XOŞBƏXT MƏZAR
O günün ardınca çıxan qəzetlərdə
iki ölüm barədə xəbərlər birinci səhifədə
idi. Həyatdan gedənlərin hər biri yetərincə məşhur,
ikisi də öz sahəsinə görə istedadlı
insanlardı.
Vəfat edənin biri və daha çox diqqət
ayrılan neft milyonçusu Ağa Musa Nağıyev idi.
"Azərbaycan" qəzeti 1919-cu il 6 mart sayında
çoxdan bəri xəstə olan və ömrü 90
yaşında bitən Nağıyev haqqında yazırdı
ki, "əvvəli kasıb və ömrünün
axırınadək savadsız olan bu mərhumun sərvətcə
bu dərəcəyə yetməsi ticarət aləmində nə
qədər istedada malik olduğunu göstərir".
Hər iki mərhuma həsr edilən yazılarda ən
əvvəl onların cəmiyyət üçün
faydalılıq dərəcəsinə diqqət yönəldilir
və səhnə ulduzu Hüseyn Ərəblinskinin bunca
vaxtsız gedişinin necə dərin boşluq
yaratdığı xüsusi vurğulanırdı. Xəlil
İbrahim birmənalı yazırdı ki, "səhnəmiz
buvaxtadək nə qədər dəyərli xadim qeyd
etmişsə, böylə bir zərbə yeməmişdir. Bu
zıya (itki - R.H.) Qafqaziya türk səhnəsi
üçün bir ordunun baş komandanını qeyb etməsi
kimidir".
Hüseyn Ərəblinski ilə ayrılıq günlərində
həmin vaxt digər qəzetlərin yazdıqlarından bu
böyük aktyordan sovet dönəmində söz açanlar
ara-sıra iqtibaslar gətirmişlərsə də, Azərbaycan
Xalq Cümhuriyyətinin baş qəzeti "Azərbaycan"ın
adı, elə Müsavat hökuməti kimi, SSRİ
çökənədək "qara siyahı"larda
qaldığından yan keçilmişdir. Odur ki, "Azərbaycan"dakı
yanğı dolu və sərrast qiymətvermələri əks
etdirən o ilk vida yazılarının əks-sədasının
heç olmazsa indi eşidilməsinə ehtiyac var.
Ənənəvi olaraq Ərəblinskini dayısı
oğlu Əbdülxalıqın qətlə yetirdiyi söylənib
və yazılıb, qətldən az sonra daha bu işin
dalınca düşən də olmayıb, beləcə, qan
batıb.
Əlbəttə, üstündən bu qədər
sovuşandan, şahidlərin, sübutların təqribən
hamısı həyatdan gedəndən və yox olandan sonra əsl
qatilin və təşkilatçıların dəqiq müəyyənləşdirilməsi
mümkünsüz qədər çətindir. Amma tariximizin
qanlı və kədəri soyumayan bir səhifəsi
haqqında əsl həqiqətləri doğru bilməkçün,
həm də ədalət, insaf naminə ən azı buna cəhd
etmək gərəkdir.
Sui-qəsd törədilirsə, təbii ki, bu, qəfil
baş versə də, tədarükü irəlicədən
görülən hadisədir. Adam öldürmək sadə məsələ
deyil ki. Canlı insana yaxın məsafədən odlu silahdan
atəş açıb onu öldürmək anının
öz vahiməsi var ki, bu səddi aşmaq hər adamın, hətta
hər peşəkar qatilin də işi deyil. O qədər təsadüflər
olub ki, biri digərinin üstünə silah çəkib, elə
qəsdi də öldürmək olub, ancaq tətiyi çəksə
də, içərisindəki həyəcandan atəş
açılmayıb, ya son anda əli titrəyib, güllə
yan keçib. Sənət tariximizdəki ən müdhiş qətllərdən
olan Ərəblinski faciəsinin ailə-məişət
münasibətləri müstəvisində baş verən
hadisə olmadığı məni hələ ilk gəncliyimdən
düşündürüb, belə qənaətə gəlməyimə
hələ tələbəlik illərimdə Maestro Niyazidən
eşitdiyim söz də çox ciddi əsaslar yaradıb.
Ərəblinski öldürüləndə Niyazi 8
yaşında olmuşdu (Rəsmi sənədlərdə onun
təvəllüd tarixi 1912-ci il göstərilsə də,
özü mənə söyləyib ki, əslində 1911-ci
ildə doğulub. Bunu sübut edən bir əhvalat da
danışırdı ki, 1911-ci ildə atası
Zülfüqar Hacıbəylinin rəhbərlik etdiyi truppa
qatarla Bakıdan Tiflisə gedirmiş və o vaxt adı hələ
Knyaz olan Niyazi də anası Böyükxanımın
qucağında imiş. Maestro söyləyirdi ki, sonralar hər
dəfə Niyazinin neçə yaşı olar söhbəti
düşəndə Mirzağa Əliyev məzə ilə
deyərmiş ki, bilmirəm neçə yaşı var, ancaq
1911-ci ildə mənimlə Gürcüstana qastrola gedib).
Hüseyn Ərəblinskini mənə ilk dəfə
yaxından "göstərən" və sevdirən elə
Maestro olmuşdu. O, Ərəblinskini uzaqdan-uzağa yox, elə
öz evlərinin içərisindən tanıyırdı.
Hüseyn onun atası, bəstəkar Zülfüqar Hacıbəyovla
yaxın dost olmuşdu. Maestro Ərəblinskinin zahiri
görünüşünü elə heyranlıqla və elə
ayrıntılı təsvir edirdi ki, mənə elə gəlirdi
böyük aktyoru həyatda elə özüm də
görmüşəm. Hüseyn Ərəblinskinin məşhur fotosu, yəqin, hər
kəsin göz yaddaşındadır. Baxınca o şəkildə
ilk diqqəti çəkən aktyorun ağ, hündür
varatniki - boyunluğu olur. Maestro Niyazi isə Hüseyn Ərəblinskinin
həmin dik ağ boyunluğu ilə bağlı bir cəhəti
lap dəqiqləşdirirdi. Deyirdi ki, Hüseyn Ərəblinskinin
şalvarındakı şax gendən diqqəti çəkirdi,
həmişə elə təsəvvür yaranırdı ki,
sanki kostyumu ütüdən bu dəqiqə çıxıb
və bir də boyunluğu həmişə dumağ və dik
olardı. Atam deyərdi ki, Hüseyn hər gün
nişastalanmış təzə boyunluq taxır, varatnik
çox sərt olduğundan boynunu döyəcləyərdi,
ona görə həmişə boynunda qırmızı bir xətt
olardı.
Niyazinin dilindən eşitdiyim, heç bir fotonun
çatdıra bilməyəcəyi, yalnız yaxın məsafədən
sevgi ilə müşahidə edilən belə cizgilər
Hüseyn Ərəblinskini qəlbimə, ruhuma çox
yaxınlaşdırmışdı və Maestro Niyazi
Hüseyn Ərəblinskinin qətl olunduğu gün
haqqında da xatirələrini bölüşürdü.
Deyir, evdə oturmuşduq, qardaşımla dərslərimizi
hazırlayırdıq, atam nəşrinə
başlayacaqları "Övraq-i nəfisə"
üçün məqalə yazırdı və bu arada
evimizin daimi qonaqlarından olan Məmmədəli Sidqi
hövlnak girdi içəri. Biz həmişə
qardaşımla onun danışığına gülərdik,
çünki "ev" yerinə "əv" söylərdi
və indi də həyəcanlı halda dediyi ilk söz elə
"əv" oldu, qardaşımla mən istər-istəməz
gülüşdük: "Əvimiz yıxıldı, ay Zülfüqar bəy!" Ancaq
bunu deyəndən sonra hönkürtü ilə
ağlamağa başlayanda biz tutulduq, xırp səsimizi kəsdik,
atam da təşviş içində ayağa qalxdı ki,
"Nə olub, ay Məmmədəli?" Səsi
qırıla-qırıla cavab verdi ki, Hüseyni
öldürdülər...
Niyazinin evində Ərəblinskinin
dəfn gününün məşhur fotosu da vardı və
yataq otağındakı yazı masasının üstündə
olardı. Həmişə deyərdi ki, o adamların
arasında mən də varam, çünki dəfnə ailəlikcə
getmişdik, anam məni də əlimdən yapışaraq
özü ilə aparmışdı və "İsmailiyyə"nin
yanınacan getdik, cənazə izdihamı oradan qəbiristanlığa
sarı hərəkət etməyə başlayanda anamla mən
Terequlovalarla birgə evə qayıtdıq.
Həmin fotoda Terequlova bacılarından biri əlində
Ərəblinskinin şah rollarını ifa edərkən
başına qoyduğu tacı, digəri isə
qılıncını aparır...
O qüssəli günlərdə, atasının, əmiləri
Üzeyir və Ceyhun bəylərin, atasının
dostlarının axşamlardan birində öz evlərində
yığışaraq dərdləşdiyi əsnada
xısın danışıqlardan qulağına dəymiş
bu sözləri Niyazi unutmamışdı: "Bu işin
dalında duranlar var".
Maestrodan neçə dəfə xəbər
almışdım ki, bəs sonralar bu barədə nəsə
söhbətlər oldumu, işin ardınca
düşüldümü, "yox" demişdi; Ərəblinski
ilə çox yaxın olmuş Hüseynqulu Sarabskinin
oğlu, teatrşünas, sənətkarların ailə
tarixçələrini dərindən bilən Azər
Sarabskidən xəbər almışdım, o da
atasının hansısa təfərrüatlara varmadan "Bu
iş tək Xalıqlıq deyildi" dediyini söyləmişdi;
Hüseyn Cavid yadigarı, uzun illər İncəsənət
İnstitutunda teatr tarixindən dərs demiş Turan
xanımdan evlərində heç Ərəblinski söhbətlərinin
gedib-getmədiyini soruşmuşdum, anası Mişkinazın
ona danışdıqlarını mənə söyləmişdi
ki, Ərəblinskinin ölümündən illər sonra,
artıq Cavidlər ailəsinin İstiqlaliyyət küçəsində
yaşadığı vaxtlarda bir axşam Abbas Mirzəylə
Mərziyyə xanım onlara qonaqmış, söhbət bu
küçənin var olduğu müddətdə ikicə dəfə
- bir Ərəblinskinin dəfnində tabut burada, "Cəmiyyət-i
xeyriyyə"nin qarşısında qoyulub matəm mitinqi
keçiriləndə, bir də elə həmin 1919-cu ilin 28
mayında - Cümhuriyyətin 1 yaşı bayram ediləndə
adamlarla tamam dolu olduğu, keçilməz hala gəldiyindən
düşübmüş. "Necə oldusa, Baba (Cavidin
uşaqları ona "Baba" deyə müraciət edərmişlər
- R.H.) dedi ki, o vaxt Ərəblinski öldürüləndə
nəsə həddən ziyadə şayiələr
yayıldı, elə bil qəsdən belə edirdilər ki,
camaat çaş-baş qalsın, əsl səbəb bu
şayiələrə qarışaraq itib-batsın".
O dövrdə hansı şayiələrin
dolaşdığı barədə unudulmaz aktyorumuz
Ağasadıq Gəraybəylidən də soruşmuşdum,
təsdiqləmişdi ki, həqiqətən, hərə bir
söz danışırdı, hətta bu qətlin guya
qadın məsələsi ilə bağlı olduğu xəbərini
də buraxmışdılar, kimsə inanmasa da, hər halda
bunu da yaymışdılar.
Şayiələr o qədər çox, fərqli, təzadlı - inanılası və yaxına
buraxılmamalıymış ki, Sultan Məcid Qənizadə
onları ümumən bir qırağa qoyub fikir verməməyi
tövsiyə edirdi: "Ərəblinskinin üstündə
çağlayan qan çanağı nahaq tökülən
qan dəryasından bir qətrə kimi olduğunu diqqətə
aldıqda ağızlarda söylənən şayiələrdən
vaz keçməyi məsləhət görürəm, ancaq
bu qədər bilinməlidir ki, nabəkar qatil
nadirülvücud Azərbaycan artistinin odlu sinəsini bir
qırıq qurşun ilə bir dəqiqədə
yırtıb ürəyindəki zövq şərarəsini
söndürməklə səhnə xadimlərinin ciyərini
ələddavam yandırmış olur".
Müəmmalı qətllərdən, ciddi təşkil
edilmiş sui-qəsdlərdən sonra şayiələrin
törənməsi, bəzənsə bunun bilərəkdən,
planlı surətdə dilə-ağıza ötürülməsi
də məlum gedişatdır. Və belə dedi-qodular
sırasına qadın izinin qatışdırılması da
az rast gəlinməyən hallardandır. Hüseyn Ərəblinski
boy-buxunlu, yaraşıqlı, diqqət mərkəzində
olan cavan oğlandı, onu yaxından tanıyanlar inanmasa da, hər
halda nabələdlərin ağlına batacaqdı, onlar da
eşidincə yayacaqdılar, ayaq tutub yeriyən ehtimallardan
biri də artacaqdı.
Zavallı Ərəblinskinin işi o qədər
çoxmuş və o qədər göz qabağında olan
adammış ki, hətta ona hansısa imkanlı ailədən
hansısa göyçək xanımın gözü
düşsəydi belə, nə bu sevdaya ayıracaq
zamanı, nə də nəzərdən yayınmaq fürsəti
vardı. Həm də təbiətcə o cür meyllərdən
uzaqmış. Aktyor yoldaşlarından Hüseyn Quliyevin
(1900-cü il təvəllüdlü Hüseyn Quliyev əsrin əvvəllərində
yeniyetməlik və ilk gənclik illərində teatrla
bağlı olmuş, aktyorluq etmiş, sonralar hüquq təhsili
almış, uzun müddət ədliyyə orqanlarında
çalışmışdı) xatirəsidir ki,
küçədən keçəndə də adam
üzünə baxmaz, başını aşağı
salıb yol gedərmiş.
Şərçi bilirdi nə edir - sən şayiə
quşunu aç burax, qonmadığı kol qalmayacaq.
İnanan inansın, inanmayan inanmasın, əsas odur ki,
şayiənin özü olsun. Varsa, artıq işləyir.
Yazılmamış qanundur - qatil, qəsdin təşkilatçıları
niyyətlərini həyata keçirməkçün
seçdikləri məkanı əvvəlcə
yaxşıca araşdırırlar, nəyin necə ediləcəyini,
haradan girilib haradan çıxılacağını
hesablayırlar. Qətldən sonra hansı şayiələrin
yayılmasınadək hər şeyi
ölçüb-biçənlər bunları nəzərə
almamış olmazdılar.
"Azərbaycan" qəzetinin 5 mart sayında digər
şəhər xəbərləri ilə yanaşı, zahirən
diqqət çəkməmiş bir xəbər də var. Təsdiqləmirəm
ki, mütləq bunun o qətl hadisəsinə aidiyyəti var.
Ancaq elə mühüm və onillərcə
açılmamış qalan cinayətdən söz gedir ki,
burada əhəmiyyətsiz, ikinci, ya üçüncü dərəcəli
sayılacaq heç bir cizgi yoxdur. Hadisələr zənciri
müfəssəl şəkildə bərpa edilərsə, hər
biri əsl səbəbi və səbəbkarı müəyyənləşdirmə
üçün mötəbər vasitəyə çevrilə
bilər.
Xəbər "Patron tutulması" adlanır. Qəzet
yazır ki, "3-cü uçastokun (sahənin - R.H.)
pristavı Mollazadə Bakı qalabəyisinə
(komendantına - R.H.) məlum etmişdir ki, Persidskaya (indiki
Murtuza Muxtarov - R.H.) və Serkovnaya (indiki Vidadi - R.H.)
küçələrinin küncündə faytonda gedən
bir şübhəli şəxsi tovqif (həbs - R.H.)
etmişdir. Axtardıqda faytondakı Qobu kəndinin əhli Yəhya
İsrafil oğlu olub, bir kisə patron tutulmuşdur. Məzkur
(adıçəkilən - R.H.) şəxs onu azad etmək
üçün okolotoçnıya 200 manat pul təklif
etmişdir. Pristav pulu və patronları qalabəyinə təqdim
edib və rica etmişdir ki, həman pul məzkur şəxsi
tövqif etmiş olan qaradavoya verilsin".
(Elə yolüstü qeyd edib keçim ki, qanun
pozucusunun təklif etdiyi rüşvətin rəsmən
mükafat olaraq həmin şərəşuru tutana verilməsi
təşəbbüsü davam etdirilməsi məsləhət
olan cəhddir ki, şübhəsiz, sonralar faydasını
hökmən verər, qanun keşikçilərini daha həvəslə
və ürəklə işləməyə ruhlandırar).
Bu xəbər diqqətimi ona görə çəkir
ki, qətlin törədildiyi ərəfədə baş
verir və həm də şəhərin hansısa digər
uzaq bir yerində yox, məhz Ərəblinskinin
yaşadığı Serkovnaya küçəsinin tinində.
İddia etmirəm ki, mütləq o qətlə
birbaşa aidiyyəti var, amma o vaxt gərək mütləq və
həm də həmin qətlə bir neçə gün
qalmış o həndəvərə gəlib-getmişlərin,
baş vermiş irili-xırdalı hadisələrin
hamısı araşdırıla idi. Edilibmi? Yox! Xatirələr
təsdiqləyir ki, isti-isti hansısa tərpənişlər
olubsa da, o boyda hadisə sanki qısa müddətdən sonra
unudulub (ya unutdurulub), elə təxminən
açılmamış kimi qalıb və axıracan da nə
əsl cani, qətlin gerçək təşkilatçıları
müəyyənləşdirilib, nə də bu ölümə
görə layiqli cəzasını alan olub. Cinayətin
açılmayacağına şübhələrsə elə
ilk günlərdən varmış və bunun izləri xatirələrdə
də qalıb, hətta mətbuat səhifələrində də.
Ərəblinski itkisindən ilk təsirli
yazını qələmə alan Üzeyir bəy olmuşdu və
onun martın 6-da "Azərbaycan"da "Mizrab"
imzası ilə dərc edilən məqaləsində kədərindən
əlavə cinayətin ətrafında elə
başlanğıcdan yaradılan laübalılıqdan
qaynaqlanan narahatlığı da hiss olunurdu ki, hökuməti
bu düyünü açmağa
çağırırdı: "İki gün əvvəl
sağ idi, salamat idi. Bədənində ölmək, yox olmaq əlaməti
yox idi. Ruhu isə öz qəlibində qalmaq və qalmaqla
sahib-i qəlibi (qəlibin yiyəsini - R.H.) yaşatmaq və
ümidlərlə pərvaz etdirmək həvəsi ilə səhne-yi
həyatda dolandırırdı. Bu gün isə qanına bələşmiş
olan bu bədən qəlib-i biruh (cansız qəlib - R.H.)
olaraq yıxılıb, dil ilə deyil, zəban-i hal ilə
"Ey xəlq, mənim zülmümə şahid olun!"
deyir.
...Ey tamaşaçılar! Zülüm və sitəm
səhnəsi üzərində yıxılmış olan bu
qanlı bədən, bu ruhsuz qəlib Nadirin, Ağa Məhəmməd
şah Qacarın qətlini təmsil edən diri ölü
deyildir. Bu, Hüseyn Ərəblinskinin öz facie-yi həyatını
axan qanı və yıxılmış canı ilə təsvir
edən nəşidir ki, son rolu öz ömrünün faciəsində
axırıncı dəfə oynamaqla sizə həqiqi bir faciə
tamaşasını göstərib də əlvida edir. Lakin
nahaq yerə əl çalmayın! Bu bədən təkrar
durmaz. Durub da sizin ayaqlarınıza qarşı qana bələşmiş
başını əyməz. Facie-yi həyatının son pərdəsi
bir də açılmamaq üzrə əbədi olaraq
qapandı. Lakin bu məzlumun, bu zərərsiz insanın, bu
kimsəsiz və arxasız cavanın qətl-i facianəsi əsrarını
(faciəli qətlinin gizlinlərini - R.H.) örtən pərdəni
qaldırmaq və bu sirri faş etmək hər kəsin mənəvi
borcu olduğu kimi, ən əvvəlcə cavan dövlətimiz
Azərbaycan hökumətinin vəzifəsidir".
"Azərbaycan" qəzetinin 1919-cu il 7 mart
sayında - Ərəblinskinin cənazəsinin bu səhər,
cümə günü saat 10-da Serkovnaya küçəsi
6-cı dalan, 1 nömrəli evdən götürüləcəyi
ilə bağlı 6 müxtəlif qurumun xəbəri və
yas mərasiminə dəvəti dərc edilib. Sanki adicə xəbərdir,
amma törədilmiş cinayətə aid iki yanaşma
artıq özünü büruzə verməkdədir.
Zülfüqar və Üzeyir bəy Hacıbəyli
qardaşları Müdiriyyəti, Türk-müsəlman
mühərrirləri, Türk Ədəm-i Mərkəziyyət
Firqəsi "Müsavat"ın Baş Komitəsi, Hacıbəyli
Qardaşları Müdiriyyətinin ümum artistlərinin xəbərində
Ərəblinskinin bir "bədəfkar"ın əli ilə
"vəhşicəsinə qətlə yetirildiyi"
göstərilirsə də, digər iki xəbərdə -
"Azərbaycan" qəzeti türk mühərrirlərinin
və Bakı Müsəlman Aktyorları İttifaqı Ərəblinskinin
"canilər tərəfindən qətl edildiyini"
bildirir. Başqa sözlə, açıq şəkildə
mütəşəkkil cinayətin nəticəsi olduğu bəyan
edilir.
O dövrdə bu qətli bir nəfərin törətməsinə
baxmayaraq, arxasında təşkilatçıların
dayandığı gümanına bir neçələrinin
düşdüyünü duyan və Rusiyadan təlimatlandırılaraq
Azərbaycan Xalq Cümhuriyyəti idarəçiliyinə
qarşı həm açıq, həm gizli - istər Məclis-i
Məbusanda, istər hökumətdə, istərsə də
xalq arasında əl altdan ardıcıl təxribatçı
addımlar atan bolşeviklər bu girəvədən də
istifadəyə çalışmış, bu işdə
hökumətin əli olması versiyasını da yeritməyə
cəhd etmişlər. Yapışacaq yerləri bu idi ki,
Ərəblinskini güllə ilə vuran dayısı
oğlu Əbdülxalıq Milli Orduda zabit idi. Belə əlaqələndirirdilər
ki, guya Ərəblinski Müsavat hökumətindən
narazı imiş, Həştərxana gedib-gələndən
sonra oradakı vəziyyətlə buradakı vəziyyəti
tutuşduraraq mövqeyində bir az da qətiləşibmiş,
hökumət əleyhinə narazılığını da
guya açıqca söyləyirmiş, guya tanınmış
adam olduğundan hökumət onu həbsə almağa cəsarət
etmirmiş, bir hiylə ilə yox etmək qərarına gəlibmiş,
icraçı olaraq da "əlaltıları"
Əbdülxalıq Hacı Əbdülkərim oğlunu
seçiblərmiş. Bunları fərziyyə kimi
yazmıram, bunları vaxtilə Sabit Rəhman "Hüseyn
Ərəblinskinin həyatı" adlı yazısında
sovet mövqeyindən təsvir edib.
O çağda bolşeviklərin inadla bu xətti
yürütməsinin, belə ağır millət dərdindən
də siyasi möhtəkirlik edərək milli hökuməti
şərləməkçün daha bir imkan kimi istifadəyə
səy göstərmələrinin, guya Ərəblinskini
özlərinə daha yaxın tutmalarının
sübutlarından biri də elə həmin martdaca
"Övraq-i nəfisə" dərgisinin Hüseyn Ərəblinskinin
ölümünə həsr edilmiş xüsusi
buraxılışında "A.B." imzalı mühəndisin
məktubudur. Onlar eyni məktubu "Azərbaycan"a da yollamışdılar
ki, şayəd, dərc edilməsə, bunu da bir bəhanə
edərək yenidən mətbuatda hallandırsınlar. Ancaq
"Azərbaycan" martın 17-də "Ərəblinskinin
qətli ətrafında" adlı rubrika ilə bu mövzuya
təzədən qayıtmış, mühəndis
"A.B."nin həmin məktubunu da, daha iki mühüm xəbəri
də səhifəyə qoymuşdu: "Keçən
gün, martın 7-sində Bakı deposunda olan müsəlman əmələ
(fəhlə - R.H.) və ustaları nümayəndələri
mənim yanıma gəlib canilər tərəfindən facianə
bir surətdə qətl edilən, hamının sevgilisi, məharətli
artist Hüseyn Ərəblinskinin ailəsinə və
yoldaşlarına qəzetəniz vasitəsilə izhar-i yə`s
və təəssüf etməyi xahiş etdilər. Biz
müsəlman fəhlələri Ərəblinski şəxsində
bir hürriyyət və istiqlaliyyət mübarizi (bunlar
"hürriyyət" və "istiqlaliyyət" deyəndə
bizim milli istiqlalı və qurduğumuz müstəqil dövləti,
yetişdiyimiz azadlığı deyil, özlərininkini -
bolşevizmin vəd etdiyi "sosialist hürriyyəti" və
"istiqlaliyyəti"ni düşünürdülər -
R.H.) və bir səhnə müəllimimizdən məhrum
olduq. Miqdarı az olan ziyalılarımız arasından qəddar
əl ilə bir ziyalını aramızdan yox edən qatil ən
şiddətli cəzaya düçar olmalıdır. Bunu biz
təkidlə xahiş edirik ki, xaincəsinə və facianə
bir surətdə öldürülməsi münasibətilə
onun qohumlarına və dostlarına sizin jurnal vasitəsilə
başsağlığı verim. Biz müsəlman fəhlələri
Hüseyn Ərəblinski kimi böyük səhnə xadimini
itirdik. O, bütün həyatını səhnəyə
vermiş və ömrü boyunca azadlıq uğrunda
mübarizə etmişdir. Buna görə də belə bir
böyük istedad sahibini öldürənin bilatəxir
(yubatmadan - R.H.) cəzalandırılmasını hökumətdən
xahiş və tələb edirik".
Əlbəttə, bunlar Şimal dalğaları ilə
sətəlcəmlənmiş başların cəfəngiyatları
idi. Əslində Ərəblinskinin qətlində pərdəarxası
kəskin şübhə doğuran məqamların
varlığına ilk diqqəti yönəldən və bu məsələni
xeyli müddət daimi diqqətində saxlayan elə
Cümhuriyyətin bir nömrəli qəzeti olmuşdu. Ərəblinski
ilə vida çağında da öndə olan elə
cümhuriyyətçilər idi.
1919-cu il bazar günü buraxılmış "Azərbaycan"
qəzeti srağagünkü dəfn mərasimi haqqında
geniş yazı dərc etmişdi və o yazı da şahidlik
edir ki, hökumət də, parlament də həmin qəmli
gündə öndəymiş: "Səhər saat 11 radələrində
camaat mərhumun evinə gəlməyə başlamış
və bir qədərdən sonra küçələr
camaatla dolmuşdu.
Cənazə qaldırılmadan əvvəl mərhumun
bacısı müxtəsər bir nitq irad edərək camaata
xitabən mərhumun heç bir kəsi
olmadığını və məzlumanə bir surətdə
qətl edildiyini bəyanla Azərbaycan hökumətindən
onun qatillərinin ağır cəzaya düçar edilməsini
tələb etdi. Sonra cənazə oradan qaldırılıb Təzəpir
məscidinə aparıldı. Burada namaz qılındıqdan
sonra Məhəmməd Əmin Rəsulzadə cənabları
müfəssəl bir nitq irad edərək vətən və
millət uğrunda göstərmiş olduğu fəaliyyəti
və türk səhnəsinin Ərəblinski kimi müqtədir
və məharətli bir ustadını qeyb etdiyinə son dərəcə
təəssüf edərək artist yoldaşlarına və
ziyalılara sərsəlaməti (başsağlığı
- R.H.) izhar etdi".
Ardınca isə daha bir millət vəkili, Rza bəy
Qaraşarov çıxış etmiş, "millətinin cəhalətini
səhnələrdə camaata göstərən Ərəblinskinin
həman cəhalət tərəfindən qətl edildiyinə
təəssüfünü" Məclis-i Məbusanın
Sosialist İttifaqı adından dilə gətirmişdi. Dəfn
mərasiminin sonrakı gedişi haqda yazılanlar da aydınca
nişan verir ki, bu, yalnız mədəniyyət xadimlərinin,
ziyalıların çiynində gedən hüzr deyildi,
dövlət səviyyəsində təşkil olunmuş
vidalaşma idi: "Cənazəni Bakı qazisi Axund
Əbdürrəhim Hadizadə, Bakı qubernatoru Rəşid
bəy Axundzadə, Bakı qalabəyisi Lütfəli bəy
Əmircanov başda olmaq üzrə bir çox polis məmurları,
Məclis-i Məbusan üzvləri, bütün məktəblərin
müsəlman şagirdləri, bütün mədəni, maarif
və xeyriyyə cəmiyyətlərinin, siyasi firqələrin
nümayəndələri müşayiət edirlərdi".
O vaxta qədər Bakının yas mərasimlərində
yanıqlı mərsiyələr İmam Hüseyn adına
oxunmuşdu, Cəfər Cabbarlının ağır xəbəri
eşidincə gecə ilə yazdığı Ərəblinski
mərsiyəsi dəfn günü boyu dəfələrlə
səslənərək ürək dağladı. Əvvəl
cənazə Qubernskaya küçəyə (indiki Nizami)
aparılıb Hacıbəyov Qardaşları Müdiriyyəti
idarəsinin qarşısında qoyulandan, həmingünkü
ikinci matəm mitinqi keçirilərkən müsəlman
mütəəllimləri (tələbələri) adından
şeiri o özü oxumuşdu, sonra mərsiyə
köçürülərək əl-əl gəzməyə
başlamışdı və məzarı üstündə
də dua əvəzi səsləndirilmişdi:
Möhtərəm, ey sevgili yoldaşımız, mərhum
Hüseyn!
Çox çəkib cövr ü cəfa
qardaşımız məzlum Hüseyn!
Zillət içrə etdin abad səhne-yi millimizi,
Xab-i qəflətdən oyatdın millət-i
küllimizi.
Ac-susuz atdın özün bu kəşməkeş
meydanına,
Millətin bir can yetirdin səhne yi-ürfanına.
Səhne-yi milli səninlə bir təcəlla bulmada,
Sən vəli bir xak-i zülmatə şitaban olmada.
Çəkdiyin cövr ü cəfanın intəhasın
bilmədin,
Həsrətin qəlbində, bir cəllada can tərk
eylədin.
Cismini millət qəmi çoxdandu milliləndirdi, ya
Qoymadı rahət səni, zatında cuş etmişmi
ya?!
Cəhd qıldın, tək çalışdın,
səhnə abad eylədin,
Leyk, bir cəllad əlində qanə batdın, inlədin.
Xalq unutmaz xadimin, ey millətin dilarəsi,
Millətin ruhunda yer açmış şu qurşun
parəsi.
Elə təsəvvür yaranır ki, sanki hamı nədənsə
çəkinirmiş və Ərəblinskinin qətlinin əsl
baislərinin üzə çıxarılması
üçün hansısa cəhdlər etməyə
qorxurmuşlar. "Azərbaycan" qəzetinin qətldən
lap az sonra - 1919-cu il martın 17-də dərc etdiyi bu yazı
niyə Bakı valiliyini hərəkətə gətirməmiş,
istintaqı silkələməmişdi? Axı bu, həmin
günədək ortada dolaşan versiyaların
hamısını istisna edirdi, axı birbaşa ad çəkilirdi:
"Mərhum Hüseyn Ərəblinskinin hərəmi Asiya
xanım Ərəblinski Bakı qubernatoruna bir ərizə verərək
məlum etmişdir ki, Ərəblinskinin qətlinə birinci
səbəb və müqəssir olan Salam Zeynalov nədənsə
həbsdən azad edilmişdir. Məzkur qatil Ərəblinskinin
arvadı Asiyanı dəxi öldürməklə təhdid
edir. Onun qohumlarından olan İsmayıl dəxi arvadı təhdid
edir və hər gün Salamın arvadı Asiyanın evinə
gələrək ərini müqəssir etməməyi tələb
edir. Bunu məlum edərək Asiya xanım qubernatordan rica edir
ki, yuxarıda göstərilən şəxsləri tövqif
(tutaraq - R.H.) edib həbsə atsın. Çünki o, köməksiz
arvad olduğu üçün onların qorxusundan evdən kənara
çıxa bilməyir. Hərgah bu iş etinasız qalarsa, həman
şəxslərin arvadı öldürəcəklərinə
şübhə yoxdur".
Hətta "Azərbaycan" da 7 mart, cümə
günü çıxan 131-ci sayında "Hüseyn Ərəblinskinin
qətlini xəbər vermişik, şənbə günü
təfərrüatını məlum edəcəyiz" xəbərini
yaysa da, növbəti nömrədə yalnız dəfn mərasimindən
bəhs olunur, nə o, nə də sonrakı nömrələrdə
bu vədə əməl edilir.
Ortada bir neçə hekayət var, sanki hamısı
da üzdən baxanda düz kimi görünür.
Hüseyn Quliyev birbaşa Ərəblinskinin zövcəsi
Asiyaya istinad edir. Yazır ki, 1919-cu il mart ayının 4-də
Bazarnaya (sonrakı Hüsü Hacıyev, indiki Azərbaycan)
küçəsi ilə gedərkən adamların Şors
(indiki Bəşir Səfəroğlu) küçəsinə
tərəf qaçışdığını,
dayısı oğlu Xalıqın Hüseyni boğazından
güllə ilə vurduğunu söylədiklərini
görüb-eşidir. "Axşamüstü mən bunun səbəbini
Asiyadan soruşdum. O dedi ki, Xalıq Hüseyni qonaq
çağırmışdı, o heç getmək istəmirdi,
Hüseyn dayısı və dayısı uşaqları ilə
çoxdan idi ki, danışmırdı, onlar Hüseynlə
kin-küdurət saxlayırdılar. Xalıq onu dilə tutub
aparmışdı. Bir azdan sonra mənə bir parça
kağız gətirdilər. Hüseyn rusca
yazmışdı: "Asə, vozğmi qitaru, i pğesu,
prixodi skorey, skorey, skorey", "Asya, gitaranı və pyesi
götür, tez gəl, tez, tez, tez!"
Mən pyesi axtarıb tapa bilmədim, gitaranı
götürüb getdim. O vaxt çatdım ki, artıq
Hüseyn öldürülmüşdü. Mən bilən,
Hüseyn vəziyyəti başa düşüb o
kağızı mənə yazmışdı".
Hüseynqulu Sarabski isə Ərəblinskinin
bacısından soruşduğunu bildirərək bir az fərqli
hekayət təqdim edir. Yazır ki, qətl barədə
martın 4-də gündüz saat 10-da teatra gedərkən
yolda ona müsibəti ağlayaraq xəbər verən aktyor
yoldaşları Əbülhəsən Anaplı və Rza
Darablıdan eşidib.
"Hüseyngilə getdim. İçəri girib
gördüm Ərəblinskinin cənazəsi taxtın
üstündədir.
...Onun başı üstündə bir qoca qadın
oturmuşdu. O, Ərəblinskiyə tərbiyə vermiş
Mariya İvanovna idi. Başıaçıq, ağ
saçları üzünə tökülmüş, rəngi
saralmış, üzünü mənə tutub dedi:
"Gördün Hüseynlə necə rəftar elədilər?
Mən yoldaşlardan qanlını xəbər
aldım. Dedilər ki, onu dayısı oğlu
Əbdülxalıq vurmuşdur. Ərəblinskinin
bacısından hadisənin təfsilatını öyrəndim.
- Keçən gün axşam saat 4-də
Əbdülxalıq igidölmüş Hüseyni evlərinə
nahara çağırdı. Hüseyn heç getmək istəmirdi.
Çox söhbətdən sonra Hüseyn paltosunu geyib getdi
onlara. Stolun qırağında oturub çörək yeməyə
başlayırlar. Əbdülxalıq tapançasını
çıxarıb Hüseynin boğazından vurub
yıxıb yerə. Özü isə qaçıb. Güllənin
səsinə evdəkilər xəbər tutub gəlib
görürlər ki, Hüseyn yerə yıxılıb,
ağzından qan axır. Xəbər elədilər, gedib
Hüseyni ölmüş gördüm".
Digər aktyor Əlabbas Rzayevin hekayətində də
fərqlər var. Onun yazmasınca, Əbdülxalıq
Hüseyni dəvət edir ki, "atam öləndən sonra
sizinlə mehriban bir surətdə yaşamaq istədiyim
üçün mənə nahara qonaqsan". Guya Hüseyn də
ora xanımı Asya ilə gedir, ancaq Əbdülxalıq vəziyyəti
belə görəndə özünü itirmir, şahidi
başdan eləməkçün deyir ki, bəs bibimi niyə
gətirməmisən?
Asya qayınanasını gətirməkçün
gedəndən sonra Əbdülxalıq "brauninq
tapançasını çıxarıb Hüseynin
başını nişan alır və atdığı
güllə ilə Hüseyni boğazından
ölümcül yaralayıb qaçır".
Rusca nəşr edilən "Azərbaycan" qəzeti
isə 1919-cu il martın 6-da çıxan 49-cu nömrəsində
isti-isti öz araşdırdığı və obirilərə
əsla bənzəməyən versiyanı verirdi ki, Ərəblinski
martın 4-də səhər 6-da öz evində revolverdən
açılan atəşlərlə öldürülüb,
qatil qaçıb gizlənib, onun axtarışı
üçün təcili tədbirlər görülüb.
Ancaq rusca "Azərbaycan"ın martın 7-dəki
növbəti sayında cinayətin başvermə saatı və
yeri dəyişir: "Martın 4-də axşam saat 7-də
Çadrovaya küçəsində (indiki Mirzağa
Əliyev - R.H.) Əbdülxalıq Hacı Əbdülkərim
oğlu revolverdən açdığı atəşlə
artist, səhnə təxəllüsü Ərəblinski olan
Hüseynbala Xələfovu öldürüb. Qatil tutulub".
Onsuz da qarışıq olan bu qəziyyəyə bir
dolaşıqlığı da vaxtilə heç bir mənbə
göstərmədən, yetərincə əsaslı olmayan
şəxsi ehtimallara və çox sərbəst təxəyyülə
söykənən teatrşünas Ədilə Əliyeva
artırmışdı. O, nədənsə, rusca "Azərbaycan"
qəzetinin martın 6-da dərc edib elə sabahı
günü də imtina etdiyi versiyanın üstündə
möhkəm dayanır və israrla bu hekayəti şaxələndirməyə
can atır. Guya Ərəblinski martın 4-də Qafqaz müsəlmanları
tələbələri Mərkəzi Komitəsinin təşkil
etdiyi tədbirdə iştirak edərək evinə dan
üzü - səhər saat 6-da gəlib çıxır
(hesabla, demək, bu, artıq ayın 5-i olur ), guya evdə
artıq qatil onu gözləyirmiş (bəs evdəkilər
hara baxırmış ki, gecənin bir aləmində yad adam gəlib
keçib evin ortasında oturubmuş? Bəs bu qatildə gecə
saat 4-ü, 5-i ötəndən sonra da Hüseynin mütləq
gələcəyinə əminlik haradanmış ki,
"gözəgörünməz" halda onu evin içində
gözləyirmiş?) və guya aktyor pencəyini əynindən
çıxarmağa macal tapmamış atəş
açılır (bunu hansı mənbə, hansı şahid
söyləyib? Yoxdur), yenə guya qatil evdən
çıxıb qaçır, guya qonşu qadın
hay-küyü eşidib çığırır, guya
küçədə polis başlayır fit çalmağa,
bir daha guya yoldan keçənlər də canini yaxalayıb
polisə təhvil verirlər.
Və yenə də vurğulayaq - guya ki, bütün
bunlar səhər saat 6-da baş verir. Elə saatda ki,
camaatın çoxu bu zaman hələ şirin yuxuda olur.
Üstəlik, bunu da unutmayaq ki, həmin günlər yaz
yaxınlaşsa da, hələ qış bitməyibmiş,
havaların soyuq keçməsinə dəlalət edən bir
əlamət də o günlərə aid xatirələrdə
Ərəblinskinin paltolu olmasıdır. Yəni bir
qış səhərində sübh tezdən hətta qatili
tutacaq qədər çox adam olan get-gəlli küçə,
özü də Bakının 1919-cu ilində məntiqlə
nə təhər uyuşur? Söz yox, mərhum
teatrşünasın bu nağılı əsla qəbuledilməzdir,
ancaq qətllə bağlı hekayətlər sırasında
bunu da o səbəbdən gətirdim ki, mümkündür,
haçansa bir alimin yazısı kimi kiminsə
qarşısına çıxar, ciddi qavranılar, amma
bilinsin ki, nəinki həqiqətdən uzaqdır, heç
nağıl kimi də ələ gələsi deyil.
Təhlillərin anlatdığı budur ki, əslində
qatil nə Əbdülxalıqmış, nə də Salam
Zeynalov. Qətli icra edən də, qətlin arxasında duran təşkilatçılar
da başqaymış. Ərəblinskinin bacısı Dürsədəf
də, zövcəsi Asya da ciddi təzyiq
altındaymışlar və bu adları da söyləmələrini
onlara hədə-qorxuyla məcbur ediblərmiş. Bu adamlar
oyunun içində varmışlar, ancaq əsas
icraçılar onların heç biri deyilmiş. Bu
adamları da təşkilatçılar ona görə
seçiblərmiş ki, ilk baxışdan onların hər
hansı birinin qatil olması ağlabatan kimi görünəcək,
lakin araşdırılanda hərəsinin öz inkaredilməz
alibisi ortaya çıxacaq. Yəqin, məhz belə də
olub ki, o da, bu da həbsə alınsalar da, həftələr
sonra azad buraxılıblar.
Təşkilatçılar kimlərmişsə,
gücləri də çoxmuş, əlləri də
uzunmuş. Bir neçə ay sonra mətbuat da bu barədə
biryolluq susur, o boyda hadisə də sanki heç
olmayıbmış kimi çökür yaddaşın alt
qatına. Görünür, Əbdülxalıqa verilən
tapşırıqlardan biri də bu imiş: gözə
görünüb yaranı yada salmamaqçün buralardan
köçüb getsin. O da Bakıdan ayrılır, gedib Orta
Asiyada yaşayır...
Bir qan beləcə batırılır...
...Bizim yaddaşımız nə qədər
güclüdür, biz nə həddə qədər qədirbilənik
və minnətdar olmaq nəcibliyimiz hansı səviyyədədir?
Kimsədən cavab istəmədən, elə özüm
özümə sual verirəm.
"Azərbaycan" qəzetinin 1919-cu il 15 may
sayında Zülfüqar bəy Hacıbəylinin
"Hökumət teatrosunda axşam tamaşası. Nadir
şah" adlı yazısı dərc edilib. Xəbər
verilir ki, mayın 16-da "Milli səhnəmizin müqtədir
və mahir xadimi və sabiq baş rejissoru mərhum Hüseyn Ərəblinin
qəbri üstə abidə rəkz (qoymaq - R.H.) və
biçiz (heçnəsiz - R.H.) qalmış ixtiyar validəsinin
məişətini təmin etmək və ehtiyacını rəf
etmək üçün" Hacıbəyli Qardaşları
Müdiriyyəti xeyriyyə tamaşası verəcək,
Ərəblinskinin çox sevdiyi bu əsərdə baş rolda
Abbas Mirzə Şərifzadə mərhumun "öz səliqəsi
ilə tikdirdiyi Nadir şah libasında" çıxacaq və
bu da qeyd edilir ki, ianə verənlər də olarsa, "ianə
sahibinin verdiyi paranın qədəri və ismi" qəzetlərdə
göstəriləcəkdir. Sabahısı, yəni tamaşa
günü, mayın 16-da çıxan "Azərbaycan"da
həmin müraciət yenə dərc edilib: "Bu
tamaşanın həm mənəvi və həm də maddi cəhətini
nəzərə alaraq Müdiriyyət aktyorları ilə bərabər
ümidvardır ki, möhtərəm camaatımız
fövqdə məzkur (yuxarıda deyilən - R.H.) məqsədə
diqqət edərək haman günü işbu tamaşada
isbat-i vücud (iştirak - R.H.) etməyə əhəmiyyət
verməklə belə axırıncı dəfə olaraq mərhumun
ruhunu dərxatir və şad edərlər.
Biletlər cəmi aktyorların iştirakı ilə əldə
və teatrın kassasında satılmaqdadır".
Tamaşa oynanıb, amma qəzetlərdə o vaxt kimlərinsə
bu çağırışa cavab olaraq hansısa ianələr
verməsi haqqında heç bir xəbər yoxdur. Olsaydı
olardı, olmayıb ki, yoxdur.
Ərəblinski ilə ayrılığın ilk
günlərində "Övraq-i nəfisə"də dərc
olunmuş yazısında Mir Rövşən Əfəndizadə
böyük sənətkarın ruhuna müraciətlə
deyirdi ki, o dünyaya, əcdadımıza salamımızı
yetir, amma bu şikayətimizi də çatdır ki, bu nə
irsdir ki, bizə buraxdınız - səltənətlərimiz
xaraba, vilayətlərimiz viranə, özümüz də digər
millətlər arasında zəlil, işimiz oğurluq, sənətimiz
quldurluq, adam öldürmək, bir-birimizin malına, canına
qəsd etmək. Ey kaş ki nə siz olaydınız, nə
belə irs qoyub gedəydiniz!
Hüseyn Ərəblinski dünyaya məhz o vəzifə
ilə gələnlərdəndi ki, keçmişlərdən
qalan umulmaz vərdiş və adətlərdən millətini
xilas etsin, onların ruhca daha sağlam olmasına köməyini
göstərsin.
Həmin müəllif məqaləsini şeirlə
bitirirdi:
Ya Hüseyn, ey şəhid-i hübb-i vətən!
Söylənir şəninə müdam əhsən.
Səni bir zalim əl ayırdı bu gün
Səhne-yi canfəza-yi millətdən.
Sərf qıldın həyatını yeksər
Vətənçün sən, ey mübarək tən!
Türbəni sanma xakdır, ey zat,
Millətin qəlbidir sənə mədfən!
Gözəl sözlərdir, amma ruh dedikləri o aləmdən
bu dünyanı görə bilirsə, Hüseyn Ərəblinski
də fəzalardan buraları seyr etmək iqtidarında idisə,
bu şirin sözlərə necə inanaydı ki, türbəsinin
xalqın ürəyi olacağı vəd edildiyi halda
ölümündən ikicə ay ötərkən, qəzetdə
iki dəfə elan verilib çağırış ediləndən
sonra onun şərəfinə nümayiş etdirilən
xeyriyyə məqsədli tamaşaya bircə nəfər belə
ianə ayıran olmamışdı?!
Hüseyn Ərəblinski xalqının
övladlarının surətlərini -
yaxşısını da, pisini də səhnədə hər
kəsin bacarmayacağı gözəllikdə yaratmağı
bacarırdı. Xalqını yaxşı tanıyırdı
ki, xalqını sevirdi ki, bacarırdı. Buna görə də
qaibdəki ucalardan buraları görürdüsə, nə
küsəsiydi, nə inciyəsi - bu, onun
barışmış olduğu taleyi idi, o, xalqını
tanıdığı kimi, hər üzünə sevirdi...
(Bu həqiqət də kədərlidir, ürəyi
sıyırır - Ərəblinskinin vəfatından sonra
qohumları onsuz da dərdi başından aşan həyat
yoldaşı Asyanı evdən çıxarırlar. Xatirəsinə
belə hörmət qoyurdular... Bir müddət sonra o
qadınla aktyor Ələkbər Hüseynzadə ailə
qurur).
...Aktyor Hacağa Abbasov 1922-ci ildə yazırdı ki,
bu yaxınlarda Ərəblinskinin bacısı qəbiristanlığa
gedib üç saat arasa da, qardaşının yer ilə
yeksan olmuş məzarını tapa bilməyib, göz
yaşlarından boğula-boğula gəlib əhvalatı
İncəsənət İşləri İdarəsinə
söyləyib. Hacağa Abbasov da öz növbəsində
Ərəblinskinin heç bir nişangahı olmayan
dağılmış qəbri ilə bağlı Şura
hökumətinə səslənirdi ki, "böyük
inqilab naminə sizə and verirəm ki, tezliklə bədbəxt
Hüseyn Ərəblinskinin qəbri üstə bir nişangah
yapılmasına səy edin".
O səs də çox gec eşidildi.
...O zaman ki, Hüseynbala hələ məktəbli idi
və aktyor Hacağa Abbasovun xatırlamasınca teatrda
sözsüz rollar oynayaraq hər çıxışına
50 qəpik alırdı, o çağlar ki, hələ sadəcə
Xələfov olan bu yeniyetmə "Kaspi" qəzetinin mətbəəsində
işə düzəlmişi və aylıq 17 manat məvaciblə
ana-bala bir qarın tox, bir qarın ac dolanırdılar, həmin
əyyamlarda qulağı dinc, həyatı səksəkəsiz,
ümidləri bol, sevincləri çox idi. Sonra isə Ərəblinski
oldu və Hüseyn Cavidin söylədiyi "əsəbi
dalğa"ya bənzəyən fırtınalı həyat
gəlib keçdi. İçərisində
yaşadığı, vaxtaşırı girov qoyduğu,
heç vaxt divarları arasında özünü axıracan
bu komanın əsl yiyəsi və hürküsüz hiss etmədiyi
evində də asudə ömür sürə bilmədi.
Əlindən alınmayacağının səksəkəsini
çəkməyəcəyi daimi evi yalnız son mənzili
olacaqmış.
1948-ci ildən, Fəxri xiyaban yaradılanda, məzarı
bu müqəddəs panteona ruhdaşları Həsən bəy
Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Mirzə Cəlil, Hüseynqulu Sarabski,
Əzim Əzimzadə ilə bərabər
köçürüləndən sonra faciələr
ifası ustası, həyatı da başdan-sona faciələrdən
ibarət Hüseyn Ərəblinski, nəhayət ki,
rahatlıq tapdı.
Hər qəbzə xaki (ovuc torpağı - R.H.) sənət
ikən
qəlb-i zarimin (ağlar qəlbimin - R.H.),
Hər səmti qəmli bir
görünüşdür məzarimin.
Ruhim həmişə səhnədə, cismim məzaridə,
Hər qədr səhnə varsa, varam ruzigardə.
Bu misralar Məmməd Səid Ordubadinindir və
Hüseyn Ərəblinskinin məzar daşında həkk
olunub. Yazı Yazan əvvəl-axır ən ləngərli
talelərdən də aramı, sahmanı əsirgəmir.
Atalar boşuna deməyiblər ki, niyyətin hara, mənzilin
ora.
O əvəzsiz sənətkara könül dolusu
xoşbəxt olmaq, niyyətinə qovuşmaq son mənzilində
qismətmiş. Hüseyn Ərəblinski elə bir vaxtlar
arzuladığı kimi, indi hər gün səhnədə
olan sayaqdır. Şərəfli bir məkanda, ona ruhca
doğmaların arasında, daim insanların gözü
qarşısında. Özü gerçək həyatda
yarımasa da, bəxtiyarlıq məzarının
iqbalındaymış.
7 iyun 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 15 iyun,№106.-S.14-15;16.