Müstəqillik tarixinin ilk
dönüş anı - 15 iyun Milli Qurtuluş Günü
15 iyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin
tarixində ən önəmli səhifələrdən
biridir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasında, möhkəmlənməsində,
inkişafında müstəsna rol oynayan, daim xalqına
arxalanan Ümummilli lider Heydər Əliyevdir. 1993-cü il
iyunun 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi
və iqtisadi böhrandan, vətəndaş müharibəsindən,
parçalanmaq təhlükəsindən xilas oldu, ölkənin
inkişafının möhkəm təməlləri qoyuldu.
Xalqımız artıq dörd ildir ki, bu günü
qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli
qürur hissi ilə qeyd edir. Builki bayram həm də ilk dəfə
olaraq Qurtuluş Gününün bütöv Azərbaycanda
keçirilməsi ilə əlamətdardır. Prezident, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu 44 günlük müharibədə şanlı qələbə
qazanaraq işğal altındakı torpaqlarımızı
azad etdi, ötən ilin sentyabrındakı bir günlük
antiterror əməliyyatları ilə ölkəmizin ərazi
bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla
həm də Ulu öndərin ən böyük arzusu
gerçəkləşmiş oldu.
Ümummilli liderin məcburi köçkünlərlə
görüşlərinin birində bu barədə dediyi
sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə
birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki,
gedəcəyik. Şuşa Azərbaycanın
gözüdür, hər bir azərbaycanlı
üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin,
tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir.
Amma təkcə Şuşa yox, Laçın dağları da
əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik.
Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin
o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Prezident İlham Əliyev ata vəsiyyətini yerinə
yetirdi. Bu gün Azərbaycanın hər bir nöqtəsində
üçrəngli bayrağımız əzəmətlə
dalğalanır.
Milli Məclisin deputatı Musa Qasımlı “525”ə
açıqlamasında deyib ki, 15 iyun Milli Qurtuluş
Gününün mahiyyətini, fəlsəfəsini bilməkdən
ötrü mütləq 1993-cü ilə qədərki hadisələrə
diqqət yetirmək, təhlil etmək lazımdır. 1988-ci
ildən bəri Ermənistanın Azərbaycanın daxili işlərinə
müdaxiləsini hələ sovet hakimiyyəti olmasına
baxmayaraq, nə Azərbaycan rəhbərləri, nə də
mərkəzi hakimiyyət kəsə bildi. Mərkəzi
hakimiyyət əslində bu əsassız iddiaları
dayandırmaq istəmirdi.
Deputat deyib ki, 1991-ci ildən sonra Azərbaycan xalqı
dövlət müstəqilliyini bərpa edərkən
qarşısında daxili və xarici siyasət sahəsində
bir sıra vacib məsələlərin həlli
dayanırdı: “Daxildə müstəqil dövlət
qurulmalı, planlı sosialist təsərrüfatından azad
bazar iqtisadiyyatına keçilməli, təkpartiyalı
sistemdən çoxpartiyalı sistemə keçid edilməli,
ölkənin inkişafının açarını tapmaq
lazım idi. Xarici siyasət sahəsində Azərbaycan
dövlətinin qarşısında dayanın başlıca vəzifələr
dövlət müstəqilliyini tanıtmaq, ölkə
daxilində müstəqil dövlət quruculuğu
üçün əlverişli beynəlxalq şəraiti təmin
etmək, Ermənistanın hərbi təcavüzünü
dayandırmaq, qaçqın və məcburi
köçkünlərin problemlərini həll etmək
lazım idi. 1991-1993-cü illərdə bir-birini əvəz
edən hakimiyyətlər bu vəzifəni yerinə yetirə
bilmədilər. Yəni ölkə böyük problemlərlə
üzləşdi, ümumi böhran yarandı. İqtisadiyyat
bərbad halda idi, dövlət hakimiyyəti özünün
funksionallığını itirmişdi, hakimiyyətin
qanadları arasında ixtilaflar hökm sürürdü,
mülki hakimiyyət ilə hərbi hakimiyyət arasında
ziddiyyətlər var idi, xalqın
problemlərini həll edə bilməyən hakimiyyət ilə
xalq arasında böyük uçurum yaranmışdı. Belə
bir şəraitdə hakimiyyət ölkə daxilində
dövlət quruculuğu üçün əlverişli beynəlxalq
şəraiti təmin edə bilmirdi, qonşularla münasibətlər
gərgin idi. Ermənistanın hərbi təcavüzü
davam edir, ərazilər bir-birinin ardınca işğal
olunurdu. Bu zaman Gəncədə hərbi hissədə qiyam
baş verdi. Ölkəni, dövləti xarici hərbi
müdaxilədən qorumalı olan ordu siyasi intriqalarda bir
vasitəyə çevrildi. Bütün bunlar azmış kimi
Azərbaycanın şimalında və cənubunda xaricdən
dəstəklənən separatçılıq genişləndi.
Xalq vətəndaş müharibəsi astanasında idi.
Bütün bunlar hamısı dövlət müstəqilliyinin
itirilməsi, ölkənin parçalanması təhlükəsi
yaradır, xalqı vətəndaş müharibəsinə
sürükləyirdi. Azərbaycan xalqının mənəvi-psixoloji
böhranı baş verdi. Xalqın sabaha ümidi yox idi.
İnsanlar sual edirdilər ki, ölkəni bu ağır vəziyyətdən
kim çıxara bilər, dövlət müstəqilliyinin
itirilməsinin qarşısını kim ala bilər.
Xalqın gözləri Naxçıvana - Muxtar Respublika Ali Məclisinin
sədri Heydər Əliyevə yönəlmişdir. Azərbaycan
xalqının dərin inamına görə ölkəni bu vəziyyətdən
yalnız Heydər Əliyev çıxara bilərdi”.
M.Qasımlı bildirib ki, xalqın bu inamının əsasları
var idi: “Çünki 1970-ci illərdə Heydər Əliyev hələ
sovet dövründə Azərbaycanı qabaqcıl respublikalar
cərgəsinə çıxarmış, millətin
başın uca etmişdi. Vəzifələrdən
çıxarıldıqdan sonra Naxçıvanda ağsaqqal
deputat, sonra isə Ali Məclisin sədri olaraq Azərbaycan
xalqının gələcək taleyində müstəsna rol
oynayan qərarların qəbul edilməsinin təşəbbüskarı
olub. Cümhuriyyət bayrağı ilk dəfə
Naxçıvanda qəbul edilmişdi, hələ sovet
sisteminin, Kommunist partiyasının qalmasına baxmayaraq,
Cümhuriyyətin üçrəngli bayrağının qəbul
edilməsi inqilabi hadisə idi. Çünki sovet dövləti
müstəqillik rəmzi olan o üçrəngli
bayrağı qəbul etmirdi, düşmən sayırdı.
Heydər Əliyevin təşəbbüsü ilə
Naxçıvanda Muxtar Sovet Sosialist Respublikasının
adından Sovet Sosialist ifadələri
çıxarıldı. O zaman hələ SSRİ mövcud
idi. Yalnız Naxçıvanda qərarlar qəbul edildikdən
sonra Bakıda Azərbaycan Respublikası adı qəbul edildi,
üçrəngli bayrağ dövlət bayrağı olaraq
qəbul olundu. Heydər Əliyev Naxçıvanda əhalini
birləşdirərək ağır blokada şəraitində
yaşamasına baxmayaraq, təcavüzkar Ermənistana cavab
vermiş, NMR-nı qorumuşdu. Bütün bu və digər
amillərə görə Azərbaycan xalqı belə hesab
edirdi ki, ölkəni bu ağır vəziyyətdən
yalnız Heydər Əliyev çıxara bilər”.
Deputat vurğulayıb ki, xalqın təkidli tələbi
və Konstitusiya uyğun olaraq hakimiyyət Heydər Əliyevi
Naxçıvandan Bakıya dəvət etdi. Heydər Milli Məclisdə
çıxış etdi və qiyamın baş verdiyi Gəncəyə
heç bir rəsmi şəxs olmadan jurnalistlərə birgə
getdi, vəziyyəti yerində öyrəndi. Geri
qayıtdıqdan sonra Milli Məclisin sədri seçildi.
M.Qasımlının sözlərinə görə,
15 iyun 1993-cü ildə Heydər Əliyevin Milli Məclisin sədri
seçilməsi müstəqillik tarixinin ilk dönüş
anıdır: “Heydər Əliyevin qarşısında
çoxlu mürəkkəb vəzifələr
dayanırdı. O, Ermənistanın hərbi təcavüzünü
dayandırmalı, ölkənin inkişafının
açarını tapmalı, torpaqları işğaldan azad
etmək üçün hazırlamalı idi. Dövləti
dağılmaqdan xilas etmək gərəkirdi. Heydər
Əliyev Azərbaycan dövlətini dağılmaqdan xilas
etdi, separatçılığın kökünü bir
güllə atmadan kəsdi, Ermənistana Horadiz əməliyyatında
sarsıdıcı zərbə endirildi, bir sıra ərazilər
azad edildi. Bununla Heydər Əliyev göstərdi ki, Azərbaycan
torpaqlarının işğal altında qalması faktı ilə
heç vaxt barışmayacaq. Ondan sonra atəşkəsə
gedildi, bunda Heydər Əliyevin məqsədi ordunu qurmaq,
dövləti ayaq üstə saxlamaq, ölkəni inkişaf
etdirib, ərazilərimizi düşməndən azad etməkdən
ötrü hazırlamaq idi. Atəşkəsə gedildikdən
sonra Heydər Əliyev “Əsrin müqaviləsi”ni
imzaladı, bununla Azərbaycan tarixində təbii sərvət
olan nefti milli sərvətə çevirən ilk dövlət
adamımız oldu. Heydər Əliyevə qarşı olan
sui-qəsdlər puça çıxdı. 1994-cü ilin
sui-qəsd, terror hadisələri, dövlət
çevrilişi cəhdi, 95-ci ilin mart qiyamı Heydər
Əliyevin iradəsini qıra bilmədi. Heydər Əliyev
dövlət müstəqilliyi bərpa edilsə də, hələ
Konstitusiyası qəbul olmayan Azərbaycanda 1995-ci il 12 noyabrda
Konstitusiyanın qəbuluna nail oldu, onun memarı oldu. Azərbaycanda
ilk dəfə olaraq parlament seçkiləri keçirildi.
Heydər Əliyev dövləti qurdu, hakimiyyətə
küçədən gəlməyin qarşısını
aldı. Azərbaycanı islahatlar yoluna çıxardı.
İlk dəfə olaraq ölüm hökmünü ləğv
etdi”.
M.Qasımlı Azərbaycan xalqının nədən
qurtulduğu barədə danışaraq deyib ki, xalq müstəqil
dövlətini itirməkdən, vətəndaş müharibəsi
təhlükəsindən, separatçılıqla
parçalanmaq təhlükəsindən, səriştəsiz,
milli maraqları bilməyən şəxslərin idarəçiliyindən
xilas oldu. Ona görə də 15 iyun Milli Qurtuluş
Günü oldu.
Deputat deyib ki, 1993-2003-cü illər Azərbaycanın
işğal altında olan ərazilərinin xilas edilməsinə
hazırlıq illəri idi: “1997-ci ildən bəri, yəni
Milli Qurtuluş Günü bayram elan ediləndən bu yana ilk
dəfə olaraq bu günü Azərbaycan xalqı başqa
bir əhval-ruhiyyədə bayram edir. Prezident İlham
Əliyevin rəhbərliyi altında dövlət suverenliyi
bütün ölkə ərazisində tamamilə bərqərar
edilib, separatçılığın kökü tamamilə
kəsilib. 1988-ci ildən, əslində 100 illər əvvəl
Azərbaycana sırıdılmış problem cənab
Prezident İlham Əliyev tərəfindən kökündən
kəsilərək birdəfəlik həll edilib, gələcək
nəsillərə saxlanmayıb. Azərbaycan xalqının
tarixində yeni mərhələ başlayıb. Əgər
1993-cü il iyunun 15-i olmasaydı, bugünkü zəfərlər,
dövlət suverenliyinin tam təmini də olmazdı. 15
iyundan alınan başlıca dərs ondan ibarətdir ki, Azərbaycan
xalqının inkişafının təməlində
qüdrətli dövlət rəhbəri, güclü
dövlət və təbii ki, sabitlik dayanır. Ulu öndərin
əsasını qoyduğu siyasətin alternativi yoxdur.
1993-cü ildən bəri keçən tarix onu göstərir
ki, Azərbaycanda qarşıya qoyulan məqsədlərə
çatmağın strategiyasını Ulu öndər müəyyənləşdirib,
cənab Prezidentimiz İlham Əliyev onu ustalıqla həyata
keçirib, bu siyasətin heç bir alternativi yoxdur”.
Pərvanə
525-ci qəzet.- 2024.- 15 iyun,¹106.-S.6.