"Od nə çəkdi..."

XALQ ŞAİRİ RƏSUL RZANIN ƏDƏBİ PORTRETİNƏ BİR BAXIŞ

 

XX əsr Azərbaycan ədəbiyyatı tarixinin görkəmli ədəbi şəxsiyyətlərindən olan Xalq şairi Rəsul Rza milli, ictimai şüurun inkişafına, poetik düşüncənin yenilənməsinə çoxşaxəli, çoxistiqamətli yaradıcılığı ilə güclü təsir göstərib. Şair bədii kəşfləri, yenilikləri ilə çağdaş poeziyamıza yeni nəfəs gətirib, onu özünün poetik ziyası ilə rövnəqləndirib. Ömrünün mənəvi davamı da əsərlərinin ideya və məzmununun milli-bəşəri mahiyyət kəsb etdiyinin, yeni yaradıcı nəsillərin yetişməsində bir məktəb yaratdığına bariz nümunədir. Rəsul Rza elə bir nəhəng ədəbiyyat adamıdır ki, onun yaradıcılığı, ümumən irsi, yaxud da əsərləri ayrılıqda, yenicə nəşr etdirdiyi bir kitabı, bir şeiri də zamanında rezonans doğurub, ədəbi mühitdə böyük heyrət və maraqla qarşılanıb. Açığı, bu səbəbdən də Rəsul Rza yaradıcılığının nəhrində onun poeziyasından, tərcümə, publisistika və pyeslərindən ətraflı bəhs etmək, bütövlükdə irsinə nəzər salmaq yığcam bir yazının imkanı xaricində olduğundan fikrimdə başqa bir yol aradım.

Burdaca onu deməliyəm ki, R.Rzanın yaradıcılığını, şəxsiyyətini, insana, milli, bəşəri ideallara münasibətini, əsərlərinin yaranma tarixini, dünya ədəbiyyatına baxışını, görkəmli ədəbi simalarla dostluğunu, bir sözlə, onu olum tarixindən fiziki yoxluğunadək müşahidə edən, bir çox məsələlərdə ədəbi intuisiyası ilə duyan övladı, məsləkdaşı Anardır. Yazıçının Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edən "Mübarizə bu gün də var..." monoqrafik əsəri hələ nəşr olunduğu zamanda məndə böyük təəssürat yaratmışdı. Şairi yenidən oxumaq, yaradıcılıq yolunu izləmək, ədəbi şəxsiyyətin görünməyən tərəflərini dərk etmək məqsədilə bu kitabı bir daha vərəqləməyi məqsədəuyğun bildim. Anarın adıçəkilən əsərini yazımın istiqamətini təyin edən kompas kimi seçdim.

Ədəbi şəxsiyyətin keçdiyi ömür yolunun, yaradıcılığının bütün istiqamətlərdən tədqiqi, yeni düşüncənin işığında daha ətraflı araşdırılması hər zaman məqsədə müvafiqdir. Əks təqdirdə, faktlara, hadisələrə, bədii-poetik fikrə yanlış münasibət, ideyanı, ümumən yaradıcılıq yolunu doğru mövqedən göstərməmək, şairin ədəbi-bədii irsinə xəyanətdir. "Mübarizə bu gün də var..." monoqrafik əsərində Anar ona doğma olan mövzuya böyük məsuliyyətlə, bir qədər soyuqqanlı yanaşıb, eyni zamanda bəzi yanlış münasibətlərə aydınlıq gətirib.

Bu əsərdə böyük bir ictimai, ədəbi mühit, neçə nəslin ədəbi simaları var. Dövrün ziddiyyətləri olduqca həssaslıqla, doğru mövqedən araşdırılıb, təhlil olunub. Özü də bu təhlil elmi-nəzəri-metodiki istiqamətdə deyil, ədəbi-publisistik formada, hiss və duyumun ən yüksək məqamlarının təsiri altında işlənib. Belə bir əsəri Anardan savayı, kim yaza bilərdi? Anar ədəbiyyat tariximizə gərəkli olan bu mövzunu vətəndaş yanğısı, ziyalı düşüncəsi ilə, azərbaycançılıq məfkurəsinin işığında işləyib, həm də ədəbi arxivinin bütün sənədlərini (yaddaş arxivi ilk sırada olmaqla!) toplayıb araşdırıb, ən başlıcası da tərəfsiz, qərəzsiz münasibətini meydana qoyub. Fikrin barizliyinə bir nümunə: "Rəsul Rza Azərbaycan ədəbiyyatına danılmaz yeniliklər gətirmiş, çağdaş şeirimizdə tamamilə yeni bir yol açmış və bu yolla ömrünün sonuna qədər ardıcıl addımlamış şairdir. Təbii ki, bu yolu bəyənmək də olar, bəyənməmək də. Bu, zövq məsələsidir. Bu yolu qəbul etmək də olar, etməmək də. Bu da meyl, səviyyə, marağın yönüylə bağlıdır. Bu yolla getmək də olar, getməmək də. Bu da istək, şübhəsiz bacarıq məsələsidir. Çünki tək istək azdır, bu yolla getməyi bacarmaq da lazımdır. Hətta bu yolla gedib, bu yolla getdiyini inkar etmək də mümkündür. Bu da insaf məsələsidir. Amma istər məzmun zənginliyi, mövzuların üfüq genişliyi, istər forma, vəzn, ritm, intonasiya, obrazlar sistemi, deyim tərzi, söz təzəliyi, ifadə orijinallığı, qafiyələrin, təşbehlərin bənzərsizliyi baxımından Rəsul Rza yaradıcılığının unikallığını ədəbi vicdanı olan heç kəs inkar edə bilməz..."

Əslində yazıçının bu mövqeyi, ziyalı olaraq həqiqi ədəbiyyatın keşiyində durmaqdır, şairi anlamayanların yersiz hücumlarından, qarayaxmalarından kənarda tutmaqdır.

Rəsul Rzanın yaradıcılığı çoxşaxəli, çoxçeşidli, eyni zamanda, özünün dərin, fəlsəfi çalarları, ideya-məzmunu ilə nəhəng bir düzənlikdə gülzarlığı xatırladır. Hər birinin də öz biçimi, öz rəngi, nəfəsi və ideyası var. Şairin ilk kitabı "Çapey"dən sonra bir-birinin ardınca çoxlu sayda poetik əsərləri işıq üzü görüb, oxucuların sevincinə səbəb olub.

Azərbaycan oxucusu Rəsul Rzanın tərcüməsində Fransua Viyon, Robert Berno, Henrix Heyne, Mixail Lermontov, Nikolay Nekrasov, İvan Turgenev, Taras Şevçenko, Emil Verxarn, Artur Rembo, Vladimir Mayakovski, Marina Svetayeva, Rabindranat Taqor, Federiko Qarsiya Lorka və onlarla görkəmli şair və yazıçının əsərlərindən nümunələri dilimizdə oxuyub. Bununla şair həm də xalqlar ədəbiyyatının bir-birinə yaxınlaşmasının, təbliğinin və təəssübünün də qayğısına qalıb. Bu əsərlərin hər biri onun tərcüməçilik səriştəsi, orijinal üslub və dəst-xətti haqqında da layiq olduğu fikirləri söyləməyə əsas verir.

Bəziləri deyir, Rəsul Rza cod, sərt adam olub. Amma onun bir çox şeirlərini oxuyanda bu fikrə birmənalı yanaşmaq olmur. İnanıram, indi şairin "Məndə ixtiyar olsa" şeirindən gətirəcəyim nümunə oxuculara bunun əksini deyəcək:

 

Mən istəyirəm:

buludlar ağlasın,

uşaqlar ağlamasın,

analı, ya anasız.

Mən istəyirəm:

güllər açılsın,

Güllələr açılmasın.

...Hər şey insana baxsın,

insan ələ baxmasın.

Axsın bulaqlar gözyaşı kimi

torpağın üzərində.

Göz yaşı bulaq kimi axmasın

dünyanın heç bir yerində

 

- deyən şair, körpələrin taleyindən yana nigarançılığını, İnsan oğlunun qürurunun, qeyrətinin təəssübkeşi kimi ürəyinin istəklərini dilinə gətirir. Əslində, Rəsul Rza ədalətsizliyə, yalana, xəyanətə qarşı cod, sərt və barışmaz olub. O, həmişə həqiqətin, haqsız yerə incidilənin yanında olub, istedadlılara qayğı göstərib.

Bir haşiyə: heykəltaraş Münəvvər Rzayevanın məndə olan gündəliyində onun Rəsul Rza ilə bağlı qeydlərini oxumuşam. Münəvvər xanım yazır ki, Mikayıl Müşfiqin heykəlini işləmişdim. Rəsul Rza Cəfər Cəfərovla emalatxanama gəlib hələ üzə çıxarmadığım heykəli görmüş və ikisi də onu çox bəyənmişdi. Şair 20 günə bu işi böyütməyi məndən xahiş etdi, daha doğrusu, mənə ictimai tapşırıq verdi. O vaxt R.Rza Yubiley Komitəsinin sədri idi. Müşfiqin heykəlini doğum gününə çatdırmağımı istəyirdi. İşi deyilən vaxta qədər tamamladım. Lakin Bədii Şura işimi qəsdən gözdən salır, qəbul etmək istəmirdi. Bir gün Rəsul müəllim mənə zəng etdi, xəbər aldı ki, niyə səsin çıxmır? Mən vəziyyəti olduğu kimi dedim. Rəsul müəllim əsəbiləşdi, mənə tapşırdı ki, Şuranın növbəti yığıncağında mənə xəbər elə. O, Bədii Şuranın yığıncağına gəlib çatdı. Şuranın üzvləri bir-bir çıxış edib, deyirdilər ki, burda obrazlılıq yoxdur. Rəsul Rza onları təmkinlə dinləyib, çıxış üçün söz aldı. Üzünü çıxış edənlərə tutub hamısına müraciətlə dedi ki, Müşfiqdən bir şeir söyləsinlər. Heç birindən səs çıxmadı. Rəsul müəllim belə olanda dedi: "Amma biz Müşfiqlə yaxın olmuşuq, günlərlə bir-birimizə şeirlərimizi oxumuşuq, baş-ayaq yatmışıq, deməli, mən sizdən yaxşı bilərəm ki, burda obrazlılıq var, ya yox. Münəvvər Rzayevanın heykəli Müşfiqin xatirəsinə dəyərli bir töhfədir". Rəsul Rza heykəlin yerini seçdiyim məkana narazılıq edənlərə də sərt cavab verdi. Bu işdə axıra qədər məni müdafiə etdi...

Rəsul Rzanın yaradıcılığı haqqında bir çox ədiblərimiz dəyərli fikirlər söyləmişlər. Burda onlardan ikisini xatırlatmağı zəruri hesab edirəm: "Rəsul Rza daha ziyadə lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şeirlərində real hadisələrdən çox real həyəcanlar, canlı xarakter və obrazlar təsvirindən çox, canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır" (Əli Nazim).

"Rəsul Rzanın şeriləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır" (Əhməd Cəmil)...

Rəsul Rza hər an bədii sözlə yaşayır, yaxşı əsərlər yazmaq barədə düşünürdü. Poetik kəşflərinə, ədəbi şəxsiyyətinə, çinar təki əyilməz vüqarına qısqanclıqla yanaşanlara etina etmədən yazıb-yaradır, millətinə, ədəbiyyatına xidmət edirdi.

Onun təbi həmişə bulaq kimi çağlayıb. Bu bulaqdan süzülən poetik incilər ictimai şüura, düşüncəyə yenilik gətirib, müəllifinin yaradıcılığına həmişəyaşarlıq qazandırıb. Şair yaşam boyu həyatın gerçək üzünü, real mənzərəsini, hər biri bədii lövhə təsiri yaradan məqamlarını, insanların ovqatını, təbəddülatlarla zəngin təbiətini bir rəssam, nəqqaş məharətilə, bəzən sözün qatı, bəzən də açıq rəngləri ilə çəib.

 

Rəsul Rzanın ömrü mükəmməl, fəlsəfi yaradıcılıqla yanaşı, mübarizələr içində keçib. Şair bu mübarizələrin bitmədiyini, həyatı boyu davam edəcəyini bildiyi üçün yazırdı ki: "Mübarizə bu gün də var, yarın da, Mən də onun ən ön sıralarında..." Bu mübarizələr mərhələ-mərhələ şairin həyatına özünün təzadlı təsirini göstərmiş yaradıcılığında açıq-aşkar ifadə olunub... Hər dəfə şairin yaşadığı həyatın izini, əksini gördüyüm əsərlərini xatırlayanda gözümün qarşısında Rəsul Rzanın əzəmətli görkəmi, mükəmməl obrazı canlanır. Mənə görə, şairin həyatı boyu yaşadığı ağrı-acılarının istiqamətverici ünvanı onun "Soruş"şeiridir:

Od nə çəkdi, küldən soruş!

Baş nə çəkdi, dildən soruş!

...Ömrün çətin yollarında

daşa ləpir salsa ayaq,

gün nə çəkdi, ildən soruş!

... Bəm xalların fəryadını zildən soruş!

Özünəməxsus yaradıcılıq yolunda səbatlı olan şairin ədəbi-bədii irsi Azərbaycan ədəbiyyatının, ictimai fikir tariximizin mükəmməl səhifəsidir.

 

Şəfəq NASİR,

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2024.- 15 iyun,№106.-S.20.