün elmi-pedaqoji fəaliyyətini
Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan
tarixi" kafedrasında davam etdirmişdir. Hazırda həmin
universitetin tarix-coğrafiya fakültəsinin "Azərbaycan
tarixi" kafedrasında öz fəaliyyətini uğurla davam
etdirir.
Xəqani Məmmədov
özünün mənalı ömrünü
bütünlüklə elmə, təhsilə və maarifə
həsr etməklə geniş elmi-pedaqoji və ictimai-siyasi həyat
yolu keçmiş və 70 illik ömür
bioqrafiyasının zirvəsinə yüksələ
bilmişdir. O, "Azərbaycan Dövlət Pedaqoji
Universitetinin 100 illiyi (1921-2021)"
Azərbaycan Respublikasının yubiley medalı ilə,
Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif
edilmiş, "Qızıl Qələm" mükafatı
laureatı adına layiq görülmüşdür.
Hörmətli Xəqani müəllim! 70 illik
yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik
edirəm, Uca Tanrıdan Sizə cansağlığı və
xoşbəxtlik, geniş elmi-pedaqoji fəaliyyətinizdə
parlaq uğurlar, dövlətimizin və dövlətçiliyimizin
inkişafını nümayiş etdirən yeni-yeni elmi əsərlər
yazmağınızla bizi sevindirməyinizi arzulayıram!
Nuru MƏMMƏDOV
Tarixi elmləri doktoru, BDU-nun professoru, respublikanın əməkdar
müəllimi
525-ci qəzet.- 2024.- 14 iyun,¹105.-S.8;9.