Görkəmli alimin
poetik yaradıcılığına bir baxış
PROFESSOR MƏMMƏDHÜSEYN TƏHMASİBİN
İLK ŞEİRLƏRİNƏ DAİR QEYDLƏR VƏ
MÜLAHİZƏLƏR
İndiyədək elmi ədəbiyyatda görkəmli
folklorşünas, professor Məmmədhüseyn Təhmasibin bədii
yaradıcılığından söz açılarkən
yalnız onun "Bahar" (1958), "Aslan yatağı"
(1941), "Çiçəklənən arzular" (1951),
"Hind qızı" (1956), "Rübailər aləmində"
(1968) pyeslərindən və "Qaçaq Nəbi"
(1938), "Bir qalanın sirri" (1960), "Onu
bağışlamaq olarmı?" (1960) kimi dram əsərləri
və kino-ssenarilərindən bəhs edilib. Bu mövzulu
yazıların heç birində M.Təhmasibin bədii
yaradıcılığa nə vaxt başlaması məsələsinə
toxunulmayıb. 1987-ci ildə çap olunan "Azərbaycan
sovet yazıçıları" ədəbi sorğu
kitabında isə M.Təhmasib "ədəbi
yaradıcılığa 1934-cü ildən
başlamışdır" fikri ortaya atılıb və
bundan sonra bəzi müəlliflər həmin fikri təkrar
ediblər. Beləliklə, onun ədəbi
yaradıcılığa başlaması 1934-cü il kimi qəbul
edilib. Lakin filologiya üzrə elmlər doktoru, professor H.Həşimlinin
araşdırmalarından məlum olur ki, "M.Təhmasib bədii
yaradıcılığa indiyə qədər iddia edildiyindən
fərqli olaraq 1934-cü ildə deyil, daha əvvəllər
başlamışdı". Alim axtarışlar nəticəsində
müəyyənləşdirib ki, 1934-cü ildən düz 7
il əvvəl, yəni 1927-ci ildə onun "Bakıda
çıxan "Maarif və mədəniyyət"
jurnalının 12-ci sayında
"Məhəmmədhüseyn Təhmasib" imzası ilə
"Gənc şərqli" adlı lirik şeiri dərc
olunmuşdur". Şeirin geniş təhlili üzərində
dayanan H.Həşimlinin fikrincə, S.Rüstəmin
"Ələmdən nəşəyə"si ilə səsləşən
bu şeir "mahiyyət etibarı ilə gəncliyi bədbinlikdən
uzaqlaşmağa, əməli fəaliyyətə, halal zəhmətə,
böyük amallar ardınca getməyə səsləyən
bir bədii nümunədir".
M.Təhmasibin öz ruhu etibarı ilə bu şeirə
bənzər 4 misralıq digər bir şeirinə də rast
gəlmişik. Həmin şeir M.Təhmasibin öz dəst-xətti
ilə (əski əlifbada) 17 fevral 1930-cu ildə dostu Abbas
Namazovun "Xatirə albomu"na yazılıb. Bu fakt da
sübut edir ki, o, bədii yaradıcılığa 1934-cü
ildən əvvəl başlayıb.
Həmin şeirdən 3 il əvvəl çap
etdirdiyi "Gənc şərqli" şeirində Təhmasib:
Yalnız mənə göz yaşları eylərdi rəfaqət,
Hər səmtə dönərsəm, yenə min
dürlü fəlakət.
Təqib ediyormuş kimi daim məni izlər,
Daim əzilər, "can çəkişən gəncliyim",
inlər...
Mən şimdi bir aciz deyiləm, aləmi sarsan
Zəhmətlə yaşar kəndini təmin edən
insan
- misraları ilə "həyatın amansız zərbələrindən
sarsılan, ağlayıb sızlayan, həmdəmi göz
yaşı olan" lirik qəhrəmanın mənəvi
sarsıntılarını dilə gətirir, sonra onun
"acizlikdən qurtulmasını... qurub yaratmaq əzmi ilə
həyat meydanına atılmasını tərənnüm
edirsə", 4 misralıq qeyri-mətbu şeirində o (lirik
qəhrəman), inləmir, sızlamır, birbaşa öz
nikbin əhval-ruhiyyəsini nümayiş etdirir:
Həyatda ağlama, göz yaşlarında yox məna,
Yazıq-yazıq çəkilən
hıçqırıqda yox əzəmət.
Mübarizin kobud eşqində bəslənər sevda,
Bunalma bu gün, sonra canlanır həqiqət.
Son zamanlarda M.Təhmasibin yeni bir şeirini aşkara
çıxarmışıq. "Aktyor"
adlandırılan həmin şeirin ərəb əlifbası
ilə avtoqrafı S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət Arxivində M.Təhmasibin
qardaşının - Xalq artisti Rza Təhmasibin şəxsi
fondunda qorunur. 44 misradan ibarət olan bu şeir məşhur Azərbaycan
aktyoru Möhsün Sənaniyə (1900-1981) həsr edilib. Sərlövhədən
sonra yazılıb: "Məxsusdur gənc aktyor Möhsün
Sənaniyə". Şeirin sonunda "Məhəmmədhüseyn
Təhmasib" imzası qoyulub, lakin onun yazılma tarixi
göstərilməyib. Çox ehtimal ki, şeir 1930-cu ildə
qələmə alınıb. Onun tam mətni belədir:
Həzin bir ağlayış, azğınca gurlayan bir
səs,
Əlində xəncəri dəhşətli, sərsəri
bir kəs.
Qürüri atlı biri, əldə bir dəmir
qırbac,
Soyuqda, qarda, boranlarda inləyən bir ac.
Cahanı qanlı əmri ilə titrədən bir
şah,
Bütün yürəklərə qan yutduran yazıq
bir ah.
Gözəl bir afətə vurğun zavallı bir məftun,
Gözündə qan yaşı Leyla deyən səfil
Məcnun.
Səadətlə bütün bəxtiyarca bir zəngin,
Gözündə qan yaşı axşam-səhər
yanan bədbin.
Həyatla uğraşan ancaq bir ixtiyar filosof,
Cahana fani deyən, ağlayan dərin bir of.
Dodaqlarında şərab, döşündə
xaç, əlində Quran,
Təsviri dəli, xülyası dərbədər Sənan.
Fəlakətlə qırışmış və nəşəsiz
bir alın,
Bütün varlığa üsyan deyən yazıq
Aydın.
İçində hükəmayi səcdəgahi
böyük Kəbə,
Əlində bayrağı Zöhhakı məhv edən
Gavə.
Gözündə həqli və ölgün intiqam əməli,
Məhəbbətlə deyərmiş zavallı bir
öfkəli.
Açıq düşüncəli, şənliyin
telindən öpər,
Böyük cahanca məzarlıqda ölməz İskəndər.
Yetər gülüm, yetər artıq, çəkil
monastra get,
Deyib də, hər kəsə nifrət edən
yazıq Hamlet.
Bütün xəsisliyə yaltaqlığı ilə
Mərdi-xəsis,
Həyatı əldə oyuncaqtək oynadan İblis.
Bütün cəmiyyəti təxlisə can verən
Elxan,
Həyatın dəli qurbanı sərsəri
Şamdan.
Həyatın əzəliyyət şeiri bir ilahi nida,
Məhəbbətlə yanan, gurlayan yazıq şeyda.
Yazıq rəiyyəti yalnız qılıncla
qarşılayan,
Köpək xoruz və kəbin qəhrəmanı Pərviz
xan.
Gözündə mərdimazarlıq, xəyalı
göz yaşı yaz,
Bütün bir ailənin saqiyi-sərneşini Frans.
Rəiyyətin dəli xaqanı,
çılğın Altunbay,
Həqiqətin dəli şeydası qəhrəman
Oqtay.
Bu yapma tipləri pək canlı bir həqiqət edən,
Həyatı səhnədə təsvirə
uğraşan, ey sən.
Həyatı göstərən, ey şanlı aktyor, əlbət,
Aqibət deyil bu qədər çəkdiyin
qızıl zəhmət.
Silindi şanlı tərinlə kapitalizma binası,
Həyatı şənlədən ey incəsənətin
atası.
Səninlə parlayır artıq bugun həyat əməli,
Həqiqət elçisi, ey sosializmanın sağ əli.
Şeirin ümumi məzmunundan müəllifin teatr,
aktyor sənəti və müxtəlif dramaturqların əsərlərinin
ideyası və tamaşası haqqında dolğun təsəvvürə
malik olması açıq-aşkar anlaşılır. Onda bu
təsəvvürün formalaşmasına həyatının
birinci Naxçıvan mərhələsində
(1907-1927) buradakı ədəbi-mədəni mühitin
güclü təsiri olub. Bir sıra xatirə
materialları və rəsmi sənədlər
isə sübut edir ki, M.Təhmasib 1928-1930-cu illərdə,
Naxçıvan teatrında həvəskar aktyor kimi fəaliyyət
göstərib və bu fəaliyyəti onun "Aktyor"
şeirinin ərsəyə gəlməsinə təsir edib.
Bu barədə biz "Məmmədhüseyn Təhmasibin bir əlyazmasının
izi ilə" adlı məqaləmizdə bəhs etmiş və
belə qənaətə gəlmişik ki, onun "teart sənətinə
gəlməsinə özündən 12 yaş böyük
olan qardaşı, sonralar xalq artisti səviyyəsinədək
yüksələn Rza Təhmasibin xüsusi təsiri
olmuşdur".
Həmin təsirdən bəhs edən tədqiqatçı
Aydın Dadaşovun fikrincə isə R.Təhmasibin "şəxsi
kitabxanasındakı Şeksprin, Şillerin, Turgenevin,
Puşkinin, Lermantovun kitablarını oxuyan... onun rejissor kimi
tamaşaya qoyduğu və İskəndər rolunu ifa etdiyi...
Mirzə Cəlilin "Ölülər"
komediyasının tamaşasında Cəlal rolunda aktyor kimi səhnəyə
də çıxan Məhəmmədhüseyn daim teatla əlaqə
saxlayır"mış.
Bütün müasirləri kimi, M.Təhmasib də
yaşadığı sovet rejiminin basqısı və kommunist
ideologiyasının diktəsindən yaxa qurtara bilmədiyi
üçün şeirin son misralarında aktyoru
"kapitalizma binasını" "öz təri ilə silən",
"sosializmanın sağ əli" hesab edir.
Şeirdə haqqında bəhs olunan tamaşalar və
onların qəhrəmanları barəsində belə
geniş və dürüst məlumatların çoxunu M.Təhmasib
məhz Naxçıvanda yaşadığı illərdə
içərisində olduğu teatr mühitindən
almışdı. Çünki bu illərdə (1928-1930)
şeirdə xatırladılan əsərlərin bir qismi
Naxçıvanda tamaşaya qoyulmuş, hətta M.Təhmasib
həmin səhnə əsərlərinin bəzisində Mərvan
(H.Cavid. "Şeyx Sənan"), Aslan bəy (C.Cabbarlı.
"Oqtay Eloğlu"), Pərviz (Ş.Sami. "Dəmirçi
Gavə"), Pyer (K.Qoldoni), Rəmzi bəy (V.Tomas. "Tələbələrin
kələyi") kimi rolları ifa etmişdi.
1923-1927-ci illərdə Bakı Pedaqoji Texnikumunda təhsil
aldığı vaxtlarda da M.Təhmasib şübhəsiz ki,
paytaxtda göstərilən teatr tamaşaları ilə
maraqlanmış və şeirində
xatırlatdığı səhnə qəhrəmanlarının
digər bir qismi ilə isə məhz burada tanış
olmuşdur. Bu da, şübhəsiz ki, onun "Aktyor"
şeirinin qida mənbələrindən biridir.
Beləliklə, aydın olur ki, forma və məzmunca
müəyyən ictimai və bədii dəyərə malik
olan "Aktyor" şeirinin meydana çıxmasına təsir
göstərən əsas faktor məhz M.Təhmasibin
Naxçıvanda və Bakıda göstərilən
tamaşalardan aldığı təəssürat və məlumatları
məharətlə birləşdirmək
bacarığıdır. M.Təhmasib Möhsün Sənaninin
ifa etdiyi rollarla da məhz texnikumda oxuduğu illərdə
tanış olmuşdu. 1924-cü ildə "Bayquş",
1925-ci ildə "Bismillah" filmlərinə çəkilən,
1923-1927-ci illərdə S.S.Axundov, H.Cavid, S.Cabbarlı,
V.Şekspir, M.Qorki və başqa müəlliflərin pyeslərində
müxtəlif xarakterli obrazları canlandıran M.Sənaninin
yüksək sənətkarlığı tələbə
M.Təhmasibin diqqətini cəlb etmiş və onu gənc
aktyorun heyranına çevirmişdi. Məhz buna görə də
o, özünün ilk qələm təcrübələrindən
bir olan "Aktyor" şeirini M.Sənaniyə ithaf edib. Zaman
göstərdi ki, M.Təhmasib ona şeir həsr etməkdə
yanılmayıb. Çünki M.Sənani sonralar
Respublikanın Xalq artisti səviyyəsinədək yüksəldi,
milli teatrımızın tarixində öz orijinal dəst-xəttini
qoya bildi.
M.Təhmasibin ilk yaradıcılıq nümunələrindən
bizə bəlli olan bu şeirlərdir. Professor H.Həşimlinin
haqlı qənaətinə görə, "gələcək
tədqiqatlar ədibin bədii
yaradıcılığının ilk dövrünə aid
digər nümunələri də aşkara
çıxaracaqdır".
Bir məsələyə də diqqəti cəlb etmək
istəyirik ki, M.Təhmasib keçən əsrin 30-cu illərindən
sonra şeir yaradıcılığı ilə məşğul
olmayıb. Lakin bir sıra pyes və kino-ssenarilərinin bəzi
məqamlarında öz yazdığı kiçik şeir
parçalarından istifadə etməsi göstərir ki, M.Təhmasibin
şair təbi burada da onun dadına çatıb.
Fərman XƏLİLOV
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun
baş direktoru, filologiya üzrə elmlər doktoru
525-ci qəzet.- 2024.- 15 iyun,№106.-S.23.