“Gərək Alim Qasımovun pərəstişkarı
olmazdım”
XANƏNDƏ-PEDAQOQ QƏZƏNFƏR ABBASOV:
"...ELƏ BİLMƏ Kİ, QƏZƏNFƏRDƏN
ÇOX BİLİRSƏN, SƏN HƏLƏ
QƏZƏNFƏRİN TOPUĞUNDASAN"
Ömrünü şam kimi əridənlər
sırasında Əməkdar müəllim, ustad xanəndə,
Seyid Şuşinski məktəbinin layiqli
davamçısı Qəzənfər Abbasovun ismini ehtiramla
çəkmək olar. Nə şan-şöhrət, nə
pul, nə də digər mənfəət ehtimalı Qəzənfər
müəllimi tutduğu yoldan döndərə bildi. O
özünə bir istiqamət seçmişdi. Bu gün də
həmin istiqamətdə öz abrına, biliyinə və
Allah tərəfindən bəxş olunan səsinə
sığınaraq Azərbaycan musiqisinə xidmət edir.
Heç bir vaxt giley-güzarını da dilə gətirməyib.
Qəzənfər Abbasovun pedaqoq kimi ağayanalığı
da məhz bu nəsnələrin fonunda özünü
büruzə verir.
Qəzənfər Nəcəfqulu oğlu Abbasov 1962-ci
ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan
olub. Ustadlardan muğamın sirlərini öyrənən Qəzənfər
müəllim 40 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə
məşğuldur. Bu fəaliyyəti nəticəsində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq sərəncamı ilə "Əməkdar müəllim"
fəxri adı ilə təltif olunub.
***
Müsahibə üçün Milli Konservatoriyaya
yollandım. Altıncı mərtəbəyə qalxanda liftin
qarşısında bir oğlan məni qarşıladı:
- Jurnalist sizsiniz?
- Bəli.
- Ardımca gəlin.
621-ci otağa daxil olanda tar "Çahargah"
muğamının "Müxalif" şöbəsini ifa
edirdi. Qəzənfər müəllimlə üzbəüz
bir tələbə əyləşmişdi. Şkafın
üstündə Seyid Şuşinskinin yağlı boya ilə
çəkilmiş böyük portreti var idi. Qəzənfər
müəllim "Müxalif"dən bir az oxuyur, tələbə
isə təkrarlayırdı. Birdən o möhtəşəm
"Mənsuriyyə" başladı. Qəzənfər
müəllim oxuduqca Seyidin "Mənsuriyyə"si
qulağımda cingildədi. Elə bildim, səs həmin
tablodan gəlir, oxuyan da Seyiddir.
Dərs prosesi bitən kimi Qəzənfər müəllim
mehribancasına sözə başladı:
- Nadir, xoş gəlmisən.
Hal-əhval tutandan sonra pencəyini geyinib dilləndi:
- Qocalsam da, gərək qayda-qanuna riyaət edim. Şəkillər
çəkiləndə pencəksiz düşməyim.
- İstidir, çəkəndə əvvəlcədən
özüm sizə deyəcəm, - əlavə etdim.
- Yox... Ümumiyyətlə, evdən çölə
çıxırsansa, mütləq formada olmalısan.
Əlibaba Məmmədov son günə qədər səliqəsini
qorudu. Elə ki xəstələndi, evdən bayıra
çıxmadı. Nə də istəmədi ki, kimsə
gedib onu görsün... Allah qəni-qəni rəhmət eləsin.
Sonuncu dəfə Konservatoriyaya gələndə liftin
qabağında mənə dedi ki, Qəzənfər, mən
getdim, muğamat amanatı, Seyidin yolunu davam etdirən,
muğamı dəqiq bilən sənsən... Gərək səsini
yazaydım.
- Biz sizə inanırıq.
- Allah ki şahiddir...
Qəzənfər Abbasov tələbələri yola
salandan sonra müsahibəmiz başladı.
- Qəzənfər müəllim, muğamatın
keçdiyi yol elə də hamar olmayıb. Müxtəlif təsirlər,
müxtəlif dəyişikliklər... İndi vəziyyət
necədir?
- Min illiklərdən gələn
muğamlarımız heç bir vaxt məhvə məhkum
olmayıb. Ayrı-ayrı dövrlərdə təbəddülata
uğrayıb və yenidən özünü bərpa edib.
Üzeyir bəy deyir ki, orta əsrlərdə şərqin
birgə təfəkkürünün məhsulu olan muğam
barigahı uçulub dağıldı və ayrı-ayrı
şərq xalqları bu barigahın kərpiclərindən
özləri üçün muğam
sığınacaqları tikdilər. O evləri də bizim
ustadlarımız qoruyub saxladı. Biz də muğama sadiq
xalqlardanıq. Mən xalq deyəndə Arazdan yuxarı, Dərbənddən
aşağını nəzərdə tutmuram; cənublu,
şimallı bütöv Azərbaycanı nəzərdə
tuturam. Eyni zamanda, digər xalqların muğamları da
özlərinə məxsus şəkildə inkişaf edib.
Üzeyir bəyə qədər muğam tarixi
çox keşməkeşli olub. Ayrı-ayrı dövrlərdə,
Azərbaycanda yaranmış dövlətlərin zamanında,
şah saraylarında muğamlarımız səsləndirilib.
Sonralar müxtəlif ədəbi məclislərdə -
Qarabağda "Məclisi-üns", "Məclisi-fəramuşan",
Şamaxıda "Beytüs-Səfa", Qubada
"Gülüstan", Lənkəranda
"Fövcül-füsəha", Bakıda "Məcməüş-şüəra"
xanəndələr oxuyublar. Eyni zamanda, həmin məclislərə
azan oxuyanlar da gəlirdilər. Azan vermək, növhə demək,
mərsiyə oxumaq, sinəzənlik məclisləri xanəndələrin
püxtələşməsində çox böyük rol
oynayıb. Bizim klassik xanəndələrimizin böyük əksəriyyəti
həm də mərsiyəxan olublar. Ona görə də onlar
ritmi, əruz vəznini, qəzəlin oxunuşunu yüksək
səviyyədə mənimsəyiblər.
Sovet dövründə də silsilə musiqi
ocaqları yaradılıb. Bununla da instrumental
ifaçıların və xanəndələrin sayı
artıb. Bu isə muğamların inkişafında
böyük rol oynayıb. 1925-ci ildə Üzeyir bəy
muğam biliciləri ilə birlikdə xüsusi muğam
proqramı hazırlayıblar. Bu gün də həmin proqrama əsasən
muğamlarımızı tədris edirik. Bu gün muğam həm
Milli Konservatoriyanın, həm də Asəf Zeynallı
adına musiqi kollecinin bel sütunudur. Buna baxmayaraq, həyəcan
təbili çalaraq bildirmək istəyirəm ki, Azərbaycanın
efir məkanında muğama olan münasibət birmənalı
deyil, təbliğat çox zəifdir. Nə yaxşı ki,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə o
muğam müsabiqələri təşkil olundu. O müsabiqələr
muğamların inkişafında böyük rol oynadı. Bu
proses həm də tədris prosesinə müsbət təsir
edir, gənc xanəndələr arasında rəqabət
yaradır, onlarda həvəs yaradır.
- Sizcə, problem təkcə təbliğat məsələlərindədir?
Ümumiyyətlə, muğamın tədrisinin hazırkı
vəziyyəti sizi qane edir?
- Tədris məni qane edir. Çünki nisbətən,
mükəmməl müəllimlərimiz mövcuddur. Amma
yarımçıq müəllimlərimiz də var. Heç
kimin əl-üzünü yumaq fikrim yoxdur. O
yarımçıq müəllimlər hesab edir ki, hər
şeyi mükəmməl bilirlər. Xeyr, heç bir şeyi
mükəmməl bilmirlər. Mən özüm bu gün
öyrənmək istəyirəm. Beş il Asəf
Zeynallı adına musiqi kollecində Nəriman Əliyevdən,
dörd il Musiqi Akademiyasında Arif Babayevdən, on iki il
muğam bilicisi, Bəhram Mansurov məktəbinin
davamçısı tarzən Valeh Rəhimovdan dərs
almışam, şairlərlə dostluq edib əruzu öyrənməyə
çalışmışam. Bununla belə, özümə
"bilirəm" sözünü deyə bilməmişəm.
Bəziləri özlərini elə aparırlar ki, elə bil,
alçaq dağları bunlar yaradıblar. Sən beş toya
gedib bahalı maşın sürə bilərsən, amma Qəzənfərin
o maşını yoxdur deyə, elə bilmə ki, Qəzənfərdən
çox bilirsən, sən hələ Qəzənfərin
topuğundasan.
- Bəziləri deyir ki, Üzeyir Hacıbəyli
klassik muğamı ixtisar etməklə ənənələrə
zərbə vurdu, tarın pərdələrinin
çıxarılması ilə köhnə guşə və
şöbələr də sıradan çıxdı. Bu
deyilənlərə münasibətiniz necədir?
- Azərbaycanda muğamın bugünkü səviyyəyə
çatmasının bir nömrəli səbəbkarı dahi
Üzeyir bəydir. Çünki Azərbaycan
muğamını elmi müstəviyə gətirdi, "Azərbaycan
xalq musiqisinin əsasları" elmi əsərini yazdı. Bu
əsər xalqımızın musiqi bünövrəsidir.
Üzeyir bəy Azərbaycan musiqisinin peyğəmbəridir.
Onun bəzi ixtisarlarının məqsədi muğamı,
tarı qoruyub saxlamaq olub. "Oxuma tar, oxuma tar, səni sevmir
proletar" yazırdılar. Bu tarı o şeirin içindən
xilas edən kim oldu? Üzeyir bəy... İtib-batmış
guşə və şöbələrdən söhbət
açırsız. Üzeyir bəy ona görə həmin
guşə və şöbələri ixtisar etmişdi ki,
çünki onlara ehtiyac qalmamışdı. O, ümumiləşdirmə
apararaq bir sıra guşələri birləşdirib
şöbələrə əlavə etdi. Məqsəd həm
də o idi ki, muğam Şərq musiqisindən ayrılıb
milliləşsin, müstəqilləşsin. Üzeyir bəy
sovet hökumətinin tələbini yerinə yetirməyə
çalışdı. Sovet hökuməti də başa
düşmədi ki, Üzeyir bəy o guşələri
şöbələrin daxilində saxlayıb. "O
olmasın, bu olsun" operettasında Sənəmin dilindən
"Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək"
hissəsi ariya deyil e, muğamın "Mənəvi"
adlı guşəsidir. Məsələn,
"Keşişoğlu" guşəsi operalarının
birində səslənir. Üzeyir bəy o guşələri
ixtisar etsə də, əsərlərində yaşatdı.
Bununla da Üzeyir bəy muğamımıza böyük
töhfə verdi. Bəzi ağzıgöyçəklər
danışır ki, Üzeyir bəy tara zərbə vurdu.
İndi get, tara nə qədər pərdə
bağlayırsan, bağla. Üzeyir bəy olmasaydı, biz
tardan da, muğamdan da məhrum olacaqdıq.
- Şöhrət və müəllimlik... Bu iki
anlayış ayrı-ayrı qütblərdədir. Yəqin
ki, mənimlə razılaşarsız.
- Bir sıra gənc müəllimlər toy xatirinə
tez-tez efirlərə çıxırlar. Onları buna görə
qınamaq mənim yaşıma uyğun deyil. Amma əvvəlcə
onları müəllimliyi və muğamı yaxşı
öyrənməyə dəvət edirəm. Yaxşı
öyrənəndən sonra hər şeyə nail olmaq olar.
Eyni zamanda, həqiqətən, yaxşı oxuyan, yaxşı
bilən və pedaqoqluğunu mükəmməlləşdirən
cavanlar var. Onların da sayı çox deyil. Yaxşı
pedaqoq həm də yaxşı xanəndədir. Məsələn,
Sabir Abdullayev kimi müəllimlər tək-tək yetişir.
Belə müəllimləri qorumaq lazımdır. Təqaüd
yaşına görə onu işdən
çıxardıblar. Hətta nazir müavininə xahiş
etdim ki, belə müəllimlərə güzəşt edin,
barı 70 yaşa qədər işləsinlər. Bu qədər
muğam dəryasını dəfn etmək olar? Axı belə
müəllim yoxdur. Sən onu aparıb qaratikanlığa
tulladın, məhv oldu. Bəs onun biliyindən necə bəhrələnsinlər?
Fəxri adı olsaydı, bəlkə də, saxlayardılar.
Gərək, ona vaxtında Əməkdar müəllim, Əməkdar
artist, Xalq artisti adı veriləydi. Sabir Abdullayev hər
şeyə layiqdir.
- 40 ilə yaxındır oxuyursuz, öyrədirsiz,
çoxsunun istinad nöqtəsisiz. Hərdən deyirlər
ki, Aygün Kazımova, Röya Xalq artistidir, amma daha layiqli
şəxslər fəxri adsızdır. "Əməkdar
artist", "Xalq artisti" fəxri adı
almadığınıza görə məyus olursunuzmu?
- Bu barədə danışmaq çətindir... Fəxri
ad üçün cənab Prezidentə təqdimat verənlər
hər kəsi vaxtında nəzərə almalıdılar.
Hansısa mədəni qurumun rəhbərinin vəzifəsidir
ki, bu vasitəçilik missiyasının öhdəsindən
ədalətlə gəlsin. Elə götürək Sabir
Abdullayevi. 40 yaşı oldu, 50 yaşı oldu, 60 yaşı
oldu, heç bir fəxri ad almadı, indi də təqaüd
yaşına görə işdən
çıxarmısız. Belə şey olar? Axı Sabir
Abdullayev 30-dan çox ölkədə muğamı təbliğ
edib. Yaxud Qəzənfər Abbasovun bu qədər xidməti
var. Əgər bu fəxri ad varsa və müxtəlif şəxslərə
verilirsə, bu, Sabirə də, Qəzənfərə də
verilməlidir. Məsələn, Mütəllim Dəmirov 30
ilə yaxındır ki, Opera və Balet teatrında can qoyur, nə
olar ki ona bir ad verəndə? Mahmud Salah 50 ilə
yaxındır qaval ifaçısıdır. Mən
gözümü açandan o efirdədir. Heç bir fəxri
adı yoxdur. Şəxsən mənim də ürəyimdən
keçir ki, fəxri ad alım. Çünki buna mənim
ixtiyarım çatır. Bu qədər tələbə
yetişdirmişəm. Yetirmələrin müsabiqələrdə
yer tutublar. Sağ olsun ölkə başçısı, mənə
ev verib, Əməkdar müəllim adım var. Cəmi,
dörd Əməkdar müəllim adını daşıyan
xanəndə olub: Seyid Şuşinski, Nəriman Əliyev, Sərdar
Bağırov və mən. Yəqin, digər adları da nə
vaxtsa alaram... Estrada ifaçılarına böyük hörmətim
var. Röyanın adını çəkdin. Onunla şəxsi
tanışlığım yoxdur. Amma onun oxumağını
bəyənirəm, öz janrında şedevrdir. Aygün
Kazımova da həmçinin. Mənim muğamımı
oxuyub korlamır ki? Gecə-gündüz konsertlər verirlər.
Oxusunlar... Onların fəxri ad almağı məni qəti
narahat eləmir, əksinə, sevindirir.
- Hərdən öz-özünüzə demisizmi ki,
kaş müəllimlik yolun tutmazdım, konsertlərdə,
toylarda, efirlərdə məşhurlaşardım, hər
şey başqa cür olardı?
- Elə fikirləşsəm, ustadıma kəm
baxmış olaram. Çünki mənim ustadım Nəriman
Əliyev də, onun ustadı Seyid Şuşinski də müəllimlik
yolunu tutublar. "Kaş bu yolu gəlməyəydim" deyə
bilmərəm. Nəriman müəllim deyirdi ki, sən
yaxşı müəllim olacaqsan, muğamları
yaxşı öyrən. 1991-ci ilin oktyabrında məni
televiziyaya apardı, ifamda "Şüştər"
muğamını lentə yazdırdı, o səs
yazısı Qızıl Fondda qalır. Nəriman müəllim
bir gün dərsə gələndə dedi ki, köpəyoğlu,
bir "Şüştər" oxumusan, dədəbə dədənə
də bəsdir, bundan sonra heç nə oxumasan da olar.
- Tez-tez bu mövzuya toxunulur: bəzi xanəndələr
sözə fikir vermirlər, ifadələr başa
düşülmür. Bu problemin daimi
aktuallığının səbəbi nədir?
- Sözə münasibət ən axırıncı
plana keçib. Bu da son beş ilin vurduğu yaradır. Mənim
bir kitabça qəzəlim var. O kitabçada, bəlkə də,
400-500 qəzəl var. Hamısını da əzbər
bilirdim. Hövsanda bir toyda yeddi dəfə dəsgah
oxumuşam, hamısını da ayrı-ayrı qəzəllərlə.
Klassik xanəndələrimizin sözə münasibəti
çox yüksək olub. Burada müəllimlərin çox
böyük rolu var. Sözün tələffüzü, qəzəlin
əzbərlənməsi ən vacib məsələdir.
Pandemiyadan sonra vəziyyət lap pisləşdi. Məsələn,
Füzulinin "Pənbeyi-daği-cünun içrə
nihandır bədənim" mətlə beyitli qəzəlini
50 ilə yaxındır bilirəm. Hərdən elə olur,
bax bu qəzəli oxuyan yerdə söz yadımdan
çıxır. Bu həm yaşla, həm də pandemiya
dövrü ilə əlaqəlidir... Bu da bəhanədir,
Aqil Məlikovun niyə yadından çıxmır? Deməli,
daha yüksək səviyyədə öyrənmək
lazımdır.
- Təəssüf ki, musiqi sənətində də
monopoliya və yerlipərəstlik vüsət alıb. Efirlərdə
görünən eyni simalar və onların tələbələri
də buna bariz nümunədir...
- Mən monopoliya və yerlipərəstlik söhbətlərində
yoxam. Əgər olsaydım, çox şeylərə nail
olardım. Olmamışam, indidən sonra da ola bilməyəcəm.
Kaş məni də monopoliyaya qəbul edəydilər. Bu tərəfdən
yaxşı şeydir. Amma o biri tərəfdən də
baxanda adam nifrət edir. Deyirlər ki, filankəs gündə
efirdədir, bəs bəhmənkəs niyə
görünmür? Bu məsələdə efirlərin də
günahı böyükdür... Yaxud qastrollara eyni adamlar
gedir. Niyə? O qədər yaxşı xanəndələrimiz
var ki... Mən yox, özümü demirəm, söhbət Qəzənfər
Abbasovdan getmir... Bir məclisdə idik. Görkəmli xanəndəmiz
Vahid Abdullayevdən "Zabul" xahiş etdilər. O da
çox gözəl oxudu. Sonra bir başqa xanəndə də
"Zabul" oxudu. Vahid oxudu da "Zabul"u, ondan sonra eyni
muğamı oxumağın adı var? Sözümün
canı odur ki, adamlar özü gərək etika sahibi olsun,
öz məsləkdaşının yanında abır-həya
eləsin.
- Sənətdə şans da böyük rol
oynayır. Qəzənfər Abbasovun şansı gətirdi?
- Əlbəttə, xanəndənin şansı da
olmalıdır. Şans vacib məsələdir. Şans gətirəndə
gətirir... Mənim şansım bura qədər gətirdi.
Qismət olar, bundan sonra da gətirər. Müəllimlik mənim
üçün peşədən əlavə, yaşamaq səbəbidir.
- Alim Qasımovun fərqli üslubunu və
yenilikçiliyini qəbul etməyən, mühafizəkar
yanaşanlar var. Nə dərəcədə
haqlıdırlar?
- Mən o vaxtı da Alim Qasımovun ifasını
sevmişən, indi də sevirəm. Gərək Alim
Qasımovun pərəstişkarı olmazdım. "Musiqi
klubu" verilişi var idi. Bəhram Mansurov tarda
çalırdı, izah edirdi, Alim Qasımov oxuyurdu.
Heyvanları axşam 5-də örüşdən gətirirdim,
yığırdım qapıya. Gəlib oturub verilişə
baxırdım. Bir də görürdüm ki, anam kürəyimin
ortasına çubuqla vurur ki, ədəəə, bu
heyvanları niyə indidən gətirib yığmısan
qapıya, ay sənin ciyərin yansın, bu heyvanlar
qırıldı axı acından. Alim Qasımovun belə bir
balaca cinayəti var, onun pərəstişkarı olduğuma
görə anam məni döyürdü.
Onun ifaçılığına ikili münasibət
bəslənilməsinə bir söz deyə bilmərəm, hərənin
öz fikri var. Amma "Alim Qasımov klassik muğama ziyan
vurdu" deyən kəs əvvəlcə onun dədə-baba
yolu ilə oxuduqlarına qulaq assın, öyrənib
qırağa çıxsın, ömrü çatsa, improvizəli
oxumaqları barədə sonra danışar. Alim Qasımov
toyxanadan çıxanda 35 yaşı vardı, cavan oğlan
idi. Toylar onu yordu. Məclisdə bir dəfə "Bayatı
Şiraz" oxuyarlar də, on beş dəfə oxumazlar ki...
Gördü, bəzi insanlar başa düşmür. Pulu
Alimin qabağına tökürdülər, axırda
hamıya bərabər bölünürdü. Bunu Allah da
götürməz. Alim Qasımov bütün
muğamlarımızı klassik ənənəyə söykənərək
ifa edib. Sonra da nə oxuyubsa, yaxşı edib oxuyub. Alim həm
də yaxşı pedaqoqdur. Mən onun sinifində çox
oturmuşam. Getsinlər, Alim Qasımov
yaradıcılığını yaxşı nəzərdən
keçirsinlər, sonra danışmağa sözləri olsa,
nə istəyirlər danışsınlar.
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 15 iyun,№106.-S.18;19.