Tarixin faciəli və ibrətamiz əhvalatları  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Sultan Səlim 1513-cü ildə Anatoliyada şiələrin qırğınını təşkil etmişdi, 7-70 yaşlarında olan 40-55 min adam öldürülmüşdü. Şərqdə qanlı müharibələr aparmaqla, o, həm də ölkəsinin ərazisinə xeyli əlavələr etmişdi. 4 il ərzində Osmanlı imperiyasının ərazisini iki dəfə böyütmüşdü. 1519-cu ildə isə Əlcəzair şəhərini işğal etmiş dəniz qulduru Hayraddin Barbarossanı vassallığına qəbul etmiş, onu donanmaya komanda təyin etmiş və Paşa titulu ilə mükafatlandırmışdı.

Osmanlı saray ailəsində kişi cinsindən olanların qətlə yetirilməsini ingilislər "fratricide" adlandırırlar. Belə qətllərin siyahısına çox vaxt qardaşlar və ögey qardaşlar daxil idi, çünki guya onlar taxt-taca iddia edə bilərdilər. Osmanlı sülaləsinin banisi I Osman öz qardaşını öldürtmüşdü. Fratricideni XV əsrin ikinci yarısında sultan II Mehmetin dövründə (1451-1481-ci illər hökmranlıq etmişdi) başlamışdı. Sultan Süleyman (1520-1566-cı illər) böyük oğlu Mustafanı öldürtmüşdü ki, taxt-tac, ukraynalı kənizi, sonra arvadı elan etdiyi Roksalanadan olan oğluna çatsın. Qsmanlı sultanları qəddarlıqda Qədim Roma imperatorları Kaliqulaya və ya Nerona bənzəsələr də, onlar kimi müstəqil hərəkət etmirdilər, çünki onların fəaliyyətini üləma (hakim dinin başçısı), ordu və administrasiya yoxlayırdı.

Hakimiyyətə kəmağıllı olanlar yiyələndikdə, bir qayda olaraq onlar ən ağılsız hərəkətlərdən, dəhşətli cinayətlərdən belə çəkinmirlər.  Avqustdan sonra Roma imperatoru olan Tiberi Kapri adasında orgiyalar təşkil edir, şıltaqlığına rəğmən, bir az əvvəl kef çəkdiyi gənc qız və oğlanları adanın hündür yerindən dənizə atdırıb, onları məhv edirdi. İmperator Kaliqula atını Senatın üzvü təyin etmişdi, öz sevimli minik heyvanını hətta konsul etmək istəyirdi, buna yalnız özünün qətlə yetirilməsi mane oldu. Filosof kimi Platonun arzusunu həyata keçirmiş, nəcib imperator sayılan Mark Avrelinin oğlu Kommod atasının ölümündən sonra taxt-taca yiyələnməklə hər cür eybəcərliklərə əl atırdı, qladiator döyüşlərində iştirak edir, Romanın adını dəyişib, şəhərə öz adını vermək istəyirdi. Neron, atalığı Klavdinin anası Aqrippina tərəfindən zəhərlənib öldürülməsi ilə, imperator olmuşdu. Neronun cinayətlərinin sayı-hesabı yox idi, Romanı özü yandırsa da, günahı xristianların üstünə yıxıb, onları daha sərt qaydada təqib etməyə başlamışdı. Qətlə yetiriləcəyi qorxusu altında intihar etməyə məcbur oldu. Onun ölümündən sonra 169-cu ildə hakimiyyətə gələn imperatorların üçü də qətlə yetirildilər.

Qədim Romadakı eybəcər imperatorların elədikləri biabırçılıqlar Avropanın bəzi kral saraylarında da öz əksini tapdı. XVIII əsrin ikinci yarısında Danimarka kralı olan VII Kristian dəliliyi ilə seçilirdi, O, sevimli iti Qurmanı Kral Şurasının fəxri üzvü təyin etmişdi, qanuna əlavə etmək istəyirdi ki, ölkənin qızları bayram günü lüt gəzsinlər. Axı belə bir qayda var idi ki, xalq kralın əhval-ruhiyyəsini nəzərə almalıdır.

Məşhur şəxsləri təqlid etmək pis nəticə verir. Karvanın azması

Məşhur dövlət xadimlərinin öz qüvvəsini düzgün qiymətləndirmədən, ambisiyasını cilovlaya bilmədiyindən kimisə təqlid etmək cəhdi adətən pis nəticələr verir. Napoleon Bonapartın qardaşının oğlu Lui Bonapart, onun anası da Cozefinanın əvvəlki əri general Boharnedən olan qızı idi, 1848-ci ildə seçkilərdə çox böyük üstünlüklə rəqiblərinə qalib gəlib, prezident seçildi. Bir qədər sonra, 1851-ci ildə dövlət çevrilişi edib,  müxalifəti ləğv etdi və mətbuata senzura qoydu. 1952-ci ildə isə prezidentlik müddətinin uzadılmayacağını görüb (konstitusiyaya görə, prezident yalnız 4 ildən ibarət olan bir müddətə seçilə bilərdi), özünü III Napoleon adı altında imperator elan etdi. O, öz sələfi kimi müharibələrə can atırdı, lakin nəticə, xüsusən Meksikada öz əlaltısını imperator etməsi uğursuzluqla nəticələndi. Fransız ordusu meksikalıların təzyiqinə davam gətirməyib ölkəni tərk etdi. Gücsüz və müdafiəsiz qalan imperator Maksimilian meksikalılar tərəfindən 1867-ci ildə güllələndi. Fransanın daxilində də III Napoleona qarşı narazıq var idi. 1858-ci ildə arvadı Yevgeniya ilə birlikdə opera teatrında tamaşaya baxarkən ona sui-qəsd baş verdi, özünə və arvadına ziyan dəyməsə də, 20 adam həlak oldu, 100 nəfərdən çox yaralandı. O, dahi yazıçı Viktor Hüqonu da sürgünə göndərmişdi, çünki dövlət çevrilişindən sonra Hüqo onu kəskin tənqid edirdi, hətta "Xırda Napoleon" adlandırmışdı. Uzun illər ərzində yazıçı La-Manş boğazındakı İngiltərəyə məxsus olan Gernsi və Cersi adalarında yaşamağa məcbur olmuşdu. Prussiya kansleri Otto fon Bismark Fransanı müharibəyə cəlb etmək istəyirdi, III Napoleon isə onun provakasiyasına gedib, 1870-ci ildə Prussiyaya müharibə elan etdi və bədbəxtliklə üzləşdi. 1870-ci ilin sentyabrında III Napoleon özü  Sedanda Prussiya ordusuna əsir düşdü, 1871-ci ildə isə Paris işğal edildi. Prussiyanın qələbəsi ona çox şey verdi, ilk dəfə olaraq çox sayda alman dövlətləri Prussiyanın başçılığı altında vahid Almaniya dövlətində birləşdi. Vahid Almaniyanın yaranması barədə sənəd XIV Luidən yadigar qalan Versal sarayında imzalandı, qalib Prussiyanın kayzeri I Vilhelm Almaniyanın kayzeri, Prussiyanın kansleri Bismark isə Almaniyanın kansleri oldu. III Napoleon imperatorluğunu itirdikdən sonra  Hüqo doğma şəhəri Parisə qayıda bildi. I Napoleonu təqlid etmək istəyi Lui Bonaparta baha başa gəldi. Lakin ədalət naminə qeyd etmək lazımdır ki, II İmperiya dövründə həm də Paris yenidən quruldu, xeyli abadlaşdırıldı. Bu sahədə Sena prefekti baron Osmanın böyük xidmətləri olmuşdu.

Adamlar isə çox vaxt iri cinayətlərə diqqət yetirmirlər, Napoleonun bu prinsipi ilə hərəkət edirlər ki, siyasətdə səhvlər olur, cinayət olmur. Əslində, bu, olduqca yanlış fikirdir. Çünki ağılsız siyasət, cinayətkar siyasət, xalqa qarşı yönəldilmiş siyasət ölkədə ən qatı cinayətkarlıq atmosferi yaradır, bu siyasətin aparıcıları yırtıcı vəhşi  heyvanlara çevrilərək güman edirlər ki, onlar üçün heç bir mühakimə ola bilməz və qanunlar onlara xidmət etməlidir. İraq prezidenti Səddam Hüseyn və Liviya prezidenti Müəmmər Qəddafi məhz belə fikirləşirdilər və cəzalarına çatmaqla, həyatı tərk etdilər.  Təəssüf ki, uzun illər Ermənistana rəhbərlik etmiş və qaniçiciliyi ilə seçilən mənfur şəxslər hələ də cəzalarını almamışlar. Axmaq düşüncələr, sadəlövh və səfeh təsəvvürlər belə hökmdarlara hakim kəsilsə də, sonda onları hökmən layiq olduqları finala çatdırmalıdır.

Yaxud XX əsrin son rübündə Cənubi Koreyanı 14 il ərzində idarə etmiş iki prezident ağır cinayətlərdə ittiham edilərək həbs edilmişdi. Onlardan biri hərbi qiyam yolu ilə hakimiyyətə gəlmiş və hakimiyyətini saxlamaq üçün onun əleyhinə olan mitinqin iştirakçılarını gülləbarana tutmuş, insan qanı axıtmışdı. Diktator Çon Du Xvan bunlarla kifayətlənməyərək, xeyli rüşvət də almışdı. Ondan sonra prezident seçilən Ro De U qüdrətli Koreya korporasiyalarından iri məbləğdə rüşvət alaraq, özünün gizli hesabına keçirmişdi. Bu rüşvətin məbləği 600 milyondan yuxarı idi. Ölkənin rəhbərliyinə yüksəlmiş bu adamlar özlərini müdafiə etmək üçün müxtəlif vasitələrə əl atmışdılar, əvvəlki hərbi diktator onu müdafiə etmək iqtidarında olan adamın hakimiyyətə gəlməsinə köməklik göstərmiş, sonra isə rahib kimi qaçıb monastırda gizlənmişdi ki, onunla heç kəsin işi olmasın. Və yaxud 80-cı illərin sonunda hakimiyyətə gələn Ro De U da özünü mühafizə etmək üçün özündən sonra kimlərin hakimiyyətə gəlməsinə biganə qalmamışdı. Lakin bunların heç biri onlara köməklik göstərməmişdi, köhnə cinayətlər kimlər tərəfindən bağışlansa da, xalq tərəfindən unudulmamış, xalq onlara heç bir amnistiya verməmişdi. Hər şeyə rəhmdil olan xalq haqsızlığa bir müddət dözsə də, sonra ən azı, onun cəzalandırılması ilə təsəlli tapır. Hər şey yuyulub təmizlənsə də, burada ən müasir yuyucu vasitələr köməyə gəlsə də, qana batırılmış əli yumaq olmur və bir də millətin əzabları, aclığı hesabına qazanılan böyük rüşvət məbləğləri hökmən öz sahibinə geri qaytarılır, dövlətin timsalında xalqa çatmalı olur.

Böyük var-dövlət ona görə yığılır ki, sonrakı ömrü təmin etsin, övladların, nəvələrin bəxtəvər həyatına təminat yaratsın. Lakin əksər hallarda bu ümid doğrulmur. Romanovlar sülaləsinin 300 illik yubileyi münasibətilə Krımda, dəniz sahilində Böyük Livadiya sarayı tikilmişdi, lakin çar II Nikolayın ailəsi burada o qədər də çox və rahat istirahət edə bilmədi və ailənin üzvləri öz acı sonluğunu Yekaterinburqda, onların bədənini dəlik-deşik edən güllələrdə tapdı. Yaxud Fransa kralı XVI Luinin arvadı kraliça Mariya Antuanetta xoşbəxt həyatını 1793-cü ildə əri ilə birlikdə, ondan bir neçə ay sonra edamla bitirdi, gilyotina bıçağı onların yaraşıqlı boynunu axırıncı dəfə bədənlərindən ayırmaqla sığallamalı oldu. Və yaxud ondan böyük olan adaşı Mariya Styuart XVI əsrdə Şotlandiya kraliçası idi, sonra İngiltərəyə qaçdı, burada əvvəlcə həbs edildi, sonra da 1587-ci ildə, kraliça Elizabetə sui-qəsd  hazırlanmasında iştirakına görə Londonda edam edildi. Avqustdan Trayana qədər olan quduz imperatorların çoxu ya sui-qəsdlərin qurbanı olurdu, ya da özünü öldürməklə həyatla vidalaşırdı.

İran şahı Məhəmməd Rza Pəhləvi 1941-ci ildə istefa verib, sürgünə yollanan atasının yerinə çox cavan vaxtı şah titulunu qəbul etdi, lakin xalqın qəzəbinə düçar olanda o, ölkədən qaçmaq üsulundan iki dəfə istifadə etdi və son dəfə qaçarkən yaşamağa yer tapa bilmirdi.  Şahlığının sonunda o, həyatını səhrada azmış karvana bənzətmişdi. Yəqin ki, artıq həmin günlərdə o, öz taleyinin necə olacağını təsəvvür edirmiş ki, bunu səhrada susuzluqdan, çarəsizlikdən və ilğım dalınca dəlicəsinə qaçan adamın dəhşətli ölüm anları ilə müqayisə etmişdir.

İran şahı Cənubi Afrika respublikasında sığınacaq tapan atası Rza şahdan fərqli olaraq, ABŞ-ın himayəsinə qısılmışdı. Lakin İran inqilabının rəhbəri Xomeyni onun mühakimə edilmək üçün verilməsini tələb etsə də, Amerika öz vassalını təhvil vermək istəmədi. Bu vaxt qəzəblənən tehranlılar ABŞ səfirliyinə hücum çəkib, 52 diplomatı əsir götürdülər və onlar azad olunana qədər 440 gün ağır şəraitdə saxlandılar...

 

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.- 2024.- 15 iyun,№106.-S.22.