Qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getsinlər

 

Bu günlərdə Ailə Məcəlləsinə nikahlı, uşaqlı qadınların işə bir saat gec gəlib, bir saat tez getməsi ilə bağlı bənd əlavə edilməsi təklif edilib. Bir sıra millət vəkilləri bunu işləyən, uşaqlı qadınların çətinlik çəkmələri, qayğılarla yüklənmələri ilə izah ediblər. Bildirilib ki, işləyən qadınlar işdən gəldikdən sonra ev işləri, uşağının dərsləri ilə məşğul olurlar, ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmırlar.

Hüquqşünas Pərvin Məmmədzadənin dediyinə görə, Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilmir. Qanunvericiliyə görə, kollektiv müqavilələrdə qadınların əmək şəraitinin yaxşılaşdırılması da nəzərdə tutula bilər. Məcəlləyə görə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanılmasından imtina oluna, həmçinin işə qəbul olunarkən onlara sınaq müddəti tətbiq edilə bilməz. Onların əmək müqavilələrinin işəgötürən tərəfindən ləğv edilməsi də qadağandır. Hamilələr, həmçinin  uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar attestasiyaya və sertifikasiyaya cəlb olunmur. Belə qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır. Digər bir güzəştə görə isə hamilə və yaşyarımadək uşağı olan və ya üç yaşınadək uşağını tək böyüdən qadınlar üçün iş vaxtının müddəti 36 saatdan çox olmamalıdır: "Həmçinin qadının xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə,  işəgötürən ona natamam iş vaxtı müəyyən etməlidir. Natamam iş vaxtı hüququ hamilə və ya on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara da şamil olunur. Onlar, eyni zamanda, gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız yazılı razılıqları olduğu halda cəlb edilə bilər".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun dediyinə görə, Azərbaycanda aparılan qadın siyasəti onların əmək bazarına daha çox sövq edilməsi, sosial məzuniyyətlərinin azalması, körpələr evinin, bağçaların sayının artmasından ibarətdir. Bütün bunlar ona görədir ki, qadınlar iş yerində, əmək bazarında daha çox olsun və kişilərlə rəqabətdə geri qalmasınlar. Ancaq qadınların işə 1 saat gec gəlməsi, işdən 1 saat tez çıxması ilə bağlı təklifin mahiyyəti onların bütün günü evdə oturması, ev işləri görməsi, həyat yoldaşına qulluq etməsi, işdə az olmasını ehtiva edir. Bu qadına qayğı deyil, olara daha artıq əziyyət verməkdir".

S.Məmmədov bildirib ki, sözügedən təkif konstitusiyanın bərabərlik hüququnu pozur: "Belə bir qanunun qəbul edilərsə, əmək bazarında qadınlara daha çətin olacaq. İşəgötürənlər buna razı ola bilməz. Onlar belə rejimdə işləyən qadını işə götürməz. Deyəcəklər ki, qadınların işə 1 saat gec gəlib, işdən isə 1 saat tez çıxması iş təşkilini, kollektivdə əmək ritmini pozur və problemlər yaradır. Elə peşələr var ki, həqiqətən də orada qadınların işə 1 saat gec gəlib, 1 saat tez getməsi problem yaradacaq. Məlum olduğu kimi, qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı ilə bağlı qərar ləğv edilib. Qərara əsasən, artıq qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu gün qadınlar buldozer, kran, metro qatarı da sürə bilərlər. Belə işlərdə işləyən qadının işə bir saat gec gəlməsi və ya bir saat tez çıxması mümkün deyil. Hamının öz iş saatı var, kim onları bir saat əvəz edə biləcək?! Məsələn, qadın müəllimdir və məktəbə bir saat gec gəlib. Şagirdlər oturub gözləyəcəklər ki, müəllim hələ işə gəlməyib?"

Sahib Məmmədov qeyd edib ki, hamilə və 3 yaşadək uşağı olan qadınlara iş saatları ilə bağlı müəyyən güzəştlər tətbiq olunur: "Bununla yanaşı, qadınların ailə qayğılarını azaltmaq üçün onlara övladlarını ödənişsiz və ya çox kiçik ödənişlərlə uşaq bağçasına qoymaq imkanı yaradılmalıdır".

İqtisadçı ekspert Rauf Qarayevin arqumenti isə belədir: "Bu yaxınlarda Rusiyada həftədə bir dəfə - cümə günü olsa da, qadınlar üçün iş gününün qısaldılması təklifi irəli sürülüb. Dövlət Dumasının sədr müavini Boris Çernışovun sözlərinə görə, qadınlar üçün iş həftəsini iki saat qısaltmağa dəyər, çünki 2022-ci illə müqayisədə onların iş həftəsi 22 dəqiqə artıb. Kişilər üçün - yalnız dörd. Bu, zərif cinsin iqtisadi fəallığının artması ilə əlaqələndirilir. Əvvəllər bu ölkə çoxuşaqlı işçilər və azyaşlı uşaqlı qadınlar üçün iş həftəsinin azaldılması təklifi də irəli sürülüb, lakin onlar rədd edilib. Bu, məntiqi olaraq onunla izah olunurdu ki, işəgötürənlər çoxuşaqlı işçilərin olmadığı müddətdə işçi axtarmalı olacaqlar ki, bu da işin normal gedişinə mənfi təsir göstərəcək".

Ekspert vurğulayıb ki, işdə olması səbəbindən indi çoxlarının ailəsinə ayırmağa vaxtı yoxdur. Ona görə də ailə institutu böhran yaşayır, boşanmaların sayı artır: "Hesab edirəm ki, həm kişilər, həm də 11 yaşından kiçik uşağı olan qadınlar eyni maaşı saxlamaqla iş gününü bir saat azaltmalıdırlar. Uşaqlar valideynlərini daha tez-tez görməli və onlarla vaxt keçirməlidirlər. Təbii ki, bu qərarın həyata keçirilməsi üçün işəgötürənlər sosial məsuliyyət nümayiş etdirməlidirlər. Amma gördüyümüz kimi, kapitalizmdə bunun əhəmiyyəti yoxdur və bir çox işəgötürən, əksinə, işçini tələb olunan 8 saat deyil, 9-10 saat işləməyə çalışır".

İqtisadçı Əmək Məcəlləsinə müvafiq dəyişikliklər ediləcəyi təqdirdə, qanuna əməl etməyəcək işəgötürənlərə qarşı tədbirlərin sərtləşdirilməsini təklif edir: "Dövlət özü innovativ texnologiyaların köməyi ilə buna nəzarət etməlidir".

"Xidmət-iş" Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov bildirib ki, Ümumdünya İnsan Haqları Bəyannaməsinə uyğun olaraq beynəlxalq insan hüquqlarının bir hissəsidir. Bu sənədə görə, "bütün insanlar azad, ləyaqət və hüquqlar baxımından bərabər doğulurlar" və "hər kəsin irq, din və ya dini mənsubiyyət kimi heç bir fərq qoyulmadan bu Bəyannamədə təsbit edilmiş bütün hüquq və azadlıqlardan istifadə etmək hüququ var: "Elə müəssisələr var ki, orada çalışanların əksəriyyəti qadınlardır, onların çoxu ailəli və uşaq sahibidir. İndi təsəvvür edin ki, qadınlar bir saat gec gəlib bir saat tez getsələr, bu müəssisədə əmək məhsuldarlığı necə aşağı düşəcək. Bütün istehsal prosesi pozulacaq. Ölkəmizin Əmək Məcəlləsində qadınların, xüsusən də azyaşlı uşağı olanların hüquqlarını tam müdafiə edən kifayət qədər maddə var. Əsas odur ki, onların hamısı həyata keçirilsin".

İqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, belə bir qaydanın tətbiqi xanımların işə cəlb edilməsinə mənfi təsir göstərə bilər: "Çünki sahibkarlar bu halda qadınları işə götürməyə maraqlı olmayacaq. Bu da əmək bazarında kişilərin daha çox işə cəlb olunmasına səbəb olacaq. Digər tərəfdən, belə bir qanunun qəbul olunması qadınların məvaciblərinin də aşağı düşməsinə səbəb ola bilər".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 14 iyun,№105.-S.7.