İnancın təbiəti
Esse
İnsanlıq tarixi oddan qabaq, ona milyon illər sonra da
təsir edəcək vacib bir nəsnə kəşf
etmişdi: Din! Qorxu inancı, inanc dini yaratmışdı. Təsadüfən,
ya da gələcəyin zərurətindən. Əlbəttə,
dini düşüncə tərzinin təməlində
mifologiyanın iki ana sütunu olan Xeyir və Şər
dayanırdı. Bəs ilk insanlar Xeyir və Şəri necə
tanımışdılar?
İlk insan mağarasına girən, onu talan edən,
öldürən heyvan Şər idi. Belə qəbul edilirdi.
Skandinav mifologiyasında ova getmək Şərin ordusuna
qarşı hücuma keçməklə eyni tutulurdu.
Türklərin qədim mifoloji sistemi şamanizmdə isə
ov müqəddəs hesab edilirdi. Çünki ovun hansı nəticə
verməsi bütün qəbilənin gələcəyinə
təsir göstərirdi. Şər, yəni
yırtıcı heyvanlar, ya qəbilənin bütün
kişilərini parçalayacaq, ya da əksinə, qəbilənin
"müqəddəs ordusu" - ovçular Şəri
mağaraya qənimət olaraq gətirəcəklər.
Xeyirdən əvvəl insanlar Şərlə
tanış olmuşdular. Onları bu yırtıcının əlindən
qurtaracaq təbii bir qüvvə yox idi. Qədim, lap qədim
insanlar üçün soyuq da, şaxta da, yırtıcı
heyvanlar və bitkilər də, təbii fəlakətlər də
Şərin təcəllası idi. Elə ki, onlar odu kəşf
etdilər, elə ki, soyuq mağaraları qızındı,
elə ki, yırtıcılar ocaqdan qorxub onlara hücum etmədi,
bişmiş ətin qoxusu, dadı insanları tənbəlləşdirməyə
başladı, Xeyir anlayışı meydana
çıxdı. İnsanları təbii Şər qüvvələrin
əlindən alacaq təbii Xeyir qüvvə onları
tapmışdı.
Xeyir və Şərin təbii mübarizəsi
mifoloji mətnləri yaratdı. Ağıllı insan
dünyanı, burada olmağının səbəblərini,
gəldiyi və gedəcəyi ünvanı axtarmağa
başlayanda hekayələr qurdu. Yer kürəsinin dörd
bir yanında minlərcə müxtəlif yaradılış
hekayələri danışılırdı. İndi həmin
mətnlərə baxanda, əslində, hamısının
eyni şeyi danışdığını
görürük. Əlbəttə, bütün mifologiyalar
Babil və Maya mifologiyasının deformativ hallarıdır.
Müqəddəs torpaqlar adlandırılır həmin ilk
mifoloji mətnlərin yarandığı yerlər. Qüds,
Mesopotomiya, Afrikanın üfüqsüz, sarı torpaqları
və Latın Amerikasının mistik Maya coğrafiyası.
Mifologiyaların dinlərə necə çevrilməsini
görmək üçün yenidən Xeyir və Şərin
ibtidai mübarizəsinə baxmaq lazımdır. Yuxarıda
qeyd etdiyim kimi, homosapiens odu kəşf etdikdən sonra Xeyir
anlayışını da kəşf etmiş oldu. Xeyiri
qoruyanlar, yəni odu mühafizə edənlər ova getmirdi.
İlk vaxtlar bu xüsusi tapşırıq qadınlara həvalə
edildi. Onlar odu qoruyur, onu müxtəlif məqsədlər
üçün bölür, hücuma keçən Şər
qüvvələrə qarşı daha yaxşı istifadə
edirdi. Bu xüsusi dərəcəli insanlar tarixin sonrakı səhifələrində
kahinlər adlandırıldı. İlk kahinlər qadınlar
idi. Buna görədir ki, magiyaya daha yaxşı hakim olan cins
elə bu günün özündə də
qadınlardır. Kahinlər qəbilə
başçılarından sonra ən yüksək statusun
daşıyıcıları idi. Ölən kəsləri
onlar dəfn edirdi, doğulan kəslərin qədərini
onlar deyirdi, inanc və qorxu müstəvisi üzərində
nə var idisə, məhz onlar müzakirə edir və yekdil
qərar verirdi. Həmin kahinləri növbəti səhifələrdə
peyğəmbərlər adlandıracağıq. Məncə,
Quranda bəhs edilən yüz iyirmi dörd min peyğəmbərin
sayının bu qədər fantastik olmasının səbəbi
qədim kahinlərin də bu statusda qiymətləndirilməsidir.
Müqəddəs kitablardakı beş səmavi peyğəmbər
isə seçilmiş kahinlərdir. Onlardan, sadəcə,
birinin gerçək həyatını bilirik: sonuncu peyğəmbər
Məhəmmədin.
Üç səmavi dindən başqa kiçik, lakin
hələ də adətləri və ənənələri,
ritualları yaşayan xırda dinlər də meydana gəlmişdi.
Tarix onların hər birini yəhudilik, xristianlıq və
müsəlmanlığın qarşısında məğlub
etsə də, izlərini günümüzə qədər gətirib
çıxardı. Ölkəmizdə İslama uduzmuş həmin
xırda dinlərdən birinin - Zərdüştiliyin (atəşpərəstliyin)
ritualları, tabuları, ənənələri, kəlamları
hələ də yaşayır. Məsələn, biz hələ
də zərdüştlər kimi işığa, ocağa
and içirik, hələ də manilər kimi yolun haqqına
güvənirik və hələ də əcdadlarımız
şamanlar kimi "göy haqqı", "torpaq
haqqı" axtarırıq. Bu qədər müxtəlifliyin
səbəbi isə yaşadığımız
coğrafiyanın dini düşüncə tərzinə
hegemonluq etməsidir. Bu gün bu coğrafiyanın iqtisadi,
siyasi və mədəni qarışıqlığının
səbəbi də təkcə fontan vuran neft quyuları,
kömür yataqları deyil. Qərbin altşüurunda hələ
də Səlib yürüşlərinin yarımçıq
intiqam hissi yatır. İsa Yaxın Şərqdən Avropaya
dini, Məhəmməd isə bütün dünyaya sonuncu əxlaq
kodekslərini daşımışdı (İsa və Məhəmmədin
inandığı, təlqin etdiyi din eynidir, şübhəsiz).
Bütün peyğəmbərlərin
ölümündən sonra yaymaq istədikləri dinlər
parçalandı, xırdalandı. Həm məzmun, həm
inanclı kəslərin sayı cəhətdən.
Xristianlıq (bu, İsaya tapınmağın
yaratdığı modern bütləşdirmə idi, din
deyildi) ortodokslara, katoliklərə, pravoslavlara, protestantlara və
bunlar kimi onlarla yeni qayda-qanun sisteminə bölündü.
İslam şiəlik və sünnilik məzhəbinə, həmin
məzhəblər də yüzlərlə müxtəlif təriqətlərə
ayrıldı. Dinlərin bu qədər aktiv parçalanmasında,
sadəcə, dini düşüncə tərzinin müxtəlifliyi
səbəb göstərilə bilməz. Həm də təriqətlərin
və toplumların mövcud olduğu coğrafiyaların
iqtisadi və sosial, siyasi və mədəni münasibətlərindən
də təsirlənirdi.
Əbəs yerə bu gün müqəddəs
kitabların mətnləri ilə mifologiya müqayisə
edilmir. Mifoloji qəhrəmanların birəbir müqəddəs
kitablara transformasiyası, hekayələrin birəbir eyniliyi və
ən əsası, təhkiyənin oxşarlığı
yuxarıda sadaladığımız
ardıcıllığın təsadüfi
olmadığına inandırır bizi. Lakin belə bir sual
var: Mifologiyamı dini unutdurmuşdu, yoxsa dinmi mifologiyanı?
Yumurta-toyuq məsəli. Tarix insanlıq tarixinin sirrini tam
aça bilmədiyi üçün inancın da tarixi beləcə
məchul qalır. Bütün hallarda
razılaşmalıyıq ki, əgər mütləq həqiqət
varsa, o, tamamilə rasional deyildir.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 15 iyun,№106.-S.21.