"Parazit":
müftəxorluğun anatomiyası
Esse
Çağdaş Koreya rejissoru Pon Cun Honun geniş
rezonans doğuran "Parazit" filmi haqqında qeydlərə
keçməmişdən qabaq onun sənətə gəlişiylə
bağlı bir neçə fakta baxmaqda fayda var.
Çünki bu faktlardan bəziləri "Parazit" filminin
şərhində bizə bələdçilik edəcək.
Pon Cun Ho 1992-ci ildə, əsgərlikdən qayıdan
kimi, kinoman dostlarıyla birlikdə "Sarı qapı"
adlı bir film qrupu yaradır. Həmin illərdə dalbadal
bir neçə qısa film çəkir: "Ağ
adam", "Ətrafımdakı xatirələr" və
"Ziddiyyət". Bunların içində "Ziddiyyət"
filmi mövzu və struktur baxımından rejissorun sonrakı
işlərinin rüşeymini öz canında
daşıyır.
"Ziddiyət" üç hissədən və
bir epiloqdan ibarətdir, adından da göründüyü
kimi, insan əməllərindəki ziddiyyətlər,
paradokslar barəsindədir. Bu, eyni zamanda, rejissorun Koreya Film
Akademiyasındakı diplom işidir. Filmdəki ilk üç
hissədə öz əxlaqsızlıqlarını
ört-basdır etmək istəyən müxtəlif
adamları "Son söz" adlanan yekun hissədə bir yerdə
görürük. Onlar bir televiziya verilişindəki debatda əxlaqdan,
namusdan, Koreyanın mənəvi gələcəyindən dəm
vururlar...
Pon Cun Ho rejissor kimi 2003-cü ildə çəkdiyi
"Cinayət gündəlikləri" adlı filmlə daha
geniş tanınıb. Bu filmdə rejissor silsilə qətllər
törədən qatilin üstü açılmayan cinayətlərini
hərbi diktatura dövrünün atmosferiylə həmahəng
şəkildə təqdim edir. İlk baxışdan ənənəvi
detektiv sujeti olan bu filmdə rejissor əvvəllər Koreya
kinosunda olmayan riskli gedişlərə əl atıb. Belə
ki, filmin sonunda qatil tapılmır və ənənəvi
xoşbəxt sonluq baş vermir, üstəlik, film boyunca cinayətkarları
baxışlarından tanıdığını deyən
müstəntiq finalda üzünü kameraya çevirib
tamaşaçılara baxır...
Rejissor 2013-cü ildə ötən əsrin 80-ci illərində
yazılmış bir fransız komiksini "Qarkürüyən"
adıyla ekranlaşdırdı. Bu, post-apokaliptik (qiyamət
sonrası) bir dünyada baş verən qəribə əhvalatdır.
Bu filmdə rejissor sinfi münasibətləri arxadakılar-irəlidəkilər
qarşıdurması üstündə qurub, ancaq ona dünya
şöhrəti və mükafatlar gətirən
"Parazit" filmində bu problem
yuxarıdakılar-aşağıdakılar ikiliyi
üstündə ifadə edilib.
"Parazit" filmi proloqda, birinci kadrdaca öz
mövzusunu, motivlərini tamaşaçıya açır:
yaxın planda qəfəsə oxşar bir nəsnədən
qurumaq üçün asılmış corablar, arxa planda isə
yarımzirzəmi evin pəncəsərindən görünən
yarımçıq, arada qalmış bir dünya mənzərəsi.
Bu, nə tam aşağıdır, nə də tam yuxarı:
aralıq vəziyyətdir. Bir neçə saniyə sonra
kamera yuxarıdan aşağı enməyə başlayır
(filmin davamında sujetin vektoru əksinə,
aşağıdan yuxarı doğru olacaq) və biz cavan bir
oğlanı internetə qoşulmaq üçün qonşunun
vay-fayını tutmaq istəyərkən görürük.
Ailənin oğlundan sonra kadra qız da daxil olur, qardaş
bacısına gileylənir ki, üst mərtəbədəki
qonşu modemə şifrə qoyub! Sonrakı səhnədə
ata və ananı da görürük, qadın kişini
dümsükləyir ki, özünü
yatmışlığa vurma, dur, telefon kəsilmişdi, indi
internet getdi. Beləliklə, proloqdaca məlum olur ki, necə
ki, bir vaxtlar sədaqətin əldən getməsinə
görə Oblonskilərin evində hər şey baş-ayaq
olmuşdu, XXI əsrdə vay-fayın itməsinə görə
Kim ailəsinin evində hər şey alt-üst olub.
Bütün zəhmətkeşlər bir-birinə bənzəyirlər,
parazitlərin isə hərəsi bir cür parazitdir.
Parazitin çalarları çoxdur: bioloji mənada
bit, birə, gənə, başqa orqanizmdə yaşayan hər
cür bakteriya; antropoloji mənada müftəxor, ortada yeyib
qıraqda gəzən, havayı məclis axtaran, tüfeyli. Qəribədir,
bir çox dildə arxa planda narahatlıq yaradan küyə, sükutu
pozan səsə də parazit deyirlər. Sözün
bütün mənalarında parazitin varlığı həmişə
başqalarına bağlıdır: öz evi, məkanı,
müstəvisi olmur - başqasının mühitinə
çökür, öz cibi olmur - başqasının cibindən
dolanır. Parazit yaşamaq üçün hər gün
özünü aldatmalıdır, özünə bəraət
qazandırmalıdır, tez-tez "burada nə var ki?" deməlidir.
Klassik ədəbiyyat, Krılovun məşhur təmsilini
yada salsaq, qarışqanı zəhmətkeş,
cırcıramanı müftəxor, parazit kimi işarələyir.
Eynilə, Məmməd Arazın unudulmaz misralarındakı
kimi:
"...Bir ağılın budağından
sallanıb,
Neçə-neçə ağlı dayaz
yaşayır..."
"Parazit" filminin mərkəzində yoxsul Kim ailəsi
(dörd nəfər) ilə varlı Park ailəsi (simmetrik
olaraq dörd nəfər) durur. Film aşağıdan
yuxarı, yəni yoxsulların min bir fırıldaqla varlıların
evinə sızmasından bəhs edir. Filmin əvvəlindəki
dilsiz kadrlardan birində yoxsul Kim ailəsinin evində bir foto
görürük: ana cavanlığında çəkicatma
üzrə medal alıb. Bu kadrın simmetrik
qarşılığı varlı Park ailəsinin evində
olacaq: orada evin kişisinin çoxsaylı diplomları,
sertifikatları, təltifləri var.
Filmi şərti olaraq iki hissəyə bölmək
olar: birincisi, yarımzirzəmidə yaşayan Kim ailəsinin
yaşayışı haqqında müəyyən mənada
komik planda çəkilmiş hissələrdir; ikincisi, Kim ailəsi
tam heyətlə özlərini varlı Park ailəsinə
dürtüşdürəndən sonrakı get-gedə tragikləşən
səhnələr.
Birinci hissədə yoxsul ailənin oğlu Ki-Vunun
dostu onlara Min qonaq gəlir. Bu səhnə özlüyündə
çox xarakterikdir: yarımzirzəmi evindən pəncərəsindən
çöldə bir sərxoş adam görünür, burada
kameranın rakursu deyir ki, bu ailə küçə əyyaşlarından
da aşağıdadır. Çöldəki əyyaşa
söz deməyə cürətləri çatmayan ailənin
imdadına oğlanın dostu Min gəlir. Gözlənilməz
qonaq Kim-Vuya filmin metaforik qatı üçün çox
böyük əhəmiyyət olan bir hədiyyə verir: bu,
"Qonqşi" adlı qaya parçasıdır. Əsrlərdir
bu daş parçaları Çində, Koreyada şairlərə,
rəssamlara ilham verib. Ancaq bu qaya parçalarının əsas
mənası odur ki, inanca görə, onlar uğur, bərəkət
gətirirlər. Bu daşla filmdə mifoloji bir mexanizm işə
düşür: çiynindəki daşın
aşağı düşəcəyini bilə-bilə
yuxarı dırmaşan Sizif!
Kim ailəsinin çiyninə bir qaya parçası gətirən
Min dostuna deyir ki, mən xaricə gedirəm, Park ailəsinin
qızlarına ingilis dili dərsini məndən sonra istəyirəm
sən deyəsən, qızdan xoşum gəlir, başqa
heç kimə etibar edə bilmərəm. Kim-Yu diplomsuz
olduğunu xatırladır, dostu dillənir, demirdin, bacın,
sənətçi ruhludur, saxla bir diplom düzəltsin! Sənətçi
ruhlu bacı (Ki-Yunq) fotoşopda öz məharətini göstərir
və bu andan sonra Kim-Yu bir növ Molyerin Tartüfü olur.
Molyerin eyniadlı əsərindəki Tartüf kimi
fırıldaqla özünü zənginlərə qəbul
etdirir, onların qızlarıyla mazaqlaşır.
Rejissor filmdə sinfi fərqin vizual həllini
aşağı enən, yuxarı çıxan pilləkənlər,
pəncərədən görünən mənzərələr,
işıq-qaranlıq vasitəsilə göstərir. Məsələn,
Kim-yu Park ailəsinə ingilis müəllimi kimi gedərkən
daim aşağıdan yuxarıdan çıxan yollardan
keçir, qapılardan içəri keçdikdən sonra yenə
bir pilləkən yuxarı qalxmalı olur, burada günəş
onun gözünü qamaşdırır və nəhayət
səliqəli, təmiz, yaşıl həyətə daxil
olur. Bura kiçik cənnətdir. Park ailəsinin salonundan həyətə
gözəl bir mənzərə açılır, elə
bil, evin böyük pəncərəsi plazma ekran televizordur.
Kim ailəsinin evində bu tərsinəydi, onların
yarımçıq pəncərəsindən ancaq sərxoşların
ayaqları, küçənin çirkabı
görünür. Film bu cür vizual simmetriyalar üstündə
qurulub.
Beləliklə, Kim ailəsi oğlanlarının
ingilis dili müəllimi kimi qəbul edilməsindən sonra
sırayla, bir-birini tanımayan tamam başqa adlar altında
Park ailəsinin evinə girirlər: bacı Kim-Yunq evdə
tez-tez ruh gördüyünü deyən rəssamlığa
meyli olan oğlan uşağının sənət terapisti,
ata sürücü, ana qulluqçu kimi. Hamısı da
fırıldaqla - qızın guya özünəməxsus sənət
terapiyası metodu var, keçmiş sürücüyə
torba tikirlər - guya maşında sekslə məşğul
olub, qulluqçu qadının şaftalıya allergiyası
olmağını öyrəndikdən sonra onu
tüberküloz xəstəsi kimi göstərirlər.
Ancaq filmdə üçüncü ailədə peyda
olur. Bir gün ev yiyəsi Park ailəsi şəhərdən
kənarda olarkən başları lüks evdə başları
kef-damağa qarışan Kim ailəsinin sevinci
yarımçıq qalır. Qapı döyülür və
işdən qovulan qulluqçu qadın evin zirzəmisində
bir şey unutduğu üçün icazə istəyir. Məlum
olur ki, evin altında Şimali Koreyanın hücumundan qorunmaq
üçün tikilmiş böyük bir yeraltı ərazi
var, keçmiş qulluqçu neçə illərdir sələmçilərə
borcu olan ərini burada gizlədirmiş. Bu sirrin üstü
açılanda, köhnə parazitlərlə təzə
parazitlər arasında iqtidar mücadiləsi başlayır.
Bu mücadiləni Kim ailəsi qazanır.
Filmdə sinfi fərqləri göstərən elementlərdən
biri də məhrəmlik anlayışına edilən
vurğudur. Park ailəsinin evi ətraf aləmdən təcrid
edilmiş, qapalı, gözəl, steril bir qala kimidir;
onların evində ayaqyolu gözə dəymir. Ancaq Kim ailəsinin
evi əksinə, küçədən keçən hər
kəs onların səkiylə adaş pəncərələrindən
içərini görür, üstəlik, onların evində
ayaqyolu ortalıqdadır, evin ən hündür yerindədir
və bu, yeganə məkandır ki, internet orda yaxşı
tutur.
Filmin metaforik də olsa, əsas personajlarından biri də
yağışdır. Hər iki ailənin xarici aləmlə,
ətraf mühitlə, dünya ilə münasibətləri
yağışa münasibətdə göstərilib. Park ailəsinin
salonundan çöldəki yağış ecazkar gözəllikdə
bir hadisə, möhtəşəm bir tablodursa, Kim ailəsi
üçün kanalizasiyanın daşması, hər yeri su
basması, gecəni məktəbin idman zalında keçirmək
deməkdir. Kim ailəsinin leysanda evlərinə tələsdiyi
səhnədə onları daim aşağı düşən
pilləkənlərdə görürük. Rejissor sanki belə
deyir: kasıbın pilləkənləri də
yağış kimi üzü aşağıdır.
QİSMƏT
525-ci qəzet.- 2024.- 15 iyun,№106.-S.17.